SSRİ rəhbərliyinin Azərbaycan əhalisini zorla Mərkəzi Asiya və Qazaxıstana köçürülməsi ilə bağlı planı olsa da Azərbaycan KP MK-nın I katibi Mir Cəfər Bağırovun böyük səyi ilə bu məkrli planın qarşısı alındı. Lakin, buna baxmayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlılar müharibədən sonar deportasiyaya məruz qalmışlar. Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsini təmin etmək məqsədi ilə SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etdi. Həmin qərara əsasən 1948-1953-cü illərdə 100 mindən çox azərbaycanlı Ermənistandan, tarixi Azərbaycan torpaqlarından zorla köçürülərək Saatlı, Sabirabad, İmişli, Kürdəmir və Göyçay rayonlarında yerləşdirildilər. Tarixə nəzər saldıqda Sovet-İran sərhədində yerləşmiş Lerik və Yardımlı rayonlarının bir çox yaşayış məntəqələrinin də ayrı-ayrı vaxtlarda deportasiyaya uğradıqlarının şahidi oluruq.
Azərbaycan K(b) P MK-nın 1937-ci il 1 avqust tarixli 14/2 saylı tam məxfi qərarı ilə XKS-ə sərhədə 500 metr yaxın bütün yaşayış məntəqələrini köçürmək tapşırıldı. Bu qərarla Yardımlının Ləzran sovetliyində sərhəddən 60 metr aralı Biromot kəndindən 10 təsərrüfat, Ovra sovetliyində sərhəddən 40 metr aralı 63 təsərrüfat, 30 metr aralı Laceyir kəndindən 22 təsərrüfat, Perimbel sovetliyindən sərhəddən 40 metr aralıda Deman kəndindən 10 təsərrüfat köçürülməli idi. Azərbaycan SSR XKS-nin həmin kəndlərin boşaldılmasına dair qərarını əks etdirən 1938-ci il 11 aprel tarixli 9257 saylı məxfi məktub yerlərə göndərildi. Əhali əsasən Zubovka kəndi (indiki Şirvan şəhəri), Astraxanbazar (Cəlilabad) və Puşkin (Biləsuvar) rayonlarına köçürüldülər (Firdovsi Tağıyev. “Aşağı Surra kəndi”. B., 2017, səh. 172-173; Müəllif tarix elmləri doktoru, professor Musa Qasımlının “Yardımlı” məqaləsinə (“Azərbaycan” qəzeti, 08 sentyabr 2013) istinad edərək yazmışdır).
1944-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin hərbi sərhəd zonasından kəndlərin köçürülməsi haqqında qərarına əsasən 20-yə yaxın kəndin köçürülməsi prosesi başlanıldı. Köçürülənlərin bir hissəsi Yardımlının Çayüzü, Ünəç, Əsədabad kəndlərində yerləşdirilib. Kəndlərin torpaq sahələri dövlət fonduna daxil edilib. 50-ci illərdə (1952-1953) isə Abasallı, Köhnəqışlaq, Ovra, Pirovdağ, Ləceyir, Arvana, Qarovuldaş, Deman, Avaş, Binələr, Perimbel, Ərvərəz, Oncaqala, Peştəsər, Şatiker, Niyazonu, Niglə, Fındıqlı qışlaq, Vəlişli, Xanbulağı, Avaraq, Məceyir, Əliabad, Limar, Şələ, Eçara, Ləzran kəndləri əhalisinin böyük hissəsi Puşkin (Biləsuvar), Salyan, Neftçala, Əlibayramlı (Şirvan şəhəri) rayonlarına köçürüldü. Köçürmə prosesində 3 sovetlik (inzibati ərazi dairəsi – İ.Ş.), 17 kolxoz, 33 kənd ləğv edilib.Deportasiya olunan kəndlərin bəzisi 60-cı illərdə qismən bərpa olunub. Bərpa olunmuş kəndlərdən biri seyidlər kəndi kimi tanınan Perimbel kəndidir. Perimbel kəndinin bərpa olunmasının maraqlı tarixçəsi vardır. Kənd sakini Ağabəy Hüseynov əmisi oğlu Mir Lətif Əhmədovla Moskvada, Kreml sarayında təyyarəçi-kosmonavt Yuri Alekseyeviç Qaqarinlə görüşüb vəziyyəti ona bildirmişlər. Y.A.Qaqarin 160-dan çox şikayətçi məktubunu ölkə rəhbəri Nikita Sergeyeviç Xruşşova çatdırır. Tədqiqatçı-publisist Mehdi Həsənovun yazdığına görə, məhz Yuri Qaqarinlə görüşdən sonra 1962-ci il sentyabrın 1-də Perimbel kəndinə ilk dəfə 7 ailə qayıtdı. Azərbaycan müstəqillik qazandıqdan sonra isə 4 kənd – Eçara, Deman, Musakənd və Qarovuldaş da bərpa edilmişdir.
Göründüyü kimi XX əsrin ortalarında qısa müddət ərzində (1938-1953) Yardımlı rayonu 3 dəfə deportasiyaya məruz qalmışdır. Bu proses qara səhifə kimi rayonun tarixinə həkk olunmuşdur.
İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.