Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 9 dekabr 2019-cu il tarixli sərəncamı ilə
Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru,
Azərbaycan Respublikası Əməkdar Elm Xadimi,
AMEA-nın müxbir üzvü tibb elmləri doktoru,
professor ƏLİŞİR MUSAYEV
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında
fəal iştirakına görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Dəyərli ziyalımız, sevimli eloğlumuz, görkəmli alim,
tanınmış həkim, sözün əsl mənasında xeyirxah insan,
AMEA-nın müxbir üzvü, çox hörmətli professor
Əlişir Musayevi öz adımdan, ailəmiz adından,
Əlişir müəllimin gənclik dostu -
atam - professor Mədəd Çobanovun adından,
eləcə də rəhbərlik etdiyim təşkilatların
Yaradıcı Heyətləri adından
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
çətin və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin rəhbəri,
“Ziya” qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru
REDAKSİYAMIZIN ARXİVİNDƏN:
ƏLİŞİR MUSAYEV
Azərbaycanın Əməkdar elm xadimi,
tibb elmləri doktoru, professor
(1949)
Alimlər Peyğəmbərlərdən sonra Allaha ən yaxın olan bəndələrdir, - deyirlər.
Alimlər bizim sabahımıza işıq, nur saçanlardır.
Alimlər əsrlər boyu insanlığı insanlara tanıdan, onları uca mərtəbələrə yüksəldən və həmin yüksəkliklərin ardıcıl pillələrini quran, həyatın sirlərini aça-aça böyük və ali elmin qarşısında aciz olduqlarını etiraf edən və Ulu Yaradana yaxınlaşan bəndələrdirlər. Alimlərin mürəkkəbinin damlasını şəhid qanına bərabər tutub böyük Peyğəmbərlərimiz!.. Və alimləri - müəllimlərdir alim edənlər!..
Müəllim!.. Bəzən onları Allahın kiçilmiş şəklinə də bənzədirlər.
Bütün sənətlərdən ən müqəddəsi və ən şərəflisidir, - deyirlər, - müəllimlik!
Bəli, daha bir şərəfli sənət də var. Bu şərəfli sənətin sahibləri alimlərimizin, müəllimlərimizin, eləcə də, hamımızın qayğıkeşi, sağlamlığımızın qoruyucusudurlar. Onlar - ağ xalatlı həkimlər özlərinin min bir əzab-əziyyəti bahasına neçə-neçə insanlara şəfa verir, onların tez bir zamanda sağalması üçün əllərindən gələni əsirgəmirlər.
Onlar xoşbəxtdir, bəxtəvərdir! Onlar, sözün əsl mənasında, vətəndaş ziyalıdırlar!...
Belə xoşbəxt və bəxtəvər insanlardan biri də Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Əlişir Musayevdir.
Əlişir Veys oğlu Musayev 1949-cu il dekabr ayının 4-də qədim Borçalı mahalının uca dağlar qoynunda yerləşən Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonunun Qızılkilsə kəndində müəllim ailəsində dünyaya göz açıb.
O, 1966-cı ildə Qızılkilsə kənd orta məktəbini bitirmiş, elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni uğurla başa vurmuşdur.
İki il Jitomir şəhərində Sovet ordusu sıralarında polk tibb məntəqəsinin rəisi vəzifəsində (1972-1974) çalışmışdır. 1974-cü ildə ordudan tərxis olunmuş və həmin il Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda “Sinir xəstəlikləri” ixtisası üzrə aspiranturaya daxil olmuş və 1978-ci ildə “Bel ostreoxondrozunun nevroloji təzahürləri olan xəstələrdə müxtəlif konsentrasiyalı radon vannalarının sinir-əzələ aparatına təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Elə həmin ildə Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 1981-ci ildə müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilmişdir.
Ə.V.Musayev 1982-1986-cı illərdə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunun sinir xəstəlikləri şöbəsində doktoranturada olmuşdur. 1987-ci ilin fevral ayında “Sinir sisteminin müxtəlif səviyyəli zədələnmələri olan xəstələrdə müalicəvi fiziki amillərin tətbiq edilməsinin kliniki-neyrofizioloji əsasları” mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Həmin ildən 1988-ci ilədək Azərbaycan ET Kurortologiya və Fizioterapiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmış, 1988-ci ildə həmin İnstituta Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutu adı verilmiş və Ə.V.Musayev direktorun elmi işlər üzrə müavini təyin edilmişdir.
Ə.V.Musayev 1993-cü ildən həmin institutda direktor vəzifəsində şərəflə işləyir.
Professor Ə.V.Musayevin əsərləri əsasən fiziki və balneoloji amillərin müxtəlif xəstəliklər zamanı orqanizmə təsirinin nəzəri əsaslarını açmağa və praktik müalicə üsullarının hazırlanmasına həsr olunmuşdur. Onun apardığı elmi tədqiqatlar içərisində periferik sinir sisteminin ən çox yayılmış xəstəliklərinin, həmçinin odlu silah yaralanmalarının, baş beyin və onurğa beyinin damar xəstəliklərinin fiziki üsullarla müalicə və reabilitasiyasına həsr olunmuş işlər xüsusi əhəmiyyət kəsb edir. Alınmış nəticələr əsasında yeni müalicə üsulları praktikada geniş tətbiq olunur. O, 230 elmi əsərin, o cümlədən, 2 monoqrafiyanın, sinir sistemi xəstəliklərinin yeni müalicə üsullarını təklif edən 4 ixtiranın və 3 patentin, 8 səmərələşdirici təklifin, 14 metodik tövsiyyənin müəllifidir. Onun məqalələrinin çoxu Moskva şəhərində nəşr olunan jurnallarda, xarici ölkələrdə elmi konqres materiallarında dərc edilmişdir. O, dəfələrlə xarici ölkələrdə fiziki təbabət, reabilitasiya və nefrologiya üzrə keçirilən Beynəlxalq konqreslərdə (Rusiya, Türkiyə, Çin, Avstriya, İspaniya, İsrail və s.) məruzələrlə çıxış etmişdir. Təkcə 2000-ci ildə onun məruzələrinin tezisləri dörd Beynəlxalq Elmi Konqresin (Afina, Nissa, Antalya və Kopenhagen şəhərlərində) proqramlarına daxil edilib. O, MDB ölkələri və başqa xarici ölkələrlə sıx elmi əlaqələr yaratmış, Beynəlxalq Reabilitoloqlar və Fizioterapevtlər Assosiasiyasının İdarə Heyətinin, Ümumdünya “Ağrı ilə mübarizə” Elmi Cəmiyyətinin üzvüdür. 1995-ci və 1996-cı illərdə onun redaktorluğu ilə İnstitutun “Elmi əsərlər” toplusu nəşr olunmuşdur.
Professor Ə.V.Musayevin rəhbərliyi altında institutun kollektivi böyük nailiyyətlər əldə etmişdir.
Onun təşəbbüsü ilə 1996-cı ildə institutun 60 illik yubileyi təntənə ilə qeyd olunmuşdur.
Professor Ə.V.Musayevin rəhbərliyi altında 8 namizədlik dissertasiyası müdafiə olunmuş, 3 doktorluq dissertasiyası isə bitmək üzrədir və 4 namizədlik dissertasiya üzərində iş aparılır.
Prof. Ə.V.Musayev 1994-cü ildə Azərbaycan Tibb Universitetinin fizioterapiya və kurortologiya kursuna rəhbər seçilib, tələbələrə bu sahədə yüksək məzmunlu mühazirələr oxuyur. O, 1995-ci ildən AAK-ın Ekspert Şurasının üzvü, 1996-cı ildən “Kurortologiya və fizioterapiya”, “Sinir xəstəlikləri və psixatriya” ixtisasları üzrə yaradılmış İxtisaslaşdırılmış Müdafiə Şurasının sədridir.
Moskvada çıxan “Nevroloqii i psixiatrii” və “Voprosı kurortoloqii i fizioterapii i LFK” jurnallarının, eləcə də “Azərbaycan tibb jurnalı”nın və “Sağlamlıq” jurnalının, Kütləvi Tibb Ensiklopediyasının redaksiya şurasının və “Borçalı Ensiklopediyası”nın redaksiya heyətinin üzvüdür.
“Azərbaycan kurortoloqlar və fizioterapevtlər” cəmiyyətinin sədri, Tibb Universitetinin Böyük Elmi Şurasının, Problem komissiyasının üzvüdür.
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının, Elm və Texnika Komitəsinin təbabət və biologiya elmləri üzrə şurasının üzvüdür.
Prof. Ə.V.Musayev yüksək ixtisaslı klinisist-nevropatoloq kimi də fəaliyyət göstərir. O, Səhiyyə Nazirliyinin Baş nevropatoloqudur, Nevropotoloqların Attestasiya Komissiyasının sədridir, “Kurort” birliyinin Attestasiya Komissiyasının və Respublika Hərbi Komissarlığının çağırış komissiyasının üzvüdür.
Prof. Əlişir Musayev işlədiyi bu müddət ərzində 50-yə qədər Beynəlxalq Elmi Konqreslərdə, İttifaq müşavirə və qurultaylarında və Respublika səviyyəli elmi-pedaqoji konfranslarda elmi məruzələrlə çıxışlar etmiş, geniş həcmli məqalə və materiallar çap etdirmişdir.
Prof. Əlişir Musayev həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Ədilə xanım Azərbaycan Dövlət Neft Akademiyasının “Yüksək molekullu birləşmələrin texnologiyası” kafedrasında müəllim işləyir. Böyük oğlu Vüqar ATU-nun 2-ci kurs tələbəsi, kiçik oğlu Anar isə orta məktəbin 8-ci sinif şagirdidir.
Prof. Əlişir Musayev rəhbərlik etdiyi kollektivin, respublika tibb ictimaiyyətinin böyük hörmət və ehtiramını qazanmışdır.
O, respublika ictimai-siyasi həyatında fəal iştirak edir, məşhur “91”lərdəndir.
Prof. Əlişir Musayev həm də doğma Borçalının, Başkeçidin sevimli övladıdır. Harada olmasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə ata-baba yurdunu müqəddəs bilib. Müntəzəm olaraq ora baş çəkir, tez-tez doğma el-obasının problemləri ilə maraqlanır, əlindən gələn maddi və mənəvi köməkliyi əsirgəmir. İmkansızlara əl tutur, çətinliyi olanlara yardım edir. Bir sözlə, Əlişir müəllim xeyirxah əməlləri ilə xeyirxahlıq simvoluna çevrilib.
Prof. Ə.Musayevə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının 2 noyabr 2000-ci il tarixli fərmanı ilə Əməkdar elm xadimi fəxri adı verilib. O, Beynəlxalq Amerika Bioqrafiya İnstitutu tərəfindən “2000-ci ilin adamı” elan olunub və beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərinə görə “Qızıl medal”a layiq görülüb.
AMEA-nın 2 may 2017-ci il tarixli ümumi yığıncağında
Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru,
Azərbaycan Respublikası Əməkdar Elm Xadimi, tibb elmləri doktoru,
professor ƏLİŞİR MUSAYEV AMEA-nın müxbir üzvü seçilib.
Nəhayət, tanınmış alim-müəllim-həkim, bir sözlə, vətəndaş ziyalı, professor Əlişir Musayev bu günlərdə Azərbaycan Respublikası “TƏHSİL” Mərkəzinin təsis etdiyi “NƏRİMAN NƏRİMANOV” mükafatı ilə təltif olunub.
Əlişir müəllimi təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli işində yeni-yeni uğurlar arzulayırıq!..
Bax:
Müşfiq ÇOBANLI. Alim-müəllim-həkim və Vətəndaş ziyalı. “Şərqin səsi” qəzeti, N: 10(50), iyun, 2001;
Müşfiq BORÇALI. “Borçalı ensiklopediyası”, IV cild, Bakı, 2001, səh.32-38;
Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.326-332.
50 YAŞIN MÜBARƏK!
Görkəmli nevropotoloq, professor Əlişir Musayevə
Əl eləsən, əllərinə əl uzanar əlli min,
İnamına biət edər əlli məhzəb, əlli din.
Kəlamı haqq, mürəkkəbi müqəddəsdir alimin
Ömür yolun - kəbə daşı, mübarəkdir, mübarək,
Professor, əlli yaşın mübarəkdir, mübarək!
Alim ömrü-ümman ömrü təmiz, duru, dalğalı
Sükutu da, ləpəsi də, tufanı da mənalı.
Günəş qədər təmannasız, işıqlıdır amalın
Yurd yolunda haqq savaşın mübarəkdir, mübarək,
Professor, əlli yaşın mübarəkdir, mübarək!
Qapın ümid qapısıdır, dar günündə yüzlərə
Məlhəm oldun ürəklərə, işıq oldun gözlərə.
Sən həmişə, düz yolu düz göstərmisən düzlərə
Güllü yazın, qarlı qışın mübərəkdir, mübarək,
Professor, əlli yaşın mübarəkdir, mübarək!
Bu Tanrının bölgüsüdür, ömür gün-gün ötüşür,
Dan sökülür, Günəş doğur, duman, çiskin ötüşür.
Ağ saçların işığında neçə alim yetişir
Dağ tək uca, qarlı başın mübarəkdir, mübarək,
Professor, əlli yaşın mübarəkdir, mübarək!
Bu nədir ki, əlli yaşın yetmişi var, yüzü var,
Əziz dostum, yurdun sənə deyilməmiş sözü var,
Əsrimizdə bir Əlişir imzası var, izi var,
Gələn əsr-yol yoldaşın, mübarəkdir, mübarək,
Professor, əlli yaşın mübarəkdir, mübarək!
Musa URUD,
03.12.1999, Bakı.
Bax: “Şərqin səsi” qəzeti,
N: 10 (50), iyun, 2001.
(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.326-332).
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.