ZAKİR NƏBİZADƏ (1949)

ZAKİR NƏBİZADƏ (1949) Tanış olun:

Zakir Məhəmməd oğlu Nəbizadə
- 1949-cu il sentyabr ayının 2-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində müəllim ailəsində — Darvaz xalqının təhsil almasında əlindən gələni edən və onların təhsil almasında böyük əməyi olan, kənd orta məktəbinin ilk müəlimlərindən biri olan Nəbizadə Məhəmməd Nəbi oğlunun ailəsində dünyaya göz açıb.

O, 1956-cı ildə Darvaz orta məktəbinin 1-ci sinfinə gedib, 1966-cı ildə həmin orta məktəbi əla qiymətlərlə başa vurub.
1966-cı ildə ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika faültəsinə daxil olub, 1972-ci həmin fakültəni müvəffəqiyyətlə bitirib.
1972-1974-cü illərdə Ukraynanın müxtəlif şəhərlərində (Luon, Lifomiz, Çernovski) ordu sıra­la­rında həkim kimi xidmət edib, polk komandirinin tibbi işlər üzrə müavini vəzifəsində çalışıb. O, bir zabit kimi dövlət qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirib.

Hərbi qulluğu başa vurduqdan sonra Z.Nəbizadə doğma Bolnisi rayonuna qayıdıb, bir neçə ay rayon xəstəxanasının poliklinikasında həkim işlədikdən sonra
qonşu Ağbulaq (indiki Tetri­skaro) rayonundakı Mərkəzi xəstəxanasına cərrah təyin olunub. 1974-1977-ci illərdə burada çalışıb. Bu müddət ərzində öz biliyini artırmaq məqsədilə o, bir neçə dəfə Tbilisi Həkimləri Təkmilləşdirmə İnstitutunda kurslar keçib. Belə ki, 03.08.1975-21.12.1975-ci ildə - bəd xassəli şişlərin diaqnostikası və müalicəsi üzrə; 26.08.1976-21.12.1976-cı ildə ümumi cərahiyyə üzrə kursların müdavini olub.

1977-1978-ci illərdə Ukraynanın Xarkov şəhə­rindəki Cərrahiyə İnstitutunda və İnstitutun bazası olan 4 №-li mərkəzi təcili yardım xəstəxanasının III cərrahiyyə şöbəsində cərrah-ordinator kimi fəaliyyət göstərdikdən sonra yenidən doğma Bolnisiyə qayıdıb.

1978-1982-ci illərdə Bolnisi rayon Mərkəzi xəstəxanasında cərrah-travmatoloq işləyib.

Zakir Nəbizadə 29.08.1983-30.12.1983-cü ildə ortopologiya üzrə Tbilisi Həkimləri Təkmilləşdirmə İnstitutunda, 1983-1985-ci ildə Gürcüstan SSR-in Mərkəzi Elmi-Tədqiqat Travmotologiya və Ortopologiya İnstitutunda travmatologiya-ortopediya üzrə iki illik kliniki ordinaturada təhsilini davam etdirib.

Ordinaturanı bitirdikdən sonra yenidən fəaliyyətini Bolnisi rayon Mərkəzi xəstəxanasında davam etdirib, 1990-cı ilə kimi həmin xəstəxanada cərrah-travmatoloq işləyib. Qeyd etmək lazımdır ki, Z.Nəbizadə Bolnisi rayonunun mərkəzi xəstəxansında çalışan ilk azərbaycanlı cərrah travmatoloq olmuşdur.

1990-cı ildə bir çox soydaşlarımız kimi Zakir Nəbizadə də Bakıya köçməyə məcbur olmuşdur. O, elə həmin vaxtan Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mikrocərahiyyə, travmotoloji və plastik cərrahiyyə şöbəsində çalışır.
2001-ci ildən həmin şöbənin müdiridir.

Zakir Nəbizadə 1993-cü ildə Azərbaycan Səhiyyə Nazirliyinin göndərişi əsasında Türkiyənin Ankara şəhərində Travmotologiya və Plastik cərahiyyə üzrə kurslar keçmişdir.

O, 1990-cı ildən indiyə kimi bir neçə səmərələşdirici təkliflərin müəllifidir:
1. Qeyri-sərbəst dəri plastikası üzrə.
2. Dəri plastikasının üsulları üzrə.
3. Aşağı ətrafların yumşaq toxuma deffektinin venoz-fasial loykutla plastikası üzrə.
4. Dartıcı-sıxıcı aparat (sümüklərdə ostiosintezi üçün).

Z.Nəbizadə həm də “Tibbdə istifadə olunan manipulyasiya və müayinə metodlarının texniki icra olunma qaydalarına dair” bir kitabın müəllifidir.

Zakir Nəbizadə ailəlidir. Həyat yoldaşı da həkimdir. İki qızı, iki oğlu var. Övladlarından ikisi vlideynlərinin yolunu davam etdirirlər.
Belə ki, oğlu Rauf Nəbizadə My Webpage - Azərbaycan Tibb Universitetini və ixtisası üzrə aspiranturanı bitirib, hazırda Tibb Universitetinin neyrocərrahiyyə kafedrasında və Respublika Neyrocərrahiyyə xəstəxanasında çalışır.

Qızı Ülviyyə də Tibb Universitetini bitirib, hazırda Türkiyənin Egey Universitetində uzmanlıq dərəcəsi almaq üçün təhsilini davam etdirir.

Biz də Zakir həkimə uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli işində uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.


(Bax: Borçalı Ensiklopediyası. IV cild. Borçalı həkimləri. Bakı, 2001-ci il, səh.104-106.)




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: