Ucar rayonunun Məlikballı kəndində anadan olub.
Məlikballı kənd orta məktəbini bitirdikdən sonra
təhsilini Azərbaycan Dövlət Pedoqoji Universitetinin
Filologiya fakultəsində davam etdirib.
İlk dəfə şeiri 2003-cü ildə "And" qəzetində
çap olunub. Sonra "Sərbəst düşüncə",
İranda dərc olunan "Ədəbi Körpü" qəzetlərində,
ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,
"Zirvə" poeziya antologiyasında və
"Bitməz olan duyğularım var mənim"
poeziya almanaxında şeirləri işıq üzü görüb.
Biz də hörmətli Dilarə xanımın bir neçə şeirini
aşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edir
və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Sona ABBASƏLİQIZI,
ZiM.Az
Nə əksən biçəcəksən
Yetimin haqqın yemə,
Şər atma,yalan demə,
Göl olar dama-dama,
Nə əksən,biçəcəksən!
Qəlb qırma,lağ eləmə,
Ümidi yox eləmə,
Günahı çox eləmə ,
Cəzasın çəkəcəksən!
Tutmadığın söz vermə,
Heç kəsə çox üz vermə,
Imansıza qız vermə,
Yola göz dikəcəksən!
Ruzinə çox şükr elə,
Az ye,az da fikr elə,
Allahı çox zikr elə,
Boynunu bükəcəksən!
Eşqi həsrətdə axtar,
Zaman azdır, dünya dar,
Sonunda ayrılıq var,
Göz yaşın tökəcəksən!
Çalış qaç haram işdən,
İşin çıxsa da daşdan,
Qorxma hər qurddan, quşdan,
Insandan hürkəcəksən!
Dilarə sağkən ölmüş,
Kim ordan geri gəlmiş?
Oyan torpaq olmamış,
Gül olub bitəcəksən!
Bağışla Vətən
Şəhidinin ruhu hələ nigaran,
Qazilərin yaşamadı firavan,
Bizik dildə əsgər olan, söz qovan,
Arzulara çatanmırıq, bağışla!
Vətən, səndən utanmırıq, bağışla!
Tapdandı millətin namusu,arı,
Əsir düşdü qız-gəlin, qoca, qarı,
Ayaqlanıb gedənmirik yolları,
Biz sənə üz tutanmırıq, bağışla!
Vətən, səndən utanmırıq, bağışla!
Özgələrdən umuruq imdad hələ,
Doğma yurda bizik özgə, yad hələ,
Başımıza ələnməyir od hələ,
Ölüb yerə batanmırıq, bağışla!
Vətən, səndən utanmırıq, bağışla!
Susmaz qəlbimizdə Vətən həsrəti,
Xatırlarıq göz yaşıyla xəlvəti,
Sənsiz olmaz nə söyləsək urvatı
Xəcalətdən itənmirik, bağışla!
Vətən, səndən utanmırıq, bağışla!
Mərd babalar süzür bizi heyrətlə,
gələcəklər anacaqdır dəhşətlə.
Nəfsimizdən kiçik olan qeyrətlə,
səngərlərdə yatanmırıq, bağışla!
Vətən, səndən utanmırıq, bağışla!
Dərdlərinə yarımağı bilmirik,
içimizi arımağı bilmirik.
Kişi kimi qorumağı bilmirik,
nə də tamam satanmırıq, bağışla!
Vətən, səndən utanmırıq, bağışla!
Dilarə nə yazsa vəsf edə bilmir,
Sözlər ürəkdəki həsrəti silmir,
Gözləyirik, gedənlər geri gəlmir,
Əl uzadıb tutanmırıq, bağışla!
Vətən,səndən utanmırıq, bağışla!
Bağışla
Ürəyimin başında çırmanıb oturub qəm,
Qulağıma sükutu bağırıb,batırıb qəm,
İlə dönüb saniyəm, əsrə dönüb dəqiqəm,
Həsrətə alışmağı bacarmadım, bağışla!
Daşı dəlib yol açan çiçək kimidir ümid,
Dilində yuva qurar heç çəkməyəcəyin ad,
Qəlb yoldaşım sən oldun, yol yoldaşımsa həyat,
Talelə barışmağı bacarmadım, bağışla!
Qınaq olum yadlara, çoxu qınasın məni,
Sevgimə əmin olsun həyat,sınasın məni,
Dünyanın bir ucundan çağırsın səsin məni,
Bəxtimə qarışmağı bacarmadım, bağışla!
Gizlidə axan yaşa hesab tutar mələklər,
Qəribsəmiş tellərə təsəllidir küləklər,
Gözləyirəm adını yanımda çəkəcəklər,
Mən özüm soruşmağı bacarmadım, bağışla!
Dilarə Süleymanın bitməz həsrət sınağı,
Gözləyər haqqı çatan, əl çatmayan qonağı,
Həmdəm bilib qələmi, dost eylədim varağı,
Durub yollar aşmağı bacarmadım, bağışla!
Mənə bu dünyanı sevdirmə
Dünya əlvan işıqdır gözümü qamaşdıran,
Nemətləri şirindir, düşüncəmi coşduran.
Gözümdən düşsün daha imanımı çaşdıran,
Mənə bu dünyanı sevdirmə, Tanrım!
Qan gölünə dönübdür, məzlumların ahı var.
Zalımın zülmü varsa, məzlumun Allahı var,
Hər kəsin sığınmağa yalnız bir pənahı var,
Mənə bu dünyanı sevdirmə, Tanrım!
Qanunlar kəskin qılınc, namərdləri doğramır,
Mərhəmət son zamanlar vicdanlara uğramır,
Daş olub sanki, baxıb ürəyimiz ağrımır,
Mənə bu dünyanı sevdirmə, Tanrım!
Haqqı dilə gətirsəm, qulağın tutur çoxu,
Bayağı, şablon bizi yatıran qəflət yuxu,
Bu dünyanı qurd basıb, ərşə çıxbdır qoxu,
Mənə bu dünyanı sevdirmə, Tanrım!
Zaman bizi aparıb özümüzdən uzağa,
Aldanmışıq şeytanın qurduğu hər tuzağa,
Haram, zillət qatırlar yediyimiz ərzağa,
Mənə bu dünyanı sevdirmə, Tanım!
Yolunda yürüyənə çoxu hələ kəm baxır,
Gözlərdən qəzəb, hüzün, boşluq baxır, qəm baxır,
Haqqı hayqıran kəsə nahaqq elə şər yaxır,
Mənə bu dünyanı sevdirmə, Tanrım!
Sevdiklərim hədiyyən, yaratdığın əmanət,
Hər sınaqda etmişik sərvətinə xəyanət,
Aldanmaqdan qorxuram, nəfsimdə yox dəyanət,
Mənə bu dünyanı sevdirmə,Tanrım!
Sənin sevdiklərini ruhuma həmdəm eylə,
Yanlış olan nə varsa onu mənə qəm eylə,
Məni eşqinlə yanan,nurlanan bir şam eylə,
Mənə bu dünyanı sevdirmə,Tanrım!
Haqq yolunda can qoyur Türk adlı ordun sənin.
Vətən eşqi daşıyır qəlb adlı yurdun sənin.
Dilarə,sağkən bitməz dünyada dərdin sənin,
Mənə bu dünyanı sevdirmə,Tanrım!
Yağış
Nələr pıçıldayır, nələr danışır,
Mənimlə dərdləşir asta bu yağış,
Ruhumda səslənən sözə qovuşur,
Bəmdən cilvələnən bəstə bu yağış.
Buludun kefini pozub küləklər,
Sevinir ağaclar, yamyaşıl ləklər,
Ruzi göndərirlər bizə mələklər,
Nazlanır yarpağın üstə bu yağış.
Kiminin damından evinə yağır,
Kiminin ruhuna, qəlbinə yağır,
Bu tənha çiçəyin dibinə yağır,
Çevrilir sirdaşa,dosta bu yağış.
Süzülür gözümün pəncərəsindən,
Diksinir göylərin kükrəməsindən,
Həsrət gilələnir yağış səsindən,
Mənim tək hicrandan xəstə bu yağış.
Deməz
İşi düşsə sənə kimsə göz üstə qaşın var deməz,
Görən geyiminə baxar,süfrəndə aşın var deməz...
Hörmətin cibində gəzər, boşdursa hörmət nə gəzər?!
Doluysa süfrəni bəzər, ağzında dişin var deməz...
Gözələ yar deyən çoxdu, çirkinə yar deyən baxtdı...
Dərdə çarə olan vaxtdı, gözündə yaşın var deməz...
Kimində ağıl, kimdə pul, kimi axmağa dahi qul,
Başsız hüzurunda qəbul olarsan başın var deməz...
Dilara yazmaz boşuna,getməz kimsənin xoşuna,
Əcəl gələr özbaşına əlində işin var deməz.
Ey dost
Ürəyimi əzən dərdi necə deyim sənə ey dost?
Köhnə yara nə qədərdi, üstə gəlir yenə, ey dost!
Bir ah çəkib ağla məni, dilbilməzdi çoxu indi,
Boğulub göz yaşına can, sözü yoxdur dinə, ey dost!
Yolun şaşırmış qataram, dərd yükləyib, qəm dartaram,
Vicdanıma yenilmişəm, məhbəsimdir sinə,ey dost!
Can verdikcə borclanmışam, can qalmamış can söyləyəm,
Güvənmişəm, inanmışam, düşmüşəm nə günə, ey dost!
Gözlərimdə yaş qalmamış axıtmağa öz-özümə,
Hisslərim baxmaz sözümə, dağılar hər yönə, ey dost!
Dilindəki acı qədər kiçik, ötəridir dünya,
Dilarənin çevirəcək çərxini tərsinə, ey dost!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.