2018-ci il avqust ayının 9-da
qədim Borçalı mahalının ağır ellərindən olan
Faxralı kəndində böyük təntənə var idi.
Kənd ziyalıları "Əsmələr Əli" kimi tanınmış mərhum Xəlilov Əli Süleyman oğlunun anadan olmasının 100 və onun ömür-gün yoldaşı Gülgəz Bədəlqızının 90 illik yubileylərinə
həsr olunan filmin təqdimatına yığışmışdılar.
Əvvəlcə yubilyarların, eləcə də dünyasını dəyişmiş bütün faxralılıların əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Sonra film nümayiş olundu.
Filmdə uzun müddət dövlət təhlükəsizliyi xidmətində çalışmış ədliyyə polkovniki Nəbi Nəbiyevin, Başkeçid rayon icraiyyə komitəsinin sədri vəzifəsində çalışmış Qurban Nəbiyevin, onun həyat yoldaşı Cəmilə xanım Nəbiyevanın, ADPU-nun professoru Əli Hüseynovun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşı, tanınmış iqtisadçı-alim Eldar Məmmədovun, "SOCAR Polymer" MMC-nin məsul işçisi Səyyad Həsibovun, Bakıdakı 271 saylı məktəbin direktoru, şair-publisist Səməndər Məmmədovun, hazırda təqaüddə olan polis pod-polkovniki Sabir Budaqovun, Faxralı kənd sovetinin sabiq sədri Abbas Abbasovun, Faxralı kənd orta məktəbinin direktoru Cümşüd Gülməmmədovun, kənd ağsaqqallarından Allahverdi Kərimovun, Qulu Hüseynovun, kənd ağbirçəklərindən Bircənaz Orucqızının, Roza Vəliyevanın, Güləsər Hüseynovanın, yubilyarların oğlu - Azərbaycan Texniki Universitetinin prorektoru, texnika elmləri doktoru, professor İsa Xəlilovun, qızı Yetər Göyüşovanın, yaxın qohumları - əmisi nəvələri - dosent Sabir Xəlilovun, Oruc Xəlilovun, nəvələri Arif, Aydın, Əli Xəlilovların və başqalarının çıxışları, eləcə də Faxralı elinin tanınmış şairi mərhum Əli Səngərlinin Əsmələr Əliyə həsr etdiyi şeir izləyicilərdə böyük maraq doğurdu.
Şeirdə deyilir:
Bir ömür yaşadın Koroğlu kimi,
Əsmələr Əlisi çağrıldı adın.
Kəsdiyin çörəyi, içdiyin andı,
Heç zaman, heç yerdə ayaqlamadın.
Gənc bir zabit idin döyüş illəri,
Qanlı cəbhələrdən keçib gəlmisən.
Qələbə günündə şərab yerinə,
Düşmənin qanını içib gəlmisən.
Qalın sürülərin ferma müdiri,
Yaylaqda, Binədə yurd yerin qalar.
Yaxşı kişilərdən söhbət düşəndə,
El səni xatırlar, xalq yada salar."
Onu da qeyd edək ki, qonaqlar arasında Bakıdan gələnlər də var idi; o cümlədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşı, tanınmış iqtisadçı-alim Eldar Məmmədov, Bakı şəhər İcra Hakimiyyətinin Arxitektura və Memarlıq idarəsinin məsul işçisi Şakir Nağıyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin mühafizə idarəsinin rəis müavini, Azərbaycan Respublikası Prezidentinin Fəxri qaravul dəstəsinin sabiq rəisi Taleh Qasımov və başqaları.
El ağsaqqalı, Faxralı kənd sovetinin sabiq sədri Abbas Abbasov filmi yüksək qiymətləndirdi, “olduqca dəyərli bir tarixi səlnamə” adlandırdı, filmin araya-ərsəyə gəlməsində rolu, xidməti olanlara təşəkkür etdi, mərhum yubilyarlara bir daha allahdan rəhmət dilədi və xüsusi olaraq vuğuladı ki, “film Faxralı kəndinin tarixində bir ilkdir və tarixilik baxımından böyük əhəmiyyətə malikdir”.
Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşı, tanınmış iqtisadçı-alim Eldar Məmmədov, Faxralı kənd orta məktəbinin direktoru Cümşüd Gülməmmədov və başqaları da çıxış edərək film haqqında öz fikirlərini söylədilər, Əsmələr Əlinin əziz xatirəsini həmişə hörmətlə yad etdiklərini diqqətə çatdırdılar.
Sonda yubilyarın oğlu – Azərbaycan Texniki Universitetinin prorektoru, texnika elmləri doktoru, professor İsa Xəlilov çıxış edənlərə, eləcə də yubileyə təşrif buyuran bütün iştirakçılara öz dərin təşəkkürünü bildirdi.
Tədbirdə qeyd olundu ki, Xəlilov Əli Süleyman oğlu - Əsmələr Əli Faxralı kəndinin tarixində haqq-ədalətin müdafiəçisi, şəraitdən asılı olmayaraq öz haqq sözünü deyən və dediyi sözün hər zaman arxasında duran, köməksizə çətin vəziyyətində arxa olan, kəndin abadlaşdırılmasında böyük zəhməti olan, hadisələri böyük dəqiqliklə qabaqcadan görməyi bacaran, heç bir halda vicdanının əleyhinə getməyən, mərd və məğrur bir kişi kimi həmişə yaşayacaqdır. Onun adı nəinki Faxralıda, eləcə də Borçalının və Başkeçidin əksər kəndlərində tanınmış, ona bu gün də böyük rəğbət bəslənilir.
Xəlilov Əli Süleyman oğlu - Əsmələr Əli 1918-ci ilin baharında dünyaya göz açmışdır. Atası Əsmələr Süleyman İbrahimxəlil oğlu XIX əsrin sonlarında iki qardaşı ilə birlikdə Əsmələr kəndindən Faxralıya köçmüşdür. Bu köçməyə səbəblərdən biri də əvvəllər Faxralıya, Qurbanalılıar (Şeşə Namaz) nəslinə gəlin köçmüş bacıları olmuşdur. Borçalı, Başkeçid və Türkiyənin Qars vilayətində geniş tanınan Kalvalı nəslindəndirlər. Bu nəslin nümayəndələri hal-hazırda Əsmələr, Başkeçidin Qızılkilsə və Qəmərli, Marneulinin Ağaməmmədli kəndlərində, Bakıda, eləcə də Türkiyənin, Rusiyanın və Almaniyanın müxtəlif şəhərlərində yaşayırlar. Əsmələr Süleymanın süd tərəfi Cəfərli kəndinin Şatırlı nəslindəndir.
Əsmələr Süleyman 1923-cü ildə sətəlcəm xəstəliyindən vəfat edir.
Bundan sonra Əsmələr Əli Güllər nəslindən olan anası Yetər Novruz qızının himayəsində böyüyür.
1929-cu ildə Şahbuzlu məktəbinin birinci sinfinə gedir və 1938-ci ildə orta məktəbi əla qiymətlərlə bitirir.
Həmin ilin sentyabrında ordu sıralarına çağırılır.
1940-cı ilin dekabr ayınadək Uzaq Şərqin Vladivostok şəhərində dəmir-yol batalyonunun 73-cü bölümündə xidmət edir.
1941-ci ilin iyununda müharibə başlayan kimi yenidən orduya çağırılır.
Müharibə illəri Əsmələr Əlinin həyatının ən şanlı səhifələrindən biri olmuşdur.
O, əvvəlcə az bir müddətdə Marneuli hərbi hissəsində starşina vəzifəsində işlədikdən sonra Telavi şəhərinə hərbi zabit məktəbinə göndərilir.
1942-ci ilin avqustunda hərbi məktəbi əla qiymətlərlə bitirərək birbaşa leytenant rütbəsi alır.
O zaman hərbi məktəbi bitirən 300-dək zabitdən
yalnız iki nəfərinə əla oxuduqları üçün birbaşa
leytenant rütbəsi verilmişdir.
Qalanları kiçik leytenant rütbəsi almışlar.
Hərbi məktəbi bitirən kimi 46-cı ordunun 394-cü qırıcı diviziyasının 810 saylı qırıcı alayında qırıcı rotanın komandiri vəzifəsində Qafqaz dağlarının Marux aşırımında müharibəyə girmişdir.
1942-ci ilin dekabr ayınadək burada xizəklə (lıja) şütüyən ağ paltarlı fin ordusu ilə vuruşmuşdur.
1942-ci ilin dekabr ayında Suxumi şəhərindən Tuapseyə gedərək orada öz rotası ilə hücuma keçmişdir.
Burada Severskaya stanisasında almanlarla amansız toqquşma olmuşdur.
Əsmələr Əlinin rotasında cəmisi 12 nəfər qalmasına baxmayaraq onlar stanisanı ələ keçirmişlər.
Arxadan kömək gəldikdən sonra onlar almanları qovmağa başlayırlar.
Geriyə çəkilən almanlar Axtırski qəsəbəsində möhkəm müdafiə qururlar.
Alay komandiri Əsmələr Əlini öz rotası ilə Bereqovoy kəndi istiqamətində göndərir. Onun başçılığı altında gecə kəndə hücum edən rota böyük qələbə qazanır. 300-dək alman əsgəri məhv edilir, çoxlu sayda əsir götürülür. Severskaya və Bereqovoy yaşayış məntəqələrindəki uğurlu hərbi əməliyyatlara görə Əsmələr Əli müharibə vaxtı ən yüksək medal sayılan «Rəşadətə görə» medalı ilə təltif edilir və «Qırmızı ulduz» ordeninə təqdim olunur.
Əsmələr Əli 1943-cü ilin avqust ayında növbəti döyüşlərdə kontuziya alaraq xəstəxanaya düşür. 1943-cü ilin sentyabrından 1944-cü ilin yanvar ayına kimi Dnepropetrovsk şəhərində hərbi komendaturada işləyir. 1944-cü ilin yanvar ayından mart ayına kimi Dnepropetrovsk şəhəri hərbi komendantının müavini vəzifəsində çalışır. Sonra onu Kiyev hərbi dairəsinin Ternopol vilayətində Kozlov rayonuna hərbi komendaturaya göndərirlər. 1944-cü ilin 28 aprel tarixində hərbi çağırışçıları orduya yola salarkən Ternopol şəhərində alman qırıcı təyyarəsindən açılan atəş nəticəsində qəlpə yarası almışdır. Qəlpə gicgah nahiyəsində vena damarı ilə kəllə sümüyündə yerləşdiyindən onu çıxarmaq mümkün olmamış, ömrünün sonuna kimi həmin qəlpəni özü ilə gəzdirmişdir.
Əsmələr Əli sağaldıqdan sonra 1944-cü ildən 1946-cı ilə kimi iki il müddətində qərbi Ukraynada bender bandit dəstələri ilə vuruşmalarda olmuşdur. Orada Marusya adlı bir ukraynalı qadınla evlənmiş və ondan bir qızı olmuşdur.
Müharibə illərində Faxralı kəndindən 500-dək kişi müharibəyə yollanmışdır.
Onlardan təxminən 300 nəfəri döyüşlərdə həlak olmuşdur.
Ən ağır itkisi olan nəsillərdən biri də Əsmələr nəsli olmuşdur.
Əsmələr Əlinin 3 doğma əmisi oğlanlarının hamısı Xəlil, Eyvaz və Vəli müharibədə həlak olmuşlar.
Müharibə illərində ümumiyyətlə azərbaycanlılardan çox nadir hallarda zabit olmuşdur.
Müharibədən qayıdanlar arasında Faxralı kəndində ən yüksək hərbi rütbə - baş leytenant ancaq Əsmələr Əlinin olmuşdur.
Orduda böyük perspektivləri olmasına baxmayaraq kənddə tək qalan anasına görə 1946-cı ilin aprel ayında Əli Xəlilov ordudan tərxis olaraq Faxralıya qayıtmış və 1948-ci ildə yenidən ailə qurmuşdur. Bundan sonra onun 3 oğulu və 4 qızı dünyaya gəlmişdir.
1947-ci ildən kolxozda hesabdar, 1948-49-cu illərdə mal fermasının müdiri, 1950-ci ildə təftiş komissiyasının sədri, 1951-ci ildə tikiliş briqadiri, 1952-də anbar müdiri, 1953-də alma bağı briqadiri, 1954-də partiya təşkilatı katibi, at fermasının müdiri, 1955-62-ci illərdə qoyun fermasının müdiri, 1963-67-ci illərdə tikiliş briqadiri, 1968-70-ci illərdə mal fermasının müdiri, 1971-77-ci illərdə sovxozda anbar müdiri və 1980-86-cı illərdə su kəmərinin texniki vəzifələrində çalışmışdır.
Əsmələr Əli çalışdığı çoxlu sayda kollektivlərdə işçilərinin böyük rəğbətini qazanmışdır.
Əsmələr Əli özünə mənəm dedirdən kişilərdən biri olmuşdur. Onun hərbi, riyaziyyat, hüquq, coğrafiya, islam dini kimi elmlərdən dərin bilikləri olmuş, inşaat işləri və maldarlıq sahəsində də böyük təcrübəyə malik olmuşdur. Heç təsadüfü deyildir ki, kənddə məhkəmə işi ilə bağlı problemləri olan çox adam hüquq elmini yaxşı bildiyi üçün kömək və məsləhət üçün onun yanına gələrdi.
Əsmələr Əli həmişə haqq-ədalətin müdafiəçisi olmuş və ədalətin zəfər çalmasına var qüvvəsini sərf etmişdir. O, 1950-ci ildə Moskvada Malenkovun qəbulunda olmuş, Gürcüstanda baş verən haqsızlıqları yoxlamaq məqsədi ilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin komissiyasının yaradılmasına nail olmuş, o zaman Bolnisi rayonunda ədalətin bərpasını təmin etmişdir.
80-ci illərin əvvəllərində Andropovun qəbuluna yollanan Gürcüstan azərbaycanlılardan ibarət nümayəndə heyətinin tərkibinə Borçalı ziyalıları Bolnisi rayonundan Əsmələr Əlini də daxil etmişlər. Lakin o yaşlı və nasaz (bir neçə ay əvvəl infarkt keçirmişdi) olduğu üçün bu səfərdən imtina etmişdir.
Əsmələr Əlinin kəndin abadlaşdırılması işində də böyük xidmətləri olmuşdur. Şahbuzluya qədər çınqıl yolun salınması, Şahbuzluya Təhməzdən suyun çəkilməsi, əlavə elektrik transformatorunun qurulması işləri birbaşa onun adı ilə bağlıdır. Onun ferma müdiri olarkən yaylaqdakı fəaliyyətini Yırğançaq, Soyuq bulaq və s. yaxın kəndlərin sakinləri yaxşı bilir. Müharibə illərində yaylaqda Hasanlının Yurd Yeri deyilən ərazini gürcülər zəbt etmişdilər. O, 1948-ci ildə gürcülərin böyük müqavimətinə baxmayaraq kolxozun mal fermasını zor yolu ilə həmin ərazidə yerləşdirmiş və həmin yurdun yenidən Faxralıya qayıtmasını təmin etmişdir.
Əsmələr Əlinin savadlı və məğrur böyüməsində anası Güllər Yetərin (Novruzöyü), sonralar ad-san qazanmasında isə həyat yoldaşı Gülgəz Bədəl qızının böyük xidmətləri olmuşdur.
Onu da qeyd edək ki, Əsmələr Əli həm də gözəl ailə başçısı idi. O, 3 oğul və 5 qız böyüdüb-boya-başa çatdırmışdır.
Əsmələr Əli 1989-cu il martın 21-də 71 yaşında ürək çatışmazlığından vəfat etmişdir. Allah rəhmət eləsin!
Əsmələr Əlinin və onun ömür-gün yoldaşı
Gülgəz Bədəl qızının adı qohumlarının və
qədir bilən Faxralı elinin qəlbində və yaddaşında
daim yaşayacaqdır.
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.