ÖMÜRLƏRƏ SÜZÜLƏN İŞIQ

ÖMÜRLƏRƏ SÜZÜLƏN İŞIQ

Saçlarının ağlığına qar, deyiblər,
Dahilər də qabağında baş əyibdir.
Sən sinfə hər girəndə oldun cavan,
Şagirdlərdən ayrı düşsən qocalarsan.
Cavad Cavadlı.


İnsanlığın və daşıdığı sənətin zirvəsinə qalxanların adları onların haqqında çox şeyi deyir, çox şey söyləyir. Artıq bəzəyi sevmir, götürmür onlar. Çünki, bu adın sahibləri insanlığı daşıdığı sənət ilə birlikdə aparmağı, hər ikisini qoşa şəkildə özlərinin həqiqi ucalığında saxlamağı yaxşı bacarırlar. Bu dəyərlərin hansını önə çəkəsən, hansı birini əvvəlcə söyləyəsən?! Onları ayırmaq mümkün deyir.


Yetirmələrinin hər biri yaxşı bilir ki, müəllimliyin də, insanlığın da bütün gözəlliklərini sadalayır bu ad. Və artıq təmtərağa heç gərək qalmır. Əlbəttə ki, belə adı qazanmaq asan deyil. Sonradan zərrə-zərrə topladığın bilikdən, təcrübədən başqa canındakı, qanındakı insanlıqdan su içir, bəhrələnir o.

ÖMÜRLƏRƏ SÜZÜLƏN İŞIQ Elmira Hacıyeva 1951-ci il dekabrın 31-də Tovuz rayonu Aşağı Quşçu kəndində
ziyalı ailəsində dunyaya gəlib, tərbiyə alıb, böyüyüb.
Atası Əsgər Həsən oğlu Hacıyev uzun illər Gədəbəydə və Gəncəbasar bölgələrində adlı-sanlı hüquqşünas olub, müstəntiq işləyib.
Anası Məsmə Həsən qızı evdar qadın kimi şərəfli ömrünü başdan-başa ailəsinin möhkəmliyinə, evinin-ocağının səliqə-səhmanına və övladlarının təhsilinə sərf edibdir.

Bu ləyaqətli insanlar həyatın çətin, keşməkeşli, dolanbac yollarından birlikdə keçərək, 4 qız böyüdüblər. Övladlarının hamısına yaxşı təlim-tərbiyə və ali təhsil veriblər.

Elmira Hacıyeva 1969-cu ildə Tovuz rayonu Puşkin adına orta məktəbi əla qiymətlərlə başa vurub. Qədimliyi ilə tanınan bu təhsil ocağı bu gün də, öz nüfuzunu saxlamaqdadır. O, 1971-1976-cı illərdə V.İ.Lenin adına Pedaqoji İnstitutun ibtidai təhsil pedaqoqikası və metodikası fakültəsini bitirib. İlk əmək fəaliyyətinə təyinatla Tovuz rayonunda başlayıb, 1977-1979-ci illərdə orta məktəbdə ibtidai sinif müəllimi işləyib. Daha sonra ailə həyatı ilə əlaqədar olaraq, bir müddət pedaqoji fəaliyyətinə imkan olmayıb. 1990-cı ildən bu günə qədər isə Bakı şəhəri 27 nömrəli ingilis dili dərindən öyrədilən orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Hazırda 2-ci sinfə dərs deyir. Şagirdlərini heç vaxt biri-birindən ayırmır, həmişə onlara şəxsiyyət kimi yanaşır. Müəllimlərinin bəslədiyi hörməti-məhəbbəti - onların oxumağa, öyrənməyə həvəslərini bir daha artırır.
Elmira Hacıyevanın indiki şagirdləri artıq 2 ildən sonra 27 nömrəli məktəbdə 6-cı buraxılış sinfi olacaqdır. Hamısı dərslərindən əla və yaxşı qiymətlər alırlar. Onlardan - Fərhad Rəhimov, Nuray Əsədli, Nicat Xanlarov, Nihad Qəmbərli, Zümrüd Məmmədova, Ağamətləb Əkbərzadə, Fidan Fərzəliyeva, Mərdan Həmidə, Elmira İbrahimova, Töhfə Nəzərəliyeva, Əziz Əsgərzadə və Leyla Hüseynovanın adlarını iftixar hissi ilə çəkə bilərik.
İnsanın seviö-seçdiyi peşəsi əbədi yol-yoldaşıdır. Həm də ən çox o zaman ki, o peşənin həvəskarından peşəkarına çevrilərsən. Elmira müəllimə müəllimliyin ən mükəmməl, ən kamil ustasıdır. Ondakı xalqa xidmət məharəti, cəmiyyətimizə bilikli, intellektli, yararlı vətəndaşlar yetişdirmək istəyi müəllimliyində daha böyük sevgi ilə üzə çıxır. Onun 30 ildən artıq müəllimliyi dövrü də bunu təsdiq edir.
Onun söylədiklərindən:
-Uşaqlıqdan məktəbə ilahi bir yer, müqəddəs ocaq kimi baxmışam. Məktəb illərimi ömrümün ən duyğulu illəri sanmışam. Hər kəs kimi, mənim də unudulmaz müəllimlərimə hörmətim, məhəbbətim böyük idi. Zakir, Mədəd, Ağaəli və Məhəmmədəli müəllimi, Zəhra və Mədinə müəlliməni bu gün də kövrək hisslərlə xatırlayıram. İlk müəllimim kimi həmişəlik yaddaşımda qalan Mahutaban müəllimə uzun illər Tovuz rayonu Puşkin adına məktəbdə ibtidai sinif müəllimi işləmişdir. İlk müəllimim olmaqla bərabər, o həm də mənim bibim idi. Etiraf edirəm ki, ilk müəllimimin o vaxtlardakı - ilk cəzası bu gün də, yaddaşımdadır. Bəlkə də, o vaxtlar - o cür istiqamət, tələbkarlıq olmasaydı, mən bu gün belə məsuliyyətli olmazdım. Yaxşı yadımdadır:
-Bir gün Mahutaban müəllimə gələcəkdə hansı peşəsini seçəcəyimlə maraqlandı. Mən ona dedim ki, müəllim olacağam. O, özünəməxsus mehribanlıqla dedi:
-Qızım, yaxşı müəllim olmaq üçün, çox oxumaq, çox zəhmət çəkmək lazımdır. Mən inaniram ki, sən arzuna çatacaqsan. Gələcəkdə yaxşı müəllim olacaqsan, irəli gedəcəksən. Mən ilk müəllimimim o zaman mehribanlıqla dediklərini sonralar unutmadım, bundan sonra da unutmaram. Mənim sənət seçməyimdə bu sözlərin böyük rolu oldu və mən başa düşdüm ki, əsl müəllim olmaq, üçün gərək ömrünü şam kimi əridəsən...
Yeri gəlmişkən, onu da qeyd edim ki, Mahutaban müəllimənin qızı Arifə Ələkbər qızı Sadıqova (bibim qızı) hazırda Bakıdakı 283 nömrəli məktəbdə ingilis dili müəllimidir. Bu gün bizim ikimiz də fəxr edirik ki, Mahutaban müəllimənin davamçılarıyıq.
Dəyişməyən duyğuların işığında...
Hərdən öz dünyamla təkbətək qalanda neçə-neçə xatirələr cığırının qovuşduğu bir yol məni həmişə təhsil aldığım məktəbə, əziz, sevimli müəllimlərimin yanına çəkib aparır. İllərin üstünə il gəldikcə, duyğular da başqalaşır, arzular da yerini digərinə verir. Təkcə, dəyişməyən sevimli müəllimlərimizə olan tükənməyən sevgidir. Hər il oktyabr ayının 5-i "Müəllim günü" kimi qeyd edilir. Həmin bu gün ömrümüz boyu unutmadığımız müəllimlərimizin bir daha əzizliyinə qayıtmağımız üçün necə də təqdirə layiqdir.
Əslində adi görünür, amma, qeyri-adi ömür yaşayır müəllimlər. Onlar yeganə insanlardır kı, hamımızın, bütün yetirmələrinin ömründə yaşayırlar. Və müddətsiz yaşayanlardır. Onlar qəlbimizdəki, ruhumuzdakı günəşdirlər. Qarşımızdakı qaranlıqlara aydınlıq gətirən nurdurlar. Ömürlərə süzülən işıqdırlar. Bugünkü iqtisadi çətinlik burulğanında öz müəllim adını uca tutan fədakardırlar. E.Hacıyeva da belə fədakar müəllimlərimizdən biridir.
-Elmira müəllimə, Sizi xeyli müddətdir ki, tanıyıram. Nəcib dəyərləriniz, xüsusilə də sözübütöv, qədirbilən olmağınız daim diqqətimi çəkib. Şübhəsiz ki, hər kəsin tərbiyə olunmasında, həyatda öz layiqlı yolunu tuta bilməsində böyüdüyü ailənin valideynlərinin rolu əvəzsizdir...
-Doğrudur. Valideynlərimizin, boya-başa çatdığımız ailəmizin hər birimizin həyat yolumuzda əməyi, zəhməti əvəzsizdir. Ata-anamın mənəvi keyfiyyətləri mənim üçün ən böyük məktəb əsl sərmayə olmuşdur. Mən ailə ocağımızda topladığım bu qiymətli sərmayəni ömrüm boyu xərcləmişəm. Heç ziyan çəkməmişəm. Atam dövlət qulluğunda çalışırdı. O, ömrünü ədalətli, ləyaqətli yaşayıbdır. Ailəmizdə dəmir qanun olduğuna görə, atamızdan çəkinərdik. Anamız Məsmə xanım isə çox kübar, qürurlü, heç kəsin qarşısında əyilməyi sevməyən, sözünü yerində deməyi bacaran, heç kimsəyə yük olmaq istəməyən, təmizkar, səliqə-səhmanlı bir qadın idi. Valideynlərimizin nurlu simaları övladlarının və bütün tanıyanların qəlbində daim yaşayacaqdır. Allah dünyasını dəyişən bütün valideynlərə rəhmət eləsin!

-Elmira müəllimə, ilk dəfə sinfə daxil olduğunuz o günü... bu gün neçə xatırlayırsınız?
-İlk dəfə sinfə daxil olduğum gün... çox həyəcanlı idim. O vaxtdan bəri, hər ilin ilk dərs günü... o həyəcanı bir daha yaşayıram. Heç şübhəsiz ki, bu cür narahatlıq mənim məsuliyyətimi bir daha artırır. Mən bir müəllim kimi daim öz işimdə: -"Yaxşı müəllim yaxşı öyrətməyi bacarandır" - prinsipini əsas tutmuşam. Çünki, şagirdlərdə hər hansı bir fənnə hörmət müəllimə hörmətdən başlayır. Müəllim və şagird arasındakı ünsiyyət yalnız qayğıya, hörmətə, məhəbbətə söykənməlidir. Böyüklərdəki həssaslığın ən xırda zərrəsi belə uşaqlardan izsiz keçmir. Fikirimcə, müəllimin pedaqoji fəaliyyəti ilə birgə, uşaqlara yanaşma metodu da, dərsin mənimsənilməsinə nail olmağa öz müsbət təsirini göstərir. Müəllimin uğurlarının başlıca səbəbi şagirdlərini övladları qədər sevməsi, onlara əsil ana məhəbbəti ilə yanaşmasıdır. Birincilərin bilik təməlinin möhkəmliyini təmin etmək, ibtidai sinif müəlliminin əsas amalıdır.
Bütün müvəffəqiyyətlərin açarı ailədir. Ailədəki sağlam ruh hər zaman işin ahənginə təkan verir. Elmira müəllimənin həyat yoldaşı Həsən Mürsəlov ixtisasca iqtisadçıdır. Uzun müddət Azərbaycan Dövlət Qiymət Komitəsində çalışıb. Onların 1 övladı, 2 nəvəsi var. Qızları Aynur Həsən qızı Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirib. Hazırda 27 nömrəli məktəbdə inigilis dili müəllimi işləyir. O, Elmira Hacıyevanın davamçısıdır. Şirin-şəkər nəvələri Elvira ilə Mələk hələ bağçaya gedirlər. Nənələri gələcəkdə nəvələrinin birini həkim, digərini isə müəllim görmək arzusundadır. O, müəllimliyi kimi ailəsində də sağlam mühiti bütövlüyü, qoruyub saxlamağı bacarır.
...Hər şagird dünyası yazılmamış ağ kağız kimidir. Müəllimi gözəl olanın dünyasına ancaq mənalı sətirlər yazılır, ən parlaq izlər düşür. Elmira müəllimənin bir vaxtlar əlindən tutub yazı yazdırdığı, bilik öyrətdiyi şagirdləri indi cəmiyyətimizdə müxtəlif peşələrdə çalışırlar. Aralarında onlarla tələbələr, sabahın ümid yeri olanlar da çoxdur. Onların ürəyinin bir güşəsində unuda bilmədikləri günlərin, anların xatirəsi əzizlənir. Bəzən, bir həzin söz, bir kövrək musiqi həmin əziz xatirələrin yanğı telinə toxunur. Beləcə... Bu zərif hisslərinin təsiri ilə... Onlar əlamətdar günlərdə, bayramlarda ilk müəllimlərini görməyə, təbrik etməyə, ona xoş sözlər söyləməyə tələsirlər... Hətta, onlardan biri bu ilin sentyabr ayında ilk müəllimini böyük hörmət və məhəbbətlə özünün toy məclisinə dəvət edibdir. Həmin ziyafətdə Elmira müəllimə bir daha kövrək hisslər yayaşıb və qürur hissi keçiribdir. Söyləyir ki: "Mən, hər dəfə yetirmələrimin bu cür dəvətlərini eşidəndə, ürəyim böyük bir sevincin işığına bələnir... Elə yetirmələrim də var ki, indi onların övladlarına dərs deyirəm. Keçmiş şagirdim Etibar Məmmədovun oğlu Ramizə artıq, bu gün "qızım" - Aynur müəllimə ingilis dilindən dərs deyir. Bütün bunlar məni sevindirir, yaşadır. Mən peşəmin fədaisiyəm. Əgər, bundan sonra sağlamlığımda problem yaranmasa, dövlətimiz məni təqaüdə göndərməsə, mən hələ sevimli peşəmdə - səhhətim mənə imkan verəcəyi qədər işləmək amalındayam.

-Müəllimlik müqəddəsdir, peşələrin alisidir. Bu müqəddəsliyin hər an mükənmməl daşıyıcısı olmaq, böyük hünərdir. Elmira müəllimə bu ağır yükü zərif çiyinlərində layiqiincə daşımağı bacarır. Çünki, təkcə şagirdlərini deyil, valideynləri, öz həmkarlarını və eləcə də, ünsiyyətdə olan hər kəsi heyran edən səmimiyyətə malikdir. Qibtə doğuran təmkinə sahibdir. Şərq qadınlarına məxsus ağır, sanballı, davranışı sakit danışığı ilə, yaddaqalandır.
Biz də, öz növbəmizdə: Öz yetirmələrinin savadlı, dərin düşüncəli, geniş dünyagörüşlü, humanist insan kimi yetişməsinə bütün varlığı ilə çalışan, indi onların hər birinin qəlbində bir ülvilik mücəssəməsinə dönüb, bu yurda səpələnən Elmira Hacıyevaya şəxsi həyatında möhkəm cansağlığı və sevimli peşəsində daim yorulmazlıq arzulayırıq. Ömrünüzdə sevinc işıqları çox olsun deyirik....

Xanım BİLALQIZI.
"ŞƏRQİN SƏSİ" qəzeti,
N: 56 (286) Sentyabr,
2013-cü il.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: