TƏBRİK EDİRİK, HÖRMƏTLİ LEYLA XANIM ƏHMƏDOVA!..

TƏBRİK EDİRİK, HÖRMƏTLİ LEYLA XANIM ƏHMƏDOVA!.. 17 oktyabr - 35 ildir ki, Rusiyanın Rostov vilayətində yaşayan, əslən qədim Borçalı mahalının Başkeçid elindən olan, ali təhsilli hüquqşünas, sahibkar xanım, ictimai xadim, tanınmış diaspor fəalı və rəhbəri, vətənpərvər, yurdsevər və xeyirxah insan, əziz və dəyərli bacımız Leyla xanım Əhmədovanın doğum günüdür!..

Leyla Şəmşi qızı Əhmədova - 1965-ci il oktyabrın 17-də qədim Borçalı mahalının Başkeçid elində - indiki Gürcüstan Respublikasının Dmanisi şəhərində anadan olub.
1970-ci ildə Başkeçiddəki uşaq bağçasına, 1973-cü ildə isə Başkeçiddəki orta məktəbin 1-ci sinfinə gedib. 1983-cü ildə orta məktəbi müvəffəqiyətlə bitirib. Elə həmin il Moskva Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1988-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirib və Rostov vilayətinin Rostov na Donu şəhərinə köçüb. 17 il “Günəş” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində çalışıb. İşlədiyi müddət ərzində daim Azərbaycanın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliği ilə məşğul olub.
Leyla xanım hazırda Rostov vilayətinin Aksay rayonunda yaşayır. Xeyirxah əməlləri ilə tanınır və sevilir. 3 övlad anasıdır. Sahibkar xanımdır, kiçik bizneslə məşğuldur. Eyni zamanda, tanınmış ictimai xadimdir. İctimai işlərdə hər zaman fəal iştirak edir.
Rostovdakı "Dostluq" birliyinin ən fəal üzvlərindən biri, “Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri və Konqresin Birlik üzrə prezidentidir.
Eyni zamanda, Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin, "Borçalı" nəşriyyatının, "Borçalı", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin, "Zim.Az", "Zirve.info", "Borcali.org" saytlarının, eləcə də, bir çox redaksiya şuraların, mükafat komissiyalarının və rəyasət heyətlərinin üzvüdür.
“Xarı-bülbül”, “Xurşidbanu Natəvan”, “Zirvə”“Zəfər” mükafatları laureatıdır.
Bir neçə dəfə müxtəlif Fəxri fərman və Fəxri diplomlarla təltif olunub.
Bu günlərdə isə o, “XXI Əsrin Ziyalısı” Fəxri adına layiq görülüb.

TƏBRİK EDİRİK, HÖRMƏTLİ LEYLA XANIM ƏHMƏDOVA!.. Biz də, redaksiya heyətimiz və bütün yaradıcı kollektivimiz, eləcə də, dəyərli izləyicilərimiz adından, çox dəyərli və əziz bacımız, 35 ildi ki, Rusiyanın Rostov vilayətində yaşayan, əslən qədim Borçalı mahalından, Başkeçid elindən olan, sahibkar xanım, vətənpərvər, yurdsevər və xeyirxah insan, tanınmış diaspor fəalı və rəhbəri, hörmətli xanım Leyla Şəmşi qızı Əhmədovanı həm qarşıdan gələn doğum günü, həm də yeni bir yüksək fəxri mükafata layiq görülməsi münasibərilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Və fürsətdən istifadə edərək, tanınmış jurnalist Aynur Turanın çox hörmətli Leyla xanım Əhmədovadan "Umay-Club" üçün götürdüyü müsahibəni dəyərli oxucularımıza təqdim edirik.


Müşfiq BORÇALI,
Bəsti MƏMMƏDOVA,
Məlahət SAHİBQIZI,
Sevgül SƏFƏRLİ,
ZiM.Az


.

Rusiyada yaşayan azərbaycanlı iş qadını Leyla Əhmədova:
- “Vətəndən uzaqda yaşamaq vətəndən uzaq olmaq demək deyil!..”


Əzizim vətən yaxşı,
Geyməyə kətən yaxşı,
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı…


Dünyada nə qədər ölkələr var. Hər kəsə, hər xalqa öz ölkəsi, öz vətəni əzizdir. Hər bir azərbaycanlı öz Vətəninə–Odlar yudu Azərbaycanına bağlıdır, onunla nəfəs alır, onunla yaşayır. Hər birimiz candan artıq sevirik ana torpağımızı, ata yurdumuz Azərbaycanı.
Bizlər bu doğma, müqəddəs yurdun qoynunda doğulur, böyüyür və yeri gələrsə, “Uğrunda ölən varsa, vətəndir…” deyərək uğrunda can alıb, can veririk.
Hamımız bu vətənin övladlarıyıq, bu ölkə vətəndaşıyıq, azərbaycanlıyıq. Vətən bizim vətəndir. Bəzən olur ki, bu vətəndən uzaq düşürük… Dostdan-aşinadan, eldən-gündən ayrılmalı oluruq. Qərib ölkələrə – yaxın, uzaq diyarlara üz tuturuq. Hansı səbəbdənsə, niyəsə ayrı bir məskən seçirik özümüzə. Boxçamızda yaxınların, doğmaların hansısa xatirədən, o gündən olan rəsmi, bir ovuc vətən torpağı, bir də vətən sevdası… Bütün bunları qoyaraq boxçamıza özümüzlə aparırıq. Ancaq gedər ayaqda da, burada – vətəndə qoyub gedirik içi vətən mürgülü həsrətli qəlbimizi. Beləliklə, harada oluruqsa, olaq, qəlbimiz vətəndə qalır. İllər, qərinələr keçsə belə, könlümüz, gözümüz, bir də vətən sevdalı qəlbimiz vətənlə olur.

Vaxtilə Azərbaycanın hüdudlarından üzü şimala, Rusiyaya üz tutan Leyla xanım da belə qürbətçilərimizdəndir. Vətən sevdalı, vətən aşiqi Leyla Əhmədova.
Gəlin, arayıb-axtarıb, siz izləyicilərimizə təqdim etdiyimiz növbəti vətənpərvər Azərbaycan qadınını birlikdə tanıyaq…


–Leyla xanım, bildiyimiz kimi, siz vətən üçün əlinizdən nə gəlibdə, etmisiniz, edirsiniz, edəcəksiniz. Bunu sizi və sizin gördüyünüz işləri tanıyıb bildikdən sonra bu qənatə gəlmişik. Qəlbiniz işıqlıdır və qəlbinizdəki işığın adıdır vətən. O işıq ki, sizin amalınıza çevrilib. Biz də o işığa körpü salaq istədik. Qəlbimizdə gələn niyyətləri görmək istədik.
Leyla xanım, Azərbaycan sizin üçün nə deməkdir? Vətən deyiləndə ilk olaraq sizin gözünüz önünə nə gəlir?
İlk olaraq sizi tanımayan və ya daha yaxşı tanımaq istəyənlər üçün bu barədə nə demək istərdiniz?


- Azərbaycan mənim vətənimdir. Mən Azərbaycanımla hər zaman fəxr etmişəm. Mənim qəlbim hər zaman onunla - vətənlə bir döyünür. Baxmayaraq ki, mən vətənimdən kənarda yaşayıram, Azərbaycanda baş verən hadisələr mənə də dərin iz qoyur. Vətənin uğuru, sevinci sevincim, kədəri isə göz yaşlarımdır. Vətən gülərsə, mən də gülürəm, qanadlanıram. Mən vətəndən güc alıram desəm, tam yerinə düşər.

- Leyla xanım, vətən sərhədlərindən kənarda yaşayan bəzi vətəndaşlarımız hərdən təəssüf hissi ilə qeyd edirlər ki, əgər vətəndə yaşasaydım bunu edərdim, onu edərdim, vətənin gərəkli vətəndaşı olub, ona olan borcumu layiqincə yerinə yetirərdim, təəssüf ki, uzaqdayam və vətənim üçün və orada yaşayan insanlar üçün heç nə edə bilmirəm və s. Sizcə, bu yanaşma nə qədər doğrudur?

- Bu əlbəttə ki, birmənalı şəkildə yanlış fikirdir. Vətən hüdudlarından kənarda olmaq o demək deyil ki, vətənə əl yetmir, ün yetmir. Bu məsafə məsələsi deyil, qəlb məsələsidir məncə. Özü vətəndən uzaqda olub, qəlbi, beyni, məramı vətən üçün döyünən, düşünən neçə-neçə böyük ürəkli azərbaycanlılarımız var. Bunlar saymaqla bitməz. Mən də Azərbaycanımın layiqli qızı olaraq daim Azərbaycan üçün əlimdən gələni etmişəm. Bir işgüzar Azərbaycan qadını olaraq daim vətən və bütövlükdə xalqımız üçün çox işlər gördük deyə bilərəm.

– Siz, 44 günlük haqlı savaşımız olan ll Qarabağ müharibəsi dövründə də Azərbaycanda olmusunuz. Bu haqda ətraflı danışmağınızı istərdik.

- Bəli, bildiyiniz kimi, 44 günlük Qarabağ savaşında mən də hər bir azərbaycanlı kimi, hamılıqla vətənin sıravi əsgərinə çevrilməyə and içdik. Vətəndən uzaqda vətənin keşiyini çəkdik desəm bəlkə də yerinə düşər. Mən də çoxları kimi vətən üçün öz maddi-mənəvi, fiziki gücümü səfərbər etdim. Məlum xəstəlik- qlobal pandemiya olmasına baxmayaraq, çətinliklər olsa da, Azərbaycana, Azərbaycanımıza gəldim. Şəhid ailələrimizlə, yaralı əsgər və qazilərimizlə görüşdüm. Əlimdən gələn qədər müəyyən miqdarda köməklik göstərdim. Şəhid dəfnlərində iştirak etdim. Ürək ağrısı ilə hər mənada müharibə zədələrimizin yanında oldum. Bacardığım dəstəyi göstərdim.
Şanımıza şan gətirən, tarixlərə iz qoyan şanlı qələbəmiz münasibəti ilə qurbanlar kəsdirdim.
Hazırda şəhidlərimizin müqəddəs xatirəsi üçün alınmış torpaqlarımızda bulaq tikdirirəm. Bütün bunlar mənim bir azərbaycanlı kimi borcumdur. Şəhidlərin yanğısı hələ də köksümü yandırır. Mən hər bir şəhid anası ilə ana, şəhid bacısı ilə bacı, hər bir şəhid övladı ilə övlad, hər bir şəhid yoldaşı ilə də namus-qeyrət simvoluyam. Azərbaycan qadının dərdi dərdim, yanğısı köksümdə qalanan tonqalımdır. Bütün maddi-mənəvi gücümlə demirəm onların arxasında, deyil, elə onların yanındayam. Hər zaman onlara dəstək verməyə hazıram. Bu mənim vətəndaş borcumdur. Bu hər bir azərbaycanlının vətəndaş borcudur.
Bu məqamda fürsətdən istifadə edərək, hər bir işgüzar azərbaycanlı qadınına üz tutub deyirəm ki, gəlin, bu çətin gündə, çətin məqamda xalqımıza dəstək olaq. Vətən varsa, biz də varıq. Ölkəmiz qələbə qazanıb, ancaq tarixin çox çətin süzgəcindən keçdi bu ölkə. İtki verdik, yüzlərlə qeyrətli oğul itirdik. Gəlin, bu gün xalqımıza sözün həqiqi mənasında dəstək olaq. Axı, biz birlikdə güclüyük.

–Leyla xanım, siz vətəndən kənarda yaşayan bir azərbaycanlısınız. Belə demək olarsa, qürbət adamısınız. Əlbəttə ki, bu sizin öz seçiminizlə bağlıdır. Deyə bilərsiniz, necə oldu ki, seçiminiz qürbətdən keçdi?

- Bəli, mən də, vətəni vətəndən kənarda sevənlərdən oldum. Bu müəyyən səbəblə bağlı idi və mən ölkədən kənarda yaşamalı oldum. Ancaq sizə bütün səmimiyyətimlə bildirmək istəyirəm ki, vətəndən kənarda yaşamaq vətəni unutmaq demək deyil, əksinə, inanın ki, bu bizim missiyamızı bir az da artırır. Düşünün, siz elə yerdə yaşayırsınız ki, sizin ölkənizi sizinlə tanıyırlar. Siz elə davranmalısınız ki, onlar sizə görə və sizin dediklərimizə onlar sizin ölkənizi sevəcəklər. Bütün bunları nəzərə alaraq mən daima Azərbaycanın mənəvi dəyərlərini yüksəkdə tutmuşam. Daim ölkəmizin mənəvi irsini tanımışam.

- Gördüyünüz işləri izləyicilərimizlə də bölüşə bilərsinizmi? Oradakı insanlara Azərbaycanı necə tanıtmısınız?

- Onlara qədimliyimizi, qədimliyimiz qədər də mübarizliyimizi təbliğ etmişəm. Milli bayramlarımızı, gözəl və insani-əxlaqi adətlərimizi geniş şəkildə keçirib, onlara nümayiş etdirmi-şəm. Onlar bizim tədbirlərimizdə– Novruz bayramı və s. adətlərimizə heyranlıqlarını gizlətmədilər. El şənliklərimizi gözəl, layiqli şəkildə təbliğ etdiyimizi düşünürəm. Bütün bunlarla yanaşı hüzn günlərimizi də, “31 Mart 1918-çi il”, “20 Yanvar 1990-cı il”, “26 Fevral Xocalı qətliamı” soyqırımlarla bağlı ümummilli hüzn günlərimizi də unutmur, unutdurmuruq. Xalqımızın başına gətirilən erməni müsibətini burdakı insanlara ən bariz şəkildə çatdırmağa çalışırıq. Bütün bunlar bizim təxirəsalınmaz planlarımızın tərkib hissəsidir. Düşünürəm ki, hər bir xaricdə yaşayan azərbaycanlının ən ümdə vəzifəsi Azərbaycanı layiqincə təmsil etməkdir. Axı bizlər dövlətimizin vətəndən kənardakı simalarıyıq.

- Leyla xanım, bayaq söhbət əsnasında qeyd etdiniz ki, Azərbaycanımızın dilbər guşələrindən birinnə, Ağdama su çəkdirirsiniz. Ata-babalarımızdan bizə ərmağan edilmiş bu təqdirəlayiq təşəbbüsünüzün səbəbini öyrənə bilərikmi?

- Bəli, qeyd etdiyiniz kimi, ata-babalarımızdan bizə miras qalmış bu gözəl adət-ənənəyə sadiq qalaraq, işğaldan azad olunmuş torpağımız Ağdama su çəkdiririk. Qarşıda edəcəyim planlarım çoxdur. Gözəl təşəbbüslərimiz var, onları növbə ilə həyata keçirməyi düşünürük. Mən son anıma qədər Azərbaycan üçün nələrsə edəcəyəm, buna əminəm və qərarlıyam. Düşünürəm ki, bir övlad anasına nələr etsə belə öz borcunu yerinə yetirə bilməz. Bu da vətən qarşısında bizim borcumuzdur, niyə də etməməliyik…
Vətənim, xalqım üçün etdiyim hər addım, mənim ona olan sevgimdəndir. Şair demişkən: “Vətəni sevməyən insan olmaz…”

- Söhbətimizin sonunda yenidən xatırlatmaq istərdik ki, redaksiyamızın bu günkü siması sizsiniz. Günümüzün mübariz, əzmli, bir o qədər də vətənpərvər, yurd sevdalı Azərbaycan qadını Leyla Əhmədova. Gördüyünüz işlər həqiqətən alqışa layiqdir. Biz sizi bütün izləyicilərimiz adından təbrik edir və ugurlarınızın daim olmasını arzulayırıq. Əminik ki, onlar sizi tanımağa şad oldular və bir daha Azərbaycan qadınının şücaətinə əmin olub qürurlandılar.
Bəs siz, bir işgüzar qadın kimi Azərbaycan qadınlarına və eləcə də umayclub.com-a nə demək istərdiniz, nələri arzulayardınız?


- Bilirsiniz, qürbətdə yaşamağıma baxmayaraq, hər zaman qəlbim Azərbaycanla döyünüb, qulağım Azərbaycanda olub. Hələ eşitdiyim xəbər özhəmcinslərimə, qadınlara aiddirsə, bu məni daha da çox sevindirib və ya narahat edib. Zənnimcə, Azərbaycan qadınları bütün dünyanın qadınlarından da yüksək mənəvi keyfiyyətlərə, yüksək əxlaqi dəyərlərə malikdirlər. Azərbaycan qadını daha çox qayğıkeş ana, sadiq həyat yoldaşı, ləyaqətli qız övladlarıdır. Onlara ən böyük arzum, əziz Azərbaycan qadını, gəlin, keçmişdən bizə miras qalmış o mənəvi dəyərləri, o yüksək ləyaqəti heç vaxt itirməyək. İlk olaraq, özümüz bir-birimizə dəstək olaq.

– Siz bir işgüzar xanım kimi öz həmcinsləriniz barədə nə düşünmüsünüz? Bu mövzuda qarşınıza qoyduğunuz məqsədləri bizimlə bölüşməyinizi istərdik.

- Mən nə vaxtsa, Azərbaycana qayıtsam, mütləq qadınlar üçün gözəl layihələr həyata keçirəcəyəm. Əlbəttə, orada bir qadın məsləhətxanası açmağı düşünürəm. Bu mənim ən böyük arzumdur.

- Biz də, Leyla xanıma bu gözəl müsahibə və dəyərli söhbət üçün dərin təşəkkürümüzü bildi-ririk. Vətənin hüdudlarından kənarda belə qəlbi Azərbaycan deyərək vuran, döyünən qəlbiniz heç zaman susmasın deyirik. Uğurlarınız uğurumuzdır, uğurlarınız daim olsun deyirik.

Aynur Turan

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: