QOŞADIR ABAZALLI
Bu günlərdə əmim oğlu Elçinlə yaxın dostumuz Cahangirin doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Abazallı kəndində olduq.
Qədim tarixə malik olan bu kəndin məhz dostumuz tərəfindən necə abadlaşdırıldığını görəndə onun qeyrətinə əhsən dedim. Kəndə xüsusi gözəllik bəxş edən ikiminarəli möhtəşəm məscid binası onun Tanrısına necə tapındığına dəlil-sübut idi. Həmin məscidin yaxınlığında qazılan artezian quyusu, üstü səliqə ilə örtülən 10 tonluq su çəni bütün kəndi şirin su ilə təmin edirdi.Bu hal mənə bir şair olaraq adımın məzmununu bir daha xatırlatdı və valeh olduğum kəndə olan məhəbbətimi şeiriyyətə çevirdi.Bir də ona görə sevindim ki Cahangir qardaşımız qarşıdakı illərdə bu kənddə gözəl bir məktəb binası da tikəcəyinə söz verdi.
Ona görə bu şeir ona hahlaldır:
Böyük bir tarix hopub
Bu kəndin torpağına,
Beşiyə bənzəyir o,
...Lap ana qucağına.
Qışın oğlan çağında
Baş çəksən bu kəndə sən,
Qəlbi atəşlə dolu
İgidləri görərsən
Qədim bir tayfa olub
Onun ilk sakinləri,
"Abazallı" adlanır
Nuh eyhamından bəri
.
Nəsillər, köklər artıb,
Artıb qolu-qanadı,
Cahangir oğlu ilə
Tanınır indi adı.
Yol keçənə,-gəl,-deyir,
Dön, süfrəmdə tikə kəs,
Cahangir tikdirdiyi
Məsciddə bir al nəfəs.
...Azançı azan verir,
Titrəyir minarələr,
Vallah, imansız dinsiz
Bu yerdə dinə gələr
Yolçu qardaş, tələsmə,
Ötmə bu kənddən belə,
Bu kəndin saf suyunu
Dadmamısan sən hələ.
Şəfa tapar bu kəndin
Suyundan içən hər kəs,
Onun adı Cahangir
Quyusu deyil əbəs.
Bax, belə bir qüdrəti
Yaşadır Abazallı,
Cahangirin adıyla
Qoşadır Abazallı.
BİR MƏLHƏMDİR- CAN DƏRMANI,
HƏKİM, YAZ MƏNƏ O SƏSİ...
(Ruhumun səs fatehi, gözəllik təcəssümü,,dünya şöhrətli Zeynəb xanım Xanlarovanın
ad gününə gecikən misralarım)
O səhnəyə yaraşıqdır?!
Səhnə ona yaraşıqdır?!
Vallah, lap çaşıb qalmışam,
Fikirlərim dolaşıqdır.
Dinlədikcə o gur səsi,
Düşürəm haldan-hala mən,
Sanki göylərdə uçuram,
Sığışmıram bir zala mən.
Nalə qopur dil-dodaqdan,
Tar ağladır, kaman yanır,
Sanki bu, ansambl deyil,
Bir tonqaldır... alovlanır.
Yaranışdan muğamatın
Sızıltıdır canı, qanı,
Bu səs bizə həyat verir,
Xatırladır Yaradanı.
Leyli, Əsli taleyini
Yaşa görüm bir konsertdə-
Leylidən də, Əslidən də
Güclü idi cəsarətdə.
Haldan-hala düşürdü o,
Çəkirdi nalə səhnədə,
Bu güc, bu qüdrət, məhəbbət
Sığır necə bir sinədə?!
Dilində vətən andı var,
Odur onun şirin canı.
Hara getdi, apardı o,
Özüylə Azərbaycanı.
Bir məlhəmdir-can dərmanı,
Həkim, yaz mənə o səsi -
Hər dərmandan təsirlidir
Onun şaqraq zənguləsi.
Bu gün də ovsun doludur,
Bu səs Tanrı vergisidir.
O, gözəllik təcəssümü,
O, ruhumun sevgisidir.
Valeh MİRZƏ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.