YENİ KİTAB: "Dostlara dost töhfəsi"

YENİ KİTAB: "Dostlara dost töhfəsi" REDAKSİAMIZIN ARXİVİNDƏN:

YENİ KİTAB


"Dostlara dost töhfəsi"

İstedadlı qələm dostumuz Rauf İlyasoğlu (Allahverdiyev) 19 mart 1959-cu ildə Ağdam şəhərində anadan olmuşdur.
Hal-hazırda "Respublika" qəzetinin xüsusi müxbiri, "Şərqin səsi" qəzetinin və "Yeni nəşrlər" kataloq jurnalının (ictimai əsaslarla) məsul katibidir.
AYB-nin üzvüdür.
Rauf İlyasoğlu "Qızıl Qələm", "Həzrət Əli", "İti Qələm", "Vicdanlı Qələm", "Cəsarətli Qələm", "Peşəkar Jurnalist" və bir çox media mükafatları laureatıdır, bir neçə dəfə Fəxri diplomlarla təltif olunub. 10-dan artıq almanaxda şeirləri dərc olunub.
60-dan çox publisistik, tibbi, hüquqi, dini kitabların redaktoru, məsləhətçisi, korrektoru və bir çox qəzet və junalların redaksiya heyətinin üzvüdür.
Bu günlərdə Rauf İlyasoğlunun "Dostlara dost töhvəsi" adlı yeni kitabı nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. Bu kitab müəllifin "Xatirəyə dönmüş anlar" adlı şeir və publisistik kitabından və tərtibçisi-redaktoru olduğu "Qara göl" romanından (İlyas Qəmgin) sonra oxucularla növbəti görüşdür.
Kitab dostluğa sədaqət, körpə dünyasına səyahət və haqq dərgahına qovuşan insanların xatirəsinə həsr olunmuşdur.

Arzular insanın qəlbində doğar,
Yatan millətini oyadaq, Allah!
Arzular insanın dərdin də boğar,
Ağdamlı günlərə qayıdaq, Allah!

Məni öz elimə ruhum çağırır,
O doğma yurdumla nəfəs alıram.
Dən düşmüş saçlarım vaxsız ağarır,
Gənclik illərimi yada salıram.

Şairkən xalqımın dərd azarına,
Ordum zəfər çalsın, dözüm, ay Allah!
Atamın uyuyan tək məzarına
Bir dəstə gül-çiçək düzüm, ay Allah!

Bahar nəğməsini duymaq istəyən,
Alsın gül ətrimi ətirli güldən.
Raufu axtarsa əgər dostları,
Onu xəbər alsın nəğməli dildən.

Kitaba müəllifin "Adsız məzarlıqda" və digər poemaları da daxil edilmişdir. İnanırıq ki, kövrək sətirlərlə qələmə alınmış bu şeirlər kitabı da, eləcə də çap olunmaq ərəfəsində olan "Dost sədaqəti""Məni dəli dağda basdırın" kitabları da oxucular tərəfindən böyük maraqla qarşılanacaq, sevilə-sevilə oxunacaq və yaddaşlarda qalacaqdır.

Nəhayət, Rauf İlyasoğlunu yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, ictimai fəaliyyətində və
yaradıcılıq işlərində yeni-yeni uğurları arzulayırıq!..


Müşfiq BORÇALI.

"Şərqin səsi" qəzeti, N: 23 (252) Aprel, 2011-ci il.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: