Tələbələrə və şagirdlərə verilən TƏQAÜDLƏRin artırılması haqqında

Tələbələrə və şagirdlərə verilən TƏQAÜDLƏRin artırılması haqqında “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq məqsədi ilə qərara alıram:

1. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.2. ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 120 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

1.3. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat”.

1.2. Aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin.”.

1.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasını 2 ay müddətində hazırlayıb təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 noyabr 2015-ci il
.




Pullu oxuyan tələbələrdən kimlər təqaüd alacaq?

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb


Ölkə başçısının sərəncamına əsasən tələbələrin təqaüdləri artırılacaq, bundan əlavə ilk dəfə ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd ala biləcəklər.

Hansı tələbələr təqaüd ala biləcək? Bu özəl ail təhsil müəssisələrinə də şamil ediləcəkmi?

Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov
prezident sərəncamını şərh edərkən bildirib ki, bu sərəncamla ilk növbədə istər dövlət sifarişi ilə, istərsə də ödənişli şərtlərlə təhsil alan ali və orta ixtisas müəssisəsinin tələbəsi təqaüd almaq imkanına sahib olacaq. Bir şərtlə ki, semestrin nəticələrinə görə akademik göstəriciləri yüksək olsun.

C.Valehov qeyd edib ki, prezidentin sərəncamı təqaüdün həqiqi təyinatını ortaya qoydu: “Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq, yuxarıdan aşağı akademik göstəriclərə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Yəni istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələri olsun dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvəllcədən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilərlər. Yəni indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəlcədən sahib olaraq sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır”.

C. Valehovin fikrincə, sərəncamda ikinci mühüm məsələ məcburi köçkün, şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına təqaüdün verilməsi məsələsidir ki, bu da sərəncamın daha çox sosial mahiyyətini ortaya qoyur. Yəni indiyədək bu zümrədən olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdisə, bu sərəncam ona imkan verəcək ki, həmin qrup tələbələr həm də təqaüd ala bilsinlər.

“Bir sözlə, bu sərəncam bütün tələbələr üçün bərabər start imkanları verir. Ancaq birinci semestr istisna olmaqla bütün tələbələr oxuyaraq, haqq edərək təaqüd (özü də ən yüksəkdən başlayaraq) qazana bilər. Artıq əvvəlcədən müəyyənnləşdirilmiş deyil, fərqlənənlər təqaüd ala biləcəklər.Yeri gəlmişkən bir şeyi qeyd edim ki, bu sərəncamla edilən dəyişikliklər doktorantlara və ilk -peşə təhsili müəssisələrinin şagirdlərinə aid deyil”.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: