Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..
"Ziya" qəzetinin və "Zim.Az" saytının
baş redaktoru Müşfiq Borçalı

həmkarları Sabir Yusifova, yaxın qohumu

Moskva Dövlət Sənaye Universitetinin professoru,

NAZİM SULTANZADƏnin

vəfatından kədərləndiyini bildirir,
mərhumun ailəsinə və yaxınlarına
dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!..


Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..Professor Nazim Sultanzadə vəfat etmişdir

Maşınqayırma sahəsində tanınmış alim, texnika elmləri doktoru, professor Nazim Müzəffər oğlu Sultanzadə vəfat etmişdir.

Nazim Sultanzadə 1938-ci il dekabrın 21-də Naxçıvan şəhərində anadan olmuşdur.
1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirərək aspiranturaya daxil olmuş və Moskva şəhərində fəaliyyətə başlamışdır. Gənc və istedadlı mütəxəssis N.Sultanzadə 1966-1984-cü illərdə Ümumittifaq Maşınqayırma İnstitutunda işləmiş, 1971-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır. Əvvəlcə Ümumittifaq Qiyabi Maşınqayırma İnstitutunda Hesablama Mərkəzinə rəhbərlik etmiş, dosent vəzifəsində işləmiş, 1978-ci ildə həmin İnstitutda “Maşın-avtomat və avtomat axın xətləri” kafedrasının müdiri seçilmişdir.

Nazim Sultanzadə 1983-cü ildə “Avtomatlaşdırılmış layihələndirmə sistemində avtomatik xətlərdə struktur quruluşunu optimallaşdırmağın nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, bir ildən sonra isə Moskva Dəzgah və alətqayırma İnstitutunun “Maşınqayırma texnologiyası” kafedrasının müdiri seçilmişdir. Eyni zamanda o, SSRİ Ali Təhsil Nazirliyi yanında “Maşınqayırma texnologiyası” ixtisası üzrə Elmi Metodik Şuranın rəhbəri təyin edilmişdir.
Nazim Sultanzadə 1995-ci ildə Moskva Dövlət Cihazqayırma və İnformatika Akademiyasına dəvət edilmiş və “Texnoloji informatika və maşınqayırmanın texnologiyası” kafedrasına rəhbərlik etməyə başlamışdır. O, Moskvada iki ali məktəbin kafedrasına eyni vaxtda rəhbərlik etmişdir.

Görkəmli alim, professor Nazim Sultanzadə çoxlu doktorluq və namizədlik dissertasiyasının elmi rəhbəri olmuşdur. O, Rusiya Federasiyasının doktorluq və elmlər namizədliyi dissertasiyaları üzrə ixtisaslaşdırılmış
6 müdafiə şurasının üzvü kimi fəaliyyət göstərmişdir.

Professor N.Sultanzadə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki olmuş və Rusiyanın Təhsil və Elm Nazirliyinin fəxri işçisi adına layiq görülmüşdür. Alim maşınqayırma sahəsində çoxsaylı dərslik və monoqrafiyanın, 150-dən çox elmi məqalənin müəllifidir.

Onun yetişdirdiyi alimlər, əldə etdiyi elmi nəticələr həm istehsalata, həm də tətbiqi elmə gətirdiyi yeniliklər Sovetlər İttifaqının bütün coğrafiyasını əhatə edir.
Professor Nazim Sultanzadə maşınqayırma sahəsində MDB məkanında “Qızıl beşliyə” daxil olan alimlərdən biri idi. Onun vəfatı MDB məkanında maşınqayırma sahəsində çalışan elmi-pedaqoji ictimaiyyət üçün böyük itkidir.

N.Sultanzadə həm də vətənpərvər insan idi. “20 Yanvar”, “Qarabağ hadisələri” onu dərindən düşündürür, narahat edirdi. O, Moskvada Azərbaycan ziyalılığının layiqli təmsilçisi idi. N.Sultanzadənin maşınqayırmanın müxtəlif sahələrini əhatə edən dərslik və monoqrafiyaları bu gün də alim və tədqiqatçıların stolüstü kitablarıdır.

Professor N.Sultanzadə elmi və pedaqoji fəaliyyəti dövründə Azərbaycan Respublikasının maşınqayırma sahəsində fəaliyyət göstərən elmi-tədqiqat təşkilatları o cümlədən, Azərbaycan Texniki Universiteti ilə sıx əməkdaşlıq etmiş, respublikamızda yüksəkixtisaslı elmi kadrlar hazırlanmasına sanballı töhfə vermişdir.
Görkəmli alim, texnika elmləri doktoru, professer Nazim Sultanzadənin xatirəsi onu tanıyanların qəlbindən silinməyəcəkdir.

Allah rəhmət eləsin.

Azərbaycan Texniki Universitetinin
bir qrup alimi adından


"Respublika" qəzeti, 1 dekabr, 2015.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: