Bu gün tanınmış qələm sahibi, istedadlı şairə,
bacarıqlı müəllim, çox hörmətli Dilarə xanımın -
Dilarə Süleyman Çarıqçının (Dilarə Zahid qızı Hacıyevanın)
doğum günüdür.
O, 24 aprel 1982-ci ildə
Ucar rayonunun Məlikballı kəndində anadan olub.
Məlikballı kənd orta məktəbini bitirdikdən sonra
təhsilini Azərbaycan Dövlət Pedoqoji Universitetinin
Filologiya fakultəsində davam etdirib.
İlk dəfə şeiri 2003-cü ildə "And" qəzetində çap olunub.
Sonra İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,
ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,
5 cildlik "Zirvə" poeziya antologiyasında,
"Canım Azərbaycanım", "Sazlı-sözlü Borçalı", "Buta",
"Qara-arxac", "Şah dağı", "Ləlvər dağı", "Rübailər",
"Poeziya çələngi", "Rəvan" ədəbi məcmuələrində,
"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim"
poeziya almanaxlarında, "Türk dünyası şeir antologiyası"nda,
"Şərqin səsi", "Sərbəst düşüncə" "Elm və təhsil" qəzetlərində,
"Çarıqçı", "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə
şeirləri və hekayələri işıq üzü görüb.
Biz də çox hörmətli Dilarə xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, pedaqoji fəaliyyətində,
eləcə də bədii yaradıcılığında yeni-yeni uğular arzulayırıq və onun bir neçə şeirini
aşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.
Müşfiq BORÇALI,
ZiM.Az
GƏL
Bir ürəyi anlayana
Bir dərdlini dinləyənə
Həsrət deyib sevinənə
Sevgi deyib inləyənə
Duyğuları duyana gəl,
Bizdənsənsə bu yana gəl!
Qəflətindən ayılmamış,
Sirlər açıq duyulmamış,
Pünhanıyla ovunana
Dar quyuya qoyulmamış
Sayılmamış sayana gəl,
Bizdənsənsə bu yana gəl!
Səfa yoxdur yorulmadan,
Su içilməz durulmadan,
Qoşul haqqı savunana,
Boyun ona burulmadan
Qürurunu əyənə gəl
Bizdənsənsə bu yana gəl!
Çoxu qoyub,aza gələn!
Mənəm deyib qaza gələn!
Dilarə dünyadan yana,
Bizə gəlməz naza gələn.
Qapıları döyənə gəl!
Bizdənsənsə bu yana gəl!
OLMAZ
Dedim ki ,könlümə sevgidən,yardan
Bahar Günəşindən yaz,dedi:- olmaz!
Təbiət qurtulub borandan,qardan
Sən də yaz həsrətdən az,dedi:- olmaz!
Dedim gözünü yum kasıba,aca,
Cincilim qaynayıb ta qapı-baca,
Yaya ümidimiz qalmışdı azca
Karantin bitəcək, döz,dedi: -olmaz!
Hər bənd uydurana dedilər şair,
Təriflər etdilər şeirə dair,
Hər işimiz kimi olacaq xeyir
Dedim bu yuxumu yoz,dedi:-olmaz!
Hər sözün düzünü söyləmə lapdan,
Söhbətlər keçilmir qeybətdən,gopdan,
Qəflətə yol gedir yığışıb topdan
Əməlsiz verərik söz,dedi:- olmaz!
Dilarə həddini bilər əzəldən,
Sınmış ürəkləri vardır düzəldən,
Ağlayım günahım çıxsın tez əldən
Dedim,Yaradana naz dedi olmaz!
DÜNYA
Niyə belə od almısan?
Dərdin-sərin bitməz, dünya!
Zaman keçir, qocalmışam,
Qan izlərin getməz, dünya!
Kişilər qadına bənzər,
Qadınlardan ar gen gəzər,
Öz-özünə salsan nəzər
Abrın-həyan itməz, dünya!
Ah-nalə çıxıbdır ərşə,
Yuva oldun hər pis işə,
Hazır deyilsən görüşə
Yaxşıların yetməz, dünya!
Qətl edilir körpə canlar,
Günahsızlar ağlar, inlər,
Bəhanə olubdu dinlər
Zalımlar rəhm etməz, dünya!
Haqq nahaqqa ilə döyüşür,
Meydan oxuyur bizə şər,
Dilarə səndən danışar
Dərdini unutmaz, dünya!
SEV
Özünü sev...
Ayna önündə durub,
sənə baxan üzünü sev,
Özgə çoxundan sənə nə?
Sənin olan azını sev!
Çətində yorulma,bezmə,
Cismindəki canı üzmə,
Bəxtini uzaqda gəzmə
Alnındakı yazını sev!
Yorulanda dizini sev,
Ağlayanda gözünü sev..
Yad süfrələr minnətlidi
Süfrəndəki duzunu sev.
İnsan tanınar diliylə,
Yola getməz boş doluyla,
Getmə kimsənin yoluyla
Öz açdığın izini sev!
Öncə qəlb aynasına bax,
Ondan sonra üzünə bax,
Əvvəlcə anasına bax
Sonra gedib qızını sev!
Çox olar badalaq vuran,
Axmaqdır yada sirr verən,
Demirəm ki, məndən öyrən,
Sən yenə öz sözünü sev!
Güvən özünə,sadə ol!
Nə göydə ol,nə yerdə ol!
Qəlbdə ol ki hər yerdə ol!
Əyri otur, düzünü sev!
Kimsəni özün tək sanma,
Aldatma, sən də aldanma,
Heç birinədə inanma,
İnsan deyib yüzünü sev.
RƏNGLƏRİM
Xəyalım göy qurşağıdır,
Sən ağ rəngsən, mənsə qara.
Səni məndə gizləmişəm,
Görünmürsən baxanlara.
Həsrətim bənövşəyidir,
Boynum bükük, qəlbim küskün.
Səbrim dəli dağ çayıdır,
Boz bulanıq, soyuq, üzgün.
Sevincim yamyaşıl meşə,
Qəzəbim tünd qırmızıdır,
Həsrət xəzandır həmişə
Bu ömrümün payızıdır.
Xatirələr mavi dəniz,
Dalğalar coşur, durulur,
Yollar uzaq, yollar sənsiz
Gözümün kökü saralır.
Çəhrayıdır arzularım,
Arzulamaq nə qəşəngdir!
Baxma rəngim solğun, mənim
Xəyallarım rəngbərəngdir!
GÖRDÜM
Boş ver qəflətdə yatmışı,
Könlünü aldım, xoş gördüm.
Tapdım zibaya batmışı,
Açdım, içini boş gördüm.
Su yuyacaq vücud kirin.
Nəfsi çirkab, dərin-dərin,
Çaşdırıb qəlb əməllərin
Ağla baxdım, naxoş gördüm.
Sürdür, ey dil, cövlanını,
Vermiş hakim fərmanını,
Özgə içir dərmanını,
Öz qəlbini naxoş gördüm.
Bulandıqca sən, saflaşdım,
Nəfsi-afətə yadlaşdım.
Lovğalan ki, mən danışdım,
Dilarəni susmuş gördüm.
ƏZİZİM
Bu alına yazılanlar qaradımı,ağdımı?
Ruh can üstə, vücud belə ölüdümü, sağdımı?
Sənlə aramızda olan dərədimi, dağdımı?
Qərarsızam, əzizim!
Həsrət sevgimin əkizi, var olduqca yox olmur,
Günəşlə ay yer dəyişir, doğulur ya doğulmur,
Fərqi yoxdu dünya belə dağılır ya dağılmır,
Mən sənsizəm, əzizim!
Sükuta həsrətdi könül susuram, dillənirəm,
Yolda qalan gözlər kimi quruyur, göllənirəm,
Nəm çəkmişəm həsrətimdən yanmadan küllənirəm,
Səbirsizəm, əzizim!
Dilarənin ürəyində yerin dolumu, boşmu?
Yoxluğa öyrəşənlərin qəlbi qayamı, daşmı?
Yadında nə qaldı məndən, ayrılıqmı, görüşmü?
Xəbərsizəm, əzizim!
UTANIR
Gör necə məsumdu gözün baxmağa gözdən utanır,
Çıxarar maskasını, üz hələ üzdən utanir.
Götürür qeyrəti,geymiş xanımı əndirəbadi,
Kişisi fəxr eləyir,namusu bezdən utanır.
Doğru söz olub qəbahət, dil utanmır ki utanmır,
Avropa bizə "çatanmır" deyə bizdən utanır.
Dağilirsa ailə ər nəyə, arvad nəyə lazım?
Çəkən də məclisə xərc, çəkməyə təzdən utanır.
Veririk xoşluq ilə zəhmətimizin "pay"ını,
Əlimdə əlli baxır əllərə, yüzdən utanır.
Şükrümüz itdi qarın davası çəkdik deyə biz,
Özgə haqqıyla çörək süfrədə duzdan utanır.
Hələ çox var yazası dərdimizin yox ki sayı,
Dilarə hansını yazsın, o da sözdən utanır.
ÖYLEMİ
İsmimi hatırlamışsın, aferin
Söyle esen yeller dedi, öylemi?
Geç kalmışsın yel savurmuş küllerin
Yandığımı küller dedi, öylemi?
Gülüşünden doymadığım ağlattı,
Ürəyin taşdanmı, nedendir katı?
Gözlerimden getirdiyin hayatı
Boğulduğun seller dedi, öylemi?
Xezan yeli vurdu gönül gülünü,
Anlamadın ki ruhumun dilini,
Sormadın ki, Dilaranın halini,
Ölmediyin eller dedi, öylemi?
SAVAŞ
Savaş Vətənin yolunda
Çoxun yoxsa azla savaş
Savaş ruhunla, canınla
Şərəflə, namusla savaş!
Duy Vətənin dərdi nədir?
İçində səni oyandır.
Vallah silah bəhanədir
İynə boyda bizlə savaş!
Bu Vətəni sevəni sev!
Səngər olsun ona hər ev!
Can verməklə bitməz görəv
Çörəyinlə, duzla savaş!
Bir döndüyün halına bax!
Yad ellərdən elinə bax!
Tuzaq dolu yoluna bax!
Buraxdığın izlə, savaş.
Çox olar can deyən sənə,
Quru-quru qurban cana.
Qalx odunla yana-yana
Acıları gizlə savaş!
Çoş, dalğalan ümman kimi,
Çök dağlara duman kimi.
Dilarə Süleyman kimi
Barı sən də sözlə savaş
VAR OL
Gözlərinə baxa-baxa,
Səninüçün darıxıram.
Əllərini tuta-tuta,
Yoxluğundan çox qorxuram.
Demirəm xoş söz de mənə,
Demirəm mənimçün yorul.
Sadəcə, beləcə var ol!
Sayılı günlər ömürdə,
saysız həsrət taleyimdə,
Yoruluram hər çimirdə,
Ələnibdi ələyimdə..
Demirəm ki, nazla məni
Demirəm ki bir də vurul...
Sadəcə, beləcə var ol!
Bu dəli dərviş ruhumu,
Uslandırmağa çalışma,
Dilarə, varım yoxumu,
Verdim, niyəsini soruşma!
Demirəm ki, qoyub getmə,
Demirəm ki, mənə yar ol.
Sadəcə, beləcə var ol!
GÖZLƏRİNDƏ
Sən ümmansan, gəmiləri
Batırmısan gözlərində.
Ay insafsız, xəzinəni
Yatırmısan gözlərində.
Gözdən nəzər diləndirmə,
Həsrətinlə gölləndirmə,
Bu dalğını dilləndirmə,
İtirmisən gözlərində.
Naz satıb canı almısan,
Ahımdan razı qalmısan?
Ruhumu o dünyaya sən
Ötürmüsən gözlərində.
Dilarəni duy sözündən,
Kədər silinsin üzündən,
Sən bu dünyanı gözündən
Gətirmisən gözlərində.
İSTƏYİRƏM
Üşüyən əlimi tutub saxlayan
Darda buraxmayan bir əl istərəm...
Dünya vəfasızdır səntək, sevgilim!
Söylə vəfasızdan nə istəyim ki...
Mən var istəmirəm, pul istəmirəm...
Yanına qaçmağa yol istəmirəm...
Hərdənbir yadına sal istəyirəm...
Sevginlə çağlayan sel istəyirəm...
Boğulum, köməyə gəl istəmirəm...
Ruhumu titrətsin həsrətin, gülüm!
Fəryad eyləməyə dil istəmirəm...
Heç vaxt bilmədiyin duyğularımı
İllər sonrasında bil istəmirəm...
SUSDUM
Gözünü yumanda kimi görürsən?
Bax o gördüyünün qiymətini bil.
Kimə güvənirsən, kimi sevirsən,
Səndə tənhalığı dəyişən deyil.
Göylərə uçmağa qanad özündə,
Ölüm öz içində, həyat özündə,
Qopan tufanları soyut özündə,
Ruhunda gizlənir sənin dörd fəsil.
Susum, Dilarəni sanar dəliyəm,
Mən qopmuş yanğının sönmüş külüyəm.
Elə bir bağçanın qızılgülüyəm,
Bülbül deyilsənsə öz yerini bil.
TƏNHALAR
Ev yıxar, ev tikər dildəki kəlmə,
Kimi daş gəzdirir ürək yerinə.
Sən hər gördüyünə xoşbəxtdir demə,
Tənhalar bənzəyir biri-birinə.
Tənhalar üşüyər günəş altında,
Fərq etməz kim gördü, kimi nə dedi,
Bir tək hesabı var Allah qatında,
Qalanı biri var, biri yox idi.
Sən mənim əynimə gəlməzsən, sevgi!
Səbrim qısa mənim, ürəyim geniş.
Dilim acı zəhər olsa da bil ki,
Şəkərdən şirindir hər qorxaq baxış.
Ev yıxar, ev tikər dildəki kəlmə,
kimi daş gəzdirir ürək yerinə,
Dilarə, hər kəsə xoşbəxtdir demə,
Tənhalar bənzəyir biri-birinə.
GECƏLƏR
Gecələr yol yoldaşım, gecələr sirdaşımdır,
Ruhumda şimşək çaxar, yağışı göz yaşımdır,
Sükut pıçıltılarım, zülməti baxışımdır,
Dəniz tək dalğalanıb duruluram gecələr,
Çağlayan xəyallara vuruluram gecələr!
Arzumun çöllərinə hələ ləpir düşməyib,
Xəyalım dağlar aşıb, ümidləri aşmayıb,
Qəlbim həsrət odunda yanıb, daha bişməyib,
Fikrimdəki qovğadan yoruluram gecələr,
Mən dəli duyğulara vuruluram gecələr.
Gözümdə uzanır yol, nə başı, nə sonu var,
Mənim eşqim qəribə, hicran süslü donu var,
Gecənin huzurunun mənə aid anı var,
Gündüz canım yansada dirilirəm gecələr,
Doğulduğum küllərə vuruluram gecələr.
Uldüzlarla baxışıb, aya könül verirəm,
Sərin mehin dindirib, sorağını alıram,
Eşqimin sahibinin hüzurunda dururam,
Vüsalın müjdəsinə sarılıram gecələr,
Məni saran hallara vuruluram gecələr.
Yeni günə ruhumu təmizləyər gecələr,
Laylasıyla körpə tək əzizləyər gecələr,
Məndən mənə aparan yol gözləyər gecələr,
Vicdanımla üzləşib, mən oluram gecələr,
Sözlərə, şeirlərə vuruluram gecələr.
DÜZƏLDİR
Həyat inad oyunudur,
Göz çıxarır,qaş düzəldir,
Haqqı nahaqqa yedirir,
Düzəltdiyin çaş düzəldir.
Bostanıma daş da atır,
Hər ürəkdə aslan yatır,
Qarışqaya filə xatir
Şeytan özü iş düzəldir.
Can da deyir cansızlara,
Can yandırır qansızlara,
Möhtac qoyur dinsizlərə,
Başsızlara baş düzəldir.
Iş həll olur qucaqlarda,
Düz qısılır bucaqlarda,
Quru yanmır ocaqlarda,
Vəziyyəti yaş düzəldir.
Dilarə dərvişdir dəli,
Qəlbi yanmış söz məşəli,
Kəsməyir,qısalmış dili,
Kəlmələrdən diş düzəldir.
KÖÇ EDƏNDƏ QARANQUŞLAR
Fırtınalıdı dənizim..
Uzaq dur sahilimdən....
Qəlbim belə yanarkən,
Nə gözlərsən dilimdən?
Göz yaşım axar içimə,
Çatlar ürək çatır-çatır,
Çırpındıqca min biçimə
Düşür kədər, ruhum batır.
Zim.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.