Borçalı tarixi-coğrafi şəraitinə görə Böyük Qafqazın yuxarı axarındadır. Bu ərazilərdən gələn dağ çayları Kürə doğru axır, böyük nəhrə qovuşur və ümmana çatır. Əgər dağ çaylarının ümumi axarı ilə insan taleləri arasında bənzərlik görmək mümkün olsaydı, belə bir bənzəyişin elə professor Mədəd Çobanovun taleyinə yazıldığını birincilər sırasında deməliyik. O, 1937-ci ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olub. Əvvəllər də demişəm, 37-ci ildə dünyaya gələn və bu gün Azərbaycan mənəvi mühitinin aparıcı qüvvələri kimi tanınan ziyalılar rejimlərin haqsızlığına qarşı Tanrının əvəz olaraq xalqımıza bəxş elədiyi işıq sərvətləridir.
Bu gün professor Mədəd Çobanov kimi tanıdığımız görkəmli Azərbaycan alimi, taleyin hər cür məhrumiyyətlərinə dözərək iradəsi və gücü sayəsində dilçilik elmində öz yerini tutub. Əlbəttə, böyük əzablar, böyük çətinliklər, kasıblığın, məhrumiyyətlərin gətirdiyi acılıqlar onu yolundan döndərə bilmədi.
Tiflis Dövlət Pedaqoji İnstitutunun hələ II kurs tələbəsi olanda onun mənəvi mühitinə elmin qapısı açılmışdı. Maraqlıdır ki, həmin vaxt bir tələbənin materiallarından “Azərbaycan dilinin dialektoloji lüqəti”ndə (1964) istifadə olunub. Hələ o vaxt kimsə deyə bilməzdi ki, M.Çobanov filologiya elmləri doktoru, professor Yusif Seyidovun qeyd etdiyi kimi, antroponimiya sahəsində ən görkəmli, ən azı Afad Qurbanovdan sonra ikinci mütəxəssis kimi tanınacaq.
M.Çobanovun tədqiqatlarında “Tarixi etnoqrafik aspekt güclüdür, aparıcıdır” (C.Hüseynzadə). Professor yeri gəldikcə müraciət elədiyi müəlliflərin fikirlərinə dəqiq və aydın münasibətlər bildirir, ən sərt mübahisələrə girişməkdən belə çəkinmir. Bu da onu göstərir ki, sahə elminə daxil olmaqdan əvvəl çox güclü baza biliklərinə yiyələnmişdir.
Azərbaycan elminin, əlbəttə, söhbət dilçilik elmindən gedir - ayrı-ayrı sahələri üzrə məktəb yaratmış alimlərin adları iftixarla çəkilir. Maraqlıdır ki, M.Çobanov prof.Əbdüləzəl Dəmirçizadəni həyatının örnəyi hesab edir. Onu özünün ustadı və müəllimi kimi yaddaşında, tədqiqatlarında, iş üslubunda, elmə yeni gələn gənclərə münasibətində qoruyub-saxlayır.
Təqribən qırx beş il bundan əvvəl yazmağa başladığı dissertasiya işi onun taleyində uğur amili kimi özünü təsdiq elədi. O, bu işi türk dillərinə dair qədim yazılı abidələrlə müqayisəli şəkildə işləmişdir. Bununla da M.Çobanov Azərbaycanın dilçilik elminə güclü bir açar vermişdi. Dilimizin lüğət tərkibinin inkişafında sözlərin mənaca dəyişməsində və etimologiyasının araşdırılmasında dialekt və şivə materialları xüsusi əhəmiyyət kəsb edir. Bu, müəllif qənaəti idi. Ona görə də həmin tədqiqatın sonunda verilən leksen və frazemlər lüğəti dilimizin tarixi qatlarına getmək üçün çox dəyərli mənbədir.
Professor M.Çobanovun ümumtürkoloji axtarışları da çox uğurludur. “Məhz bu baxımdan türk xalqlarını ədəbi dillərinin birliyinə və ortaq dilliyə doğru yönəltmək və onların müasir problemlərini vahid müstəvidə həll etmək türkoloqlarımızın qarşısında ən mühüm problem olmalıdır” - deyirsə, demək, onun özü də bu yöndə axtarışlarını, yaradıcılıqlarını əzmkarlıqla davam etdirir. Onun üçün ədəbi dilimiz xalqımızın milli sərvətidir. Bu sərvətin araşdırılması üçün zəkasını, işığını yorulmadan, əzmkarlıqla sərf edən, çarpışan, mübarizə aparan alimlərin özləri də elə onların mənsub olduqları xalqın milli sərvətidir.
Bu gün Mədəd Çobanova çox böyük hörmət və ehtiram var. Hörmət və ehtiram yox yerdən yarana bilməz.
Bir payız günü
Hava buludlu olduğundan bir az da tutqun idi. Ağacların yarpaqlarına təzəcə dən düşürdü. Tələsəni, ömrünü itirəni də vardı. Zamanın küləyinə davam gətirməyib budağından üzülmüş yarpaq dəlibaş Bakı küləyinin qabağında duruş gətirə bilmir, havada dolanır, bir sakit küncə-bucağa ilişənə qədər çırpınırdı. Küçədə metrodan çıxıb Elmlər Akademiyası binasına tərəf adlamaq istəyən gənci maşınların aramsız axını xeyli ləngitdi. Yaxasına, boyun-boğazına dolan külək də onun irəliləyişinə mane olurdu. Səliqə ilə daranmış saçları həmyaşıdlarından xeyli hündür görünən nazik, qıs-qıvraq, sivri burun oğlan deyəsən hələ yaxşı tanımadığı şəhərin bu hay-küyündən bir qədər bezikmiş kimi idi. Ancaq gedəcəyi ünvanı, açacağı qapını hələ düşüncəsində olsa da, yaxşı tanıyırdı. Axır ki, küçəni də qətiyyətlə keçdi, pillələri də sürətlə qalxdı. Bu da Nəsimi adına Dilçilik İnstitutu, Dialektologiya şöbəsi, professor Məmmədağa Şirəliyevin kabineti. Az qala qapıdan qayıdacaqdı. Axı o, bura necə gəlib çıxmışdı? Hansı istək, hansı arzu idi onu professorun yanına gətirmişdi? Qapını döymədi, amma yavaşca araladı. Professor masanın arxasından açılan qapının səsinə başını qaldırdı. Yaşına uyğun gəlməyən, bir qədər də professorun nəzərində cansız, çəlimsiz görünən gənc lap elə yenicə ali məktəbə qəbul olunmuş tələbəyə daha çox bənzəyirdi.
Yaxınlaşıb salam verdi. Professor masanın arxasından azca dikəldi, əlini uzatdı. Gənc artıq qocalmaqda olan alimin əlini sıxdı, bu əldə bir hərarət duydu. Bayaq az qala üşüyürdü. Elə indicə sıxıb ayrıldığı əldən canına yayılmış hərarət kiçik tər damlalarına çevrildi.
Cavan oğlan əli ilə alnının tərini sildi. Təri siləndən sonra yadına düşdü ki, cibində dəsmalı də var.
- Xoş gəlmisən, nə lazım idi?
- Professor, mən sizin...
- Hə, hə, buyur, buyur...
Cavab üçün bir qədər ləngidi. Haradan, necə başladığını kəsdirə bilməmişdi. Bayaqdan yüz dəfə necə danışacağını, nə deyəcəyini, istəyini nə təhər bildirəcəyini yüz dəfə ölçüb-biçmiş, hələ bəlkə, məşq də eləmişdi. Professor haqqında da məlumat toplamışdı. Dialektologiya elminin ən görkəmli nümayəndəsi olduğunu bir növ Azərbaycan dilçiliyində bu sahənin yaradıcısı olduğunu da bilirdi. Nə olsun ki, indi bütün bunlar yadından çıxmışdı.
Təzədən əlini dəsmala uzadıb bir də alın tərini silmək istəsə də, professorun səsi onu fikrindən daşındırdı. Elə həmin andaca canına yayılmış istiliyin, hərarətin, alnında puçurlanan tərin gətirdiyi çaşqınlıq yox oldu.
Professorun ona zillənmiş nəzərləri altında qoltuğundakı kiçik kağız qovluğunun bağlarını açmağa çalışdı. Tərslikdən deyəsən, iplər də düyünə düşmüşdü. Professorun qalın dodaqlarının arasından asta-asta eşidilən pıçıltıya bənzər sözləri lap aydın eşitdi: - Elə qabaqca biz hamımız belə olmuşuq. Bütün əyər-əskiyi zaman özü düzəldəcək. Bizimki yolu göstərməkdir. O yolu necə getmək hər kəsin öz işidir. Axır ki, qovluğu açıb sənədlərin arasından Tbilisi Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinin məzunu olduğunu göstərən diplomu əlinə götürüb professora vermək istəsə də, elə bil ki, hansısa bir qüvvə onun qolunu tutub saxladı: «Bəlkə, heç diploma ehtiyac yoxdur, bəlkə, elə danışım», - xəyalından keçirdi.
Amma professor əlini uzatmışdı: - Ver, ver bəri, baxım. - Hə, demək, sən Tbilisinin məzunusan.
Professor diploma baxıb: - məqsədin nədir? - deyə soruşdu.
- Professor mən Borçalı şivələri ilə bağlı tədqiqat aparmaq istəyirəm. - Cümləni bitirəndən sonra elə bil ki, onun üstündən dağ götürüldü. Bəlkə, heç özü də nəyə sevindiyini bilmirdi. Elə bil ki, bütün məsələlər uğurla həll olunmuşdu.
- Çox yaxşı, Azərbaycan dili çox nəhəng bir ağacdı. Onun kökləri, rişələri Borçalıdan, Təbrizdən, Dərbənddən, Göyçədən, lap elə Kərkükdən başlanır. Biz bu dil ağacının bütün gücünü dərk etmək üçün onun mahiyyətini, leksik zənginliyini gələcək nəsillərə çatdırmaq üçün bu kökləri yaxşı-yaxşı öyrənməliyik. Elə sənin özün də Borçalıda doğulmusan. Soy adın da maraqlıdır. Mənə müəllimimi xatırlatdı - Bəkir Çobanzadəni. Eşitmisən?
Şübhəsiz, professor ali filoloji təhsili olan bir gəncin Bəkir Çobanzadə haqqında kifayət qədər məlumatlı olacağını bilməmiş deyildi. Amma bir ustad kimi elmə gəlmək istəyən gəncin necə cavab verəcəyini eşitmək istəyirdi.
- Bəli, bəli, professor, əslən Krım-tatar türklərindəndir. Repressiya olunub. Azərbaycanın mənəvi mühitində onun böyük rolu olub.
Professor gəncin bir az tələsə-tələsə verdiyi cavabdan deyəsən razı qaldı.
- Hə, indi keçək mətləbə. Elmin yolu çox çətindir, oğul, dözə biləcəksənmi? İşini vaxtında yazıb təhvil vermək hamıya nəsib olmur.
- Bəli, professor, inanıram ki, öhdəsindən gələcəyəm.
...Həmin gün professor Borçalıdan gəlmiş gənclə Mədəd Çobanovla xeyli söhbət elədi. Ailə vəziyyətini, dünyagörüşünü, hazırlığını aşkarlayacaq çoxlu suallar verdi. Birdən iki əlini də stola vurub ayağa qalxdı. Bu, bayaqdan suallara cavab verən, demək olar ki, çaşqınlıqdan çıxmış gənci təzədən çaşdırdı: - Bəlkə, professor nədənsə əsəbiləşdi, narazı qaldı? - Yox, deyəsən belə deyildi. Professor hələ də oturduğu yerdən tərpənməyən gəncin lap yanına gəlib iki əlini də onun çiyninə qoydu. O, indi hiss elədi ki, özü də ayağa durmalıdır.
- Get oğul, sənədlərini hazırla, mən bəri başdan səni təbrik edirəm. Ərizəndə elə beləcə də göstərərsən: «Azərbaycan Dilinin Bolnisi rayon şivələrinin leksik xüsusiyyətləri». Bu, sənin dissertasiya mövzundur.
Çox sonralar Azərbaycanın görkəmli alimi, dialektologiya üzrə akad.M.Şirəliyevin yetirmələrindən olan cəfakeş alim Sefi Behbudov yazacaqdı ki: «Onun belə bir konkret mövzuya müraciət etməsi akademik Şirəliyevin ürəyincə olur. Çünki o vaxta qədər Azərbaycan dili şivələrinin leksik xüsusiyyətlərindən bəhs edən konkret bir əsər yazılmamışdı». Elmə gələn hər bir gənc axtarışları, tədqiqatları ilə elm aləmini zənginləşdirməlidir, ona yenilik gətirməlidir. S.Behbudovun qeyd etdiyi kimi, şivələrin leksik xüsusiyyətlərinin işlənilməsi həmin dövr üçün sahənin yeni cığırı idi. Şübhəsiz, burada çətinliklər, problemlər də az deyildi. Doğulub böyüdüyü əraziləri kənd-kənd, oba-oba dolaşır, axtarışlar aparır, sözləri canlı dildən, folklordan birər-birər toplayır, mətnlər üzərində işləyir, sözün sehirli aləmində bəzən dolaşır, izi itirir, amma haradasa, onu çağıran parlaq ümid işığını gördüyü üçün inadından dönmür. Bəzən olub ki, seçdiyi mövzu ilə bağlı mübahisələrdə ona belə də məsləhətlər verənlər tapılıb: Sən daha asan mövzu götürə bilərdin. Elə kitabxanalarda işləyərdin. Daha dərviş kimi çölə-biyabana düşməzdin. Belə fikirlər ilk baxışdan cəzbedici görünsə də, onu yolundan döndərə bilmədi. Çünki o, artıq sözə vurulmuşdu. Söz onu ahənrüba kimi çəkirdi. Axtardığı, tapdığı, araşdırdığı, dərinliklərinə vara bildiyi sözün ucalıq zirvəsinə doğru yolu açılmışdı və bir kimsə onu bu yoldan döndərə bilməzdi.
(Davamı 9-cu səhifədə)
(Əvvəli 8-ci səhifədə)
Məsələ belədir ki, hər kəs ona aydın olan yolun başlanğıcında ilk addımını haradan atdığını bildiyi kimi, sonuncu addımın da harada qurtardığını bilməmiş deyil. Özünü dərk edən insan üçün bu, ömrün son ucudur. Gərək o sonuncu addımın özünə qədər qətiyyətin, iradən özünlə olsun, səni tərk eləməsin. Yalnız bu zaman sözün ucalıq zirvəsi fəth oluna bilər. Və yenə bu gün üçün M.Çobanovun ucalıq zirvəsindən görünən yerini qaytaraq yaradıcılığının ilk gəncliyinə. Günümüzün dəyərli söz sahiblərindən biri, görkəmli ədəbiyyatşünas Arif Əmrahoğlunun «Mədəd Çobanov və onun sözü» şərti adı ilə qəbul elədiyimiz fikirləri həmin yaradıcılığın ilk gəncliyi üçün dumanları dağıdan, aydınlaşdırıcı missiya daşıyır: «Onun çörəyi də sözdən çıxır. Mənim üçün xoş olan bir də odur ki, Mədəd müəllim çörəyi və təskinliyi çıxan sözə heç vaxt arxa çevirməyib, onu sevə-sevə, toplaya-toplaya, qoruya-qoruya «Ədəbi dilimiz xalqımızın mədəni sərvətidir» - adlı müasir və çox sanballı əsər yazıb... Hətta, əlahəzrət sözü olduğu yerdə - müqəddəslik məqamında görməyə çalışıb. Həqiqətən də, hərə öz sözü boydadı. Eləcə də, Mədəd müəllim». Əlbəttə, M.Çobanov çox uğurla müdafiə elədi. 1973-cü ildə o, artıq elmlər namizədi idi. Özbəkistanda Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun elmi şurasında opponentlər Ə.Dəmirçizadə, F.Abdullayev, Özbəkistanın görkəmli alimi, akademik Ş.Şahabdürrəhmanov, Türkmənistanın görkəmli alimi, akademik B.Çaryarov və başqaları elmi işin dəyəri haqqında yüksək fikirlər dedilər.
Bu, təkcə M.Çobanovun qələbəsi deyildi. Bu, həm də onun yol göstərəni, ustadı, qayğıkeşi professor Ə.Dəmirçizadənin, digər görkəmli Azərbaycan dilçilərinin və Azərbaycan dilçilik elminin qələbəsi idi. Söz yox, bu illər ərzində onun saçları da ağarmışdı, Göy türkün genetik yaddaşını diktə edən göyümtül gözləri də əvvəlki gücündə deyildi. Axı az qala yarım əsrlik bir vaxt keçmişdi. İndi o, Azərbaycanın görkəmli alimidir, filologiya elmləri doktoru, professordur. 70-ə qədər kitabın, 600-dən çox elmi məqalənin, 400-ə yaxın publisistik vətəndaşlıq qeyrətilə yazılmış yazıların müəllifidir. Mətbu əsərlərinin ümumi çapına nail olmaq mümkünlüyü məqamından yanaşsaq, otuz cilddən çox külliyyatın müəllifidir. 70 illik yubileyi münasibətilə ünvanına göndərilən teleqramların, məktubların onun ictimai rəydəki yerini göstərən ayrı-ayrı müəllif yazılarının özü də iki cildə sığmaz. Ancaq belə rəy məktublardan yalnız birini M.Çobanovun təhsilimizdə, dilçilik elmimizdə yerinin hökumət səviyyəsində etiraf olunmasını təsdiq edən təhsil naziri Misir Mərdanovun məktubuna diqqət edək: «Hörmətli professor Mədəd Çobanov! Azərbaycan elmi ictimaiyyəti Sizi görkəmli dilçi alim kimi hələ Gürcüstanda çalışdığınız dövrdən yaxşı tanıyır. Son on beş ildə isə elmi-pedaqoji fəaliyyətinizi Bakıda davam etdirməyiniz elmi potensialınızın daha geniş şəkildə üzə çıxmasına böyük imkan yaratmış və siz bir-birinin ardınca Azərbaycan dilçiliyinə aid bir sıra sanballı dərsliklər, dərs vəsaitələri, monoqrafiyalar, elmi və publisistik məqalələr çap etdirmisiniz. Siz sözün əsl mənasında, məhsuldar bir alim ömrü yaşamısınız. Sizi anadan olmağınızın 70 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanda elmin və təhsilin inkişafı naminə yorulmaz fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram». Yəqin ki, belə məktublar, rəylər, münasibət yazıları, etiraflar Azərbaycanın görkəmli alimi M.Çobanovun 75, 80 illik yubileylərində də yazılacaq. Ancaq mənim məqsədim M.Çobanovun - Azərbaycanın görkəmli aliminin hələ başlanğıcda vətəndaşlıq qeyrəti ilə hansı toxumları səpdiyinə diqqəti çəkməkdi.
Vaxtilə, bir neçə il əvvəl onun 70 illik yubileyi münasibətilə həmin toxumlardan danışmışdım: «İlk gəncliyində Tbilisi Pedaqoji İnstitutunun məzunu kimi müəllimlik dövründə və elə bitirdiyi institutda çalışdığı illərdə M.Çobanov Borçalını gəzir, yaxşı oxuyan şagirdlərin Tbilisi Pedaqoji İnstitutuna daxil olmasını təbliğ edir, onlara deyirmiş ki, burada oxuyun. Ona görə burada oxuyun ki, öz kökünüzdən, yurdunuzdan ayrılmayasınız. Qayıdıb öz kəndlərinizdə müəllim işləyəsiniz. M.Çobanov o vaxt «səpdiyi toxumlar» cücərdi, bitdi və tarixin çərxi çevriləndən sonra mən deyərdim ki, Borçalı elə o bara, o bəhərə bel bağladı.
Bir məsələni də yada salmaq istəyirəm. O vaxt Gürcüstandan gəlmiş tələbələrin ali məktəbi qurtarandan sonra təyinatı birbaşa Borçalıya verilmirdi, Onlar Azərbaycanın müxtəlif rayonlarına göndərilirdilər. Və əsasən də həmin Gürcüstandan gəlmiş gənclər ya elə Bakıya qayıdır, ya da Rusiyaya - Vətəndən uzaqlara üz tuturdular.
Təqribən 30 ildən çox müddət ərzində Borçalının mənəvi mühitini formalaşdırmaq, bu mühiti böyütmək, onu qorumaq missiyası da M.Çobanovun boynuna düşmüşdü». İnsanın həyat yolu tale yoludur. Dini-mistik təsəvvürlərə görə hər kəs öz taleyini yaşayır. Ancaq mən bu qənaətdəyəm ki, hər kəs öz taleyini mənəvi gücü, əməli ilə yazır. Tale özü hər kəsin yaradıcılığıdır. «Azərbaycan antroponimikasının əsasları», «Borçalı toponimləri», «Borçalı ensiklopediyası» (5 cilddə), «Dilçilik - dünya dilləri və dillər dünyası», «Antroponimlərin estetik və sosial mahiyyəti» kimi dərc olunan və yaxud nəşrini gözləyən kitablar onun zəngin elm fədaisi aləmindən xəbər verir.
...Professor Mədəd Çobanov ölkələr, xalqlar arasında körpü olan ziyalılardandır. Ortaq türk dilləri ilə bağlı tədqiqatları, Azərbaycan-gürcü ədəbi əlaqələri, Azərbaycan və Türkiyə ədəbi mühiti onun tədqiqat obyekti olaraq bu gün də diqqət mərkəzindədir. Azərbaycanın indiki mənəvi mühitində onun ən yüksək fəxri ödüllərə haqqı var. Zənnimcə, yaxın zamanlarda biz onu Əməkdar elm xadimi fəxri ad alması münasibətilə təbrik edəcəyik. Yorulmazlıq, fədakarlıq elmə yeni gələn nəslə qayğıkeşlik onun ziyalılıq xarakterinin göstəriciləridir.
Yollar, talelər, insanlar, körpülər... Bəzən bircə ziyalının ömür yolu, həyatı bu göstəricilər üçün əsas ola bilir.
...Sözün ucalıq zirvəsi. Bir Mədəd Çobanov zirvəsi var!
Daha bir payız günü
Həmin bir payız günündən yarım əsrə qədər vaxt keçib. Mən deyə bilmərəm ki, həyəcanları, tərəddüdləri, bəzən də çaşqınlığı ilə özünə işıq bilib gəldiyi professorun qapısını açıb içəri girməyə cəsarət edən həmin gənc əlli ildən sonrakı, indiki payız gününü təsəvvür edə bilirdimi? Elə həmin vaxtlarda, həmin günlərdə ona deyən olsaydı ki, sən əlli ildən sonra az qala otuz cildlikdən çox bir külliyyatın müəllifi olacaqsan, görəsən, bunu həqiqət kimi qəbul edərdimi? Yoxsa əlçatmaz bir uzaqlıq, bir keçilməzlik kimi anlayardı. Bəlkə elə, mənəvi aləmindəki qaynarlığın, enerjinin, gücün təkidi ilə mən o yolu keçəcəyəm deyərdi. Axı əlli ilin özü də az deyil. Bir yaradıcılıq ömrü, yaşamağın, yaratmağın kifayət qədər dərk olunması, kamillik və ucalığın fəthi deməkdir. Elə indi də hansısa bir gənc çəkinə-çəkinə, çaşqınlıqla onun əllərindəki istiliyin, hərarətin münisliyini duyanacan tərəddüdlər içində onun yanına gəlir.
İndi akademik M.Şirəliyev başını qaldırıb həmin gənci içəriyə çağırır. Əlbəttə, Mədəd Cobanov görkəmində. O da qarşısında əyləşib sıxılan, tərləyən gənci dinləyir, sorğu-suala tutur, sonra da ona ürək-dirək verir. Hələ qarşıda olan yolu göstərir. Özü də doğru-düzgün yolu.
Ağarmış saçların, bir qədər dərinliyə çəkilmiş gözlərin, titrək əllərin indiki görkəmi onun ilk gəncliyindən çox müəllimi ilə qarşılaşdığı anları xatırladır.
Hərəkətlərində bir qədər lənglik, danışığında bir qədər təmkin artıb. Amma o demək deyil ki, M.Çobanov ömrün payızını yeni düşüncələrlə qarşılamır. Yeni ideyalar, fikirlər, çoxlu kitablara rəylər, elmi konfranslardakı çıxışlar, elmə yeni gələn gənclərə məsləhətlər... bütün bunlar göstərir ki, hələ onun ömrü öz qaynarlığındadır. Yaradıcılıq enerjisi daxili-mənəvi zənginlikdən güc alır. Borçalı. Qədim Darvaz kəndi. Onu böyük aləmə aparan yolun başlanğıcı həmin kəndlə bağlıdır. Darvaz yadına düşəndə Azərbaycan dilinin kökləri, rişələri haqqında professor M.Şirəliyevin dedikləri xatirinə gəlir. Borçalıdan gələn gənclərlə görüşəndə o, həmin sözləri, həmin duyğuları təzədən yaşadır və müəlliminin əmanəti kimi qoruyub saxladığını yeni nəsillərə əmanətləyir. Kim bilir, bəlkə, əlli ildən sonra həmin gənclərdən biri elə bu gün Mədəd Çobanovla görüşünü bir payız gününün xatirəsi kimi yada salacaq.
Mən əvvəllər də demişəm, indi də təkrar eləməyə lüzum görürəm: Professor Mədəd Çobanovun yetirmələri arasında ədəbiyyatımızın və mətbuatımızın kifayət qədər tanınan istedadlı oğullarından biri - Müşfiq Çobanlının adı yada düşür Mədəd Çobanov irsinin davametdiricisi kimi.
İndi də ilin payızındayıq. Daha doğrusu, payız tutqun, buludlu havası ilə ömrümüzün qapısının ağzındadır. Amma zaman o zaman deyil. Nə qədər oxşarlığı, bənzərliyi olsa da.
Əli Rza XƏLƏFLİ,
“Kredo” qəzetinin Baş redaktoru.
12.09.2001-ci il.
“KREDO” qəzeti, N: 31 (651),
17 sentyabr 2011-ci il, səh.1, 8-9.
ŞƏRQİN SƏSİ", qəzeti,
Oktyabr, 2011.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.