Həmvətənimiz Gürcüstanda qubernator müavini vəzifəsinə təyin edilib

Həmvətənimiz Gürcüstanda qubernator müavini vəzifəsinə təyin edilib TƏBRİK EDİRİK!..

Gürcüstanda yaşayan soydaşımız Zaur Darğallı Kvemo-Kartli bölgəsinin qubernator müavini vəzifəsinə təyin edilib.


ZiM.Az xəbər verir ki, bundan öncə o, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri vəzifəsində çalışırdı.

Qeyd edək ki, 1988-ci ildə Marneuli şəhərində anadan olan Zaur Füzuli oğlu Darğallı İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. O, paralel olaraq 2007-2010 illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo-Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. Ailəlidir, bir qızı var.

Zaur Darğallı APA-ya açıqlamasında Kvemo-Kartli bölgəsində yaşayan millətindən asılı olmayaraq hər bir vətəndaşın problemlərini həll olunmasına çalışacağını bildirib: “Ən başlıca istəyim isə azərbaycanlı gənclərin Gürcüstanın ali məktəblərində təhsil alması və dövlət strukturlarında çalışmasıdır. Mən həmişə çıxışlarımda onların ali məktəblərə qəbul olunmasını arzulamışam. Onların Gürcüstanın ali təhsil ocaqlarında oxuması üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Düşünürəm ki, ali təhsilli azərbaycanlı gənclər dövlət dilini öyrənəndən sonra Gürcüstan cəmiyyətinə daha tez inteqrasiya olacaqlar. Bu isə onların ölkənin tamhüquqlu vətəndaşı olması deməkdir”, - Z.Darğallı bildirib.

Sabahına daha böyük ümidlər bəslədiyimiz gənc və bacarıqlı soydaşımız Zaur Darğallını yeni və yüksək vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin rəhbəri,
"Borçalı" İctimai Birliyinin sədr müavini,
“Ziya” qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: