ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA Haqqında söhbət açacağımız tanınmış təhsil işçisi, bacarıqlı və təcrübəli pedaqoq, Əməkdar müəllim, sevimli və çox hörmətli ziyalı Rəna Oruc qızı Yusifova 1956-cı il aprelin 8-də Tovuz rayonunun Aşağı Ayıblı (indiki Əyyublu) kəndində anadan olub. 1976-cı ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) bilogiya fakültəsini bitirib. Elə həmin ildən də kəndindəki fəhlə-gənclər orta məktəbində biologiya müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1984-cü ildən 1990-cı ilə kimi həyat yoldaşının işi ilə əlaqədar Əli Bayramlı (indiki Şirvan) şəhərindəki 16 nömrəli orta məktəbdə biologiya müəllimi kimi əmək fəaliyyətini davam etdirib.
Rəna Yusifova 1990-cı ildən hal-hazıra kimi Tovuz rayonunun Eyvaz Bayramov adına Əyyublu kənd tam orta məktəbində əmək fəaliyyətini böyük şərəf və ləyaqətlə davam etdirir.

Rəna müəllim təlim prosesində səmərəli tədris metodlarından istifadə etməklə həmişə keyfiyyəti yüksəltməyə çalışır. Öz fənnini ürəkdən sevən Rəna müəllim onu yetirmələrinə də sevdirə bilər. Bu səbəbdəndir Rəna müəllimin dərs dediyi siniflərdə biologiya fənninə həmişə böyük maraq yaranır. Nəticə göz qabağındadır. O, buna nail olur. Şagirdləri biologiya fənni üzrə Respublika olimpiadalarında yüksək yerlər tuturlar, buraxılış və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ən yüksək ali təhsil ocaqlarına qəbul olurlar.
Rəna müəllim müxtəlif müsabiqələrdə də fəal iştirak edir. Pedaqoji ədəbiyyat, mətbuatı müntəzəm mütaliə edir. Geniş dünyagörüşünə malik olan Rəna müəllim təlim prosesini səmərəli şəkildə, elmi əsasda qura bilər. Əgər bu gün Eyvaz Bayramov adına Əyyublu kənd orta məktəbi Tibb Universitetinə qəbul üzrə rayonda I yerdədirsə, Rəna müəllimin misilsiz əməyi danılmazdır. Bəzən bir ildə bu məktəbdən 4 nəfər Tibb Universitetinə qəbul olur. Hazırda Rəna müəllimin 10 nəfərdən çox şagirdi Azərbaycan Dövlət Tibb Universitetində təhsilini davam etdirir. Möhtərəm Əhmədova ADTU-ya 638 balla daxil olub. Elmar, Elmir Əsgərovlar, Aygün Əlirzayeva, Rauf Məmmədov, Gülnurə Əsgərova, Möhtərəm Əhmədova və digərləri Tibb Universitetində yüksək naliyyətlər əldə ediblər.
Rəna xanım deyir ki, təlim prosesində şagirdlərin hamsını fəallaşdırmağa və onlarda özlərinə inam hissini yüksəltməyə çalışır. "Hər hansı bir elmə maraq oyatmaq üçün onu şagirdə sevdirmək lazımdır. Əgər müəllim öz fənnini sevə -sevə tədris edirsə onda şagirdlər də fənni maraqla öyrənəcəklər. Maraq yaratmaq üçün isə müəllim tədris prosesində müxtəlif metodlardan, priyomlardan istifadə etməlidir. Çalışıram ki, mövzunu həyatla əlaqəlındirim. Şagirdlərin anladıqları tərzdə izah edim. Belə olduğu halda, mövzu uzun müddət yaddaşdan silinmir. Eyni zamanda, digər mövzuların mənimsənilməsinə stimul yaradır."

Rəna xanım bacarıqlı müəllim olmaqla yanaşı, həm də qayğıkeş ana, həyat yoldaşıdır.
Rəna xanımın həyat yoldaşı Nazim Əsgərov tanınmış həkim-cərrahdır. Oğlu Elmar atasının yolu ilə gedir. Tibb Universitetinin müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib. Odessa şəhərində Klinik ordinatura keçib. Tanınmış həkim-cərrahdır. Hazırda Tovuz rayon mərkəzi xəstəxanasında çalışır.
Böyük qızı Ülviyyə BDU-nun biologiya fakültəsini bitirib. Ülviyyənin həyat yoldaşı Elman Qasımov da həkimdir. ATU-nun müəllimidir, tibb elmləri namizədidir. Onların qızları Lamiyyə də həkimdir.
Kiçik qızları Zülfiyyə Gəncə Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Zülfiyyənin həyat yoldaşı İlham isə iş adamıdır.

Günün böyük hissəsini məktəbdə şagirdləri ilə keçirən Rəna xanım ailəsinin bir an belə unutmur. Dediyinə görə səhər işə, işdən sonra evə tələsir. Axı mehriban ailə üçün ləziz yeməklər hazırlamaq lazımdır. Rəna xanımın mətbəxi də zəngindir. Bayram ərəfəsi olduğundan qayğıları artmışdır. Şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar bişirmək lazımdır. Vaxt az olsa da, Rəna xanım bunların öhdəsindən gələcəkdir. Bəli, məhəbbət olan yerdə hər şeyə nail olmaq mümkündür.
Elə buna görə də Rəna Yusifovanın uğurları, nailiyyətləri çoxdur.
O, hələ V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) tələbəsi olduğu zaman "Üçlü sinirin dil şaxəsinin morfoloji xüsusiyyətləri" mövzusunda etdiyi məruzəsinə görə Azərbaycan SSR Ali və orta ixtisas təhsili Nazirliyin, Azərbaycan II KİTAB və tələbə elmi işləri üzrə Respublika Şurasının I Dərəcəli diplomuna layiq görülüb.
Bununla da naliyyətlərin əsası qoyulub.
Şirvandakı pedaqoji fəaliyyəti dövründə də bir sıra naliyyətlərə imza atan gənc müəllim Rəna Yusifova təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR Xalq Təhsili Nazirinin 16 avqust 1990-cı il tarixli 669 nömrəli əmri ilə "Baş müəllim" adı verilib.
2006-cı ildə Təhsil naziri cənab Misir Mərdanov Tovuzda olarkən bir neçə müəllimlə yanaşı Rəna Yusifovanı da "Fəxri fərmanla" təltif edib.
Azərbaycan müəllimlərinin XII və XIII qurultaylarına nümayəndə seçilib.
2010-cu ildən TQDK ilə əməkdaşlıq edir, 2011-ci il yanvarın 24-də həmin qrumun saytında biologiya fənnindən "İbtidailər" mövzusunda dərs keçib.
Ən nəhayət, Rəna Yusifovanın təhsilin inkişafındakı xidmətləri yüksək qiymətləndirərək ona möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 02 oktyabr 2015-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilib.

Onu da qeyd edək ki, Rəna Yusifova Təhsilin inkişafında səmərəli pedaqoji fəaliyyətinə görə Təhsil Nazirinin 09 mart 2006-cı il tarixli və 22 yanvar 2910-cu il tarixli, Tovuz RİH başçısının 5 oktyabr 2013-cü il tarixli sərəncamları ilə, eyni zamanda Tovuz təhsil şöbəsinin və məktəb rəhbərliyinin əmri ilə bir neçə dəfə Fəxri fərmanlarla və Fəxri diplomlar ilə təltif olunub.

Bu günlərdə isə Respublika "Təhsil" Mərkəzi və "Elm və Təhsil" qəzetinin redaksiyası dəyərli ziyalımız, təcrübəli pedaqoq Rəna Yusifovanı anadan olmasının 65 illik yubileyi münasibətilə "Fəxri Fərman"la təltif etmişdir.

Biz də, Respublika "Təhsil" Mərkəzinin və "Elm və Təhsil" qəzetinin bütün yaradıcı heyəti adından bacarıqlı və təcrübəli müəllim, sevimli və hörmətli ziyalı Rəna xanım Yusifovanı anadan olmasının 65 illik yubileyi ilə əlaqədar olaraq Fəxri fərmanla təltif olunması münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, şərəfli pedaqoji və ləyaqətli ictimai fəaliyyətində yeni-yeni uğurlar, yeni-yeni naliyyətlər arzulayırıq.

Mənsurə MƏMMƏDOVA,
ZiM.Az-ın və "Elm və Təhsil" qəzetinin
Tovuz bölgəsi üzrə
xüsusi müxbiri


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: