Şağlakücə Lənkəran rayonunun qədim tarixə malik olan yaşayış məntəqələrindən biridir. Kənd ərazisində Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidə olan Karpoviç kurqanı (inv: 1513) və XVII – XVIII əsrlərə aid yerli əhəmiyyətli arxeoloji abidə - Balabənd yaşayış yeri qeydə alınmışdır.
Şağlakücə talış dilində Şəğləkujə adlanır. Şağlakücə Şəğləkujənin təhrifə uğramış adıdır. Şağlakücə talış dilində zootoponimdir. Şəğləkujənin ilkin variantı Şəğoləkujə olmuşdur. Talış dilində “şəğol” – çaqqal, -ə- birləşdirici səs, “kujə” – məhəllə deməkdir. Şağlakücə talış dilindən Azərbaycan dilinə tərcümədə “çaqqal məhəlləsi”, “çaqqal olan məhəllə” mənasını verir.
Kənd əhalisinin əsas məşğuliyyəti tərəvəzçilik, heyvandarlıq, sitrusçuluq və arıçılıqdır. İlk əvvəllər burada çəltikçilk əsas məşğuliyyət sahəsi olmuşdur. Sovet dövründə (1920-1991) Şağlakücə kəndində də kollektiv təsərrüfat yaradılmış, Kərgəlan, Lüvəsər və digər kəndlərlə yanaşı burada müxtəlif vaxtlarda Andreyevka, “Kərgəlan”, 1 nömrəli tərəvəzçilik və “Lənkəran” çayçılıq təsərrüfatları fəaliyyət göstərmişdir. 1978-ci ildə kənddə “Oktyabrın 60 illiyi” adı altında müstəqil təsərrüfat – sovxoz yaradılmışdır. “Oktyabrın 60 illiyi” sovxozu Şağlakücə və Bəlləbur kəndlərini əhatə etmişdir. Sovxoz tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşmışdır. 1990-cı ildə “Oktyabrın 60 illiyi” adına sovxozun tərəvəzçilik və çayçılıq üzrə illik dövlət planı müvafiq olaraq 2850 və 471 ton olmuşdur. 1991-ci ildə SSRİ parçalandıqdan sonra kolxoz və sovxozların yerində istehsal kooperativləri, o cümlədən “Şağlakücə” kooperativi yaradılmışdır. 1997-ci ildə ölkədə həyata keçirilən aqrar islahatla əlaqədar kooperativlər, kolxoz-sovxozlar ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar dövlət tərəfindən pulsuz olaraq payı bəlli torpaq sahəsi kimi kəndlilərə paylanılmışdır.
Şağlakücə kəndində sosial abyektlərdən tam orta məktəb, klub, kitabxana, həkim məntəqəsi, aptek, məişət evi, məscid, bərbərxanalar, mağaza-dükanlar, iaşə obyektləri və digərləri vardır. “Seydəpir” ziyarətgahı kəndin ərazisində yerləşir. Məscid 4814 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür.
Kənddə icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. Şağlakücə kəndi ilk əvvəl Kəgəlan kənd icmasının, daha sonra isə Kərgəlan kənd sovetliyinin tərkibində olmuşdur. 1981-ci ildə Şağlakücə Kərgəlan kənd sovetliyinin tərkibindən ayrılmış, Şağlakücə mərkəz olmaqla Şağlakücə kənd sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. Bələdiyyə 2000-ci ilin yanvar ayında yaradılmışdır. Şağlakücə kənd inzibati ərazi dairəsi və bələdiyyəsi Şağlakücə və Bəlləbur kəndlərini əhatə edir.
Şağlakücə ziyalıları ilə tanınan kəndlərdən biridir. Kəndin tanınmış ziyalılarına misal olaraq pedaqoq, tədqiqatçı, folklorşünas, jurnalist, talış dilində “Səvodin bıbiən” (“Savadlı olun”) dərsliyinin müəllifi Müzəffər Nəsirli (1902-1944), istehsalat qabaqcılı, ictimai xadim Baba Babayev (1908-1978), ictimai xadim, 1961-1963-cü illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi işləmiş Muğdad Qafarov, tanınmış pedaqoq Məmmədhəsən Kəlbiyev (1923-1987), təcrübəli təsərrüfatçı, kənd bələdiyyəsinin ilk sədri Mahmud Məmmədov, riyaziyyat elmləri doktoru Şükür Hüseynov, filologiya elmləri doktoru, dosent Nəsrulla Məmmədov, kimya üzrə fəlsəfə doktoru Nəsrəddin Əhədov, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Ziyafət Ağayev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlixan Bədəlov, Lənkəran Şəhər Səhiyyə Şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev, texnika üzrə fəlsəfə doktoru Nazim Məmmədov, tarix üzrə fəlsəfə doktoru Emil Məlikov, Azərbaycan Respublikası DİN-in Pasport Qeydiyyat İdarəsinin Cənub Regional Şöbəsinin rəisi işləmiş, polis polkovnik-leytenatı Əliabbas Şükürov, Lənkəran şəhər VVAQ-ın müdiri Əzizulla Şükürov, polkovnik Elşad Əbilov, polkovnik-leytenat Yədulla Novruzov, Lənkəran Dövlət Dram Teatrının aktyoru Əbülfəz Axundov, Lənkəran Dövlət Universitetinin əməkdaşı Mais Eyniyev, şair Xaqani Muğamatoğlu, telejurnalist Rüstəm Məmmədov, həkimlər Mirzağa Xancanov, Eyvaz Məmmədov, Nazim Kəlbiyev, tanınmış fotoqraf Əyyar Bədəlov və digərlərini göstərmək olar.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.