EYYUB RƏŞİDOV (1947)

EYYUB RƏŞİDOV  (1947) Eyyub Cabbar oğlu Rəşidov - 28 mart 1947-ci ildə
Qəbələ rayonun Bum kəndində anadan olub.
1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
Partiya sovet orqanlarında, xalq təsərrüfatı sahələrində
məsul vəzifələrdə işləyib.
2002-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Xeyli sayda ədəbi-publisist yazıları qəzet və jurnallarda dərc edilib.
“Qızıl qələm” mükafatına layiq görülüb.
“Bənövşə" jurnalının redaksiya heyətinin üzvüdür.
Yaradıcılığında əsas yeri esse və şeirlər təşkil edir.
Hazırda Mingəçevir şəhərində yaşayır.
“Qəbələnin səsi” şairlər birliyinin üzvüdür.

Biz də Eyyub Cabbar oğluna uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, ictimai fəaliyyətində və yaradıcılıq işlərində
yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik!..


Ənvər DURUCALI,
ZiM.Az


KÖÇ

Mənim köçüm köç vaxtını gözləməz,
Köçümün zamanı öz əlindədir.
Qohuma-qardaşa, dosta-sirdaşa,
Salamım, kalamım əməlimdədir.

Vətənə sədaqət,xalqa məhəbbət,
İnsana ehtiram,soyada hörmət.
Riyakara qəzəb,məddaha nifrət,
Sirrini açdığım qələmimdədir.

Bir zamanlar inanırdıq hamıya,
Eh...nə deyim müxənnətə,yağıya.
Cabbaroğlu söykənibdi tanrıya,
Halallıq,sadəlik təməlimdədir...

QƏBƏLƏ

Nə zamandır görüşünə gəlmirəm,
Tamarzıyam gülzarına, Qəbələ.
Daha şehli çiçəyini dərmirəm,
Yolum düşmür bağlarına, Qəbələ.

Məni arzu,səni dilək yaşadır,
Qartal tək gümanım dağa-daşadır.
Nohur gölün bənzərsiz tamaşadır,
Heyranam hər çağlarına,Qəbələ.

Susub telli sazım,qəmə batıbdır,
Namərd gülür,mərdin bəxti yatıbdır.
Demə Cabbaroğlu məni atıbdır,
Həsrət qalsam dağlarına,Qəbələ.

ATA

(Azər Eyyuboğlu tərəfindən atasına ithaf olunur)


Səndən dost danışır,düşmən danışır,
Deməyə sözüm yox, lalam ata.
Sən sönmək eşqiylə yanan bir çıraq,
Mən sənin qəlbində qubaram, ata!

Anamın gözləri nisgilli yaşlı,
Qəlbində illərin qəm yolu getdi.
Onun yadigarı sənə əzizdir,
Özünü çox sıxma, ölərəm, ata!

Gərək səbir edəsən, dözəsən bir az,
Tanrı yazanları heç pozmaq olmaz.
Mən lazım olarsa sənin yolunda,
Hər neçə xərcləsən halalam, ata!

Bir yandan boşalan,bir yandan dolan,
Bu dünya çoxunu apardı, getdi.
Sənin həyat yolun bir cümlədir ki,
Mən onun sonunda sualam, ata!

A qardaş

Kaş bizə ayrılıq üz verən zaman,
Hicranın səbrimtək gödək olaydı!
Könüldən hər zaman gəlib-keçəni,
Uzaqdan-uzağa demək olaydı!

Qasidim-yan keçən səba yelləri,
Salamım-qəlbimin titrək telləri.
Töhvəm-istəyimin solmaz gülləri,
Məktubum-atəşin salam olaydı!

Dilsiz olmayaydı kaş bu istək,
Coşaydı çeşmətək sözüm-söhbətim.
Hər dəfə boğanda məni həsrətin,
Bu sözlər qəlbimə dirək olaydı!

Sən getdin! Bu yolu gərək mən keçəm,
Zəhərtək ayrılıq şərbətin içəm.
Aramsız gündüzüm, yuxsuz gecəm,
Barı, tez görüşə kömək olaydı!

”O, getdi qalmışıq biz yana-yana,
Bu dərdi ürəkdə daşımaq çətin.
Hər gün bu dünyadan yerin altına,
Köçür bir parçası bəşəriyyətin”
(Şəhriyar üslübunda)
Torpaq altında yatdığın üçün,
Mən onun üstündə gəzə bilmirəm.

NEÇİN GƏLMƏDİN?

Gözlədim,gözümün kökü saraldı,
Vəfalı qardaşım,neçin gəlmədin?
O bənövşə ətrin yollarda qaldı.
Ay canım,ciyərim,neçin gəlmədin?

Son görüş yerimiz çox ağır-ağır,
Küskün dağ döşündən tənhalıq yağır.
Dəmir darvazalar çoxdan bağlıdır,
Mən yaxşı bilirəm neçin gəlmədin?...

...Yeganə sərvətim,dövlətim-varım,
Gəlsən gül açardı,bağım-baharım.
Üzünü yandırır sevinc yaşlarım,
Yaralı qardaşım,neçin gəlmədin?

...Burda bir bulaq var,-nə gül,nə çiçək,
İstərdim o suyu birlikdə içək.
Həsrətə bənzəyir orda görüşmək,
Məndən soruşma ki,neçin gəlmədin?

Dumanlı-çiskinli bir iqlimdəsən,
Babalar babası Hacı Mürşüdün.
Zeynəbin,Cabbarın kürəyindəsən.
Gəlsən,gəlməsən də nəfəsimdəsən...
Mən kiməm? bilirsən, bəzən sübhətək,
Qələm-dəftər üstə yanan bir ürək!...

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: