Mən müəllim adından başqa şərəfli bir ad tanımıram!..
Heydər ƏLİYEV
Azərbaycan ədəbiyyatında yüzlərlə görkəmli şəxsiyyətlər olmuşdur ki, bu şəxsiyyətlər zaman-zaman tarixiləşərək, yaddaşlara köçmüş və Azərbaycanın mədəniyyət tarixində özünəməxsus yerlərini tutmuşlar. Belə şəxsiyyətlərdən biri də görkəmli pedaqoq, publisist, ədəbiyyatşünas və tənqidçi Firidun bəy Köçərlidir. Biz Firidun bəy Köçərlinin izi ilə onun 1918-ci ildə yaratmış olduğu Qazax Müəllimlər Seminariyasında olduq.
Azərbaycan ədəbiyyatından adı hər kəsə yaxşı tanış olan Firidun bəy Köçərlinin, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürməsi böyük bir hadisə kimi yaddaşlara yazılmışdır. Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında yetərincə məlumat olmasa da, biz bir tədqiqatçı kimi hələ 2010-cu ildən araşdırmalara başladıq və belə böyük bir məsuliyyəti üzərimizə götürdük.
Qeyd etmək istəyirik ki, 2013-cü ildə cənab Prezident İlham Əliyev Firidun bəy Köçərlinin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün 2720 saylı sərəncam imzalamışdı. Biz də ədibin həyat və yaradıcılığının araşdırmaçısı olduğumuz üçün Firidun bəyin əsərləri üzərində işləmək qərarına gəldik. “Firidun bəy Köçərlinin Əsərləri” adlı kitabı kiril qrafikalı əlifbadan latın qrafikalı əlifbaya çevirərək, 496 səhifəlik bir kitabı ərsəyə gətirdik. Kitab 2013-cü ildə yüksək tirajla və nəfis şəkildə çap olunaraq oxucuların istifadəsinə verildi. Araşdırmalarımıza davam edərək, 2016-cı ildə bütünlüklə Firidun bəyin yaradıcılığına həsr etdiyimiz 500 səhifəyə yaxın “Ümmətdən-millətə doğru” monoqrafiyanı oxucuların ixtiyarına verdik. Və nəhayət, ədibin uşaqlar üçün yazdığı “Balalara hədiyyə” adlı nağıllar, tapmacalar, atalar sözlərindən ibarət kitabının da 2017-ci ildə işıq üzü görməsinə nail olduq. Bu gün sevinirik ki, görkəmli pedaqoq Firidun bəy Köçərliyə həsr etdiyimiz “Ümmətdən-millətə doğru” əsərimizə çoxlu tələbat vardır. BDU-nin jurnalistika fakültəsinin sabiq dekanı və hazırda Mətbuat tarixi kafedrasının müdiri olan professor Şamil Vəliyevin həmin kitab haqqında dediyi xoş sözlər bu gün öz dəyərini göstərməkdədir. Kitab ərsəyə gələndə Şamil müəllim söylədi ki, ”Vaxt gələcək bu kitab əl-əl axtarılacaq”. O gün nəhayət ki, yetişib. Kitabın sevilərək oxunduğunu və hətta əldə olunması üçün bizə müraciətlərin edildiyini nəzərə alıb, əsərin ikinci dəfə nəşr olunmasını həyata keçirdik. Bunları sadalamaqda məqsədimiz budur ki, gələcək nəsillərin klassiklərimizi tanımaları üçün belə əsərlərin işlənməsi, dərs vəsaiti olaraq tələbələrə təqdim olunması çox vacibdir.
Firidun bəy Köçərlinin yaradıcılığının bir hissəsi məhz Qazax Müəllimlər Seminariyası ilə bağlı olduğu üçün yenidən bəzi məlumatları öyrənmək və aydınlaşdırmaq məqsədi ilə ora getməyi qərara aldıq.
2019-cu il fevralın 28-də Qazaxa çatan kimi birbaşa həmən seminariyaya getdik. Seminariyanın binası hazırda Qazax 4 saylı tam orta məktəbin ixtiyarındadır. Məktəbin direktoru çox hörmətli Məhəmməd Aşurova gəlişimizin məqsədini söylədik. Məhəmməd müəllim bizi çox xoş qarşılayaraq seminariya ilə tanış etməyə apardı. Seminariyanın qarşısından başlanan ilk görüntü ürəkaçan olmasa da Məhəmməd müəllimin söylədikləri bizi içəri keçməyə ruhlandırdı.
Açığını deyək ki, artıq tarixiləşmiş bir binanın bu dərəcədə yararsız hala düşdüyünü biz ağlımıza da gətirmirdik. Bir anlıq tutulduq. Seminariyanın binasından məktəbin yardımçı sinifləri kimi istifadə olunurdu. Əslində bu çox yaxşı idi. Demək seminariyanın adı dəyişilib məktəb olsa da, özü hələ də yaşayır. Uşaqların səs-küyü, ora-bura hərəkət etməsi, məktəbdə olan canlanma bizi hardasa sevindirdi. Söz yox ki, ədibin ruhu burada dolaşmaqdadır. Pilləkənləri yuxarı qalxdıq. Çox yararsız vəziyyətdə olan döşəmə sanki uçmaq üzrə idi. Binanın əsaslı təmirə çox böyük ehtiyacı vardır.
Məhəmməd müəllimlə söhbətimiz olduqca maraqlı başladı. Müəllim seminariya haqqında o qədər gözəl açıqlama verdi ki, hazırladığımız suallara ehtiyac belə qalmadı. Hörmətli Məhəmməd müəllimin dediklərindən öyrəndik ki, 1918-ci ildən 1959-cu ilədək bura seminariya kimi fəaliyyət göstərmiş, 1959-1963-cü illərdə ibtidai məktəb olmuş, daha sonra 1963-1979-cu illərdə 9 illik (natamam orta) məktəb olaraq fəaliyyət göstərmiş və nəhayət. 1979-cu ildən bu günə kimi burada 4 saylı yeni tam orta məktəb binası tikilərək (seminariyanın binasına bitişik - P.M.) şagirdlərin ixtiyarını verilmişdir. Məlum oldu ki, məktəbdə şagird çox oldu¬ğundan və əlavə otaqlara ehtiyac duyulduğundan seminariyanın otaqlarından yardımçı sinif otaqları kimi də istifadə olunur.
Məhəmməd müəllim verdiyimiz bəzi suallara o qədər aydın, dəqiq və əhatəli cavablar verirdi ki, cavablar bizi qane etdiyindən hətta bəzi sualları verməli olmadıq. Məhəmməd müəllimə “burada Firidun bəy Köçərlinin həyatı və əmək fəaliyyətinə həsr edilmiş müzey varmı?” sualına aldığımı “xeyr” cavabı bizi çox təəccübləndirdi və təsirləndirdi. Müəllim bizi ədibin burada fəaliyyət göstərdiyi zamanda çəkilmiş bir neçə foto şəkil və yazılı məlimatlar olan kiçik bir otağa apardı. Divarboyu Firidun bəy Köçərlinin və seminariyanın o dövrdə tanınmış müəllimlərinin, seminariya binasının sahibi olmuş Məşədi İbrahim bəyin və oğlanlarının az sayda olan foto şəkilləri yer almışdı. 17 otaqdan ibarət mülkünün seminariya kimi istifadə olunması üçün bağışlayan, Qazaxın tanınmış bəylərindən olan Məşədi İbrahim bəyin fotosunu görməyimiz də bizim üçün maraqlı oldu. Məhəmməd müəllim onu da qeyd etdi ki, Firidun bəy və onun ətrafndakılar seminariya üçün bina axtarışında olanda, Məşədi İbrahim bəy belə böyük bir savab işi görmüş, özü kəndə köçərək, Qazaxdakı mülkünü xalqın balalarının təhsil alması üçün istifadə etməyə vermişdi. Bu seminariyanın məhz Qazaxa köçürülməsinin maraqlı bir tarixçəsi də vardır.
Nəzərinizə çatdırmaq istərdik ki, Firidun bəy Köçərli əslən Qarabağdan-Şuşadan idi. Kiçik yaşlarından Qoru Müəllimlər Seminariyasında təhsil almış, oranı bitirdikdən sonra isə 1885-1895-ci illərdə İrəvan gimnaziyasında müəllim işləmişdi. Ən böyük arzusu Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsinə rəhbərlik etmək idi. Firidun bəy orada qeyri millətlərlə Azərbaycan türklərinə qarşı edilən ögey münasibəti gördükdən sonra belə bir fikir ağlına gəlir. Nəhayət, minbir əziyyətdən sonra Qori Müəllimlər Seminariyasında Azərbaycan dili (bəzən tatar və türk dilləri də adlandırlırdı) müəllimi kimi işə başlayır. Firidun bəyin ömürgün yoldaşı Badisəba xanım Qazaxda məşhur Vəkilovlar nəslinin nümayəndəsi olub. Qardaşları İsmayıl və Məhəmməd Qori Müəllimlər Seminariyasnda Firidun bəylə bir sinifdə təhsil alaraq dost olmuşdular. Firidun bəy dostları ilə tez-tez Qazaxda onların evində qonaq olurdu. Badisəba xanımı da orada görmüş, bəyənmiş və ailə qurmuşdular. Heç bir təhsili olmayan Badisəba xanımın ilk müəllimi elə Firidun bəy olmuş və onun köməkliyi ilə də təhsilini davam etdirərək, Zaqatalada, Şəkidə əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, az müddət içərisində Zaqatala maarif texnikumunda direktor və sonra Şəki internat-uşaq evinin direktoru kimi vəzifələrə yüksəlmişdir. Övladları olmayan bu ailənin birbirinə çox böyük sevgi və hörməti var idi. Təəccüblüsü odur ki, Qazax seminariyanın yaradıcısı olan Firidun bəy Köçərlinin özü və ailəsi haqqında orada yetərincə məlumat yox idi. Arzu edərdik ki, Qazax Seminariyasının qarşısında Firidun bəy Köçərlinin adını əbədiləşdirən bir lövhə olaydı.
Tarixi mənbəələrə istinadən qeyd etmək istəyirik ki, əslində Firidun bəy ölkədə baş verən siyasi qarışıqlıqdan istifadə edərək, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Ağdama aparmaq istəyib. Bundan xəbər tutan bəylər: Məşədi İbrahim bəy Kosalar, Mansur Ağa Vəkilov, Süleyman Ağa, Məmməd Koxa, Əhməd Ağa Mustafayev, Annaq bəy Qazaxda qatarın qarşısını kəsirlər və Firidun bəy şöbəni Qazaxa köçürməli olur. Firidun bəy Köçərli Azərbaycan balalarının təhsil alması, savada yiyələnməsi üçün bəzən ölümlə üz-üzə dayanaraq, öz həyatını belə təhlükədə qoyurdu. Çox təssüflə qeyd etmək istəyirəm ki, hər zaman olduğu kimi yenə də bədnam düşmənimiz olan ermənilərin murdar siyasəti və sapı özümüzdən olan baltaların verdikləri qərar nəticəsində Firidun bəy Köçərli həbs edilir. 1920-ci ili aprel ayında isə azad olunmaq adı ilə Gəncədə aldadılaraq, çayın kənarına gətirilir və oradaca güllələnir. Məzarının yeri belə məlum olmayan ədibin haqqında öyrəndiklərimi qələmə almağı özümüzə borc bildik.
Məhəmməd müəllim Aşurova qədər bu məktəbə bir çox direktorlar rəhbərlik etmişdir. Belə ki, onların adlarını Məhəmməd müəllim bir-bir sadaladı. Ardıcıllığın nə qədər dəqiq olduğunu bilməsək də, onların adlarını də qeyd etməyi özümüzə borc bildik. Fərid müəllim, Vaqif müəllim, Yolçu müəllim, Səba xanım, Məcid müəllim və nəhayət Məhəmməd müəllim. Məhəmməd müəllim onu da qeyd etdi ki, ondan əvvəl ki, direktorların dövründə də, hər biri bu seminariya-məktəbin qorunmasına çalışmışdır. Lakin, bəzən bizlərdən asılı olmayan işlər vardır ki, səlahiyyətimiz xaricindədir.
Məhəmməd müəllim onu da nəzərimizə çatdırdı ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı
cənab Rəcəb Babaşov bu yaxınlarda seminariyanın binasında oldu, həqiqətən də
binanın əsaslı təmirə ehtiyacı olduğunu vurğuladı və müəyyən tapşırıqlarını verdi.
Yəqin ki, verilən tapşırıqlar tezliklə öz həllini tapacaqdır.
Biz geniş və aydın məlumat verdiyi üçün Məhəmməd müəllimə
öz dərin minnətdarlığımızı bildiririk.
Onu da qeyd edək ki, seminariyaya bitişik olan 4 saylı tam orta məktəb
müasir tələblərə cavab verən bir məktəbdir.
Ümid edirik ki, yaxın gələcəkdə tariximizin bir parçasına çevrilmiş
Qazax Müəllimlər Seminariyası da təmir olunaraq şagirdlərini sevindirər.
Yəqin ki, növbəti gəlişimizdə biz orada ədibin adını əbədiləşdirən lövhəni,
müzeyi və barilyefi də görəcəyik.
Pərixanım MİKAYILQIZI,
“Elm və Təhsil” qəzetinin redaktoru,
Firidun bəy Köçərlinin tədqiqatçısı
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.