Hüseyn FAXRALI: Rübailər

Hüseyn FAXRALI: Rübailər Hüseyn Faxralı
(Hüseyn Aslan oğlu Hüseynov)

1959-cu il iyulun 21-də
qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olub.
1966-cı ildə Faxralı kəndində Şahbuzlu İbtidai məktəbinin
I-ci sinfinə gedib.
1969-1974-cü illərdə Faxralı kənd 8 illik məktəbində oxuyub.
1976-cı ildə Faxralı kənd orta məktəbini bitirib.
Həmin ildə Azərbaycan
Dövlət Universitetinin
(indiki BDU-nun) Tətbiqi riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə universitetin tam kursunu bitirərək, riyaziyyatçı ixtisasını alıb.
Azərbaycan Respublikasının Müharibə veteranı, istefada olan polkovnik-leytenantdır.
Hazırda təqaüdçüdür. Evlidir. 3(üç) övladı var.
Şeirləri ZiM.Az saytında, "ZİRVƏ" Poeziya antologiyasında və
"Sazlı-Sözlü Borçalı" Ədəbi Məcmuəsində, çap olunub.
Aşağıda Hüseyn Faxralının bir neçə rübaisini dəyərli oxucularımıza təqdim edir və
şair qardaşımıza yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az




Rübailər

Dörd misralıq bir əsərdi rübai,
Üç misra həmahəng, həmqafiyədi.
Həmqafiyə bir, iki və son misra,
Üçüncü sərbəstdi, qafiyə qeyri.

***

İrtica hökm etsə, əldə ixtiyar,
Firavan olammaz onda o diyar.
Ədalətli olsa hökmdar əgər,
Onda ol rəiyyət yaşar bəxtiyar.

***

Qələm yazar sətir – sətir,
Qızılgüllər saçar ətir.
Dürməy olsa pismi olar,
Dadlı pendir, yağlı fətir?

***

Sən zəhmət çək, et hərəkət,
Allah da versin bərəkət.
Əgər işləyib, tər töksən,
Halal olar nazı – nemət.

***

Axşam-axşam ulduz yanar, doğar Ay,
İldə dörd fəsil var, onun biri yay.
Kamandar yay çəkər, o atar ox da,
Qıvrılaraq yatağında axar çay.

***

Mərd atalar oğul əkər, igid, mərd,
Anadan mərd olan olammaz namərd.
Xainlər, satqınlar zatıqırıqdı,
Mərd oğul namərdə dərd doğular, dərd.

***

Lap saçın – saqqalın ağarsa yüz də,
Mərdə bel bağlasan qalmazsan düzdə.
Xainlər, xudbinlər qarnıbazardı,
Xainlik xisləti oxunar üzdə.

***

Bahara gül açan, güllü yaz dedim,
Qələm götür qaşdan-gözdən yaz dedim.
Şairin peşəsi vəsf eləməkdir,
Bülbülə bəstəkar, xoşavaz dedim.

***

Qaqqıldar ördək də, durna da, qaz da,
Gözəldə gözəldi işvə də, naz da.
Sevən, sevilənlər nə bəxtəvərdi,
Sevinci çox olub, qəm olsa az da.

***

Dərdim çoxdu, dərdə dərman yaz, həkim,
Qalmasın kimsədə təmənnam, pəkim.
Alın yazısını mələk yazmayır,
Can alan fələkdir, kimdir ki hakim?

***

Divar olar, daşı qoysan daş üstə,
Yaşayarsan, yaş da gələr yaş üstə.
Adamın gözündə şimşək də çaxar,
Qara bulud dolananda baş üstə.

***

Dan sökülüb, gün doğanda hər səhər,
Yerə - yurda, çöl-çəmənə nur çilər.
Sevən ürək müdam çəkər intizar,
Qız evinə axşam gedər elçilər.

***

Şirin olar qara kişmiş, aş üstə,
Xətt də çəkər qara qələm qaş üstə.
Təki mənə bircə “hə” de, ay gülüm,
Buyur, çağır, mən də deyim başüstə.

***

Bir çanaqdı, neçə pərdə, neçə sim,
Saz sehrli bir aləmdi, nə tilsim,
Gah qəmli, gah dəmli, gah şən oxuyur,
Saz kimi sızlayır ürəyim, səsim...

***

Hər ayda dörd həftə, dörd də şənbə var,
Dörd cümə, dörd bazar, dörd çərşənbə var.
Boyalı parçadan, su keçirməyən,
Masanın üstündə boz müşəmbə var.

***

Az idi Borçalı, Təbrizin dərdi,
O, əsir Göyçənin, Qaradağ dərdi.
Xocalı yarası sağalan deyil,
Nə Dərbənd, Zəngəzur, Qarabağ dərdi.

***

Bənövşənin boynu niyə əyridi?
Baxdım gözlərinə, gözüm səyridi.
Qamış ayrı, qanqal ayrı, qızılgül,
Gül – çiçəklər ətir saçar, qeyridi.

***

Dəyirman üyüdər buğda, darı, dən,
Ələk un ələyər, xəlbir isə dən.
Dən üyüdən dəyirmandı kirkirə,
Yaş yanaqdan, süd süzülər süzgəcdən.

***

Ya yek verər, ya du verər, versə zər,
Ya sə verər, ya da cahar, versə zər.
Bəxtə - bəxtdi nərddə pənclə, şeş qoşa,
Zər qumardı, ay zər atan bəxtəvər.

***

Qara qaşın, qara gözün xumarı,
Göz oxşayar qara telin tumarı.
Könül necə vurulmasın, sevməsin,
Vursa səni qara zülfün şahmarı ?

***

O Məğribdən, bu Məşriqə,
Bəs eyləmir mən aşiqə.
Vurulmuşam bu dünyaya,
Necə ki, aşiq məşuqə.

***

Boş dünyadı, müvəqqəti,
Burda gəzmə o cənnəti.
Orda mey yox, meyxanə yox,
Nuş eyləmək olmaz qəti.

***

Bu dünyanın dərdi məndə,
Dərdin danış dərdiməndə.
Ürəyimə xal düşübdü,
Dərd əhliyəm, demə mən də.

***

Çəmən yaşıl, nə lazım xalça, kilim,
Çəmənzarı seyr elə sən, sevgilim.
Gül – çiçəkli gülüstandı bu dünya,
Kim görübdü o dünyanı, ay gülüm ?

***

Aşiqə gəl vermə bu qədər zülüm,
Tərsliy etmə təzə qönçə, tər gülüm.
Bülbül kimi bağda fəğan eylərəm,
Yannam eşq oduna, sovrular külüm.

***

Vəfan yoxsa, gəl vəfadan danışma,
Cəfan yoxsa, gəl cəfadan danışma,
Söhbət açma sədaqətdən, sevgidən,
Səfalətdə gəl səfadan danışma.

21.02.2020 11:13


ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: