Xoşbəxt ZAMANOVun YENİ ŞEİRLƏRİ

Xoşbəxt ZAMANOVun YENİ ŞEİRLƏRİ Bilmirəm nə deyim

Düşüncəm pərişan, fikirlər qırıq,
Bilmirəm nə deyim, nəyi soruşum.
Arzular tükənib, ümidlər sınıq,
Bilmirəm nə itib, nəyi soruşum.

Həyatın amansız kəşməkeşində,
İtirib-batırır insanı zaman.
Cavabsız suallar dərinliyində,
Süpürüb aparır insanı zaman.

Gündüzün nurunu görə bilməyən,
Qalacaq gecənin zülmətliyində.
Kimsənin gözünün yaşın silməyən,
Boğular özünün ələmlərində.


Sənsizliklə barışacam Xoşbəxt ZAMANOVun YENİ ŞEİRLƏRİ

Özüm ilə barışmayıb,
Sənsizliklə barışacam.
Bir kəlmə də danışmayıb,
Sənsizliklə barışacam.

Yollarımı uzadacam,
Xatirəni axtaracam.
Ürəyimi boşaldacam,
Sənsizliklə barışıcam.

Sənsiz gülüb danışsam da,
Sənsiz yanıb alışasam da.
Sənsiz qalıb darıxsam da,
Sənsliklə barışacam.

Hər halımı bilə-bilə,
Hər sirrimi bölə-bölə.
Sənsizlikdən ölə-ölə,
Sənsizliklə barışacam.


Yad görünür Xoşbəxt ZAMANOVun YENİ ŞEİRLƏRİ
(qardaşıma ithaf edirəm)


Bu zirvələr görün necə,
Duman-çənsiz yad görünür.
Maral keçən çəhlimləri,
Rədsiz-izsiz yad görünür.

Gülüş düşüb məndən uzaq,
Olaydı bir, hərdən qonaq.
Gəlməyəndə hənir, soraq,
Səs-səmirsiz yad görünür.

Həyat oldu bir məngənə,
Bürünmüşəm kədər-qəmə.
Geniş dünya indi mənə,
Tənha-sənsiz yad görünür.


Sonra gedəyin

Köç edən durnalar, durun dərdimi,
Danışım söz ilə, sonra gedəyin.
Bir küsgün qoymuşam, çəkir qəmimi,
Barışım göz ilə, sonra gedəyin.

Deyirlər torpağın üzü soyuqdur,
Dağları, daşları, düzü soyuqdur.
Nisgilli qəlbimin gözü soyuqdur,
Alışım köz ilə, sonra gedəyin.

Köç edən bu karvan, dönməz ömürdən,
Dolanıb bir daha keçməz o yerdən.
Dostlarım, yanıma gəlməz bu eldən,
Hallaşım siz ilə, sonra gedəyin.


Nahaq bir də gəzmə məni Xoşbəxt ZAMANOVun YENİ ŞEİRLƏRİ

Ürəyimi çox üzmüsən,
Nahaq bir də üzmə məni.
Çox ürəyə qəm düzmüsən,
Nahaq bir də düzmə məni.

Gəl nə ara, nə də axtar,
Gözün məni çətin tapar.
Nə vermisən götür apar,
Nahaq bir də çözmə məni.

Çox atmısan üstümə daş,
Ağrısını biləydin kaş.
Çox axıtdın gözümdən yaş,
Nahaq bir də süzmə məni.

Doğramısan dilim-dilim,
Bilinməyir ayım-ilim.
İtirmisən ilim-ilim,
Nahaq bir də gəzmə məni.


Öyüd ölçülməyir şöhrətlə-şanla Xoşbəxt ZAMANOVun YENİ ŞEİRLƏRİ

Öyüd ölçülməyir şöhrətlə-şanla,
Həyatda gərəyin olacaq bir gün.
Diqqət kəs hər şeyə ağıl, kamalla,
Hər sual cavabın soracaq bir, gün.

Ulular yanında demə böyüksən,,
Əməldən gözəllik, becərib ək sən.
Boş qaba əlinlə hər nəyi töksən,
Unutma, qabına çıxacaq bir, gün.

Böyüklər önündə öyünüb durma,
Bildiyin sualdan cavablar sorma.
Heç kəsin yolunu çətinə burma,
Öz yolun, güzarın olacaq bir, gün.
.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: