Dilarə Süleyman Çarıqçı (1982)

Dilarə Süleyman Çarıqçı (1982) Dilarə Süleyman Çarıqçı - 24 aprel 1982-ci ildə
Ucar rayonunun Məlikballı kəndində anadan olub.
Məlikballı kənd orta məktəbini bitirdikdən sonra
təhsilini Azərbaycan Dövlət Pedoqoji Universitetinin
Filologiya fakultəsində davam etdirib.
İlk dəfə şeiri 2003-cü ildə "And" qəzetində
çap olunub. Sonra "Sərbəst düşüncə",
İranda dərc olunan "Ədəbi Körpü" qəzetlərində
şeirləri işıq üzü görüb.

Biz də hörmətli Dilarə xanımın bir neçə şeirini
aşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edir
və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Sona ABBASƏLİQIZI,
ZiM.Az



Savaş

Savaş Vətənin yolunda
Çoxun yoxsa azla savaş
Savaş ruhunla, canınla
Şərəflə, namusla savaş!

Duy Vətənin dərdi nədir?
İçində səni oyandır.
Vallah silah bəhanədir
İynə boyda bizlə savaş!

Bu Vətəni sevəni sev!
Səngər olsun ona hər ev!
Can verməklə bitməz görəv
Çörəyinlə, duzla savaş!

Bir döndüyün halına bax!
Yad ellərdən elinə bax!
Tuzaq dolu yoluna bax!
Buraxdığın izlə, savaş.

Çox olar can deyən sənə,
Quru-quru qurban cana.
Qalx odunla yana-yana
Acıları gizlə savaş!

Çoş, dalğalan ümman kimi,
Çök dağlara duman kimi.
Dilarə Süleyman kimi
Barı sən də sözlə savaş


Var ol

Gözlərinə baxa-baxa,
Səninüçün darıxıram.
Əllərini tuta-tuta,
Yoxluğundan çox qorxuram.
Demirəm xoş söz de mənə,
Demirəm mənimçün yorul.
Sadəcə, beləcə var ol!

Sayılı günlər ömürdə,
saysız həsrət taleyimdə,
Yoruluram hər çimirdə,
Ələnibdi ələyimdə..
Demirəm ki, nazla məni
Demirəm ki bir də vurul...
Sadəcə, beləcə var ol!

Bu dəli dərviş ruhumu,
Uslandırmağa çalışma,
Dilarə, varım yoxumu,
Verdim, niyəsini soruşma!
Demirəm ki, qoyub getmə,
Demirəm ki, mənə yar ol.
Sadəcə, beləcə var ol!


Gözlərində

Sən ümmansan, gəmiləri
Batırmısan gözlərində.
Ay insafsız, xəzinəni
Yatırmısan gözlərində.

Gözdən nəzər diləndirmə,
Həsrətinlə gölləndirmə,
Bu dalğını dilləndirmə,
İtirmisən gözlərində.

Naz satıb canı almısan,
Ahımdan razı qalmısan?
Ruhumu o dünyaya sən
Ötürmüsən gözlərində.

Dilarəni duy sözündən,
Kədər silinsin üzündən,
Sən bu dünyanı gözündən
Gətirmisən gözlərində.


İstəmirəm

Üşüyən əlimi tutub saxlayan
Darda buraxmayan bir əl istərəm...
Dünya vəfasızdır səntək, sevgilim!
Söylə vəfasızdan nə istəyim ki...
Mən var istəmirəm, pul istəmirəm...
Yanına qaçmağa yol istəmirəm...
Hərdənbir yadına sal istəyirəm...
Sevginlə çağlayan sel istəyirəm...
Boğulum, köməyə gəl istəmirəm...
Ruhumu titrətsin həsrətin, gülüm!
Fəryad eyləməyə dil istəmirəm...
Heç vaxt bilmədiyin duyğularımı
İllər sonrasında bil istəmirəm...


Susdum

Gözünü yumanda kimi görürsən?
Bax o gördüyünün qiymətini bil.
Kimə güvənirsən, kimi sevirsən,
Səndə tənhalığı dəyişən deyil.

Göylərə uçmağa qanad özündə,
Ölüm öz içində, həyat özündə,
Qopan tufanları soyut özündə,
Ruhunda gizlənir sənin dörd fəsil.

Susum, Dilarəni sanar dəliyəm,
Mən qopmuş yanğının sönmüş külüyəm.
Elə bir bağçanın qızılgülüyəm,
Bülbül deyilsənsə öz yerini bil.


Tənhalar

Ev yıxar, ev tikər dildəki kəlmə,
Kimi daş gəzdirir ürək yerinə.
Sən hər gördüyünə xoşbəxtdir demə,
Tənhalar bənzəyir biri-birinə.

Tənhalar üşüyər günəş altında,
Fərq etməz kim gördü, kimi nə dedi,
Bir tək hesabı var Allah qatında,
Qalanı biri var, biri yox idi.

Sən mənim əynimə gəlməzsən, sevgi!
Səbrim qısa mənim, ürəyim geniş.
Dilim acı zəhər olsa da bil ki,
Şəkərdən şirindir hər qorxaq baxış.

Ev yıxar, ev tikər dildəki kəlmə,
kimi daş gəzdirir ürək yerinə,
Dilarə, hər kəsə xoşbəxtdir demə,
Tənhalar bənzəyir biri-birinə.


Gecələr

Gecələr yol yoldaşım, gecələr sirdaşımdır,
Ruhumda şimşək çaxar, yağışı göz yaşımdır,
Sükut pıçıltılarım, zülməti baxışımdır,
Dəniz tək dalğalanıb duruluram gecələr,
Çağlayan xəyallara vuruluram gecələr!

Arzumun çöllərinə hələ ləpir düşməyib,
Xəyalım dağlar aşıb, ümidləri aşmayıb,
Qəlbim həsrət odunda yanıb, daha bişməyib,
Fikrimdəki qovğadan yoruluram gecələr,
Mən dəli duyğulara vuruluram gecələr.

Gözümdə uzanır yol, nə başı, nə sonu var,
Mənim eşqim qəribə, hicran süslü donu var,
Gecənin huzurunun mənə aid anı var,
Gündüz canım yansada dirilirəm gecələr,
Doğulduğum küllərə vuruluram gecələr.

Uldüzlarla baxışıb, aya könül verirəm,
Sərin mehin dindirib, sorağını alıram,
Eşqimin sahibinin hüzurunda dururam,
Vüsalın müjdəsinə sarılıram gecələr,
Məni saran hallara vuruluram gecələr.

Yeni günə ruhumu təmizləyər gecələr,
Laylasıyla körpə tək əzizləyər gecələr,
Məndən mənə aparan yol gözləyər gecələr,
Vicdanımla üzləşib, mən oluram gecələr,
Sözlərə, şeirlərə vuruluram gecələr.


Düzəldir

Həyat inad oyunudur,
Göz çıxarır,qaş düzəldir,
Haqqı nahaqqa yedirir,
Düzəltdiyin çaş düzəldir.

Bostanıma daş da atır,
Hər ürəkdə aslan yatır,
Qarışqaya filə xatir
Şeytan özü iş düzəldir.

Can da deyir cansızlara,
Can yandırır qansızlara,
Möhtac qoyur dinsizlərə,
Başsızlara baş düzəldir.

Iş həll olur qucaqlarda,
Düz qısılır bucaqlarda,
Quru yanmır ocaqlarda,
Vəziyyəti yaş düzəldir.

Dilarə dərvişdir dəli,
Qəlbi yanmış söz məşəli,
Kəsməyir,qısalmış dili,
Kəlmələrdən diş düzəldir.


Köç edəndə qaranquşlar

Fırtınalıdı dənizim..
Uzaq dur sahilimdən....
Qəlbim belə yanarkən,
Nə gözlərsən dilimdən?

Göz yaşım axar içimə,
Çatlar ürək çatır-çatır,
Çırpındıqca min biçimə
Düşür kədər, ruhum batır.

Zim.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: