Kvemo-Kartlidə (Borçalı) mənzərə ümidvericidir
Musiqi təhsili bütün dünyada təhsilin elitar formalarından biri sayılır. Məsələ heç də onda deyil ki, musiqi məktəbində təhsil almış uşaqlar böyük musiqiçi olsun və yaxud musiqi karyerası qazansın, əsla.
Məsələ uşaqların estetik tərbiyəsi, ümumi erudisiya və düşüncə tərzini genişləndirmək, onların gələcək həyatda daha müvəffəqiyyətli olmalarını, şəxsiyyət kimi dolğunluğunu təmin etməkdədir.
Maraqlıdır, bəs Gürcüstan azərbaycanlılarının kompakt yaşadıqları ərazilərdə, Kvemo-Kartlidə (Borçalı) musiqi məktəbləri varmı? Bu da olmasa, ümumi musiqi təhsili adına - misal üçün dərnək, və ya nəsə başqası varmı?
Bu suallara cavab tapmaq üçün Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları ərazilərə - Marneuli, Bolnisi və Qardabani şəhər mərkəzlərinə yollandıq. Doğrusu, nəsə pozitiv sonluğa ümid verəcək bir əsas yox idi, çünki öncədən Tbilisidə bu haqda soruşduğumuz azərbaycanlılar cavabında çiyinlərini çəkib sadəcə: "çətin ki, olsun" demişdilər.
Lakin həyat hər zaman düşündüklərimizi təkzib etməklə çox zaman neqativ, bəzən isə gözlənilmədən pozitiv sürprizlər
etməkdədir.
İlk öncə gəldiyimiz
Marneuli rayon mərkəzində məlum oldu ki, burada şəhər bələdiyyəsinin maliyyələşdirdiyi musiqi məktəbi mövcuddur.
Burada yeganə ixtisas, fortepiano sinfi üzrə musiqi təhsili almaq olar.
Başqa alətlərin tədrisi isə təəssüf ki, hələlik obyektiv və subyektiv səbəblərdən mümkün deyil.
Uşaqlar burada fortepiano ilə yanaşı, solfegio (solo oxuma) və xor ilə də məşğul olurlar.
Məktəbin direktoru İrina Samxaradze ixtisasca musiqişünasdır, Vano Sarajişvili adına Tbilisi Dövlət Konservatoriyasını bitirib, hazırda isə burada çalışır. Onun dediyinə görə, məktəbdə kifayət qədər çox uşaq (80 nəfərdən çox) təhsil alır, hər il 10-dək uşaq bu məktəbin məzunu olur.
Bu ilin əvvəlində isə 21 uşaq musiqi məktəbinə daxil olub.
Burada təhsil alan uşaqların əksəriyyəti milliyətcə azərbaycanlıdır.
Burada təhsil alan uşaqların əksəriyyəti Marneuli rayon mərkəzindəndir, yalnız çox nadir hallarda ətraf kəndlərdən uşaqları buraya təhsil almağa gətirirlər. Burada çalışan müəllimlərin isə əksəriyyəti ölkənin paytaxtındandır. Bəzən isə elə bu musiqi məktəbinin məzunları buradaca dərs deyir. Müəllimlər arasında milli mənsubiyyəti azərbaycanlı olan iki müəllimə də vardır - Elvina Musayev və Səidə Məmmədova.
Musiqi müəllimələri
Elvina Musayeva Marneuli rayonunda anadan olub, musiqi təhsilini bu məktəbdə alıb, sonra isə onu Bakıda, Asəf Zeynallı adına Musiqi Kollecində davam etdirib. Hazırda bu məktəbdə fortepiano ixtisası üzrə dərs deyən Elvina deyir ki, təhsil repertuarının seçimi zamanı dünya klassikası, rus və sovet dövrü bəstəkarları ilə yanaşı, gürcü və Azərbaycan bəstəkarlarının əsərlərinə də yer verilir. Bunlar uşaqların ümumi estetik tərbiyəsinin daha dolğun olması üçün edilir. Onun dediyinə görə, tədrisin səviyyəsi kifayət qədər yüksəkdir, uşaqlar Gürcüstan üzrə respublika müsabiqəsində də iştirak edirlər, hətta xor üzrə ölkə müsabiqəsində bu məktəbin xoru 3-cü mükafata layiq görülüb. Məktəbi bitirən uşaqlardan bir neçəsi isə təhsilini davam etdirmək üçün Tbilisi Dövlət Konservatoriyasına daxil olub.
Buradan xoş hisslərlə ayrılıb Bolnisi şəhərinə yollanırıq. Orada rastlaşdığımı səhnə isə daha təəcübləndiricidir - məlum olur ki, bu şəhərdə əsası hələ 1959-cu ildən gürcü bəstəkarı və xor dirijoru Zaur Xujadze tərəfindən qoyulmuş musiqi məktəbi fəaliyyət göstərir.
Məktəbin direktoru Valentina Naveriani deyir ki, Bolnisi rayonunda vaxtilə gürcülər, azərbaycanlılar və başqa xalqlarla birgə 1941-ci ilə kimi almanlar da yaşayıb. Onlar həmin dövrdə bu şəhərdə nəfəsli alətlərdən ibarət orkestr yaradıblar və musiqi nəzəriyyəçisi, milliyətcə alman olan Yevgeni Henrixoviç Reitenbach musiqi dərsləri də verirmiş. Lakin 1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması ilə almanlar buradan sürgün edilib və bütün bunlara son qoyulub.
Hazırda Bolnisi rayon mərkəzinin bu musiqi məktəbində də yalnız fortepiano ixtisası, eyni zamanda solfegio, musiqi tarixi və xor da tədris edilir. Hazırda musiqi məktəbində 102 uşaq təhsil alır. Burada oxuyan uşaqların hamısı yalnız Bolnisi şəhərindəndir. Məktəbin Kazareti qəsəbəsində bir filialı da mövcuddur, orada da təqribən 35-40 uşaq oxuyur. Müəllimlərin də hamısı bu regiondan, məhz Bolnisi şəhərinin özündəndir. Musiqi təhsilinə də kifayət qədər maraq var.
Təəssüf ki, burada təhsil alan uşaqlar arasında azərbaycanlılar yoxdur. Məktəb direktorunun dediyinə görə, bu texniki problemlərdən irəli gəlir, çünki burada azərbaycanlılar əsasən ətraf kəndlərdə yaşayırlar və şəhər mərkəzində təhsil alan uşaqları xüsusi mikroavtobus dərs bitən kimi götürüb aparır. Hələ keçən il burada iki azərbaycanlı uşaq varmış, lakin onlar da bu səbəbdən məktəbi tərk etməli olublar. Lakin istənilən halda, bu məktəbin mövcudluğunun özü belə bir imkanın olduğunun təsdiqidir. Əgər bu imkan vardırsa, yəqin ki, ondan istifadə edən də tapılacaq.
Ən maraqlısı avtomobilimizin Qardabani şəhər mərkəzinə çatdığı zaman baş verdi. Rastımıza çıxan yerli sakinlər, əsasən etnik azərbaycanlılar, "musiqi məktəbi burada harada yerləşir" sualımızı, çox qəribə sualla cavablandırdılar: "Gürcü musiqi məktəbi axtarırsız?"...
Doğrusu, bu hal bir neçə dəfə təkrar ediləndən sonra, maşını saxlayıb, yerli sakinlərə musiqi təhsilinin gürcü, və ya azərbaycanlı versiyasının mövcud olmadığını, orada təhsil alan uşaqlara ilk öncə ibtidai musiqi təhsili, sonra isə Bach, Mozart, Beethoven, Çaykovski və s. kimi dünya klassiklərinin əsərlərinin keçildiyini izah etmək zərurəti yarandı... Belə təəssürat yaranırdı ki, hətta musiqi məktəbi mövcud olsa da, bir kimsənin onun varlığından xəbəri yoxmuş.
Lakin bütün bunlara rəğmən, nəhayət ki, rayonun lap mərkəzində aşkar etdiyimiz musiqi məktəbində rastlaşdığımız vəziyyət çox-çox pozitiv oldu.
Məktəbin direktoru Arveladze Maka ixtisasca xor dirijorudur, Vano Sarajişvili adına Tbilisi Dövlət Konservatoriyasını bitirib, hazırda isə 10 ildən çoxdur ki, burada çalışır. Onun dediklərinə görə, məktəbdə kifayət qədər, yəni 100 nəfərə yaxın uşaq təhsil alır və hər il 15-dək uşaq bu məktəbin məzunu olur. Məktəbdə çalışan müəllimlərin isə əksəriyyəti yaxınlıqda yerləşən Rustavi şəhərindəndir.
Burada artıq 35 ildir çalışan Maya Qambişidze və 45 ildən artıq burada fəaliyyət göstərən Uqrexeidze Manananı bu məktəbin veteran müəllimələri adlandırmaq olar. Maya Qambişidze solfegio və musiqi tarixi, Uqrexeidze Manana isə fortepiano ixtisası üzrə burada dərs verir. Onların dediyinə görə, sovet dövründə ənənəvi olaraq 7 (ibtidai) və 11 (orta) illik musiqi təhsilini, Gürcüstanda müstəqillik illərində müvafiq olaraq 6 (ibtidai) və 9 (orta) illə əvəzləmişlər.
Burada da Marneuli və Bolnisi musiqi məktəblərində olduğu kimi uşaqlara yalnız fortepiano ixtisası üzrə dərs keçilir, hərçənd ki, müəllimələrin dediyinə görə, lap bu yaxınlara kimi burada, hazırda təəssüf ki, ixtisara düşmüş violin ixtisası da mövcud imiş.
Burada təhsil alan uşaqların əksəriyyəti elə Qardabani rayon mərkəzindəndir, lakin ətraf kəndlərdən də uşaqları buraya təhsil almağa gətirirlər. Burada təhsil alan uşaqların yarıdan çoxu etnik azərbaycanlılardır. Xüsusilə Hacıyevlər ailəsinin uğurlarını qeyd etmək lazımdır, çünki bu ailədən məktəbdə 3 uşaq - iki qardaş Fikrət, Hacı və onların bacısı Roza Hacıyeva çox böyük uğur qazanıblar.
Ailənin böyük oğlu Fikrət Hacıyev, hazırda violin üzrə təhsilini Rustavi şəhərinin orta ixtisas musiqi məktəbində davam etdirir. Yeri gəlmişkən, Rustavi şəhərində kamera orkestri (dirijoru Şota Kavelişvili) də mövcuddur, bu da bütün bölgənin musiqi həyatını stimullaşdıran faktorlardan biridir.
İstənilən halda Kvemo-Kartlidə (Borçalı) musiqi təhsili ilə mənzərə kifayət qədər ümidvericidir. Burada yaşayan uşaqların bu təhsili almaq, dünya musiqisi, bəşərin əsrlərlə yaratdığı böyük əsərlərlə tanış olmaq imkanı vardır və bu, şübhəsiz ki, onların daxili həyatını zənginləşdirəcək.
==================
Comment:
Гаджи Гаджиев:
Salam, ilk növbədə təşəkkürümü bildirirəm. İkinci növbədə demək sitiyiriəm ki , ailəmizin böyük oğlu Fikrət deyil mən Hacı Hacıyevəm, və üstə gəl Qadabani rayon müsiqi məktəbində yalnız bacım Roza Hacıyeva təhsil alır, mən və qardaşım Rustavidə təhsil alırdıq sonra mən Tiflisə qimnaziyaya daxil oldum, qardaşım isə Rustavi qimnaziyasina. Bu qədər yenə də sağ olun, ümid edirəm gələn səfər başqalarından deyil özümlə əlaqə saxlayıb ətraflı məlumat alarsız... İnşaAllah...
ZiM.AZ
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.