“Həyatımı körpələrin sağlamlığına həsr etmək, ən böyük arzum idi...”

“Həyatımı körpələrin sağlamlığına  həsr etmək, ən böyük arzum idi...” Redaksiyamızın bu günkü qonağı
Respublika Perinatal Mərkəzin
“Yenidoğulmuşların intensiv terapiyası və reonimasiyası”
şöbəsinin bölmə müdiri
Könül xanım Məmmədovadır.


...Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda, xalqlar arasında həkim cəmiyyətin daha çox sevilən hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.
Haqqında söz açmaq istədiyimiz Könül həkim də, sevilən-seçilən həkimlərimizdən biridir. O, özünün söylədiyi kimi bu günədək mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, körpələrin sağlamlığına, xoşbəxtliyinə həsr edibdir.

Beləliklə...

Dünyaya göz açdığı dilbər bir bölgədə, sevdalar dolu ilk gənclik illərinə çatar-çatmaz qəlbinə bir arzu hakim kəsildi. Həkimlik arzusu. Varlığından, könül bulağından çağlayan bir səs vaxt ötdükcə ona anlatdı ki, Könül bu işlqlı dünyaya bir müddət sonra qeyri-adi biliyə, təcrübəyə malik həkim ömrü yaşamaq üçün gəlib. Beləcə... Gənc qızcığaz ümdə arzusuna qovuşmaq üçün oxudu, öyrəndi, daim öz üzərində çalışdı.

“Həyatımı körpələrin sağlamlığına  həsr etmək, ən böyük arzum idi...” Haqqında arayış:
Könül Nüsrət qızı Məmmədova 1977-ci il iyulun 18-də Ağdam şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1993-cü ildə Ağdam şəhərindəki 8 nömrəli orta məktəbi uğurla başa vurub, 2000-ci ildə isə Nəriman Nərimanov adına ADTİ-nun pediatriya fakültəsini bitirib. Daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 2 il pediatr-neonatoloq ixtisası üzrə klinik ordinatura keçib. 2003-cü ildən bu günədək Respublika Perinatal Mərkəzdə çalışır. Hazırda “Yenidoğulmuşların intensiv terapiyası və reanimasiyası” şöbəsinin bölmə müdiridir. 20 ildən artıqdır ki, eyni ünvanda çalışmaqla sevimli peşəsinin yorulmaz daşıyıcısıdır.

Könül həkim: “Həyatda qazandığım bütün uğurlarıma görə valideynlərimə borcluyam” – deyərək, aram-aram danışmağa başladı:
- Atam - Nüsrət Məmmədov uzun illər 1993-cü ilə qədər Ağdam şəhərində tikinti idarəsində məsul vəzifədə çalışıb. Sonradan ixtisası üzrə Bakı şəhərində işləyib. Digər soydaşlarımız kimi 1993-cü ildə bizim ailəmiz də qaçqınlıq dövrü yaşayanda artıq mən orta məktəbin X, qardaşlarım isə məndən aşağı sinifdə oxuyurdular. Ürək ağrısı ilə qeyd edim ki, bizim qayğısız uşaqlıq çağlarımız, bəzən çılğın, bəzən coşğun, arzu dolu, istək dolu yeniyetməlik dövrümüz, ötənlərlə bağlı şirin, kövrək xatirələrimiz... daha nələrimiz... nələrimiz... hamısı yurd yerimizdə, elimizdə-obamızda, isti ocağımızda - Ağdamda qaldı. O illər... o xoşbəxt çağlar indi də gözlərimizin önündə canlanır (kövrəlir)...
...Vətən həsrətinə, yurd-yuva ayrılığına insanda güclü dözüm, böyük iradə möhkəmliyi, səbr, təmkin olmalıdır ki, bu ağrıya-acıya, nisgilə tab gətirə bilsin. Taleyin amansızlığından əyilməsin, sınmasın, özünü toplamağı, ayaq üstündə dayanmağı bacarsın.
Valideynlərimiz birgə 3 övlad böyüdüblər. Hamımıza nümunəvi tərbiyə, ali təhsil veriblər. Mən həkimliyi sevib-seçdim. Hikmət Nüsrət oğlu Məmmədov ixtisasca hüquqşünas, kiçik qardaşım Ceyhun isə mühəndisdir. Məhz bu baxımdan həyatda qazandığım bütün uğurlarıma görə valideynlərimə borcluyam.
Fikrimcə, insanın Vətəninə, Millətinə, Torpağına yararlı bir vətəndaş kimi yetişməsində valideynlərinin, tərbiyə aldığı ailənin, böyüdüyü mühitin rolu böyükdür. Bu baxımdan ata-anamızın mənəvi keyfiyyətləri, nəcib dəyərləri, xeyirxah əməlləri, dürüstlüyü, zəhmətsevərliyi, bütünlüklə nümunələri bizim üçün əsl həyat qanunu idi. Çünki bu nümunə bizim həyat yolumuzda sonradan da ən böyük məktəbə çevrildi. Bəzən bizə elə gəlirdi ki, valideynlərimiz sanki... anadangəlmə ədalət və ləyaqət hissinə bürünüblər. Heyfslənirəm ki, torpaqlarımızın işğaldan azad olunmasını görmək, illərlə gözlədikləri o həsrətin sevincini yaşamaq valideynlərimizə qismət olmadı.
Atam 1998-ci ildə 54 yaşında, anam - İlduzə Məhəmməd qızı Məmmədova isə 2021-ci ildə 71 yaşında dünyalarını dəyişdilər. Yeri gəlmişkən, qeyd edim ki, atam rəhmətə gedəndə mənim 21 yaşım var idi. O, dünyasını dəyişəndən sonra ailəmizin bütün ağırlığı, qayğıları anamızın üzərinə düşdü. Orta təhsilli olmasına baxmayaraq, anam bütün çətinliklərə sinə gərdi, övladlarının ali təhsil almalarına böyük zəhmət sərf etdi. Elə hey... irəliyə can atmağımızı, daim uğur qazanmağımızı istəyirdi. Həyatsevərliyi, zəhmətsevərliyi ilə sanki... bizdə böyük ruh yüksəkliyi yaradırdı o. Valideynlərimizin əziz və unudulmaz xatirələri qəlbimizdə həmişəlik yaşayacaqdır. Onlara Tanrıdan hər zaman rəhmət diləyir, ruhları şad, məkanları cənnət olsun deyirik....

... Ağ xalatlı mələklərdir həkimlər: bir inamlı baxışı, bir ümidli sözü ilə xəstələrə məlhəm olan mələklər...
- Könül xanım , söhbətimiz boyu aydın oldu ki, körpələrə, uşaqlara olan məhəbbətiniz Sizin bu peşəni seçməyinizdə əsas meyar olubdur...
- Bəli. Körpələri sevdiyimə görə bu peşəni seçdim. Mən onlarla birlikdə yaşayıram. İşimi çox sevirəm. Evdə qərar tuta bilmirəm. Bu səhiyyə ocağından qucağı dolu gedən hər ananın körpəsinin sağlam həyata qayıtmasında bizim komandamızın, həkimlərin, tibb bacılarının, görünməyən qəhrəmanların əməyi böyükdür. Deyərdim ki, öz ömrümüzdən ömür qatırıq körpələrin həyatda qalmalarına. Gecələr də rahatlıq tapmırıq. Korpələrdəki dəyişikliyi öyrənmək üçün yalnız növbətçi həkimlə vaxtaşırı əlaqə saxlayırıq. Lazım gələn məsləhənimizi veririk. Ailəyə, övlada lazım olan qayğını, diqqəti isə vaxtlı-vaxtında yerinə yetirə bilmirik. Bütün fikrimiz xəstəxanada körpələrin yanında olur. Bütün bunlarla yanaşı ağır xəstələrimiz olanda iş saatlarımızdan da qat-qat artıq işləyirik. Körpələri xəstəxanadan sağlam yola salanda ali hisslər keçiririk. Belə vaxtlarda çəkdiyimiz zəhmətin, yuxusuz gecələrin bəhrəsi kimi yorğunluğumuzu da unuduruq. İnsansevərlik, mərhəmətlilik, xeyirxahlıq nə gözəldir, - deyirik...
Perinatal Mərkəzə Azərbaycanın bütün bölgələrindən hamilə qadınlar, illərlə övladı olmayanlar, ağır patoloji hamiləlik keçirən analar müraciət edirlər. Mənim şöbəmdə əsasən vaxtından əvvəl doğulmuş körpələr, eləcə də son 2 ildə hamiləlik dövründə kovid keçirən analardan dünyaya gələn anadangəlmə pnevmaniyalı uşaqlar müalicə olunurlar. Bununla yanaşı buraya digər xəstəxana və özəl klinikalardan da vaxtından əvvəl doğulmuş uşaqlar köçürülür. Perinatal Mərkəzdə özəl klinikalarda körpələrinin müalicəsi üçün maddi imkanları olmayan anaların, körpələrin qəbulu da həyata keçirilir. Yeri gəlmişkən qeyd edim ki, biz maddi vəziyyəti daha ağır olan analara imkanımız daxilində köməklik göstərməyə çalışırıq. Xəstəxanamızda müalicə ilə birgə körpələrə hərtərəfli qulluq da olunur. Uşaq peonimasiyasında əsas iş, körpələrə gecə-gündüz qulluq etmək tibb bacılarının üzərinə düşür. Şübhəsiz ki,körpələri sevmədən istədiyin nəticəni də ala bilməzsən. Devizimiz belədir: “Təmiz əllər, isti ürəklər”...
Perinatal Mərkəzə müraciət edən anaların adları kimi taleləri də müxtəlifdir. Dərdləri övladsızlıqdır. Övlad dünyaya gətirəndən sonra çox xoşbəxt olurlar. Ötən illər ərzində bu səhiyyə ocağında onlarla sayda əkizlər, üçəmlər, hətta dördəmlər, eləcə də 600, 800, 900 qram çəkidə olan körpələrimiz dünyaya gəliblər. Onların yaşaması üçün biz iki-üç aylarla gecə-gündüz çalışmışıq. Şükürlər olsun ki, zəhmətimiz itməyib, yaşada bilmişik. Rayonlardan gələn analara əsasən ana südünə görə körpələri sağalanadək yer ayırırıq. Bakı şəhərində yaşayan analar isə lazım gələn müddətə qədər körpələrinə gün ərzində iki dəfə ana südü gətirirlər. Vaxtından əvvəl doğulmuşlar üçün ana südü əvəzolunmaz nemətdir.
Perinatal Mərkəzdə 2021-ci ildə Goranboy rayonunda məskunlaşmış bir ailənin 20 ildən sonra əkiz oğlan uşaqları dünyaya gəldi. Özü də Prezidentimizin doğum günündə. Valideynlər xəstəxanada övladlarının birinin adını Heydər, digərinin adını isə İlaham qoydular. Əkizləri sağlam vəziyyətdə evə yola saldıq.

...Belə qənaətə gəlirik ki, gərgin, narahat bir ömür yaşayır Könül həkim. Ancaq gərgin olduğu qədər də şərəfli, mənalı. Çünki bu narahatlıq neçə ananın, dünyaya gələn körpənin sağlam gələcəyi ilə bağlıdır. Və nəticədə ömürlərin davamı kimi ailələrə bir dünya sevinc, bir dünya xoşbəxtlik süzülür bu narahatlıqlardan. Eyni zamanda minnətdarlıqlara, alqışlara, dualara dönür. Könül həkimin ömrünə ən gözəl bəzəyi çəkir, ən gözəl naxışı vurur. Onun bu yuxusuz gecələri, bu narahat dünyası ana məhəbbətindən, sağlam həyat bəxş etdiyi körpə sevgisindən doğur. Elə bu müqəddəs peşəni seçməyi də körpələrə sevgisinin böyüklüyündən yaranıb. Bu gün də qucağında körpəsi ona üz tutub, şəfa mələyi bilib pənah gətirənlərə əsl ümid işığıdır Könül həkim.
Könül həkim yeri gəlmişkən, birgə çalışdığı həkim kollektivindən də razılığını bildirdi:
- Sevinirəm ki, nümunəvi bir səhiyyə ocağında, mehriban bir kollektivdə çalışıram. Respublika Perinatal Mərkəzinin direktoru v.i.e. Məryəm xanım Rzayevanın ibrətli bir ifadəsini nümunə gətirmək istəyirəm O, hər zaman - biz bu səhiyyə ocağında bir ailəyik sözlərini söyləyir... Onun bu ifadəsi gündəlik işində, əməlində, kollektivin hər bir üzvinə, analara, körpələrə münasibətində, diqqət və qayğısında da, özünü təsdiq edir. Məryəm xanım böyüklə böyük kimi, kiçiklə kiçik kimi davranır, heç kəsi əlacsız qoymur. Maraqlı insandır, sədaqətli, xeyirxah və qədirbiləndir. Eyni zamanda tələbkar və uzaqgörəndir. Biz olduqca sağlam və rahat bir mühitdə, şəraitdə çalışırıq. Deyərdim ki, bu səhiyyə ocağı bizim ikinci evimizdir.
- Şəhid və qazi ailələrinə ikiqat diqqət və qayğı ilə yanaşırıq. Xəstəxanadan çıxarkən onların ailələrini, körpələrini sevə-sevə, qucaq dolu hədiyyələrlə yola salırıq.
Kiçik bir haşiyə:
Respublika Perinatal Mərkəzin direktoru v.i.e. Məryəm xanım Rzayevanı eyni ünvanda nə az, nə çox düz 25 ildən artıqdır ki, tanıyırıq. O, hər dəfə bizimlə Azərbaycan qadınına, həkiminə, ziyalısına yaraşacaq bir mədəniyyətlə, səmimiyyətlə görüşübdür. Maraq doğuran odur ki, günün hansı saatında olursa-olsun Məryəm xanım xəstəxanadadır., anaların vəziyyəti ilə maraqlanır, körpələri müayinə edir, həkim kollektivi ilə nələrisə müzakirə edir, dəqiqləşdirir, bir sözlə, elə bir sahə olmur ki, gün ərzində onun nəzarətindən kənarda qalmış olsun. Bütün diqqətini, qüvvəsini işinə, rəhbərliyinə yönəldən bu insan hər cür bər-bəzəkdən də uzaqdır. O, daim məşğul və yorğun görünür. Bu bir həqiqətdir ki, Məryəm xanım anaların və körpələrin sağlamlığı naminə çox vaxt yuxusuz gecəsini də xəstəxanada keçirir. Onun yenə iş saatı sona yetmir. Beləcə... Onun həyatında günlər, aylar bir-birini əvəz edir... Bu baxımdan təkcə öz ömrünü yaşamır Məryəm həkim. Qırılmağa qoymadığı anaların, körpələrin ömrünün davamındadır o... Eləcə də açılan sabahlarda çoxlarının yenidən ümid başlanığıcı, inam qazancıdır o... Məlumdur ki, sağlamlığı bahasına...
... Könül həkim həm də qayğıkeş anadır. Həyat yoldaşı Araz Mikayıl oğlu Seyidov ixtisasca mühəndisdir. Birlikdə 2 qız, 1 oğlan böyüdüblər. Övladlarının hər üçü Bakı şəhəri 20 nömrəli məktəb-liseydə təhsil alırlar.

Son olaraq:
Könül Məmmədova bir həkim kimi gələcəyə inamlıdır, arzuları, diləkləri nurludur.
... Mən körpələri, uşaqları varlığım, doğma övladlarım qədər sevirəm. Ailələrə xoşbəxtlik, körpələrə sağlamlıq, firavanlıq arzulayıram deyir... İstəyir ki, körpələrimiz ağlamasın, çiçəklərimiz solmasın. Günəşimiz parlasın, çıraqlarımız gur yansın, topağımız bərəkətli, bulağımız qaynar, səmamız daim aydın olsun. Yurdumuz, məmləkətimiz günü-gündən çiçəklənsin.
Şükürlər olsun ki, haqqın-ədalətin tərəfində olan Tanrıya uzanan əllərimiz, dualarımız nəticəsiz qalmadı. Arzularımız çin oldu. Xalqımızın 30 illik torpaq həsrətinə birdəfəlik son qoyuldu.
Göründüyü kimi Könül Məmnmədovanın arzuları safdır, böyükdür. O, bir həkim kimi sülhsevərdir, insanların sağlamlığını, xoşbəxtliyini, Günəşli Vətənimizin azadlığını, firavanlığını düşünür və bu amal uğrunda çalışır.

Biz də öz növbəmizdə ömrünü zərrə-zərrə sevincə, sevgiyə, səadətə xərcləyən və bundan qətiyyən yorulmayan bir həkimə- Könül xanıma bu şərəfli, şəfqətli yolda Tanrı kömək olsun- deyirik! Ona şəxsi həyatında möhkəm cansağlığı, müqəddəs peşəsində yeni-yeni uğurlar arzulayırıq!..

Xanım Bilalqızı,
AJB-nin üzvü
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: