Gəzib dolaşanda binələrini,
Əzmə çiyələyin dənələrini.
Dərənin dərini, suyun sərini,
Dağların qocası Gədəbəydədir!
İlyas Tapdıq.
Deyirlər, insanın xarakteri boya-başa çatdığı yurdun təbiətindən gəlir. Gədəbəy kimi səfah bir yurdda, gözəl söz-saz diyarında yetişən, Azərbaycan oxucusunun rəğbətini qazanmış əsərləri ilə tanınıb sevilən İlyas Tapdıq,Miskin Abdal, Nahid Hacızadə, Dəmir Gədəbəyli, Gülayə Şınıxlı, Həqiqət Xəlilxanlı və s.kimi şair və şairələrimiz, yazıçılarımz və söz ustadlarımız az olmayıbdır. Haqqında danışacağımız Banu xanım da Gədəbəy torpağında boya başa çatmış, sözə, şerə həssas bir xanımdı.
Qarayeva (Kəsəmənli) Banu Müzəffər qızı - 1961-ci ildə Gədəbəy rayonunun Kəsəmən kəndində dünyaya göz açıb.
Orta təhsilini Qaraməmmədli kənd orta məktəbində bitirdikdən sonra 1981-ci ildə Bakı şəhəri Ç.İldırım adına politexnik institutuna daxil olub, 1986-cı ildə ali təhsilini başa vurub. Həmin ili təyinatla Gəncə şəhəri Əlvan metalların emalı zavoduna mühəndis vəzifəsinə göndərilib.
B.Kəsəmənli ixtisasca mühəndis olsa da poeziya onun həyatının ayrılmaz bir parçasıdır və ürəyi hər zaman poeziya və şerlə döyünür, həmişə ürəyindən gələni, qəlbindən keçəni qələmə alır.
B.Kəsəmənli ədəbiyyata və həvəsi lap uşaq yaşlarından başlayıb. İlk şerini 10 yaşında olarkən yazıb. Onun gördüklərini hamı görsədə, onun duyduqlarını hər insan duya bilmir. Ən xırda şerlərində belə vətən gözəlliyindən, ülvi məhəbbətdən, cəmiyyətimizdə baş verən irili-xırdalı hadisələrdən, insanların keçdiyi sevincli-kədərli, enişli-yoxuşlu yollardan yazır. Banu xanım şair təxəyyülünün, iradəsinin və istedadının gücüylə öz arzusuna çatır. Bu zərif duyğulu, gülümsər çöhrəli xanımın şerlərində, onun poeziyasında yurda, torpağa, vətənə bağlılıq, millətə, ata-anaya, ailəyə olan sevgi təcəssüm olunur və doğma Gədəbəyin abu-havası, çiçəklərinin ətri, gözəllikləri, sinəsi çeşməli qocaman dağları bu xanımın şerlərində bütün təravəti ilə yaşayır.
B.Kəsəmənli Gəncə Yazarlar Birliyinin üzvüdür.
Artıq neçə ildir ki, ayrı-ayrı qəzet və jurnallarda şerləri və publisistik yazıları çıxır.
Bu günəcən 3 kitabı işıq üzü görüb, 2002-ci ildə “Ömrümün naxışı” və 2007-ci ildə “Ay işığında”, 2002-ci ildə “Mənim arzularım” kitabları oxucularının görüşünə gəlib.
Hazırda ailəsiylə birgə Gəncə şəhərində yaşayır. Ailəlidir. 2 qız, 1 oğul anasıdır.
Biz də Banu xanıma şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və
aşağıda onun ber neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına ərmağan edirik.
GÜNEL MƏMMƏDOVA,
ZiM.Az
***
Uca dağ başında qıy vuran qartal,
Söylədi ay Banu, getmə burda qal!
Min dərdə dərman, bal da, burda var.
Qatıq, nəhrə yağı, yeyibdə sağal!
Qalıb bu dağlarda, yaşayıb, zövq al!
Hər şeydən qitmətli, torpağın varı.
Ona dəyər verən, öz övladları.
Söyləyir ay Banu, getmə, burda qal!
Doğma torpağını yazıb yada sal!
Tarixdə heç yerdə yanmayan işıq,
Bu dağlar başında, yanıb ilk dəfə.
Bütün fəsil gözəl olur, bu dağların cəh calalı.
***
Qan tökülüb torpaqlara
Qovuşmarıq doğmalara
Ölən geri dönmür hələ
Biz gedirik deyin hara
Alınmayan torpaqlara?
Dərin olsun, dərin yara
Gecikməyib gedən ora
Duz basaq ki, yaralara
Barı çataq bizdən küsən
Doğma olan o ruhlara
Bata-bata qalın qara
Gedək bu il oralara
Necə düşdük biz bu tora
Daha bəsdir bu ayrılıq
Ürəyimə vurdu yara
Qocalırıq, azalırıq
Yata-yata, dura-dura
Çatanmarıq Xocalıya
Gözləyirik qalanları
Allah qıra...
Sağalmaya bəlkə yara
Bu bir dağmı?
Qaçqınlara
Bizdən sonra qalanlara
***
(Anam Könülə həsr edirəm)
Başımı əyəcəm
Mən ona sarı
Ömrünü o verib
Mənə tən yarı
Pərvanə dolanır
Çıraq başına
Yandırır istisi
Baxmır yaşına
Ana da dolanır
Övlad başına
Yandırır özünü
Baxmır yaşına
Anadır o, deyə söylədiyim kəs
Dünyada yeganə bir səs var ki, səs
O səslə yatırıq, o səslə yalqız
Onun sahibisə yalnız anamız!
Mən sevirəm,
Səni ana!
Ar olsun bu sözü
Deyib danana
Uşaqkən sevənin
Anansa sənin
Niyə böyüyəndə
Olur düşmənin!
Qadınlar Tanrınn
Əmanətisə...
Onları incitmək
Düşərmi bizə?
Başımı əyəcəm
Mən ona sarı
Övladdır ananın
Qisməti, varı
Mən anamın canıyamsa
Damarında qan olacam!
Mən anamın qızıyamsa
Ölüncə hiyan olacam!
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.