Gülşən Behbud: "GÖRDÜM Kİ, BU HƏYAT BİR SAP, TALE DƏ KÜT BİR İYNƏDİ..."

Gülşən Behbud: "GÖRDÜM Kİ, BU HƏYAT BİR SAP, TALE DƏ KÜT BİR İYNƏDİ..." Salam, dəyərli oxucular!
"Ziyalılarımızı tanıyaq və tanıdaq!" adlı rubrikamızın bu günkü qonağı - müsahibimiz tanınmış xanım ziyalılarımızdan biri olan şairə, jurnalist Gülşən Behbuddur.


-Salam, Gülşən xanım.
-Salam.

-Ozünüzü təqdim edərdiniz. Gülşən Behbud kimdir?
-Gülşən Behbud sadə Azərbaycan vətəndaşı, Azərbaycan qadını, bacardığı qədər öz yaradıcılığı ilə məşğul olan qələm sahibi.

-Rəhbərlik etdiyiniz "Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai Birliyi və "Atilla" jurnalı haqqında oxucularımıza məlumat verərdiniz.
-"Atilla" jurnalını 2011-ci ildə təsis etmişəm və 2012-ci ildən fəaliyyətə başlayıb.
Məqsəd Azərbaycanın və Türkiyənin dəyərli qələm sahiblərini, tanınmış simalarını, vətənpərvər insanlarını təbliğ etməkdir.

-Yaradıcılıq və iş həyatı. Bu iki işdə çalışmaq sizi yormur ki?
Həm yaradıcı insan kimi, həm də QHT sədri kimi hər iki işə vaxt ayıra bilirsinizmi?

-Qətiyyən. İnsan sevdiyi işlə məşğul olanda yorulmur.
Jurnalı yaratmaq əslində öz içimdən gəldi.
Biz də bir məsəl var, deyərlər, "evimin həm xanımı, həm də qulluaçuyam".
Mən də həm redaktor olmuşam, həm də müsahibələri özüm götürmüşəm.

-Hansı sahədə özünüzü bir xanım kimi uğurlu hesab edirsiniz?
-İnsan özünü hansı sahədə tanıda bilirsə, elə o sahədə uğur qazanmış olur.

-Digər QHT və media nümayəndələri, eləcə də tabeliyinizdə çalışan əməkdaşlar sizdən razıdırlarmı?
-Bu sualı onların özlərindən soruşsanız, daha doğru cavab alarsınız. Amma bir şeyi deyim sizə. İnsan olaraq özümə kənardan baxanda, həm bir insan kimi, həm bir xanım kimi, həm də bir vətəndaş kimi özümü humanist və mərhəmətli görürəm. Bunu məni tanıyan insanlardan soruşsanız, deyərlər. Amma bunun fəsadlarını yaşamışam və yaşayıram. Göstərdiyim insanlığın, fədakarlığın, məthəmətin, xeyirxahlığın qarşılığını, çəkdiyim əziyyətin nəticəsini görmədim. Ona görə yaxşı insan, yaxşı rəhbər olmaq istəmirəm daha.

-Ən böyük zəifliyiniz və ən böyük gücünüz nədir? Hansı işinizdə və ya əməlinizdə zəifliyinizi və gücünüzü görürsünüz?
-Bayaq dediyim kimi ən böyük zəifliyim həddindən artıq mərhəmətin və insanlara olan sevgimdir.
-Şeirlərinizin birində belə bir misra işlətmisiniz:
Gördüm ki, bu həyat bir sap,
Tale də küt bir iynədi...
- bu misrayla nə demək istəmisiniz?

-Hər bir oxucu onu öz payına götürməlidir, özü düşündüyü kimi şərh etməlidir.
İnsan həyatı o zaman yaşayır ki, onun mənasını dərk edir, problemləri düşünür. Həyatın mahiyyəti onun dolğunluğunda, məzmunluğundadır. İnsan ona verilən həyatı yaşamalıdır, insan kimi qalmağı bacarmalədır. Həyat tale ilə bağlıdır. Həyat özünün sevinci, iztirabları, enişi, yoxuşu, taleyin zərbə və uğurları ilə vəhdətdə yaşanılır. Bəli, həyat insanın başlıca dəyəridir. İnsanın dünyaya və özünə münasibəti sayəsində müəyyən dəyərlər formalaşır ki, onun zirvəsində bu və ya digər ictimai ideyalarda əks olunan mütləq dəyərlər durur.

-Müsahibələrinizin birində belə bir ifadə işlətmisiniz:
"İnsan ömrü azanla-namaz arasındadır. Doğulanda qulağına azan, dünyasını dəyişəndə namaz oxunar."
Bu gün yoluxucu və infeksion xəstəliklərin, müharibələrin tüğyan etdiyi bir dövrdə yaşayırıq. Bu gün bütün bu olayları görən insan övladı nəyisə dərk edə bilirmi? İnsani münasibətlərdə hansı dəyişikliklər var? Bu barədə bir ziyalı kimi öz münasibətinizi bildirərdiniz.

-Əvvəla mənim yazılarımı diqqətlə oxuduğunuza görə sizə təşəkkürümü bildirirəm. Çox incəliklə yanaşmısınız. Pandemiya təkcə Azərbaycanın deyil, bütün dünyanın problemi idi. Bu həm problem, həm də dünyaya bir mesaj idi. Hər şey hədəqədən çıxıb, öz formatını dəyişib. Ümumiyyətlə, pandemiya hər bir insanın həyatına arzuolunmaz bir yazı kimi yazıldı. Eyni zamanda pandemiya hər bir insanı vicdanı ilə üz-üzə hesablaşmaq üçü şərait, imkan yaratdı. Bu xəstəliyin fəsadlarını hər insan kimi biz də yaşadıq. Bu xəstəlikdən doğmalarım, yaxınlarım dünyasını dəyişdi. Bu gözəgörünməz düşmənə qarşı ən böyük ümidimiz Allahın mərhəməti və sevgisi oldu.
Şəhid bacısı olaraq, 30 ilə yaxın, gəncliyimizdən bu yana Qarabağ deyə-deyə yaşadıq. 2020-ci ildə Cənab Ali Baş Komandanın "Dəmir yumruğu", ordumuzun gücü-qüdrəti nəticəsində, şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına Qarabağımızı işğaldan azad etdik. Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləyirəm.
Bəli, bu gün dünyanın hər yerində müharibə ocaqları var. Bütün bu olaylardan nəticə çıxarda bilən çıxardır. Sözümün əvvəlində dediyim kimi, bu olanlar hər bir insana vicdanı ilə üz-üzə hesablaşmaq şəraiti, imkanı yaratdı.

-"Milli Dəyərlər üzrə Marrifləndirmə" İ.B-nin sədri kimi deyə bilərsinizmi bu gün Mİlli Dərlərimizi qoruya bilirikmi? Bu sahədə gənclərimizin mövqeyini və rolunu necə görürsünüz? Böyüməkdə olan gənc nəslə tövsiyələriniz?
-Qəşəng sualdır. Təşkilat yaranmamışdan öncə də milliliyə önəm vermişəm. Hər kəsin, böyüyün, kiçiyin yerini bilən olmuşam. Bunları zaman-zaman həm göstərmişəm, həm də görmək istəmişəm. Bəzən gənclərimiz özlərindən böyüyə, tanımadıqları və yaxud bir dəfə salam verdikləri insana "sən" deyə müraciət edirlər. Bunun qarşısı alınmalıdır. Bunun qarşısı alınmasında ziyalı mövqeyindən istifadə olunmalıdır. Gənclərimizdə elmə, təhsilə maraq artırılmalı, ziyalılarımız, ədəbiyyat və elm xadimlərimiz gənclərlə mütamadi görüşlər keçirməlidirlər. Ancaq bir məsələni də unutmayaq ki, bu gün həm də savadlı, peşəkar, mərifətli, qanacaqlı, xeyirxah və vətənpərvər gənclərimiz də var. Məhz Qarabağımız həmin gənclərin canları və qanları bahasına azad olundu.
Bəli, bu gün biz orta və yaşlı nəsil gənclərə milli və mənəvi dəyərlərimizi yüksək şəkildə aşılamalıyıq.

-Siz həm də media nümayəndəsisiniz. Bu sahədə hansı problemlər var? Mediamızın bu günkü vəziyyəti haqqında nə deyərdiniz?
-Bizim mediamız göz qabağındadır. İndi-indi mediada ciddilik artır. Dəfələrlə ziyalı insanlarla görüşəndə söhbət əsnasında demişəm ki, efirlərimizə nəzarət olunmalıdır. Əvvəl qeyd etdiyim kimi, mənəvi dəyərlərin əks olunması ziyalıların cəmiyyətə təsir gücündən, eləcə də dəyərlərin geniş bir məkanda təbliği əsasında reallaşır. Təəssüfləndirici də olsa qeyd etməliyəm ki, bəzi efirlərdə yüngül mahiyyət daşıyan verilişlər, eləcə də bunların əsasında duran şou proqramların yayımlanması milli-mənəvi dəyərlərimizin təbliği prosesində müəyyən mənfiliklərə səbəb olur.
Musiqimiz, tariximiz, adət-ənənələrimiz gənclərə lazımi şəkildə təqdim olunmalıdır. Bu məsələlərdə ziyalılarımızın mövqeyi və təsir gücü olmalıdır.
Bu gün istər televiziyada, istərsə də radioda mənəvi dəyərlərə zidd olan fikirlərin işlədilməsinə təsadüf olunur. Ancaq onun üçün heç kəs məsuliyyət daşımır. Xatırladaq ki, efir vasitəsi ilə gənclərə mənəvi dəyər aşılanır. Cəmiyyətin sağlam ruhda böyüməsi, sağlam fikir və əqidəyə sahib olması üçün efirdə yayımlanan qeyri-professional verilişlərin qarşısı alınmalı, əsl sənətə və sənətkar düşüncəsinə yer ayrılmalıdır. Onlar cəmiyyətdə sağlam mühitin yaranmasına təsir göstərməlidir.

-Qəbul olunmuş yeni "Media haqqında Qanun"la bağlı fikirləriniz.
- İnformasiya dövründə yaşayırıq. "Media haqqında Qanun"un qəbul edilməsi özlüyündə labüd və yaxşı addımdır. Bu Qanunla media subyektlərinin və jurnalistlərin əhatə dairəsi müəyyənləşəcək. Ən əsası isə jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətlə media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək. Bu Qanunun qəbul ediləmsinə razıyam və alqışlayıram.

- Təklifimizi qəbul edib müsahibə verdiyiniz üçün sizə öz dərin təşəkkür və minnətdarlığımızı bildiririk.

Gülşən Behbud: "GÖRDÜM Kİ, BU HƏYAT BİR SAP, TALE DƏ KÜT BİR İYNƏDİ..." Hazırladı: Yunis Qaraxanlı,
"Şərqin Səsi", "Elm Və Təhsil" qəzetlərinin redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, jurnalist, şair.


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: