tədqiqatçı-tarixçi
=========
Respublikamızda elə kənd və qəsəbələr vardır ki, onlar nəinki yerləşdikləri rayon və bölgədə, həmçinin ölkə hüdudlarından kənarda da tanınırlar. Belə yaşayış məntəqələrindən biri Masallı rayonunun Boradigah qəsəbəsidir. İlk dəfə 1983-cü ildə, VI sinifdə oxuyarkən bu qəsəbədə olmuşam. Həmin vaxtdan etibarən Boradigah dedikdə ilk olaraq xəyalımda bazar, sənətkarlıq emalatxanaları, dükanlar və mömin insanlar canlanır.
Boradigah Masallı rayonunun cənubunda, Talış dağlarının ətəyində, Masallı şəhərindən 12 km aralıda, 21 km uzunluğu olan Boradigahçayın hər iki sahilində yerləşir. Ərazisi 1034,95 hektar, əhalisi 6500 nəfərə yaxındır. Bakı quberniyasının Lənkəran qəzasının yaşayış məntəqələri üzrə 1859-1864-cü illər siyahıyaalınması zamanı Boradigahda 261 ev olmuş və burada 1008-i kişi və 795-i qadın olmaqla 1803 nəfər yaşamışdır (Vikipediya az. saytı). Həmin siyahıyaalınma cədvəlinə əsasən Boradigah evlərin və həm də əhalisinin sayına görə Lənkəran şəhəri ( ev 827, əhali 3739 nəfər) və Privolnoye kəndindən (ev 419, əhali 2133; indiki Cəlilabad rayonunda kənd) sonra qəzada 3-cü ən böyük yaşayış məntəqəsi olmuşdur.
Boradigah respublikamızın qədim yaşayış məntəqələrindən hesab olunur. Burada e.ə. IV-II minillikləri əhatə edən tunc dövrünə aid “Ağababa təpəsi” və “Mehdi təpəsi” adlı arxeoloji abidələrin aşkar edilməsi fikrimizi bir daha təsdiq edir (ASE, II cild. Bakı 1978, səh.248). Tarixçi-toponimist, əməkdar müəllim Musarza Mirzəyev yazır: “Boradigahda tapılmış və tuncdan hazırlanmış kiçik şir fiquru atəşpərəstliklə bağlıdır. Bu fiqurun başındakı dairəvi lövhə onun göylərlə, Günəş və ulduzlar aləmi ilə, tarixi ənənələrimizlə, Novruz bayramının yaranması ilə bağlı olduğunu sübut edir”(Mənim Masallım. Bakı 1991, səh.8).
Boradigah talış dilində Bırədiqo adlanır. Boradigah toponimi də məhz Bırədiqo sözündən yaranmışdır. Talış dilində “bır”- tikan, “ə”- birləşdirici səs, “di”- kənd, “qo”- yer sözlərinin birləşməsindən yaranan Bırədiqo/ Boradigah Azərbaycan dilinə tərcümədə “tikanlı kənd yeri” və ya “tikanlıqda olan kənd yeri” mənasını verir.
Qəsəbə əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Sovet dönəmində burada fəaliyyət göstərmiş təsərrüfat-Telman adına kolxoz/sovxoz tütünçülük, çayçılıq, tərəvəzçilik və maldarlıq üzrə ixtisaslaşmışdır. Rayonun qabaqcıl təsərrüfatlarından olan Telman adına kolxozun manqabaşçısı Qubad Əsədulla oğlu Nəsirov yüksək əmək göstəricilərinə görə hətta 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdür. Eyni zamanda sənətkarlıq və ticarət də boradigahlıların əsas məşğuliyyəti olmuş, Boradigah bölgənin ticarət mərkəzlərindən biri kimi tanınmışdır. Boradigahda kənd və qəsəbələr üçün o qədər də xarakterik olmayan bazar olmuş və bazar bu gündə fəaliyyət göstərməklə Boradigah bazarı kimi tanınır. Hələ 1859-1864-cü illər siyahıyaalınmasında burada bazarın olduğu qeyd edilmişdir. Bazar və sənətkar emalatxanaları Boradigahı kənddən fərqləndirdiyi üçün 1966-cı il 22 yanvar tarixində Boradigah kəndinə qəsəbə statusu verilmişdir (Azərbaycan SSR-in inzibati-ərazi bölgüsü.Bakı1968,səh.12). 1974-cü ildə kinorejissor Şamil Mahmudbəyov “Vahə od içində” filmi üçün bəzi kadrları Boradigahın bazar meydanında çəkmişdir. Lakin həmin kadrların heç biri filmə düşməmişdir (Səyavuş Süleymanlı. Dünya xatirəylə girib yuxuma... Bakı 2015, Səh.359).
Boradigah qəsəbəsində 2 tam orta məktəb, 2 xəstəxana, mədəniyyət evi, kitabxana, klub, poçt, ATS, 3 məscid, çay fabriki, 2 şadlıq evi, 2 restoran, bazar, məişət evi, mağazalar, dükanlar, ictimai-iaşə və digər sosial obyektlər vardır.
Boradigahlılar həmişə milli-mənəvi dəyərlərə hörmətlə yanaşmışlar. Buradan neçə-neçə din xadimi çıxmışdır. Heç də təsadüfi deyildir ki, XX əsrin ortalarına qədər Boradigah və Ərkivan kəndləri (indi qəsəbədirlər) bölgənin dini mərkəzləri kimi ad qazanmışlar. Qeyd edim ki, Boradigaha ilk dəfə 1983-cü ildə atamla birlikdə məhz “Qurani-Kərim” almaq məqsədilə getmişdim. İmamzadə ziyarətgahı, Qərib Seyid türbəsi, Seydəkinə (Seyid qızı), Bahomba və Qulaməli ocaqları qəsəbənin ərazisində yerləşir. Boradigahda ilk məscid 1853-cü illərdə tikilmişdir (Nurməmməd Ağa. Boradigahım mənim. Bakı 1997, səh. 38-39).
1972-ci ildə kinorejissor Tofiq Tağızadə “Qızıl qaz” filminin bəzi kadrlarını Boradigah məscidinin (hazırda Cümə məscidi adlanır-İ.Ş.) qarşısında çəkmişdir (Səyavuş Süleymanlı. Dünya xatirəylə giribyuxuma...Bakı2015,səh.357).
Bu yaxınlarda qəsəbədə şərq memarlıq üslubunda olduqca gözəl və möhtəşəm bir məscid də tikilib dindarların istifadəsinə verilmişdir.
Boradigah qəsəbəsində icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. Boradigah qəsəbə icra nümayəndəliyi və qəsəbə bələdiyyəsi Boradigah qəsəbəsi ilə yanaşı Babaser və Mollaoba kəndlərini də əhatə edir.
Boradigah özünün qədim tarixi ilə yanaşı eyni zamanda, ziyalıları ilə də tanınır. Boradigahlılar filologiya elmləri doktoru Sayadulla Babayev, hüquq elmləri doktoru Alxas Kişiyev, biologiya elmləri doktoru Miri Fəttayev, fizika-riyaziyyat elmləri doktoru Vaqif Nəsirov, texnika elmləri doktoru İsmayıl Babayev, hüquq elmləri namizədi (fəlsəfə doktoru) Çingiz Bəşirov, pedaqoji elmlər namizədi Sahib Məcidov, Milli Məclisin üzvü, yazıçı-jurnalist Elmira Axundova, Sosialist Əməyi Qəhrəmanı Qubad Nəsirov, şairlər Nurməmməd Ağa, Fariz Əsgərov, Hacıbaba Zülfuqarbəyli, tanınmış müğənni Firudin Səfərov və digər həmyerliləri ilə haqlı olaraq fəxr edirlər.
Boradigah qəsəbəsi haqqında şair-pedaqoq Nurməmməd Ağa “Boradigahım mənim” (Bakı 1997) adlı tarixi-etnoqrafik kitab yazmış, haqqında neçə-neçə kitabda məlumat verilmiş və eyni zamanda qəsəbənin etnoqrafik xüsusiyyətləri haqqında 2002-ci ildə “Azərbaycantelefilm” tərəfindən qısamaterajlı sənədli televiziya filmi çəkilmişdir.
Boradigah qəsəbəsi gündən-günə böyüyür, inkişaf edir. Qəsəbənin adı talış dilində “tikanlı kənd yeri” olsa da, o, bu gün müasir və abad bir şəhərə bənzəyir. Buradakı quruculuq və abadlıq işləri qəsəbənin xoş gələcəyindən və işıqlı sabahından soraq verir.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.