Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)
ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..
Akademik FƏRMAN GÜLMƏMMƏDOV - 80
Təbrik edirik!..


FƏRMAN GÜLMƏMMƏDOV
SSRİ-nin Səhiyyə Əlaçısı,
Ukrayna Ali Məktəb Elmlər Akademiyasının akademiki,
Ukraynanın Əməkdar elm və texnika xadimi,
tibb elmləri doktoru, professor
(1939)

Fərman İbrahim oğlu Gülməmmədov
- 1939-cu il noyabrın 7-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Lüksemburq (indiki Bolnisi) rayonundakı Darvaz kəndində anadan olub.
1947-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə gedib, sonra təhsilini Bolnisi qəsəbəsində rus orta məktəbində davab etdirib. 1957-ci ildə orta məktəbi bitirdikdən sonra bir il kolxozda işləyib.
1958-ci ildə Ukraynanın İ.Stalin adına Donetsk Dövlət Tibb İnstitutuna (indiki M.Qorki adına Donetsk Milli Tibb Universiteti) daxil olub, 1964-cü ildə isə həmin institutu müvəffəqiyyətlə bitirib.

1964-cü ildən Volnovaxa Rayon Mərkəzi Xəstəxanasının sahə xəstəxanasında həkim-pediator kimi fəaliyyətə başlayıb. Sonra fəaliyyətini Donetsk vilayət xəstəxanasında həkim-pediatr kimi davam etdirib. Az sonra isə həmin xəstəxanada Klinik-cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Fərman Gülməmmədov hələ orta məktəbdə təhsil aldığı günlərdən elmin sirlərini öyrənməyə dərindən maraq göstəririb. Odur ki, o, ali təhsilini başa çatdırdıqdan sonra təhsilini ordinaturada davam etdirib. 1969-cu ildə Donetsk Tİ-nin 1 nömrəli ümumi cərrahiyyə kafedrasında klinik ordinaturaya qəbul olunub, elmin sirlərinə dərindən yiyələnib, 1971-ci ildə oranı müvəffəqiyyətlə bitirib və elə həmin il “Mədə rezeksiyasından sonra ilkin ağırlaşmaların profilaktikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi alıb.

O, 1984-cü ildə “Yoğun bağırsaq xəstəliklərində cərrahi müalicə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
1985-1988-ci illərdə F.Gülməmmədov Donetsk Tİ-nin ümumi cərrahiyyə kafedrasında assistent işləyib.
1990-cı ildə ona professor elmi adı verilib.

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939) F.Gülməmmədov 1991-1994-cü illərdə Azərbaycanda — Bakı şəhərində işləyib və Azərbaycan Elmi Tədqiqat Qastroenterologiya İnstitutunun professoru vəzifəsində çalışıb, bağırsaq xəstəliklərinin cərrahi əməliyyatları sahəsinə rəhbərlik edib.

F.Gülməmmədov 1995-ci ildə yenidən Ukraynaya qayıdıb və elə o vaxtdan da Donetsk Tibb Universitetinin "Ümumi cərrahlıq” kafedrasının müdiri vəzifəsində işləyir.
O, əla diaqnost, yüksək kateqoriyalı cərrah-proktoloqdur, müxtəlif cərrahi xəstəliklərdə bir çox operativ əməliyyatlar aparır. Bütün yeni, qabaqcıl təcrübəni klinikada fəal tətbiq edir.

Prof. Fərman Gülməmmədov elmi tədqiqat və praktik tibbi fəaliyyətinə görə keçmiş SSRİ-nin Səhiyyə Ə’laçısı adına layiq görülüb, Ukrayna Prezidenti tərəfindən Jukov medalı ilə və bir sıra mükafatlarla təltif olunub.
Onun rəhbərliyi altında 2 doktorluq və 13 namizədlik dissertasiyası müdafiə olunub.

Öz ailəsi üçün o, həkim nəslinin başlanğıcı olub. Onun böyük oğlu Artur neyrocərrahdır. İkinci oğlu Polad ümumi cərrahiyyə kafedrasının professorudur və o, 26 yaşında dissertasiyasını müdafiə edib. Onun iki qızı da tibb sahəsini seçib. Leyla Bakıda ginekoloq işləyir. Mədinə isə Tibb Univeristetində təhsilini başa vurub. Bu sənəti daha sonra nəvələr davam etdirir. Valentin öz babasının şöbəsində həkim işləyir, Lena da Tibb Universitetini bitirib.

Donesk vilayəti azərbaycanlıların konqresinin sədri Malik Zahidoğlu
öz həmyerlisi haqqında fəxrlə danışır:

“Onun bizim təşkilatda olması ilə fəxr edirik. O, ən yüksək hörmətə layiq bir şəxsiyyətdir. O, əvəzolunmaz və nüfuzlu bir insandır. Biz uzun illərdir ki, əməkdaşlıq edir, problemləri birlikdə həll edirik, uğurlara sevinib bayramlarımızı birlikdə qeyd edirik. Fərman Gülməmmədovun yubileyi bizim üçün bayramdır. Biz onun tibb sahəsindəki uğurları ilə yanaşı yüksək insani keyfiyyətlər ilə də fəxr edirik”.

Prof. Fərman Gülməmmədovun elmi və pedoqoji fəaliyyətinin nəticələri 550-dən çox elmi əsərdə, 3 fundamental monoqrafiyada öz əksini tapıb. O, bu müddət ərzində 50 beynəlxalq, ittifaq və respublika səviyyəli elmi konqres, müşavirə və konfranslarda çıxış edib, onlarla elmi məqalələr çap etdirib. 16 ixtiranın və 32 səmərələşdirici təklifin müəllifidir.

F.Gülməmmədovun əmək fəaliyyəti 2002-ci il oktyabrın 4-də “Ukraynanın Əməkdar Elm və Texnika Xadimi” fəxri adı ilə qiymətləndirilib. O, Ukrayna Ali Məktəb Elmlər Akademiyasının akademiki, namizədlik və doktorluq dissertasiyaları müdafiə şurasının üzvüdür.

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından
Ukrayna Ali Məktəb Elmlər Akademiyasının akademiki,
dəyərli soydaşımız, Ukraynanın Əməkdar Elm və Texnika Xadimi,
Donetsk Tibb Universitetinin "Ümumi cərrahlıq” kafedrasının müdiri,
tibb elmləri doktoru, çox hörmətli professor Fərman Gülməmmədovu qarşıdan gələn
80 illik Yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və
şərəfli elmi-tibii fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



(Bax: Müşfiq ÇOBANLI. Borçalı Ensiklopediyası. IV cild. Borçalı həkimləri.
Bakı, "Azərbaycan" nəşriyyatı, 2001-ci il, səh.28-29.)




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: