Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR Mübariz Hüseyn oğlu Məmmədov - 1960-cı il iyulun 22-də qədim Borçalı mahalının Başkeçid rayonunda - indiki Gürcüstan Respublikasının indiki Dmanisi rayonunun Aşağı Qarabulaq kəndində anadan olub.
Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyasını) bitirib.
Qaz-neft-mədən fakültəsinin qaz, neft yataqlarının istismarı və kompleks mexanikləşdirilməsi ixtisası üzrə ali təhsil alıb (1979-1988).
O, neft mədənlərində operator (1988-1989), neftçıxarma ustası (1989-1995), dərin dəniz özüllü quyular rəisinin müavini (1995-1997), “28 May” Neftqazçıxarma idarəsində növbə rəisi (1997-2004) vəzifələrində işləyib.
2004-cü ildən isə “BP” şirkətində çalışır.

Mübariz Hüseyn istedadlı qələm sahibidir, poeziya vurğunudur.
Artıq özünü çoxdan təsdiq etmiş nəğməkar şairlərimizdəndir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
İlk şe’rləri “Azad Azərbaycan”, “Azərbaycan gəncləri”, “Neft kadrları uğrunda”, “Azərbaycan dünyası”, “Şərqin səsi”, “Ziya”, “Təhsil”, "Elm və Təhsil", “Neft daşları”, “Vışka” qəzetlərində, “Mədəni-maarif”, “Ulduz” jurnallarında, “Çilovdan gələn səslər”, "Zirvə", "Sazlı-sözlü Başkeçid", "Sazlı-sözlü Borçalı", "Canım Azərbaycanım" adlı almanaxlarda və digər mətbuat orqanlarında çap olunub...
Şeirləri Bakı şəhərindəki 131 saylı və digər orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalarda tez-tez səslənir...
Elə ilk şeirlərindən oxucuların qəlbinə yol tapan şairin ilk şeirlər kitabı - “Ömür yolu” 1998-ci ildə işıq üzü görüb.
Müəllifin ikinci kitabı - “Dünyanın hökmü” - 2001-ci ildə, üçüncü kitabı - “Əzablı sevgi yolu” və dördüncü kitabı - “Salam, Sınıq Körpü, hanı Borçalı?” 2010-cu ildə “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarina verilmişdir. (Hər üç kitabın naşiri və redaktoru - Müşfiq Çobanlıdır).

Mübariz Hüseynin “Dünyanın hökmü” (“Borçalı” NPM, 2001) kitabına Bakı Ali Hərbi Dənizçilik Məktəbinin “Dillər” kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov “Əmək də poeziyadır” sərlövhəli ön söz yazmışdır.

Biz də istedadlı qələm dostumuz Mübariz Hüseynə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə rübaisini dəyərli oxucularımıza ərmağan edirik.

ZiM.Az



******

Ötən dərd söylədi: - nədir toy-büsat?
Qəmli yaddaşını, kim dedi, qır at?
Dedim ki, can üzdün acı xatirə,
Söylədi: - yalqızam, mənə dost yarat.

******

Qəm polad bədəni üzülən edir,
Gözdən acı yaşı süzülən edir.
Nə qədər qaçsaq da onun əlindən
Son gediş cərgəyə düzülən edir.

******

Nə vaxt ki, açılır əlvan gül-çiçək,
Təbiət oyanış göstərir gerçək.
Payız solduraraq, qış yox edirsə
İsmarıc gələcək, sən də əlin çək.

******

Gələr üstünə qəm hey axın- axın
Nəvaziş göstərib, yaşlıya baxın.
Təngnəfəs etsə də yolu dağların
Gediş, çətinləşər zirvəyə yaxın.

******

Şənlik olan yerdən qaçar ahu-zar
Zülmət sərhəd aşmaz harda ki, nur var.
Sevgidən üzülüb yatağa düşsə,
Şəfa tapar aşiq üzə gülsə yar.

******

Sevinc axar olsa, qəmi yuyardı,
Tamahkar olmasa dərd də doyardı.
Hissiyat sirrini versəydi bizə
İnsan, olacağı əvvəl duyardı.

******

Qəza qəmsiz ötsə, an şirin olar.
Ölüm tüğyan etsə, can şirin olar.
Gecələr qovrulub yata bilməyən
Xəstəyə, sübh çağı, dan şirin olar.

*******

Sirrini eyləsən bəyan, aşikar
Olarsan düşmənə çox asan şikar.
Gizlətsən qəlbində məxfi sirrləri
Bil ki, qələbəyə hələ ümid var.

*******

Məndən kənar düşüb, gen qaçır vüsal
Dedim, - yar bağına baş vur, ey xəyal!
Dedi:- mən uçuram uca göylərə
Uğursuz sevginlə özün yerdə qal.

*******

Qocalığın yeli qarşımdan əsir,
Taqətimi bəndə salıb yol kəsir.
Torpaq çəkir, ya bilmirəm nədəndir?
Könül kəndə getmək üçün tələsir.

*******

Dağımı tutmağa duman yeridi.
Həqiqət üstünə güman yeridi.
Yada düşən səhvim oldu soyuq tər
Sanki, yatağıma ümman yeridi.

Mübariz Hüseyn Borçalı,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: