tanınmış hüquq müdafiəçisi,
hüquq elmləri üzrə
fəlsəfə doktoru,
XVI əsrdə yaşamış,
yaşadığı dövrdə
nəcib dəyərləri ilə
şöhrət qazanmış
Şeyx Səfiyəddin şəcərəsinin
ləyaqətli davamçısı
Samirə Mahir qızı
Məmmədzadədir.
Sərlövhədə qeyd etdiyimiz bu qiymətli atalar sözü tamamilə sınaqdan çıxmış, həyatda öz təsdiqini tapmışdır.Azərbaycanın tarixində xeyirxah insanlar çox olmuşdur və onlar bu gün də böyük hörmət və məhəbbətlə xatırlanırlar. İndi Respublikamızda məhşur mesenant Z.Tağıyevin adını kim eşitməyib ki? Onun adına mükafatlar, təqaüd təsdiq edilib və hamımız bu böyük millətsevər insanla fəxr edirik. Bu baxımdan ömrünü, gününü elə verənlər, ellərin qəlbində daim yaşaya bilər. İmkanı daxilində xeyirxah işlər görən, Vətənini, Millətini sevən insanlar nə yaxşı ki, aramızda vardır və bu bizi çox sevindirir.
Müsahibimizə ilk sualımız belə oldu:
- Samirə xanım, qısaca da olsa, böyüdüyünüz, tərbiyə və təhsil aldığınız ailəniz, valdeynləriniz haqqında söz açmağınız maraqlı olardı...
- Mən Mingəçevir şəhərində ziyalı ailəsində dünyaya göz açmışam. Valdeynlərimin yeganə övladıyam.
Atam Mahir Soltanəhməd oğlu Məmmədzadə iki ali təhsil alıb. Azərbaycan Dövlət Statistika Komitəsində uzun illər iqtisadçı kimi çalışıb. Haqqında Azərbaycan İqtisadçıları (2008-ci il) ensiklopedik toplusunda geniş məlumat verilib.Atam olduqça qanunpərəst, prinsipial, ciddi, işinə can yandıran bir insan idi. Səxavətini, imkanı çatan qədər xeyirxahlığını heç kimdən əsirgəməzdi. Qapısını döyənləri naümid qoymayıb, kimsəni əliboş qaytarmazdı. Ağlım kəsəndən onun bütün hərəkətlərini, davranış tərzini yaddaşıma həkk etmişdim. Ağır iş günlərindən sonra mənə diqqət ayırmağı da unutmazdı. Dərslərimi əla qiymətlərlə oxumağımı tövsiyyə edərdi. Bir nəsihəti elə indi də yaddaşımdadır: "Biliksiz insan okeanda üzən yelkənsiz gəmiyə bənzər, ya sahilə çırpılıb parçalanar, ya da tufana düşüb batar"... O, tələbkarlığı ilə yanaşı nəvazişini də əsirgəməzdi övladından. Hələ mən orta məktəbdə oxuyarkən, istəmişəm ki, dərslərimdən əla qiymətlər alım, gələcəkdə elmli, bilikli bir insan olum. Bir sözlə, valideynlərimin həyat yolları mənim üçün əsl həyat məktəbi olubdur. Böyük kədər hissi ilə qeyd edim ki, atam 2020-ci ildə dünyasını dəyişibdir. Dünyasını dəyişən bütün valideynlərin yerləri behişt, məkanları cənnət olsun.
Anam Mehriban Fərman qızı Səfiyeva isə tanınmış pedaqoq, zəhmətkeş, tədqiqatçı alim, xeyirxah insan, N.Tusi mükafatçısı, 50-yə yaxın dərslik, elmi əsərlər, İ.Əfəndiyev adına Elitar Gimnaziyadakı məktəbəqədər (5 yaşlılar) uşaqlara aid "Əlifba" dərsliyinin ilk müəllifi, eləcə də I - IV siniflər üçün iş dəftəri və müəllim kitabının, BDU-nun tarix fakültəsi üçün ingilis dili dərsliyinin yeni təlim texnologiyaları yazı təlimi metodik vəsaitinin müəllifidir. Onun haqqında XX əsrin "İşgüzar Qadınları" (2003-cü il) kitabında geniş məlumat verilibdir.Onu da qeyd edim ki, anam Mehriban Səfiyeva XVI əsrdə yaşamış, xeyriyyəçiliyi ilə tanınmış Şeyx Səfiyəddinin soy-kökündəndir. Ana babam Fərman kişi bu soy-kökün yeddinci sülaləsinin nümayəndəsidir. Şeyx Səfiyəddin əslən Türk tayfasındandır. Azərbaycanın müxtəlif bölgələrində, cənubda, paytaxtımızda, eləcə də Bakı kəndlərindən olan Balaxanıda məscidlər, mədrəsələr, qədim tarixi binalar və hamamlar inşaa etdiribdir. Xeyriyyəçi kimi öz dövründə imkansızlara, kasıblara əl tutmuşdur. Bu soy-kökün davamçıları xeyriyyəçilik ənənələrini imkanları daxilində indiyədək davam etdirirlər.
Atamla birgə anamın da nəcib keyfiyyətlərindən danışmaya bilmərəm. Anamın simasındakı işıqdan hamımıza pay düşübdür. Deyirlər ki, valideynin övladlara borcu, pul, mal-dövlət deyil, elm və əxlaqdır. Tamamilə doğrudur... Mən valideynlərimə olan məhəbbətimin ülviliyini, gücünü həmişə hiss edirəm. Mərd, etibarlı, sədaqətli, xeyirxah, ismətli qadınlara hörmətim böyükdür. O cümlədən də anama...
- Bu peşə sahibləri-hakim, vəkil, həkim və hərbiçilər xidmətə başlamazdan əvvəl and içirlər. İnsanlara qarşı humanist, obyektiv, xeyirxah və qərəzsiz olurlar. Müdafiə etdiyi insanın işini yüngülləşdirir, mənafeyini qoruyurlar. Sizin fikrinizcə, müstəqil dövlətimizdə hüquq müdafiəçiləri istədikləri kimi azaddırlarmı?
- Biz müstəqil dövlətimizin azad vətəndaşlarıyıq. Dövlətimizə və dövlətçiliyimizə ləyaqətlə xidmət etmək, qanunlarımızın aliliyinə hörmət bəsləmək ən ümdə borcumuzdur. Bizim dövlətimizdə hüquq müdafiəçiləri tam azaddırlar.
- Sizin fikrinizcə, qadınlarımız bu gün cəmiyyət qarşısındakı vəzifələrini istədikləri kimi yerinə yetirə bilirlərmi? Özlərini daha geniş anlamda ifadə etməkləri üçün obyektiv, subyektiv və zəruri mühit yetərlidirmi?
- Qadınlarımız üçün cəmiyyətimizdəki mühit sağlam, normal və çox rahatdır. Dövlətimiz Azərbaycan qadınlarına, analarına hərtərəfli, çoxşaxəli və sərfəli bir şərait yaratmışdır. Bu baxımdan biz bu gün tərəddüd etmədən hər yerdə azad şəkildə sözümüzü deyə bilirik. Şübhəsiz ki, bu azadlığı, sağlam şəraiti, hərtərəfli imkanları bizə dövlətimiz, konstitusiyamız yaratmışdır.
- Necə oldu ki, sevib-seçib hüquqşünas olmaq istədiniz? Neçə ildir bu sahədə çalışırsınız?
- Ana babam ixtisasca hüquqşünas olubdur. Uzun illər hakim işləyibdir. Hələ uşaqikən babamın xeyirxah işlərindən, yaxşı əməllərindən danışılanları çox eşidirdim. Bu məni çox düşündürürdü. Məhz bu səbəbdən də gələcəyimi onun davamçısı kimi bu sahədə görmək istədim. Artıq on beş ildir ki, hüquq müdafiəçisiyəm.
- Qadın, hüquq müdafiəçisi və Allahını sevən insan kimi qadınlara qarşı zorakılıq hallarına necə münasibət bəsləyirsiniz?
- Qadın, zərif, zəif məxluqdur, anadır, tərbiyəçidir. Hər bir zorakılıq, qəddarlıq, amansızlıq edən kişini də bu həyata gətirən qadındır. Qadına güc tətbiq edən şəxs düşünməlidir ki, o, öz anasına zorakılıq edir. Zorakılıq dözülməz haldır. Fikrimcə sağlam təfəkkürə, dərin zəkaya, yüksən mənəviyyata malik olan insan zorakılıq törədə bilməz. Eyni zamanda bu cür hallar yüksək intellekti ilə seçilən ailələrdə də baş verməz.
- Sizin fikirinizcə, müasir qadın öz zərifliyini saxlamaq üçün nə etməlidir?
- Zərifliyini saxlamaq istəyən qadının hər bir cəhəti-davranışı, danışığı, rəftarı, ləyaqəti, geyimi, səliqə-səhmanı incə və gözəl olmalıdır. Təhsilini artırmalı, özünə diqqət yetirməli, daim inkişafda olmalıdır. Unutmamalıyıq ki, ziyalı, yüksək mədəniyyətə malik qadın cəmiyyətin zinətidir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Samirə Məmmədzadə 15 ildən artıqdır ki, hüquq sahəsində şəffaf, səmərəli fəaliyyətinə, bu sahədə əldə etdiyi uğuruna, vətəndaşlara qanun çərçivəsində düzgün istiqamət göstərməsinə, xeyirxah, sülhsevər münasibət bəsləməsinə, eləcə də qanunlarımızın aliliyinə, müqəddəsliyinə daim yüksək hörmətlə yanaşmasına və bütün bunlarla yanaşı hər bir işində humanizm prinsiplərinə əsaslanmasına, eyni zamanda fəaliyyəti dövründə işıqlı əməllərinə görə 2020-ci ildə Azərbaycan Respublikası "Təhsil Mərkəzi"-nin təsis etdiyi "XXI Əsrin Ziyalısı", 2021-ci ildə isə "Xan Qızı Natəvan" fəxri mükafatları ilə təltif olunmuşdur.
- Cəmiyyətdə gördükləriniz, şahidi olduqlarınız, insan taleləri ilə bağlı yaşadığınız ağrılar Sizə necə təsir bağışlayır? Ümumiyyətlə, təbiətcə necə insansınız?
- Hüquq müdafiəçiləri insanlarla daha çox ünsiyyətdə olurlar. Əlbəttə ki, sadaladığınız məsələlərlə bağlı bir insan kimi ürəyim çox ağrıyır. Əgər mən üstümə pənah gətirənlərə öz biliyimin, təcrübəmin sayəsində qanunlarımızı əsas tutaraq düzgün istiqamətə yönəldə bilirəmsə, deməli bu mənim həm də insanlıq borcumdur. Bununla mən də imkanım daxilində insanlara dəstək olmağa çalışıram. Xeyirxahlıq bizə Ulu babalarımızdan, nəsil-səcərəmizdən indiyədək miras qalmış nəcib bir missiyadır. Sualınızın digər tərəfinə gəlincə isə mən olduqca insansevər, sülhsevər və həyatsevər insanam.
- Bu gün hansı hisslərlə yaşayırsınız?
- Yalnız xeyirxah hisslərlə yaşayıram. A.Bakıxanov yazmışdır ki: "İnsan yaxşı əməlindən iki dəfə zövq alır, birincisi onu edəndə, ikincisi əvəzini görən zaman"... Yaxşılıq heç vaxt itmir...
- Yeri gəlmişkən, bəs hüquqşünas qadın hansı keyfiyyətlərə malik olmalıdır?
- Hansı peşə sahibi olursa olsun qadın ilk növbədə zərif məxluqdur. Bu sahənin adamı - ədalətli, mərhəmətli, təvazökar və uzaqgörən olmalıdır. Hadisələri, müraciətləri, insan talelərini düzgün analiz etməyi, hər bir işin öhdəsindən vicdanla gəlməyi qarşısına məqsəd kimi qoymalıdır. Ürəyində Vətəninə, Millətinə qarşı sonsuz məhəbbət bəsləməlidir.
- Söhbətimizdən belə qənaətə gəlirik ki, Sizin özünüzəməxsus keyfiyyətləriniz var...
- Sadəliyə, səmimiliyə və təvazökarlığa daha yüksək qiymət verirəm. Belə keyfiyyətlərə malik insanlara böyük hörmət bəsləyirəm. Çünki əsl böyük insanları həmişə sadə görmüşük, onların rəftarları da təbiidir. Hər şeydə - xasiyyətdə, davranışda və üslubda da ən böyük gözəllik sadəlikdir. Sadəlik və özünə dəyər vermək ləyaqət artırır... Estetikada belə bir dəyər, qiymət anlayışı var: "Gözəl insan".Ancaq Vətəninə, Torpağına, Millətinə sədaqətli, dərin zəkalı, zəngin mənəviyyatlı, insanları sevən, duyan, bağışlamağı bacaran insanlara yaraşır bu ad. Çünki belə insanlar hərtərəfli gözəlliyə malik olurlar. Sözün əsl mənasında Samirə xanım da, bu nəcibliyə, bu qiymətə layiqdir. Deyildiyi kimi: "Ot kökü üstə bitər"...
- Samirə xanım, maraqlı müsahibə üçün təşəkkür edir və Sizə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!
- Çox sağ olun...
XANIM BİLALQIZI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.