Azərbaycanın tanınmış elm simalarından biri…
Mütaliəsi zəngin olan bu insanın demək olar ki, elmin bütün saəhlərinə deməyə sözü var… İndi təqaüddədir.
Əli müəllim bu payız günlərinin birində yaşadığı evin həyətinə çıxır və ağlaya-ağlaya geri qayıdır. Bunu görən həyat yoldaşı Şirinxanım həyəcanla soruşur:
-Əli nə olub?
-Şirinxanım bayırda “Dükan adamlar” var.
-Nə dükan adamalar?
Sazaqlı havada “Corab”, “Kalgotka” səslərini eşidən Əli müəllim hönkürtü ilə Şirinxanıma cavab verir:
- Bəli, … adamlar!
Şirinxanım çölə çıxır və Əli müəllimin dediyi insanları görür. Evə qayıdır, onu sakitləşdirməyə çalışır.
Amma Əli müəllimin və özünün bu hadisədən çəkdiyi ağrını şeir dilində ifadə edir İçindən gələn sızıltıları nəzmə köçürür:
DÜKAN ADAMIN HEKƏYƏTİ
Dünəndən üzü dönən hava şaxta içində,
Dondurur evsizləri, yoxsulları içində.
Günəş gah küsüb qaçır, gah da üzün göstərir,
Xəzri cana işləyir, adamın köksün gərir.
İlikləri göynədir soyuq noyabr ayı,
Küçədən bir səs gəlir, zəif, qalmayıb hayı.
Canlı yeriyən dükan ağır çanta əlində,
Sözlər titrəyir gəzir haray çəkir dilində!
“Kalkotka”, “corab” deyib eşidəni üzdürür,
Bədbəxt, canlı dükanlar yükü əldə gəzdirir.
Küçə boyu qışqırır qonum-qonşu çıxmayır,
Qapıdan baş çıxarıb çölə tərəf baxmayır.
İnsanlar tapdığına munis olub evində,
Çöldə kimin nə işi havanın sərt günündə?!
Hamı çəkilib evə, küçələr bomboş qalıb,
Sanki göyə, yerə də xəzri lövbərin salıb.
Küləyin vıyıltısı bir şivənə bənzəyir,
Arabir yağan qarla yolu-izi bəzəyir.
Bu minvala soyuqdan dükan adam keyləşir,
Səsinin yazıq halı gah inilti, gah həşir.
Xəzrinin əsməsi də sızıltıya bənzəyir,
Özün çırpır hasara daşa, divara dəyir.
Əlləri donmuş adam küçə boyu qışqırır,
Soyuğun üstə gedir, hərdən bir də asqırır.
Ümidi var corabdan, kalqotkalardan satsın,
Heç olmasa cibinə bir-iki manat pul atsın.
Sonra qaçsın dükana, bir isti çörək alsın,
Taqətdən düşməmkçin ağzına çörək salsın.
Küçə də amansızdı, soyuq sükuta dalmış,
Canlı dükan adamı qara xəyallar almış.
Evdəki körpələri ondan imdad istəyir,
Evini düşündükcə kədər qəddini əyir.
Küçə boyu səsinə səs verir soyuq külək,
Şaxtanın təsirindən donub daha əl, bilək.
Ayaqların dalınca sürüyərək o gedir,
İçindəki əzablar, ümidsizlik can güdür.
Bəxtini yamanlayır, İlahi, bu nə gündü?!
Boğur məni iztirab, boğazımda düyündü.
Bir hasarın küncünə sığınır o bir anlıq,
Çəkdiyi müsibəti ömrə-günə viranlıq…
Ümid edir bir Allah bəndəsi çıxar çölə,
Qəfildən qapı açıb, bir anlıq baxar çölə.
İsti çay təklif edər, alıb içərəm çayı,
Taqətim daha yoxdu qalmayıb canın hayı.
Fikirləşir bir anlıq niyə çıxdım evimdən?
Axı nə istəyirəm şaxta kəsən bu gündən?!
Küçələrin lallığı ümidlərimi qırır,
Elə bil ürəyimə dalbadal güllə vurur.
Gəlməsəydim evdəki iki uşaq nə yesin?
Boğur kişi qüruru içdən ümidsiz səsin.
Ömür-gün yoldaşım da körpələrlə çalışır,
Evin dərdi-səri də onun başından aşır.
Ümidi tək mənədi, niyə evdə oturum?
Bir günümü necə mən aclıq ilə batırım?
Bu fikirlər içində küncə sığılıb qalır,
Sanki külək yazığın dərdin içinə alır.
Bir müddət təntiyərək səsin batırır xəzri,
Şaxtanın ağrısını, sanki yatırır xəzri.
Dükan adam hasarın dibindən qalxıb durur,
Onu alan xəyalın başına qapaz vurur.
Diksinərək xəyal da qaçıb getdi uzağa,
Ürkək-ürkək boylanıb baxdı xeyli sol-sağa.
Adamlar mənzilində, osa küçədə gəzir,
Öz halı ürəyini iri addımla əzir.
Şaxtanın təsirindən itiribdi özünü,
Dil dolaşır ağızda çaş salır öz sözünü.
Dükan adam titrəyən ayaqların sürüyür,
Donub ölmək qorxusu bir an onu bürüyür.
Sahibsiz it uzaqdan baxır ona hirslə,
Canı da ram olubdu ürək didən bu hisslə.
Əyilir yerə daşı götürüb atsın itə,
Soyuqdan titrək əli bəs daşa necə yetə?
İt də dükan adamın gücsüzlüyün hiss edir,
Çöküb quyruq bulayır, ona güzəştə gedir.
Haradan rəhim gəldi bu heyvana görəsən?!
O özüdə acından deyilmi tir-tir əsən?
İki acın taleyi bir məqamda birləşir,
Bütün canlılar yəqin bu həyatla güləşir.
Qalibi öyən dünya, məğluba deyir ağı,
Doğulan gündən sönür kasıbın bəxt çırağı.
**
Könlü daş insanların bəs ruhu nə, qəlbi nə?!
Bu qədər müsibəti götürərmi qəlbinə?!
Ətrafda yoxsulların naləsi göyü yarır,
Bir tikə çörək üçün İlahiyə yalvarır.
Çəkdiyi müsibətin ağrısıyla yollaşır,
Kasıbın ömür yolu dərdlərlə aşıb daşır.
**
Dükan adam qəfildən dizi üstə oturur,
İçindəki ağrının bircə anlıq batırır.
Çökür itin önündə başına sığal çəkir,
Ümidsiz gözlərindən qanlı-qanlı yaş tökür.
Əlinin altındakı it də titrəyir əsir,
Onun da varlığını rüzgar qılınctək kəsir.
Hər ikisi ac-sussuz, qalıb küçə içində,
Dükan adam it günün var-gəl edir içində!
Çantasın yerə qoyur dərd işləyir qanına,
Soyuğun kəskinliyi çökür miskin canına.
O gömgöy dodaqlarla əllərini isidir,
Canına hopan ağrı, donan canın yasıdır.
Diliylə tumar çəkir it də soyuq çantaya,
Az qalır ki, aclığa üsyan edə, ulaya.
Heyvan yemək eşqiylə ağzını çox sulayır,
Dükan adam önündə quyruğunu bulayır.
O da titrək səsiylə itlə dərdləşir dilsiz,
Donan əllər cansızdı, sanki qalıbdı əlsiz.
Dükan adam qalxaraq davam edir yoluna,
Sanki it də acıyır onun miskin halına.
Adam gedir, it gedir, hər ikisi ac-sussuz,
Ayaqlar süründükcə, baxışdan asılıb buz…
**
Dükan adam çalışır çörək pulu tapmayır,
Halallıqla ömür edir, bir dəm yolu sapmayır.
Qapı-qapı gəzərək malın satır pul alsın,
Qazandığı paranı boş ciblərinə salsın.
Evinə çörək pulu aparsın heç olmasa,
İnsan necə var ola, canda imid qalmasa?!
Ona görə küçədə qul həyatı yaşayır,
Evinin dərd-sərini çiyinində daşıyır.
Hər günü qapılarda keçir dükan adamın,
Doğulduğu yurdumu qoyub gözündə kamın?
Şaxta qılınctək kəsir onun bu qul həyatın.
İnlədir acı bəxti göylərin yeddi qatın.
İtin də sahibi yox küçələrdə yesirdi,
Payızın əllərində hər ikisi əsirdi.
İti sahibi atmış küçəyə qatil təki,
Bəs bu dükan adama kim eyləmiş bu ərki?!
Doğulduğu Vətənmi, yoxsa ata-anası?
Bəlkə ata-ana da olub canından asi.
Ömrü bu it gününə, sanki fəryad eyləyir,
Arabir əsən xəzri ahına dad eyləyir.
Dükan adam bəxtinin ağrısına bürünür,
Hər gün məhəllələrdə ilan kimi sürünür…
**
Mən də bu hekayəni qəm-qəhərlə yazmışam,
Gözümün leysanına, gürşadına azmışam.
Bir kasıbın əzabın ürəyimdən keçirtdim,
Onun fəryadlarını misralara içirtdim.
Sözlərim də könlümə qoşulub hönkürdülər,
Mənim ağrılarımı gözləriylə gördülər.
Kasıb it günündədi, it də kasıb günündə,
Hər ikisi həyatın açılmaz düyünündə!
Keçib bəxtin kəndiri boğaza, açmaq olmur,
Bəlkə bu bir yazıdı heç ondan qaçmaq olmur.
Yazını da pozuya aparmaq hünər istər,
Hər bir yoxuşu aşmaq qoluzorlu ər istər.
Ərləri də çox zaman haqsızlıqlar çökdürür,
İçlərinə sevinc yox, ağrı-acı tökdürür.
Baxa bilmir evində qadın, uşaq üzünə,
Pozulur rahatlığı yuxu getmir gözünə.
Günün bir ağrısını hekayəmə gətirdim,
Oxuyub dəyər verən, hüzuruna yetirdim.
Özünü dükan edən adama baxmaq olmur,
Yoxsulluq acısını qəlbə buraxmaq olmur.
Taleyin nəql etdiyim dükan adam göz dağı,
Ağrıdır görənləri, salır könlümə ağı.
**
Bu hekayə həqiqi həyat hekayəsidi,
Hardansa qazanc tapmaq hər kəsin qayəsidi.
Bol-bol nemətlər dolu süfrə qisməti olan,
Bil ki bu yazdıqlarım həqiqətdi, yox yalan,
Silib yağlı əlini yazdığımı aç oxu,
Bir gün sənə də dəyər həyatın aclıq oxu.
Ona görə qəlbini açıq eylə yoxsula,
Allahın mərhəməti birinci yetir qula.
Sən də dükan adamın çəkdiyini çəkərsən,
Dünyanın dili altda, sanma ki, bir şəkərsən.
Heç bir kəsin başından əskik deyil şər, qada,
Kasıb da varlı kimi insandı bu dünyada.
Şirin Xanım Kərimbəyli Şadiman,
22.11.2016
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.