Ziyarətgah haqqında AMEA-nın Tarix İnistitutunun elmi arxivində və respublika Əlyazmalar İnistitutunda 6 sənədin əsli saxlanmaqdadır. Bu sənədlərdə ziyarətgahın üç yüz illik (1509-1788) tarixinə dair məlumat verilir (Məşədixanım Nemət. Azərbaycanda pirlər. B.,1992, səh.41).
1965-ci ildə nəşr olunan “Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər” kitabının müəllifi Tağı Musəvi qeyd edir ki, Babagilin əsl adı Nizaməddin Əmir Şahsevər Gilani Kəsgəri olmuşdur (Ağaddin Babayev. Müxbirimizdən (rusca). B.,2009, səh.148).
Babagil Gilandan (Kəsgərdən) Asnaqaran (Osnəkəran) kəndinə köçərək burada yaşamış və dəfn olunmuşdur. Sənədlərdən məlum olur ki, indiki Babagil kəndinin əvvəlik adı Asnaqaran (Osnakəran) olmuşdur. Asnaqaran-Osnəkəran/Osnəğəkon Azərbaycan dilinə tərcümədə “Dəmirçi evləri” mənasını verir. Keçmiş zamanlarda burada hökmdar süvariləri üçün silah, yaraq və s. hazırlandığından yaşayış məntəqəsi belə adlandırılmışdır.
Asnaqaran kəndi 1508-ci ilin oktyabr ayında Babagil məqbərəsinə vəqf edilmişdir. Vəqf haqqında sənəd 1508-ci ilin oktyabr ayında Əmir Əhməd Deriğinin göstərişi əsasında tərtib olunmuşdur (İsaq Əmənullayev. Dağlardan güc alan dostluq. B.,1998, səh.52).
Vəqf olunanlara əkin yeri, bəyaz yerlər, bar verən, bar verməyən ağaclar, otlaqlar, çəltik zəmiləri, çəmənlər, su və su arxları, bulaq və çaylar daxil idi. Sənədlərdə Babagil “Ariflərin sultanı Sultan Babagil, torpağı müqəddəs” və yaxud “Seyyid (başçı) Babagil” deyə qeyd edilmişdir.Əbdülfəttah Fürəminin “Tarixi-Gilan” adlı əsərində Əmir Şahsevər Gilani Kəsgərinin (Babagil) 1578-ci ildə Biyəpuş orduları əleyhinə vuruşma zamanı öldürüldüyü yazılır. Deyilənlərə görə, Babagilin Baba Məhəmməd, Baba Həsən, Baba Davud, Baba Peyda, Pir Baba, baba İsa və Baba Rəhman adında 7 qardaşı olmuşdur.Ziyarətgah ilə bağlı verilən məlumatlarda Babagil “Gilanlı baba” kimi şərh olunur. Müəlliflərin Babagilin adındakı “gil” sözünü tarixi-coğrafi bölgə olan Gilan ilə əlaqələndirib Babagilin “Gilanlı baba” kimi izah etməsi heç də inandırıcı görsənmir. Fikrimcə, Babagil
Nizaməddin Əmir Şahsevər Gilani Kəsgəri tərəfindən özünə götürülmüş təxəllüs və ya əhali tərəfindən ona verilmiş qeyri-rəsmi addır. Tarix elmləri doktoru Məşədixanım Nemət ərəbcə “şeyx”, “həzrət”, farsca “pir”, azərbaycanca “baba”, “ağa” sözlərinin orta əsrlərdə müsəlman ölkələrində ləqəb olduqlarını və bu adların böyük ruhani alimlərə, təriqət başçılarına verildiyini yazır (Adı qeyd olunan əsər, səh.6).
Babagil türbəsinin sahəsi 2 hektara yaxındır. Burada XIV-XV əsrlərə aid qəbiristanlıq mövcuddur. Məzar daşlarının üzərində xəncər, ox-kaman, əmud, qayçı, güzgü, bardaq, məscid, minarə, günbəz, insan başı və s. təsvirlərə rast gəlinir (Samir Kərimov. Lerik rayonunun arxeoloji abidələri. B.,2006, səh.94).
2002-ci ildə babagil türbəsində bərpa işləri aparılmış, burada şərq memarlıq üslubunda məqbərə ucaldılmış, ziyarətgaha 2 km məsafədən bulaq suyu çəkilmişdir.
Babagil türbəsi 1486 invertar sayı ilə XV-XVI əsrlərə aid ölkə əhəmiyyətli tarixi abidə kimi qeydə alınaraq dövlət tərəfindən qorunur. Qeyd edim ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən türbədə vurulmuş lövhənin üstündə abidənin adı Bobogil yazılmışdır. Kəndin adı əvvəlki inzibati-ərazi bölgüsündə Bobogil olsa da, sonrakı nəşrlərdə Babagil kimi qeyd olunmuşdur.
İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.