ONUN HAQQINDA GÜNLƏRLƏ DANIŞSAQ
BİTİB TÜKƏNMƏZ...
5 DEKABR İSTEDADLI ŞAİR, PUBLİSİST,
TANINMIŞ DÖVLƏT XADİMİ, ƏMƏKDAR HƏKİM
SƏRDAR KƏRİMLİNİN DOĞUM GÜNÜDÜR.
13 İLDİR Kİ, ARAMIZDA YOXDUR.
YAŞASAYDI 62 YAŞI TAMAM OLACAQDI...
QƏBRİ NURLA DOLSUN!
Sərdar İsa oğlu Kərimli - 5 dekabr 1954-cü il tarixdə Azərbaycanın Göyçə mahalında dünyaya göz açıb.
1972-ci ildə ATU-nun 2-ci müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi bitirmişdir.
Hələ tələbə ikən institutun ictimai həyatında yaxından iştirak edən Sərdar Kərimli tələbə yoldaşlarının, eləcə də bu təhsil ocağının rəhbərliyinin nüfuzunu qazanmışdır.
Öz zəhmətkeşliyi, seçilən həkimlik və təşkilatçılıq bacarığı nəticəsində sıravi həkimlikdən tutmuş Azərbaycan Respublikası Səhiyyə Nazirinin 1-ci müavini (1999-cu ildən ömrünün sonuna) vəzifəsinə qədər yüksəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2000-ci ilin 2 noyabr tarixli fərmanı ilə Sərdar Kərimli Azərbaycan Respublikasının Əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
Gözəl insan, istedadlı şair 2003-cü il dekabr ayının 23-də vaxtsız (49 yaşında ikən) dünyasını dəyişmişdir.
Öz kamalı və qabiliyyəti ilə seçilən, xeyirxah əməlləri ilə, vətənsevərliyi ilə, dost sevgisi ilə Sərdar Kərimli dostlarına, həmkarlarına, ailəsinə və övladlarına təkcə xoş və fərəh dolu xatirələr qoyub getmədi.
O, xalqın qəlbində ölməzlik qazandı!
ZiM.Az
SƏRDAR KƏRİMLİ HAQQINDA DEYİLƏNLƏRDƏN:
PAŞA QƏLBİNUR (Tibb elmləri doktoru, professor, pedaqoq, yazıçı):
- Sərdarda çevrəsindəki adamlardan fərqli olaraq patoloji bir həssaslıq var idi - kəpənək həsaslığı. Səssiz uçan, səssiz qonan, səssiz havalanan, səssiz yeriyən bəzəkli kəpənək həssaslığı. O, qorxardı ki, kimisə qəlbinə dəyə bilər, o qorxadı ki, kimisə incidə bilər, kiməsə ziyan dəyər... Sərdarın 49 illik ömrünü şərti olaraq iki dövrə ayıraq; birinci dövr, indi yad tapdağında qalan Göycəmizdə doğulduğu gündən ta Səhiyyə Nazirliyində işə girdiyi günə qədər olan vaxt. Təxminən 39 illik bir vaxt. ...Bu dövri nəyəsə bənzətsək, bu dövr - kiçik vintçiliyindən tutmuş ta üzməyə hazır olana qədər inşa olunan okean gəmisini xatırladır. ...Bu gəmidə hər şey ölçülü-biçili - elmin, tarixin, dünyanın qanunları ilə hesablanmış... zərgər dəqiqliyi ilə hazırlanmışdı
TOFİQ NURƏLİ (AYB-nin üzvü, həkim, şair):
- Yüksək vəzifələrdə işlədiyi vaxtlarda da mən onun dəyişdiyini görmədim. Elə tələbəlikdəki Sərdar idi... Sadə... Səmimi. ...Çox illər sonra məşhur nəğməsində dediyi kimi onu göylər çağırdı. Düzünü deyim ki, indinin özündə də hərdən mənə elə gəlir ki, o doğrüdan da göylərin çağırışıyla elə göylərə də çıxıb gedib. Və, elə indi də o göylərdədi... Dilim gəlmir başqa söz deyəm, axı o, göylərdədi. Göylər isə, sonsuzdu, lap sonsuz!..
ƏFRAHİM HÜSEYNLİ (AYB-nin üzvü, həkim, şair):
-Mən Sərdar haqqında günlərlə danışsam bitib-tükənməz...
Onu tələbəliyim ilk günündən tanımışam. Bu tanışlıqımız gündən-günə aramızda olan isti münasibətə çevrildi. Onu daha yaxından tanımağa başladım. Etiraf edim ki, səmimiliyi ilə, şirin söhbətləri ilə, əsl kişiyə layiq ağıryana davranışları ilə institutumuzda hamımızdan seçilirdi. O vaxtlar Azərbaycan Dövlət Tibb İnstitutunun orqanı olan "Tibb kadrları uğrunda" qəzetinin nəzdində fəaliyyət göstərən "ÇEŞMƏ" ədəbi dərnəyi bizi daha da bir-birimizə doğmalaşdırdı.
Mən haqq dünyada olan Sərdarın yoxluğuna heç vaxt inana bilmirəm. Onu heç nə, heç bir qüvvə ürəyimizdən silə bilməz! O, həmişə bizimlədir! El səni yaşadacaq, qardaş! Sən bu ölməzliyi dostlara, el-obaya, Vətənə olan sevginlə qazanmısan!
SƏRDAR KƏRİMLİNİN ŞEİRLƏİNDƏN NÜMUNƏLƏR
MƏN QALA BİLMİRƏM, GÖYLƏR ÇAĞIRIR
Torpaqla asiman arasındayam,
Yer məni səsləyir, göylər çağırır.
Cismimi yer çəkir, ruhumu göylər,
Mən qala bilmirəm, göylər çağırır.
Yetişib mənzilim, başadır mənim,
Torpaq, səma - qibləm, qoşadır mənim,
Ömrümü üç balam yaşadır mənim,
Mən qala bilmirəm, göylər çağırır.
Şaqraq gülüşlərim, şən nəğmələrim,
Nakam sevda dolu qəm nəğmələrim,
Bir qu nəğməsiydi son nəğmələrim,
Mən qala bilmirəm, göylər çağırır.
Xoşbəxt tale payım sən - Rəna oldun.-
Şam idim, başıma pərvanə oldun,
Hər bir əzabımdan divanə oldun,
Əfv elə, gedirəm, göylər çağırır.
Rəşidə, boyunun qurbanı olum,
Rəşidəm, mehrinin heyranı olum!
Qoy uçum göylərə tərlanın olum,
Mən qala bilmirəm, göylər çağırır.
Rəşadım, bir dünya könül varımsan,
Nurumsan, möhtəşəm dağ vüqarımsan,
Mənim ciyərparam, ilk nübarımsan,
Bağışla, gedirəm, göylər çağırır.
Sən mənə Nicatsan, sən mənə arxa,
Kişiyə yaraşmaz ölümdən qorxa,
Sınma, bir də gələr su gələn arxa,
Bağışla, gül balam, göylər çağırır.
Dünya pəncərədi, ömür həvəsdi,
Hər bir cəfamıza dözdün də, bəsdi.
İmdadım, imdada yetmə əbəsdi,
Mən qala bilmirəm, göylər çağırır.
Ana, qolların aç, ağla məni,
Sel kimi gözündə yaş, ağla məni,
Artıq yanındayam, qucaqla məni,
Ruhum qala bilmir, göylər çağırır.
Dayağım, sirdaşım olan dostlarım,
Bulud tək boşalıb, dolan dostlarım,
Sizə xatirəmdi qalan, dostlarım,
Mən qala bilmirəm, göylər çağırır.
(18 Noyabr, 2002. Moskva.
Mərkəzi Klinik Xəstəxana)
YAXŞILIQ
Qaranlıq yollarda işıq yandırar,
Dumanın yolunu tutar yaxşılıq.
Soluxmuş gülləri pərvazlandırar,
Arzunu arzuya qatar yaxşılıq.
Nadanı sındırar - hünərsiz eylər,
Gödəldər dilini, kəsərsiz eylər.
Namərdə divanı xəbərsiz eylər
Yamanın gözünə batar yaxşılıq.
Günəşdən ucadır öz baxışıyla,
Ölçülüb çəkilməz dünya varıyla.
Bir insan nəslinin cığırlarıyla
Qayıdıb özünə çatar yaxşılıq.
KÜSMƏ
Dindirsəm, qar yağar qaş qabağından,
Sən məndən deyinib küsəndə, küsmə.
Bu qədər dəyişib sozalmaz, gülüm,
Ayaz dəymiş nərgiz, süsən də, küsmə!
Baxışlar daşıyar hər dərdi, səri,
Baxışlar söyləyər nəğməni, şeiri,
Gözüm kövrək-güllü qafiyələri,
Qumral gözlərinə düzəndə, küsmə!
Köksümdə əriyər həsrət düyünü
Əlim əllərinə dəysə o günü.
İntizarın, sənsizliyin kökünü
Sinəmdən qoparıb üzəndə, küsmə
Alışdırdın mənim sonsuz sevgimi,
Qığılcım - baxışla, yanar qov kimi.
Həsrət dodaqlarım cüt alov kimi
Titrəyib üzündə əsəndə, küsmə!
Sərdarın həyatı gül nəfəsində,
Gəl məni söndürmə bircə əsimdə.
Qaynar baxışının od kürəsində,
Qovrulan da mənəm, dözən də, küsmə!
SAZ
Elə nalə çəkib fəryad etməyin,
Siz Allah, amandı, aman, a tellər.
Kükrəyib, hönkürüb... dindirin məni,
Dağılsın fikrimdən duman, a tellər.
Elə qüdrətlidir onun hər simi,-
Min könül padşahı, min qəlb hakimi...
Gah coşub hayqıran Koroğlu kimi,
Gah da Kərəm kimi yanan, a tellər.
Kərəm qəm içində qovruldu, yandı,
Dilqəmin qüssəsi ərşə dayandı.
Ustad hər halından min dərd duyandı,-
Sizdə sızıldayır zaman, a tellər.
Möhtəşəm bir dağın gur bulağısan,
Sevən könüllərin hicran dağısan.
Ələsgər qəlbinin od saçağısan,
Alovdu köksündən qopan, a tellər.
SIX SAZI SİNƏNƏ...
Sıx sazı sinənə oxu, qardaşım,
Şeirlərin muğan düzündən betər...
Qüssənin şaxtasın, kədərin qışın
Gördüm - cəhənnəmin üzündən betər...
Qüssələr qəlbini oda yaxanda,-
Bağrım şan-şan olur sənə baxanda...
Görüb çekdiyini, vallah, bu anda
Bezirəm canından bezəndən betər...
Sim kimi titrərəm nəfəsdən bele.-
Gəzərəm, dolannam belədən-belə...
Kədər ilan təki dolanar belə,
Çalar namərdləri özündən betər..
Zaman elə əsdi yolları kəsdi..
İndi xeyir şərnən nəfəs - nəfəsdi...
Könlümdən bir duyğu yel kimi əsdi...
Yanar tonqal üstə... gözündən betər!
Həsrətli gözlərdə bir damla yaşam,-
Kürəm, Araz qalıb məndən pərişan.
Dərddən qaralmışam, dərddən yanmışam...
Közüm atəşgahın közündən betər!
Dözülməz sitəmi biz duyanmışıq,
Kədər qabağında düz dayanmışıq,
Alov yaman gəldi, ele yanmishig...
Sən məndən betərsən, mən səndən betər!
***
Fəxrəddin Davudun (Aşıq Davud Qəribin) yazdığı
bir təcnisə cavab, sazda ifa olunub)
1.
Öp gözündən, qoyma küsə küsdümü,
Gözlər necə qıydı mən tək Sərdara
Bu cavan çağında yarın küsdümü?..
Tök saçların sinəm üstə sər, dara.
Qaldı dodaqlarda vüsal-ərdəbil,
Dolan, yarı axtar, eşit, ərdə bil!
Fərhad olsa ağrın alım ər də, bil,-
Doluşar sözündən düşər sərdara
Gəzər gözün göyü, gəzər göy nəyi?
Göylərdən geyinib gözüm köynəyi...
Yaman olub bu hicranın göynəyi,
Ağladar qəribi, gülər Sərdara.
2.
Qərib dostum, yaman kövrəltdin məni,
Dağ üstdən dağladın, Qərib, sinəmi.
Bir şamam, dövrəmdə danış, din, məni
Qoyma, ölüb gedə qərib sinəmi...
Him tökməmiş divar hara, dam hara?
Zümrüddən divar yap, sonra dam ara.
Sən Allah, neştəri vurma damara,
Qoyma gözü yaşlı Qərib Sənəmi.
Qüssələnmə, bax gülənə, gör şadı!
Dərdə dəydi, iti könlüm korşadı.
Bu kədər lesyanı, bu qəm gürşadı
Mənəmi toxundu, Qərib, sənəmi?!
NƏNƏMƏ
Çağırıram səsim sənə yetişsin,
Səslə məni, sən də səslə, ay nənə!
Xumarlanım, qığıldayım qucunda,
Gözləyirəm min həvəslə, ay nənə!
Nur camalın ömrüm üçün yol açar,
Öp dilimdən, onda nəvən dil açar.
"Gəlişimdən, gülüşümdən gül açar",
Gül açanda məni gözlə, ay nənə!
Tələsirəm, qollarında gəzməyə,
Sözlərindən sevinməyə, küsməyə.
Mənim üçün qurban deyib kəsməyə,
Bir qəşəngcə quzu bəslə, ay nənə!
Ömrüm-günüm, ürəyimsən, anamsan
Sən bizlərə pərvanəsən, yanansan.
Mən Rəşadam, sən də mənim Sonamsan!
Sənsiz nəyik, bircə sözlə, ay nənə?!
1980.
ƏFSUN
(nəğmə)
Ruhumu titrədən qənirsiz gözəl!-
Olaydın qəlbimi duyanım, Əfsun!
Dadlı duyğulardan bal röyalardan
Sənin müşk ətrinlə oyanım, Əfsun!
Sən səma elçisi, mələkmi, kimsən?
Yaz dumanı kimi çöküb gəlmisən.
Kəhkəşan nurunu çəkib gəlmisən,
Ulduzum, bəyaz buludum,
Gözlərini necə unudum
Arzular, arzumla umudum
Şəfəqinlə nurlanım, Əfsun!
Ayna qəlbin daim mənimçün olsun,
Könlüm qanadlanıb göyərçin olsun.
Nağıl yuxularım kaş ki, çin olsun,
Mələk şəfəqinlə nurlanım, Əfsun!
Bütün mələklərdən birinci kimi,
Dəryalar cövhəri nur inci kimi,
Sehrkar düzümlü dürr-inci kimi,
Şümşad biləyinə dolanım, Əfsun.
İNCİMƏ
Niyə göylər kimi dolmusan yenə?
Məndən incimisən, gülüm, incimə!
Çən duman bürüyüb gülən çöhrəni
Nədən incimisən, bilim...incimə!
Cazibəndən kənar çətin ki, gəzəm,
Elə ovsunladın məni, acizəm.
Sən mənim ilahəm, pirim, möcüzəm,-
İstəsən səcdənə gəlim, incimə.
Yağdır gül dodaqdan təbəssüm mənə,-
İlğımdan sıyrılsın, tələssin mənə.
Behişt nəfəsindən meh əssin mənə,
Titrəsin telində əlim, incimə.
DÖNSÜN
Röyalı, nəğməli aləmdə sənsiz,
Əzabdı, dözmərəm, ay ilə dönsün.
Nur ümmana çıxan vüsal gəmisi
Azmasın, geriyə, sahilə dönsün.
Ruhumsan, sevgimin qədəri hanı?-
Əngin göylərdəki ulduzlar sanı.
Nəqşi - heyrət qoysun eşqin dunyanı,
Açılsın, əfsunlu tər gülə dönsün.
Razıyam, min dəfə alışım, sönüm...
Əsmər yanağında mən telə dönüm.
Bu eşqə rişələr atanda könlüm,
Avazı qumrovlu bülbülə dönsün!
Rayihən ömrümə bahar çiçəyim,
Əlvan gül üstündə titrək ləçəyim,
Nahaqdan könlünə dəysəm, göyçəyim,
Arzum gözlərimdə niskilə dönsun.
DÖNDÜM
Tanrım, mənə ömür verdin.
Qüdrətinlə selə döndüm.
Gahdan sakit dəniz oldum,
Gah tufana, yelə döndüm...
Mən dönürəm son qalama,-
Ömür, yanma, gəl halıma.
Səni verdim üç balama,
Gün-gün, ay-ay, ilə döndüm.
Fələk, sənlə əyişmədim..
Əcəl, sənlə deyişmədim,
Mən dünyamı dəyişmədim,-
Allah, yandım külə döndüm!
Torpaq, boynuna sarılam..
Əhdinə düz ilqarınam
Səni sevən Sərdarınam,
Sinəndə bir gülə döndüm...
18 Noyabr 2002-ci il
(Moskva, SKB klinikası)
AMAN, NƏDİR BU BAXIŞLAR
Nə zamandır ürəyimə
Heç bilmirəm, daman nədir?
Sərin gəzən küsgün gülüm,
Bu aldanmış güman nədir?
Sevinc dönüb yenə gəlsin,
Bəxt imana, dinə gəlsin,
Dərdin-qəmin mənə gəlsin,
Çöhrəndəki duman nədir?
Bir heyrətli dünyadayam,
Dürr - incili dəryadayam,
Ay insafsız, röyadayam,
Ayıl, nədi, oyan, nədi?!
Qor tökülər, alov daşar,
Aman, nədir bu baxışlar?
Dedi gülünc olma, ey yar,
Son andasan, aman nədir?!
QƏŞƏNGİN NƏĞMƏSİ
(Qoşayarpaq qoşma)
Qovuşaq bir anı, gəzək dünyanı...
Gəzək bir gümanı deyə, qəşəngim.
Qoyma bu dumanı, bahar leysanı
Qumral saçlarını döyə, qəşəngim!
Qom hörüklər nizam, tel düzüm-düzüm,
Gəlmir üzüm sənə, deyim sirr-sözüm.
Yox gecəm-gündüzüm, həsrətdi gözüm,
Ola bir təbəssüm deyə, qəşəngim!
Məndən kənar gəzən, bircə biləsən,
Necə dözür görən bu dərdə dözən.
Qumrovlu qəh-qəhən qıylanmır nədən,
Niyə dönükmüsən, niyə, qəşəngim?
Çevir mənə sarı od yanaqları,
Lalə dodaqları gizlətmə barı.
İncitmə Sərdarı, qoyma yadları,
Düz əhdi-ilqarı əyə, qəşəngim!
BİR GECƏ
Taleyimə düşən paydı gecələr,
Günlərimi yaman saydı gecələr.
Görən bizə necə qıydı gecələr?-
Şirin gecə, nağıl gecə, sirr gecə.
Bir sevdaydı, dayanaraq üz-üzə,
Əl-ələydik, göz-gözəydik, diz-dizə.
Saçlarına, hər gələndə sən bizə,
Ulduzlardan səpilirdi zər gecə.
Yalvarardım, danış yenə, din yenə,
Sənin üçün darıxmışam mən yenə,
Deyərdim ki, qurban olum, sən yenə
Saçlarını sinəm üstə sər gecə.
Öyrənmişdim tellərinin ətrinə,
Nəfəsinin, əllərinin ətrinə.
Bilirsən ki, təkcə sənin xətrinə,
Sübhə qədər dayanardım hər gecə
Tez unutdun gecələri nədənsə,
Gəzdiyimiz küçələri nədənsə,
Çağırmadım, nə mən geri nədənsə,
Nə sən geri qayıtmadın bir gecə...
OCAQ
Bir qayadı, dara çəkər zülməti,
İşığıyla pardaqlayar gecəni.
Üzük kimi şölə saçar yamacda,
Nişan taxıb adaxlayar gecəni.
Layladırmı?.. dodağından çağlayar,-
Mürgü döyən kar qayalar laxlayar.
O tay - bu tay qaranlığı bağlayar,
Bir yamaca çataxlayar gecəni.
İstəyini istiləyər, gözlədər,
Arzusuna əlin dəysə gizlədər.
Günəş çıxsa işığını gizlədər,
Öz külündə soraqlayar gecəni.
Tapılıbdır ulduzlara bir bacı,
Yanağı od, hörükləri nur tacı.
Özü boyda qaraldaraq yamacı,
Gündüzlərə pay saxlayar gecəni...
ÖTƏN GÜNLƏRİM
Gəncliyimdən qopan, ömrümdən qopan,-
Axan ulduz kimi itən günlərim.
Hicran sızıltılı, vüsal nəğməli,
Ay ötən günlərim, ötən günlərim!
Siz ki, yarandınız günəşdən, nurdan
Uçub ayrıldınız bir-bir ömürdən…
Çiçək-çiçək olan, ulduza dönən,
Çilənib göylərə bitən günlərim,
Ay ötən günlərim, ötən günlərim!
Hər anı mehr idi, ünsiyyət idi,
Bir dünya eşq idi, səadət idi.
Naxışı, zinəti məhəbbət idi,
İlğıma döndünüz nədən, günlərim?
Ay ötən günlərim, ötən günlərim…
Tanrı yaratdığı bir sehr olaydı,
Bütün ayrılıqlar kaş qəhr olaydı…
Yenidən çağlayan gur nəhr olaydı
Nağıl qanadında gedən günlərim.
Ay ötən günlərim, ötən günlərim…
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.