32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! TƏBRİK EDİRİK!..

İnsanlar, onların düşüncələri, bilik və bacarıq qabiliyyətləti, həyat tərzi, seçim etdiyi peşələr müxtəlif olur. Lakin hamını birləşdirən ümumi dəyərlər, ümumi bir anlayış vardır. Vətən, Xalq vətənpərvərlik anlayışları. Vəzifəsindən asılı olmayaraq hər birimiz Vətənimizə xidmət etməliyik. Vətənə xidmətin sərhəddi olmaz. Həkim insan həyatını xilas etdikcə vətəninə xidmət etmiş olur, idmançı qazandığı hər bir qələbə ilə vətəninə xidmət edir, müəllim elm öyrətdiyi şagirdlərin zəkasını və dünyagörüşünü artırdıqca, şagirdlərə həyati bacarıqlar aşıladıqca vətəninə xidmət etmiş olur. Vətəninin, xalqının sağlam, düşüncəli, bacarıqlı gələcəyinə zəmanət vermiş olur. Bütün peşələr gərəklidir. Lakin müəlllimlik daha məhsuldar, daha vacib bir peşədir.


Bütün cahan müəllim adının qarşısında baş əyir. Həyat boyu sınanmış həqiqətdir ki, müəllim sözünə, müəllim öyüd nəsihətinə qulaq asmayan heç bir kəs lazım olan məqsədinə nail olmamışdır. İnsanın layiqli vətəndaş kimi yetişməyində müəllimlərin əvəzsiz xidmətləri vardır. Müəllim - bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir...

Hər birimizin həyatında danılmaz müəllim əməyi var. Bu əməyin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Həmin insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz bu əməyinin yetirmələridir.

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.

Əgər bir müəllim öz peşəsinə məsuliyyətsiz yanaşarsa bir cəmiyyəti məhv olmaq təhlükəsi ilə üz-üzə qoyar. Şagirdlərimizi savadlı, sərbəst düşüncəli və öz mövqeyi olan şəxsiyyətlər kimi yetişdirməliyik. Sənətindən asılı olmayaraq hamımız tutduğumuz vəzifəni ilk olaraq sevməliyik ki, sənətimizin peşəkarı olaq. Peşəkarlıq, özünə inamın olması, ədalətlilik prinsipləri və bir də başlıcası Vətənini ürəkdən sevmək yaxşı müəllim olmağın sirlərindəndir.

32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! İstedadlı və zəhmətkeş insanlar barəsində söz açmaq, yazı yazmaq olduqca maraqlı və məsuliyyətli işdir. Maraqlıdır ona görə ki, haqqında bəhs etdiyin insan zəngin mənəvi keyfiyyətlərə malikdir və sən bu keyfiyyətləri vurğulamaqdan qürur duyursan. Məsuliyyətlidir ona görə ki, söz açacağın insan barəsində dəqiq və ətraflı məlumatlara malik olmalısan, həmçinin də cəmiyyətə ötürəcəyin informasiyalar yetərincə əhatəli olmalıdır. Nə xoş ki, haqqında ürəklə danışa biləcəyimiz, əməyini işıqlandırmaqdan yorulmayacağımız əsil müəllimlər vardır. Əsl müəllimlər əsasən yaradıcı olurlar. Çətin və şərəfli peşəsində böyük sevgi və xüsusi diqqətlə yanaşan, yaradıcı, əsil zəhmətkeş müəllimlərimizdən biri də Ziba Məmmədovadır.

- Məmmədova Ziba Əziz qızı -
17 noyabr 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində, ziyalı ailəsində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində Kimya Biologiya ixtisası üzrə ali təhsil alıb. 1985-ci ildən etibarən Ağsu rayon Kəndoba kənd orta məktəbinə təyinat alaraq müəllim işləməyə başlayıb. Həmin ildən etibarən Kəndoba kənd Tam orta məktəbində Kimya-Biologiya müəlliməsi, müxtəlif illərdə isə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Sözügedən kollektivdə olduqca dolğun, səmərəli pedaqoji fəaliyyəti və yüksək əxlaqi keyfiyyətləri ilə kolleqalarının və tələbələrin dərin hörmət və etimadını qazanmağa nail olub. 32 illik pedaqoji fəaliyyyəti dövründə hər zaman rayonun qabaqcıl müəllimi kimi sayılıb-seçilib, rayonumuzun təhsil sahəsində əvəzsiz xidmətlər göstərmişdir.

Dərs dediyi şagirdlərin hər biri Ziba müəllimi öz anası, sevimli müəlliməsi və həyatda örnək götürə biləcəyi bir nümunə kimi xarakterizə edir. Xüsusi ustalıqla nümayiş etdirdiyi açıq dərslər məktəb kollektivinin və şagirdlərin diqqətini öz üzərinə, çəkərək uzunmüddətli müzakirələrə səbəb olur. Ümumilikdə konkret halda vəziyyəti düzgün təhlil edib, uğurlu çıxış yolu tapmaq, məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etməyi bacarır. O, peşəkar pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə, xüsusi yaradıcılığa malikdir. Ucqar kənd məktəbində işləməsinə baxmayaraq Ziba müəllimə ixtisası ilə əlaqədar biologiya gecələri və Vətənpərvərlik mövzusunda da bütün tədbirləri yüksək səviyyətə qeyd edib, vaxtaşırı olaraq mətbuatda işıqlandırmışdır. Çalışdığı məktəbdə hə il Milli Qəhrəmanlarımız barəsində irimiqyaslı tədbir keçirir, məktəblilərə və tədbirə gəlmiş qonaqlara Azərbaycan və Azərbaycançılıq məfkurəsindən geniş söz açır. Ziba müəllimənin bu fəallığı və əzmkarlığı, maraqlı və məntiqli ideyalara malik olması dövlətimizin də diqqətindən yayınmadı. 2017-ci idə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə l qrant müsabiqəsində “Bizə qoşul və xilas et!” məktəblərarası əməkdaşlıq layihəsi ilə qalib gəldi. Ziba müəllimənin layihə üçün müraciət etdiyi mövzu olduqca vacib, prioritet məsələlərdən biridir. O, bir cəmiyyətin gələcək bəlalardan xilas olması üçün bu gün məsuliyyətsiz yanaşılan problemlə mübarizə aparır və bu mübarizəni Ağsu rayonunun bütün ümumtəhsil məktəblərində aparır. Bu da o deməkdir ki, Ziba müəllimənin layihə çərçivəsində apardığı mübarizə rayonumuzun bütün məktəblərini və məktəbliləlrini əhatə edir, o böyük bir cəmiyyətin gələcək sağlamlığına zəmin yaradır. Hal-hazırda Ziba müəllimə rayonumuzun 20-dən artıq qabaqcıl müəllimini bir araya toplayaraq onlarla bir yerdə Bəşəri bəla olan erkən evliliyin bioloji fəsadları mövzusunda mübarizə aparır, maarifləndirici tədbirlər həyata keçirirlər. Ziba müəllimə sıradan bir müəllim deyil. O mübariz, cəsarətli, uzaqgörən, yüksək əxlaqi keyfiyyətlərə malik ziyalıdır.

Onun mətbuatda elmi-metodiki yazılarla, həmçinin də vətənpərvər mövzuda çıxışları olur. Müəllim işlədiyi ilk vaxtlardan etibarən təhsilinə, zəkasına, dünyagörüşünə güvənərək atdığı hər bir addımında inamla irəliləyib. Elə bu inamın nəticəsidir ki, çalışdığı ilk illərdən bu günə qədər Rayon Təhsil Şöbəsinin və Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bir neçə dəfə fəxri fərman və diplomları ilə təltif edilib, rayonun qabaqcıl müəllimi kimi iki dəfə fəxri-fərmanla təltif edilib. 2012-ci ildə Ağsu Rayon İcra Hakimiyyəti və 2015-ci ildə Ağsu rayon Təhsil Şöbəsi tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Şagirdləri ilə qurduğu səmimi ünsiyyət və məhsuldar təlim prosesi Ziba müəllimənin işinə nə dərəcədə məsuliyyətlə yanaşmasından xəbər verir. O peşəkarcasına müəllim-şagird və məktəb Valideyn münasibətlərinin tənzimlənməsində uğur əldə etməyi bacaran müəllimlərimizdəndir. Şagirdin şəxsiyyətinə hörmət edən müəllimə şagirdin inamı artır. Ziba müəllimə bu inamı və sayğını qazandığı üçün bu 32 illik pedaqoji fəaliyyətində dərs dediyi hər bir şagirdinin sevimli müəllimi olmuş və bu gün də keçmiş məzunların onun barəsində ağız dolusu danışmasına səbəb olmuşdur. O, dövrümüzün tələblərinə uyğun olaraq tədris prosesində müasir təlim metodlarından geniş istifadə edir.

Noyabr ayının 17-də Ziba müəllimin doğum günüdür. Biz də müəlliməni bu münasibət ilə səmimi qəlbdən təbrik edir, ona uzun və sağlam ömür yolu, həyatda möhkəm can sağlığı, davamlı yaradıcılıq uğurları, işlərində bol-bol şanslar diləyirik. Arxada qoyduğunuz şərəfli və qürurverici 60 il hələ bundan sonra neçə-neçə gənc müəllimlərin örnək götürəcəyi bir nümunədir. Doğum gününüz mübarək, Ziba müəllim! Üzərinizə vəzifə olaraq götürdüyünüz və xüsusi peşəkarlıqla icra etdiyiniz müqəddəs müəllimlik yolunda, çətin və şərəfli peşənizdə nailiyyətlər qazanmağınızı arzu edirik. Hər zaman üzünüz gülsün!

Mətləb Nuriyev,
Ağsu Rayon Təhsil Şöbəsinin Metodisti

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: