Lilpar Cəmşidqızı: RÜBAİLƏR

 Lilpar Cəmşidqızı: RÜBAİLƏR Yaralı könlümü aman incidir,
Səngimir ağrısı yaman incidir.
Təbibi tapılmır, dəvası yoxdur,
Yaram yaşadığı zaman incidir.

Sorğu-sual edir həyat, dərsindən,
Silləni üzümə vurur tərsindən.
Səbrin ilmələri tərs-tərs çözülür,
Ürək nalə çəkir, yanar közündən.

Baxıram aynada əksimə hərdən,
Diksinib baxıram özümə birdən.
Erkən bəyaz rəngə bürünüb zülfüm,
Söyləyir, nöş küsdün, eşqi təməldən?

Məni eşqin zirvəsinə ucaltdın,
Kam almamış ayrılığı yaratdın.
Ayrılıq yoluna baxmaqdan, ey yar,
Sevgi teşnəsiylə erkən qocaltdın.

Dünyanı dolaşır insan doymayır,
Zamanın hökmünü görür duymayır.
Nəfsinə uyarsa yaşayır qəmlən,
Əcəl karvanında var, oyanmayır.

Dünya yaranışdan sirlə doludur,
Cənnət söylədiyin dünya uludur.
Bu yoldan keçəcək bütün yaranan,
Hər kəsin son yolu Tanrı yoludur.

Bu kəkliyin ayaqları xınalı,
Qayalarda at oynadır dörd nalı.
Dişisiylə aşiq- məşuq olandan,
Asimana yetmək olub xəyalı.

Yaşadıqca gözəlliyi duyursan,
Gözəlliyə tər ürəyi soyursan.
Havasını bircə dəfə dərindən,
Nəfəs alıb saflaşdıqca doyursan.

Sevgilimə namə yazım göndərim,
Cavabında onun fikrin öyrənim.
Əgər özgəsini sevib seçibsə,
Dünyasını cəhənnəmə döndərim.

Sürmənin qarası gözdə qəşəngdi,
Ənlik ilə kirşan üzdə qəşəngdi.
Ənbər vurub yar yoluna çıxım ki,
Desin yarım gəlin olub qəşəngdi.

Çeşmə olub yanaq üstə süzülüb
Ləbdən keçib qara xala tökülüb
Ağ buxağa yetsə onu qəsd edər,
Yetişməmiş nizam ilə düzülüb

Gülşəndə güllərin bəhsi düşübdü,
Ləçəklər xəndandan rəqsə düşübdü.
Dolaşır bülbülün çiçək başına,
Elə bil duz yeyib güldən küsübdü.

Qəribliyə saldı tale Kərəmi,
Axtarırdı tapsın nazlı sənəmi.
Yarın Kərəm röyasında görmüşdü,
Tapmaq üçün dolaşırdı aləmi.

Qaya olub əzəmətlə durmuşam,
Sal daşımla nadanları əzmişəm.
Məni bərkə-boşa çəkən dünyada,
Zülümlərə, əzablara dözmüşəm.

Sinəsində hər çiçəyin rəngi var,
Sankı dağın, çəçəkdən çələngi var.
Lətafətin göz oxşayır ay, gözəl,
Gözəlliyin məgər sənlə cəngi var?

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: