QOCAMAN MEŞƏÇİ - ƏLİ ABDULƏLİ OĞLU ORUCOV

QOCAMAN MEŞƏÇİ - ƏLİ  ABDULƏLİ  OĞLU ORUCOV Qocaman meşəçi Əli Abduləli oğlu Orucovun
yanvar ayının 3-də ad günüdür.
Onu Ad günü münasibəti ilə ürəkdən təbrik edir və
ona uzun ömür, möhkəm can sağlığı arzu edirik!..


O, 1933-cü il yanvar ayının 3-də Gəncə şəhərində anadan olmuşdur.
1949-cu ildə Gəncə şəhərində 5 saylı orta məktəbi, 1954-cü ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşəçilik fakültəsini bitirmişdir.
1954-1959-cu illərdə Mockva şəhərində Ümumittifaq Meşəlayihə Birliyində taksator vəzifəsində işləmişdir. Həmin dövrlərdə Ə.Orucov Perm Vilayəti Osa rayonunun meşə ərazisində meşə quruluşu işlərinin, 1955-ci ildə Krasnoyarsk Vilayətinin Minusinsk rayonu meşələrində, 1956-cı ildə Baykal gölü ətrafında Buryat-Monqol Vilayətinin Biçura, 1957-ci ildə Barquzin Dövlət Qoruğu ərazisində, 1957-1958-ci illərdə isə Barun-Tarbaqatay, Kyaxta və Amur Vilayətinin Zeya meşə təsərrüfatı sahələrində meşələrin taksasiya işlərinin həyata keçirilməsində bilavasitə iştirak etmişdir.
1959-cu ilin sonunda Azərbaycana qayıtmış və Mərdəkan AETMTİ-də aspiranturaya daxil olmuş və institutun Bərdə şəhərinə köçürülməsi səbəbindən ailə vəziyyəti ilə əlaqədar olaraq işdən çıxmışdır.

1960-1961-ci illərdə Baş Meşə Təsərrüfatı İdarəsində meşə quruluşu işləri üzrə baş mühəndis vəzifəsində çalışmışdir. Bu zamana qədər respublikada meşə quruluşu layihələrinin hazırlanması işi Gürcüstanın “Zaklesproyekt” idarəsi tərəfindən həyata keçirilirdi.
Eyni zamanda, layihələr rus dilində tərtib edilirdi.

1961-1965-ci illərdə Ə.Orucovun təşəbbüsü ilə 8 nəfər azərbaycanlı meşəçi kadrların iştirakı ilə Zaqatala, Oğuz və Astara rayonlarında həmin heyət meşə quruluşu işləri aparılmış, mövcud meşə sahələrinin mühafizəsi, artırılması və səmərəli istifadə olunması ilə bağlı 10 illik layihələr (planlar) Azərbaycan dilində tərtib edilmiş və meşə təsərrüfatlarına təqdim olunmuşdur.

Ə.Orucov 1965-1970-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin meşə təsərrüfatı şöbəsində baş mütəxəssis vəzifəsində çalışmışdır.
1970-ci ildə o, Dövlət Plan Komitəsindən Nazirlər Sovetinin İşlər İdarəsinə köçürülmüşdür.
1970-1989-cu illərdə plan-maliyyə və maddi-texnika təminat şöbəsində baş referent vəzifəsində çalışmış, 1989-cu ildə isə “Azərmeşə” İstehsalat Birliyi sədrinin birinci müavini, respublika baş meşəbəyisi vəzifəsinə təyin edilmişdir.
Ə.Orucov 1990-cı ildə Moskvada keçirilən meşəbəyilərin bbirinci qurultayında 30 nəfərlik respublika meşəbəyiləri qrupuna rəhbərlik etmiş, qurultayda söylədiyi məruzə böyük maraqla qarşılanmışdır.
1993-cu ildə San-Peterburqda Rusiya Federasiyasının 3-cü meşəçilik qurultayına dəvət edilmiş və meşə təsərrüfatındakı fəaliyyətinə görə mükafatlandırılmışdır.
1997-ci ilin 13 oktyabrında Antaliya şəhərində keçirilən XI Beynəlxalq Meşə Konqresində Azərbaycan Respublikasından dəvət edilmiş 5 nəfər mütəxəssis (komitə sədri M.Məmmədov, Ə.Orucov, M.Şəkiliyev, professor R.Məmmədov və F.Əmirov) iştirak etmişdir
Qeyd etmək lazımdır ki, konqresin gedişi dövründə FAO-nun Türkiyə təmsilçisi M.Muttou ilə söhbət zamanı Ə.Orucovun təşəbbüsü ilə Azərbaycan meşəçi mütəxəssislərinin Türkiyədə çöl və komeral işlərin (layihələrin) hazırlanması üçün Türkiyəyə ezam edilməsinə yardım etmək məsələsi müzakirə olunmuşdur. Nəticədə 6 nəfər azərbaycanlı meşəçinin Türkiyənin Bolu bölgəsinə 3 ay müddətinə ezam edilməsi barədə razılıq əldə edilmiş və bu tədbir həyata keçirilmişdir.

Qeyd etmək lazımdır ki, Türkiyədə şabalıdyarpaq palıd (Quercus castaneifolia) növünün olmamasını nəzərə alaraq, Ə.Orucov bu növün yerli ərazidə də yayılmasını təklif etmiş və bu məqsədlə 1998-ci ildə 5 ton şabalıdyarpaq palıd qozasının göndərilməsini təmin etmişdir. Onu da vurğulamaq yerinə düşər ki, Ə.Orucovun bu təşəbbüsü Türkiyədə maraqla qarşılanmış, hər bir vətəndaş, 9 ədəd palıd qozası əkməklə, tədbirə yardım göstərmişdir.Bu işə görə bakanlıq Əli Orucova öz təşəkkürünü bildirmiş və qozaların 2 gün ərzində səpilməsi həyata keçirilmişdir.

Hal-hazırda Türkiyədə salınmış şabalıdyarpaq palıd əkinləri çox yaxşı inkişaf etmiş və göz oxşayan meşəliklərə çevrilmişdir.

Əli Orucov eyni zamanda yeni meşə massivlərinin salınmasında türk meşəçilərinin qabaqcıl təcrübəsinin respublikamızda tətbiqinə xüsusi fikir verərək, İzmit Qovaqçılıq İnstitutunun yetişdirdiyi tezböyüyən (ildə 4 metrə qədər) 1000 ədəd qovaq çiliklərinin respublikanın ayrı-ayrı rayon meşə təsərrüfatlarında əkilməsini təmin etmişdir.
1997-ci ilin 30 dekabrında Respublika Prezidentinin qərarı ilə Azərbaycannın Meşə Məcəlləsinin hazırlanması haqda müvafiq tapşırıq verilmişdir.

Azərbaycan Respublikasının Meşə Məcəlləsinin ayrı-ayrı bəndlərinin hazırlanması üçün (meşələrin qorunub mühafizə edilməsi, yeni meşə və yaşıllıqların salınması, əkin materiallarının yetişdirilməsi, meşələrdə xidməti qırıntıların aparılması və s.) “Azərmeşə” İstehsalat Birliyi tərəfindən Ə.Orucovun bilavasitə iştirakı ilə layihə Nazirlər Sovetinə təqim olnub, təsdiq edilmişdir. O, Almaniya, Avstriya, Türkiyə və Yunanıstan dövlətlərinə ezam olunaraq, müxtəlif beynəlxalq müşavirələrdə iştirak etmiş, onların bu sahədə əldə etdikləri qabaqcıl təcrübələrin respublika meşə təsərüfatında tətbiqinə nail olmuşdur.
QOCAMAN MEŞƏÇİ - ƏLİ  ABDULƏLİ  OĞLU ORUCOV Ə.Orucov ermənilərin insanlığa yaraşmayan vəhşilikləri nəticəsində meşələrimizə vurlan ağır yaralara biganə qalmır, bu barədə tez-tez qəzet və jurnalların səhifələrində məqalələrlə çıxış edir.

Belə ki, erməni qəsbkarlarının Dağlıq Qarabağda 261 min hektar dağ meşələrini amansızcasına qırmaları, o cümlədən Zəngilan rayonunda 105 ha sahədəki Bəsitçay qoruğundakı Şərq çinarı meşələrin tamamilə qırıb yox etmələri barədə beynəlxalq tədbirlərdə verdiyi bəyanatlar böyük əks-sədaya səbəb olmuşdur.

Ə.Orucov 2001-2005-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində müşavir və məsləhətçi vəzifələrində fəaliyyət göstərmişdir.

Əli Abduləli oğlu Orucov meşəçiliklə bağlı onlarla elmi məqalənin müəllifidir.

O, 2005-ci ildən təqaüddədir. Hazırda Bakı şəhərində yaşayır.

Əlləz Ormeşənli,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: