SEXƏLİFƏ OCAĞI

SEXƏLİFƏ OCAĞI “Sexəlifə” ocağı Lənkəran şəhərindən 21 km şimal-şərqdə yerləşən Cil kəndində, qəbiristanlıqda yerləşir. Sexəlifə hibrid söz olub,talış dilində se-“üç” və ərəb dilində “müavin, köməkçi” mənasında işlənən xəlifə sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “üç xəlifə”, “üç müavin” mənasını verir. Məlum olduğu kimi orta əsrlərdə, daha dəqiq 630-1258-ci illərdə Ərəb xilafəti (xilafət ərəb dilində dövlət deməkdir) adlı geniş ərazili və eyni zaman da qüdrətli bir dövlət mövcud olmuşdur.

İslam bayrağı altında mübarizə aparan ərəblər bir çox ölkələrə yürüş edərək onları özlərinə tabe etmişlər. Ərəb işğalına məruz qalan ölkələr arasında Azərbaycan da olmuşdur. Azərbaycanda iki əsr, VII-IX əsrlərdə ərəb ağalığı hökm sürmüşdür. Xilafətin banisi Məhəmməd peyğəmbər (s.) 632-ci ildə vəfat etdikdən sonra xilafət xəlifələr – “müavinlər” tərəfindən idarə edilmişdir. Ziyarətgahın adından ilk olaraq ocaqda müxtəlif vaxtlarda Ərəb xilafətinə rəhbərlik etmiş üç xəlifənin dəfn edilməsi qənaətinə gəlmək olur. Lakin, tarixə nəzər saldıqda Azərbaycan ərazisində hər hansı bir xəlifənin dəfn edilməsi faktına rast gəlinmir. Onda haqlı olaraq belə bir sual yaranır, xəlifələrin dəfn edilmədiyi bu ziyarətgah niyə “Sexəlifə” adlandırılmışdır? Ziyarətgahın belə adlandırılması ilə bağlı müxtəlif mülahizələr vardır. Tarix müəllimi Mirmuğdad Qafarovun məlumatını məqbul hesab etmək olar. Muğdad müəllimin fikrincə, “Cil kəndindəki türbədə imam və peyğəmbər nəslindən olanlar, o cümlədən, Seyid Mirabbasın əmisi oğlu Seyid Əmirxan, Seyid Mirabbasın özü və oğlu seyid Cəmaləddin (Qara xan) uyuyurlar. Onların imam-peyğəmbər övladlarının şərəfinə bu türbə “Sexəlifə” və ya seyid olduqlarına görə “Seyid Xəlifə” adlandırılmışdır” (M.Talışlı, E.Əhədov. Cil kəndi-“Sexəlifə ocağı”. “Aşkarlıq” qəzeti, 24-30.09.2005).

Qeyd edək ki, Seyid Mirabbas (Abbas) əslən ərdəbilli olmuş və səfəvilər sülaləsinin nümayəndəsidir. O, Talış (Lənkəran) xanlığının banisi sayılır. Seyid Mirabbas Lənkəranın Xarxatan kəndinə köçüb məskunlaşmışdır. Bu kənddə yaşayarkən yerli feodallarla yaxınlaşan Seyid Mirabbas bu kəndin sahibi boradigahlı Əsəd bəy Hüseyn bəy oğlunun bacısı Ahu xanımla evlənmişdir. Səidəli Kazımbəyoğlu “Səidiyyə” (digər adları “Cavahirnameyi-Lənkəran” və “Talışın gözəllikləri”dir-İ.Ş.) əsərində II Şah Abbas Səfəvinin (1642-1666) 1654-cü ildə verdiyi fərmana istinad edərək Seyid Abbasın 12-ci nəsildən babasının Seyid Müntəsir Billah olduğunu yazır, bu şəxsin də 20-ci nəsildən babası Həzrət Məhəmməd peyğəmbərdir. Yəni, Seyid Abbas Məhəmməd peyğəmbərin 32-ci nəsil şəcərəsindəndir (B., 2006, səh.86).

“Sexəlifə” ocağının yerləşdiyi qəbiristanlıqda hündürlüyü 1,4 metr olan qəbirüstü abidələr mövcuddur. Qəbirüstü abidələrdə əl-ayaq, qol hissələri, ox, qılınc, nizə və d. silahların şəkilləri həkk edilmişdir. Qəbiristanlıqda oxunmamış çoxlu yazılı daşlar da vardır. “Sexəlifə” insanların ən çox üz tutduqları ziyarətgahlardan hesab olunur. Xüsusi ilə Məhərrəm və Ramazan aylarında burada ziyarətçilərin sayı daha çox olur.Cil kəndinin tanınmış ziyalılarından biri, Milli Məclisin üzvü Cavanşir Hümmət oğlu Paşazadənin şəxsi vəsaiti hesabına ziyarətgah üzərində şərq memarlıq üslübunda türbə (məqbərə) tikilmişdir.

“Sexəlifə” türbəsi 4840 invertar sayı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınaraq dövlət tərəfindən qorunur.

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: