Marneulidə nələr baş verir? - Mer seçkisinin pərdəarxası

Marneulidə nələr baş verir? - Mer seçkisinin pərdəarxası Marneulidə keçiriləcək mer seçkisi ilə bağlı bəzi fikirlərimi sizinlə bölüşmək istərdim. Baxmayaraq ki, hələlik rəsmi olaraq seçki təbliğatına başlanılmayıb, sosial şəbəkə və bəzi saytlarda merliyə bu və ya digər namizəd haqqında mülahizələr yürüdülür, müxtəlif fikirlər səsləndirilir, hətta həmin namizədlərin özlərinin də müvafiq vəzifəyə, məhz, onun özünün daha layiqli kadr olduğunu söyləməsinə rast gəlinir. Qoy olsun, bütün bunlar çox təbiidir və mən burada tam başqa bir məqamdan söz açmaq istəyirəm.

Əvvəla onu qeyd edim ki, merliyə iki namizəd – iqtidarın dəstəklədiyi Zaur Darğallı və yerli gənclərin müstəqil namizəd kimi irəli sürdükləri Əli Bədirov haqqında, ciddi bir söz söyləmək istəmirəm.
Soruşa bilərsiniz – nədən? Məsələn, Z.Darğallı haqqında bu məmləkətdə ağlıkəsən hər bir kəsin malik olduğu bilgidən artıq deməyə bir sözüm yoxdur, yəni, tərcümeyi-halında açıq-aydın göstərilir ki, iqtidarda vəzifəyə QHT sektorundan belə gəlib, filan-fəsməkan dövlət vəzifələrində işləyib, nə bilim, belə “bişib-bərkiyib”… Allah işini avand eləsin, onun barəsində bu qədər…

Ə.Bədirova gəlincə, çox səmimi olaraq demək istəyirəm ki, şəxsən mənim buradakı soydaşımız olan gənclərimiz sırasında o, xüsusi hörmət bəslədiyim, savad və biliyini yüksək qiymətləndirdiyim birisidir, lakin müəyyən obyektiv səbəblərdən onun Marneulidə seçkidə qalib gəlmək şansının sıfıra bərabər olduğuna yüzdə yüz əmin olduğumdan, bəri başdan ona nəsə məsləhət vermək istəsəm də, bu fikrimdən vaz keçirəm, çünki Əli, məndən fərqli olaraq, çox hazırlıqlı hüquqçudur, bəlkə bu “vurhavur meydanına” baş vurmağında özünün daha yaxşı bildiyi nələrsə vardır…

Bu yazıda söyləmək istədiyim əsas fikirlərim digər iki müxalifət namizədi haqqındadır. Əvvəla, Əhməd İmamquliyevlə Aqil Mustafayevin üzvü olduqları və bu seçki üçün onların namizədliklərini irəli sürmüş hər iki partiya rəhbərliyinə üzümü tutaraq söyləmək istəyirəm ki, hazırkı iqtidara müxalif bir qurumlar olaraq, onlar yenə bağışlanılmaz taktiki səhvə yol verdilər.

Finlərin çox ibrətamiz bir məsəli var, deyirlər – o kəsə ayıb olsun ki, səni bir dəfə aldatdı və sənə ayıb olsun ki, kimsə səni iki dəfə aldatdı!

Cənablar, eyni taktiki səhvi neçə dəfə etmək olar?! 2012-ci ildən bu yana iqtidardakı “Gürcü arzusu”na müxaliflər olaraq neçə seçki marafonuna qoşulub, düşərgənizdən vahid namizədə malik olmamaq səbəbindən siyasi rəqibinizə uduzmusunuz?! Nümunə üçün, lap götürək son prezident seçkisini – birinci turda uduzduqdan sonra, guya “səhvlərinizi” başa düşüb, “Güc birlikdədir” seçki blokuna birləşməyiniz nə demək idi?! Daldan atılan bir daş! Həmin addımı elə ilk turdan əvvəl etsəydiniz həmin seçkidə Qriqol Vaşadzenin qalib gələcəyinə şübhənizmi vardı?!

Düzdür, ölkəmizdə may ayının 19-da keçiriləcək bir neçə mer və bir parlament seçkisi üçün vahid namizəd irəli sürmək barədə müxalif düşərgədə razılıq əldə olunduğunu eşidib-oxuyuruq. Çox yaxşı! Bəs, xüsusilə, biz-azərbaycanlılar üçün daha maraqlı olan Marneulidə niyə eyni addımı atmaqdan yayındınız?! Hamıya məlum olanda ki, Marneuli merliyinə “Avropalı Gürcüstan” partiyasından bir siyasətçi kimi artıq həryönlü püxtələşmiş, özünəməxsus xarizmi ilə yerli soydaşlarımız arasında müəyyən nüfuza malik olan Ə. İmamquliyevin namizədliyi rəsmən elan olunub, müxalif düşərgədən ona rəqib qismində A. Mustafayevin namizədliyinin Milli Hərəkat Partiyası tərəfindən irəli sürülməsi nəyə gərəkdi?! Belə addım, birbaşa iqtidar dəyirmanına su tökmək deyilmi?! Belə hərəkət etməklə, sizlər, həqiqətənmi elə hesab edirsiniz ki, hazırkı iqtidara müxalifsiniz?!

Marneulidə nələr baş verir? - Mer seçkisinin pərdəarxası Nə qədər ki, gec deyil, cənablar, hərəkətiniz barədə yaxşı-yaxşı düşünün!
Şübhəsiz, əgər qarşıdakı seçkidə iqtidar namizədini üstələmək fikrindəsinizsə…


P. S.:
Bütün bunlara baxmayaraq, Marneulidə merliyə həm iqtidar və həm də müxalif düşərgədən soydaşlarımızın namizədliyinin irəli sürülməsi gürcü hakimiyyətinin bizlərin bu ölkədə müvafiq vəzifələrə yiyələnmək haqqımızın olduğunu qəbul etməsi baxımından təqdirəlayiq bir haldır. Eyni zamanda yerli dairə seçki komisiyasının heyət tərkibində də soydaşlarımızın (Samtsxe-Cavaxetiya bölgəsində olduğu kimi!) təmsil olunması təmin edilsəydi, bu, əsl ədalət nümunəsi olardı, ayrıseçkilik faktı yox!

Tapdıq Yolcu


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: