TƏBRİK EDİRİK!..
Aysel Mədədlinin "Göy qurşağı" (2003) və "Mavi dəniz" (2009) adlı şeir kitabları qarşımdadır.
1-ci kitaba tanınmış şair-publisist Valeh Mirzə ön söz yazıb. Burada həm də AzTV-nin "Sehrli güzgü" verilişinin aparıcısı kimi də tanınan Ayselin şeirləri haqqında söz açılır, hərdən öz gəlincikləri ilə oynamağından, uşaq dünyasından bəhs etməsindən, hərdən də böyüklər kimi geniş mövzulara müraciət etməsindən danışılır və uğurlu yol arzulanır.
İkinci kitabın əvvəlində isə Aysel Müşfiqqızının ilk kitabı olan "Göy qurşağı" barədə Cavad Cavadlının, İradə Afətin, Bilal Ənsərin, Təranə Cəbiyevanın və b. rəy yazıları, eləcə də Məktəblilər arasında keçirilən “Azərbaycan - Dünyam mənim” adlı yaradıcılıq müsabiqəsində qazındığı uğura görə Bakı şəhəri üzrə Təhsil idarəsinin rəisi Nailə xanım Rzaquliyevanın, ”Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində qazandığı uğura görə Bakı şəhəri Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İ.Səfərovun, Respublika “Təhsil” Mərkəzinin keçirdiyi “Gənc istedad” naminasiyasının qalibi olduğuna görə professor S.Musayevin imzaları ilə təsdiqlənmiş “Diplom” və “Fəxri Fərman”ların foto-surətləri öz əksini tapmış və ardınca isə Ayselin yeni şeirləri verilmişdir.
Ayselin şeirlərini oxuduqda bu nümunələrdə biz uşaqların dilincə-sadə-saya deyiliş tərzinə rast gəlməklə yanaşı, həm də uşaq dünyasının saflığını, kinsizliyini, məsumluğunu da görürük. Məsələn, "Aytac" şeirində Aytac adlı bacısını vəsfə-tərifə çəkir; ikinci bəndə baxaq:
Hərdən boş şeyin üstə
Dalaşırıq, küsürük.
Beş dəqiqə keçməmiş
Barışırıq, gülürük.
Doğrudan da, hamımız uşaq olmuşuq, "boş şeydən ötrü" bir-birimizdən inciyib-küsdüyümüz anlar da çox olub, amma bu incikliyimiz, umu-küsü saxlamağımız böyüklərinkindən onunla fərqlənib ki, bu "ədavətın" ömrü uzun çəkməyib, uşaq dünyasının sadəlövhlüyünə xas tərzdə "heç beş dəqiqə keçməmiş" heç nə olmamış kimi inciklikləri yaddan çıxarıb barışmışıq. Bəli, məhz bu cür "küsüşmə-barışma" uşaq aləminə xas əlamətdir və biz Ayselin yaradıcılığında məhz bu uşaqlığı misraların saf ruh üstündə kökləndiyinin şahidi oluruq. Bax təkcə uşaqların dilincə - saf şəkildə şeir yazmaq əsas şərt deyil, həm də uşaqlığın təbiətinə müvafiq şəkildə ifadə bacarığı vacibdir və belə ümdə keyfiyyəti yuxarıdakı nümunədə görüb-təsdiqləyirik.
Aysel Mədədlinin "Riyaziyyat dərsində" şeiri sanki riyaziyyatdan öyrəndiklərinin ümumi şəkildə oxucularına - tay-tuşlarına təqdimidir (dərs danışmasıdır).
Misalda varsa vurma,
Bölmə, çıxma, toplama.
Yerində donub qalma,
Gözünü döyüb baxma.
Mötərizədə olan
İfadəni hesabla.
Sonra da soldan-sağa
Əməlləri hesabla.
Vurmanı və bölməni
Əvvəl yerinə yetir.
Sonra isə topla, çıx,
Misalı tezcə bitir.
Cəmi üç bəndlik olan bu şeiri ona görə bütöv verdim ki, şagirdlər oxuyub əzbərləməklə burdan ikiqat qazansınlar: həm şeir öyrənsinlər-oxu (ədəbiyyat) dərsinin mövzusu kimi, həm də riyazi qanunauyğunluğu-hesab düsturunu yadda saxlasınlar riyaziyyat fənninin dərsi kimi. Yəni bir şeirdə iki mühüm əlamət cəmlənib, həm şeir nümunəsi, həm də riyazi əməliyyatı öyrənib yadda saxlama metodu! Bəzən "iki üstəgəl iki, bölək iki" kimi çaşdırıcı (riyazi yanıltmac) tapmaca satmaqla uşaqlar bir-birini riyazi savadda sınağa-imtahana çəkirlər. Əgər bu riyazi tapmacanın açmasında çətinlik çəkmək istəməsəniz, onda bu şeiri əzbərləyin, burdakı məntiqi mənanı yaxşı mənimsəyin! Bax bizim Ayselin yuxarıdakı şeiri dar məqamda sizin dadınıza yetər. Həm də şeirin gözəlliyi ondadır ki, uşaqların ruhunun mənimsəyəcəyi bir formada yazılıb.
Dili sadəlikdən, ruhu saflıqdan yoğrulmuş Aysel Mədədlinin şeirləri balaca oxucuların könül dünyasına xoş ovqat gətirir.
Əziz oxucular, əminəm ki, bu şeirlər Ayseli sizlərə sevdirəcək, eyni zamanda sizlər də Ayselin sevimli oxucuları olacaqsınız!
Şakir ƏLİFOĞLU,
AMEA-nın böyük elmi işçisi,
filologiya elmləri namizədi,
“Abdulla Şaiq”, “Qızıl Qələm” və
"Peşəkar jurnalist" mükafatları laureatı.
“Kredo” qəzeti, N: 28 (547), 18 iyul, 2009.
Redaksiyadan:
Bu məqalə çap olunanda Aysel Bakıdakı 20 saylı məktəb-liseyin IX sinif şagirdi və dərs əlaçısı idi.
İndi isə o, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin 2-ci kurs tələbəsidir. Bu günlərdə onun 19 yaşı tamam olur.
Fürsətdən istifadə edərək Ayseli ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!
"ŞƏRQİN SƏSİ" qəzeti, N: 43 (273) Oktyabr, 2012-ci il.
POEZİYAMIZIN KÖRPƏ QARANQUŞU
Kim nə deyirsə-desin, hamımızın xəyalında özünün yaratdığı bir dünya var. Eynilə kiçik şahzadənin bir planeti, quzusu, qızılgülü olduğu kimi. “Göy qurşağı” adlı şerlər kitabının müəllifi, Bakıdakı 20 saylı məktəb-litseyin V sinif şagirdi, sinif nümayəndəsi və dərs əlaçısı, 11 yaşlı kiçik Aysel MƏDƏDLİnin də bu dünyadan böyük, eyni zamanda yumruq ürəyinə sığa biləcək qədər kiçicik bir dünyası var və o dünya Ayselin öz dünyası - söz dünyasıdır. Ayselin “Göy qurşağı” kitabında toplanmış şerləri isə onun ürəyinin, ruhunun güzgüsü, könül dünyasının rəngarəng duyğu yarpaqları, bir ürəyin arzular çələngidir. Bu kitabı oxusanız Siz də bu şirin-şəkər qızcığazı daha yaxından tanıyacaq, sevəcəksiniz və həm də...
Həm də bu qızın təxəyyülünə, müşahidə qabiliyyətinə, məntiqinə heyran qalacaqsınız. Və anlayacaqsınız ki, günü-gündən üzü-sözü-özü bozaran bu dünyanı buz bağlamağa qoymayan belə körpəcə balaların ürəyindəki həyat eşqidir. Ayselin cəmi 11 yaşı var. Amma onun şerləri sanki uşağın yox, böyük, kamil bir insanın uşaqların anlayacağı dildə yazdığı şerlərdir. Ayselin şerlərini oxuduqda onun təbii duyum və ifadə tərzi insanı heyrətə gətirir. Ekoloji tarazılığı pozulan, gözəlliklərini tamahımıza qurban verdiyimiz, “quş evciyi” sözünün az qala dilimizdən silindiyi bu günkü dünyada, ac quş balalarının dərdini çəkən Ayselin körpə ürəyinin həssasiyyətinə heyran olmamaq olmur.
Bala sərçə civildəyir yuvada,
Yem gözləyir, ağzı açıq qalıbdır.
Ana sərçə büzüşüb bir budaqda,
Yem tapmayıb,
gözü yaşla dolubdur.
Aysel təbiəti ürəyinin gözü ilə seyr edir, hər ağaca, daşa, Tanrı pay verən bütün nemətlərə canlı kimi yanaşır və elə bu cəhət özü Aysel yaradıcılığının özünəməxsus rəngi, pozulmaz naxışı, möhürüdür. Canlı-cansız təbiət, fəsillər, Günəş, ulduzlar, göy qurşağı... Aysel nədən yazmır ki,...
Çıxdı Günəş,
yatağından.
Baxdı bizə,
otağından.
(Günəş)
və ya
Göylərdə çiçək açar,
Hər yana işıq saçar,
Günəş gələndə qaçar,
Ulduzlar, ay ulduzlar.
Ən önəmlisi odur ki, Aysel, nədən yazırsa-yazsın, öz dilində, özünəməxsus deyim və duyum tərzində yazır, kimsəni təkrarlamır. İstər kiçik Aytac haqqında, istərsə də tarixi, vətənpərvərlik mövzularında yazdığı hər şer özünəməxsusluğu ilə seçilir. Ayselin Xocalı faciəsi, 20 Yanvar şəhidləri haqqında ürək ağrısı ilə qələmə aldığı şerlərdə də hər bir faciəyə öz uşaq gözü ilə baxsa da, böyük, kamil bir insan kimi mühakimə yürüdür.
Xocalı faciəsi,
Əsrin faciəsidir - deyən Aysel, tarixi, vətən mövzularında yazdığı şerlərdə nə qədər “böyük”dürsə, uşaqlar haqqında, dərslər, dərsliklər haqqında, bir sözlə uşaq dünyasından yazdığı şerlərində bir o qədər uşaqdır. Budur Aysel istedadı, Aysel qələminin gücü!
Yolun açıq, sözün şəkər, qələmin iti olsun Aysel qızımız! Hələ səni sevinc dolu neçə-neçə illər, sevgi dolu neçə günlər gözləyir. Amma nədən yazırsan yaz, ürəkdən yaz, duya-duya, sevə-sevə yaz. Bu gün yazdıqların kimi, özün kimi. Sənə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq, poeziyamızın körpə qaranquşu!...
İradə AFƏT.
"ŞƏRQİN SƏSİ" qəzeti, N: 05 (155), mart,2005
2 Fevral - Gənclər günüdür!
GƏNC İSTEDAD
"İstedad" anlayışının mahiyyəti və gücü ilə bağlı fikir yürüdənlər bu amilin eyni zamanda mənəvi-psixoloji xüsusiyyətlərinə toxunaraq qeyd edirlər. Əsl istedad sahibləri xeyirxah, nəcib, həssas, obyektiv və təvazökar olurlar. Vətənpərvərlik, millətsevərlik onları səciyələndirən başlıca xüsusiyyətlərdir. İstedadın gücü həm də ondadır ki, o əhatəsində olanları vicdanlı və obyektiv olmağa vadar edir.
Bütün bu xüsuiyyətləri Aysel Mədədli özündə birləşdirmişdir. Ayselin hələ IV sinifdə yazdığı oxuduğu zaman "Azərbaycan müəllimi" qəzetinin Baş redaktoru, tanınmış şair-jurnalist Valeh Mirzənin ön sözü ilə işıqüzü görmüş "Göy qurşağı" adlı ilk şeirlər kitabını oxuyarkən onun nə qədər vətəninə, torpağına bağlı olduğunu görmüş, dostlarına, yoldaşlarına olan səmimi münasibətini, müəllimlərinə olan sevgisini, məhəbbətini hiss etmişdim.
"Göy qurşağı" balaca Ayselin ilk şeirlər toplusu idi. Özü qədər zərif, kövrək şeirlərinin 77-si bu kitabda toplanmışdı. Aysel ilk dəfə məhz o zaman oxucuların görüşünə gəlmişdi. Beş il bundan öncə nəşr olunmuş "Göy qurşağı" işıq üzü görər-görməz mətbuat səhifələrində özünə yer tapdı. Tanınmış alim, şair və jurnalistlərdən professor Yəhya Kərimov, Cavad Cavadlı, Eldar Hacıyev, Bilal Ənsər, Şakir Əlifoğlu, Təranə Cəbiyeva, Dilşad Xaqaniqızı və başqaları "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalında, "Azərbaycan müəllimi", "Bakı təhsili", "Borçalı", "Dünyanın səsi" və. qəzetlərdə Ayselin poeziya dünyası haqqında məqalələr dərc etdirdilər. Həmin məqalələr, eləcə də öz istedadı ilə yaşıdlarından fərqlənən Ayselin uşaq dünyası haqqında mətbuat səhifələrində işıqüzü görən məqalələrin hər biri də təsadüfdən deyil, həqiqətdən, zərurətdən yaranmışdı. "İstedad sorağında" ("Azərbaycan müəllimi" qəzeti, 13 fevral, 2004-cü il), "Ayselin şeir dünyası" ("Elm və təhsil qəzeti" 5 oktyabr 2004-cü il), "Poeziyamızın körpə qaranquşu" ("Şərqin səsi" qəzeti", 7 mart, 2005-ci il), "Ayselin qəlb aynası - Göy qurşağı" ("Vətən səsi" qəzeti), "Yeddi rəngin sehrində" ("Savalan" qəzeti, 19 noyabr 2003-cü il), "Göy qurşağı - 10 yaşlı Ayselin şeirlər toplusu", (22 noyabr 2003-cü il, "Media xəbər" qəzeti), "Aydın səma, göy dəniz, parlaq günəş, bir də Ayselin poeziya dünyası", - ("Yeni fikir" qəzeti, 15 yanvar 2004-cü il) və s. bu kimi məqalələrdə Aysel Mədədlinin "Göy qurşağı" kitabı təhlil olundu, jurnalistlər, qələm sahibləri Ayselə uğurlar, nailiyyətlər arzuladılar. Beş il sonra Aysel Mədədli yeni kitabı - "Mavi dəniz" ilə ümidləri doğrultdu, bir qədər yeni məzmunda, rəngarəng şeirləri ilə oxucularını sevindirdi.
Dalğalanır mavi dəniz,
Gör nə gözəl mənzərədir.
Suyu duru, suyu təmiz,
Dibi dolu xəzinədir.
Dalğaların üzərində,
Qağayılar qanad çalır.
Əsir sərin meh havası
Adam baxıb ləzzət alır.
Hər ləpənin, hər dalğanın,
Öz ürəyi, öz dili var.
Gözəl, həzin nəğmə deyən
Qocaman bir sahili var.
Axşam düşür, od ələnmiş,
Üfüqlərdən günəş batır.
Hər tərəfə sükut çökür,
Mavi dəniz sanki yatır.
Bəzən sakit-sakit axar,
Bəzən coşub aşıb-daşar.
Yenə qoca mavi dəniz,
Gözəl qalar, azad yaşar.
("Mavi dəniz")
Bu kitabın gəlişi sayalı oldu. Ayselin üç şeiri Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin hazırladığı II və III siniflər üçün "Ana dili" və "Oxu" dərsliklərinə salındı, radio və televiziya verilişlərində səsləndirildi.
Bütün bunlara baxmayaraq, Ayselin təqdimata bu gün də ehtiyacı var və sabah da olacaq. Çünki o hələ məktəblidir, arzuları tumurcuqlanmış, lakin hələ çiçəkləməmiş ağaca bənzəyir.
Aysel Mədədli əslən qədim Borçalı mahalının Bolnisi rayonundakı Darvaz kəndindəndir. Hazırda Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin XI sinif şagirdidir. Çalışqandır. Dərs əlaçısıdır. Bir çoxları Ayseli hələ kiçik yaşlarındae AzTV-nin "Sehirli güzgü" uşaq verilişinin aparıcısı kimi tanıyır.
Aysel Mədədli şeir yazmaqla yanaşı musiqiyə də maraq göstərmişdir. O, Kövkəb Səfərəliyeva adına 16 nömrəli musiqi məktəbinin fortopianino sinfinə daxil olarkən xususi istedadını nəzərə alıb, onu bir başa ikinci sinfə daxil etmişlər. Aysel Mədədli 2008-ci ildə həmin musiqi məktəbini əla qiymətlərlə bitirmişdir.
İki kitab müəllifi kimi tanınan Ayselin özü ilə qısaca söhbət etdik. Ancaq söhbətimiz qısa olsa da maraqlı alındı. Aysel birinci şeirinin yaranma tarixindən, iştirakçısı olduğu müsabiqələrdən, müəllimlərinə olan səmimi münasibətindən və sinif yoldaşlarından söhbət açdı.
Öz yaxın qohumlarından balaca dayısı oğluna ilk dəfə ad günü - bir yaşı olması münasibətilə şeir yazan Aysel sonralar ana babası Eldar müəllimin diqqətini cəlb edir. Eldar müəllimin özünün də şeirə, poeziyaya xüsusi marağı olduğundan (daha doğrusu, Eldar Eloğlu ixtisasca mühəndis-müəllim olsa da, o, həm də lirik-nəməkar şair kimi tanınırdı), nəvəsi Ayselə öz məsləhətlərini, tövsiyyələrini əsirgəmir. Beləcə Ayselin istedadı parlamağa başlayır. Şeirlərinin getdikcə böyük oxucu kütləsini özünə tərəf çəkdiyini hiss edən Aysel həvəslənir. Bir-birindən maraqlı şeirlər yazmağa başlayır. Aysel tədricən özünün uşaq təxəyyülü ilə dərsliklərdən tanıdığı tarixi şəxsiyyətlər - Tuti Bikə, Zeynalabdin Tağıyev, Fətəli Xan və b. haqqında yazdığı şeirlərdə onların mübarizliyindən, qəhrəmanlığından, xeyirxahlığından söhbət açır. Xalqımızın milli-mənəvi dəyərlərini yaşadan, nəsildən-nəsilə ötürən dahilər Ayselin şeirlərində yaddan çıxmır, xatırlanır. Həm də o öz yaşıdlarına tarixlərin yaddaşında yaşayan şəxsiyyətləri uşaq dili ilə tanıtmağa başlayır.
Aysel Mədədlinin şeirlərinin əsas ideya məzmununu Ana, Vətən mövzusunda yazdığı şeirlər təşkil edir. Onun Azərbaycanımıza, Bakımıza, eləcə də doğma ata yurdu qədim Borçalı mahalına həsr etdiyi şeirlər xüsusilə diqqəti çəkir. İstər birinci kitabında, istərsə də ikinci kitabında Aysel təbiətin gözəlliklərini duyduğu kimi, yurdumuzun başına gətirilmiş faciələri də əks etdirir, bir daha xatırlayır. Bununla da oxucu Ayselin vətənpərvər ruhda tərbiyələndirildiyinin şahidi olur.
Aysel həm də dərin müşahidə qabiliyyətinə malikdir. Bunu onun şeirlərindən açıq-aydın görmək olur.
Bala sərçə civildəyir yuvada,
Yem gözləyir, ağzı açıq qalıbdır.
Ana sərçə büzüşüb bir budaqda,
Yem tapmayıb, gözü yaşla dolubdur.
Və yaxud da:
Quş evciyi düzəltdilər uşaqlar,
Ora çoxlu yem gətirib qoydular.
Ana sərçə uçub gəldi evciyə,
Yem aparıb verdi bala sərçəyə.
"Yaxşı uşaqlar".
Daşı-daş üstə qoyub
Ev tikir qoca usta.
Bu işdə saç ağardıb
İşləyir asta-asta.
"Usta".
Aysellə olan söhbətimizin bəzi məqamları elə bilirəm sizin üçün də maraqlı olar. Gəlin onun söhbətini izləyək.
- Aysel, hər bir insanın həyatında müəllimlərin rolu var. Səncə müəllimsiz hər hansı bir elm sahibi olmaq mümkündür?
- Doğrudur, müəllimlərimiz bizə elmin sirlərini öyrədirlər. Məktəbə gəldiyimiz ilk günlərdən bələdçimiz olur, bizi yuxarı siniflərə kimi izləyirlər. Onların diqqətindən hər bir uşağın davranışı, nizam-intizamı yayınmır. Bəzən elə fitri istedad sahibləri də var ki, onlar fikirləşirlər ki, heç bir müəllimdən dərs almadan belə elmin sirlərinə özləri yiyələnə bilərlər. Lakin bu fikir yanlışdır. Şagird nə qədər istedadlı olsa belə, onun həmişə müəllimə ehtiyacı vardır.
-Müəllimlərindən bəzilərinə şeirlər həsr etmisən. Onlar haqqında nə deyə bilərsən. Şagirdlər hansı müəllimi yaxşı müəllim adlandırırlar?
- Alimlərdən biri söyləmişdir: Valideynlərim məni göydən yerə endirmiş, müəllimlərim isə yerdən göyə qaldırmışlar. Müəllimlərimiz gələcəyimiz, təhsilimiz, tərbiyəmiz yolunda bizdən əməyini əsirgəməyən, ömrünü şam kimi əritmiş fədakar insanlardır. Ona görə də mən öz müəllimlərimin əməyini yüksək qiymətləndirir, vaxtaşırı onlara şeirlər həsr edirəm.
Uşaqlar isə ilk növbədə savadlı müəllimləri çox sevirlər. Daha sonra onlara dərs deyən müəllimin geyim tərzinə, davranışına, şagirdlərlə ünsiyyətinə diqqət yetirirlər.
-Aysel, müsabiqələrdə iştirak etmisən. Bu müsabiqələr sənə nə verib?
-Yeni-yeni uşaqlarla tanış olmuşam. Biliyimi artırmışam. Gələcək müsabiqələrdə iştirak etməyə səy göstərmişəm. Fənn olimpiadaları ilə yanaşı, məktəblilər arasında keçirilən "Azərbaycan - dünyam mənim" yaradıcılıq müsabiqəsində, "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda inşa yazı müsabiqəsində iştirak etmişəm, qalib olmuşam və Fəxri fərmanlarla təltif olunmuşam.
-Müasir şagirdlərin diqqəti kompyüterə yönəlib. Nə zaman kompyüterin qarşısına əyləşirsən? Kompyüter dərslərini öyrənməkdə vasitəçi rolunu oynaya bilirmi?
-İnternetdən yeni məlumatlar əldə etmək, biliyimi təkmilləşdirmək üçün istifadə edirəm. Bəzən müəllimin verdiyi ev tapşırığının həllinə kompyüterin köməkliyi ilə nail oluram. O cümlədən də, ingilis dilindən tərcümə zamanı kompyüterin qarşısına əyləşirəm.
- Kimi yaxşı dost adlandırmaq olar?
- Əsl dost dar gündə tanınar deyiblər. Bu doğrudan da belədir. Mən də dar gündə bir-birinə kömək edən insanları yaxşı dost adlandırıram.
-Aysel, anan həkim-pediatr, atan isə filoloqdur. Sən valideynlərindən hansının yolu ilə getmək istəyirsən?
-Mənim həvəsim həkimlik peşəsinədir. Gələcəkdə həkim-cərrah olmaq istəyirəm. Odur ki, kimyanı, biologiyanı daha çox oxuyuram. Ümumiyyətlə, təbiət elmlərinə marağım çoxdur.
-Həkimlik çətin və şərəfli peşədir. Həkimin kiçicik səhvi insanların həyatına son qoya bilər. Aysel, sən inanırsanmı ki, bu çətinliyin öhdəsindən gələ biləcəksən?
- Mən seçdiyim bu peşənin sirlərinə dərindən bələd olub, gələcəyin savadlı həkimlərindən biri kimi insanların sağlamlığı keşiyində dayanmağı qarşıma məqsəd qoymuşam. Mənə elə gəlir ki, bütün çətinliklərin öhdəsindən biliyimlə gələ biləcək, insanları ölümün pəncəsindən xilas edəcəyəm.
Ayselin sinif rəhbəri İradə Abışova şagirdi haqqında bir neçə söz deyib, sinifində olan istedadlı uşaqlardan və onlara göstərilən qayğıdan danışdı:
- Aysel sinfimizin çox sakit və mədəni qızlarından biridir. Tənəffüslərdə Aysel kitab oxumağı, dərslərə hazırlaşmağı, yoldaşları ilə söhbətdən üstün tutur. O, bütün dərslərinə diqqət yetirir. Tədris ili boyunca dərsdən qalmır. Aysel öz davranışı, nizam-intizamı, yaxşı oxumağı ilə sinif yoldaşlarına nümunədir. Sinif rəhbəri kimi mən onların dərslərini dinləmişəm. Cəbr, kimya, tarix dərslərində Ayselin aktivliyini müşahidə etmişəm. Onun ən çox maraq göstərdiyi fənnlər Azərbaycan dili və ədəbiyyatı, fizika, kimya, biologiya, tarix və başqa fənlərdir. Mən sinifdə dərs keçəndə Ayselin hərdən bir nöqtəyə zillənmiş baxışlarının şahidi olurdum. Onda Aysel hələ VI sinifdə oxuyurdu. Bir gün təsadüfən onun "Göy qurşağı" kitabı mənim əlimə keçdi. Mən o zaman bildim ki, Aysel şeir yazır. Sinifdə bütün şagirdləri hər zaman məktəbli formasında gəlməyi və pis oxuyan yoldaşlarına kömək etməyi tövsiyə edirəm. Günlərin birində Ayselin mənə ünvanladığı şeirdə mən öz tövsiyələrimi oxuyanda nədənsə heç təəccüblənmədim. Mən Ayselin müşahidə qabiliyyətinin olduğunu hiss etmişdim. O zaman bir daha şahidi oldum ki, doğrudan da müəllimin heç bir hərəkəti şagirdlərin diqqətindən yayınmır.
Ayselin "Mavi dəniz" adlı ikinci şeirlər kitabı işıqüzü görəndə mən daha çox sevindim. Sevindim ona görə ki, bu uğur mənim şagirdimin uğuru idi. Üstəlik də həmin kitabda Ayselin biz müəllimlərinə həsr etdiyi şeirlər də var idi. Müəllim üçün bundan böyük hədiyyə ola bilərmi?!! Elə buna görə də bütün kollektivimiz adından Ayseli bir daha ürəkdən və səsimi qəlbdən təbrik edir, ona yeniyeni uğurlar, yeni nailiyyətlər diləyirəm. Qoy Ayselin bütün arzuları həyata keçsin, arzuladığı həkimlik peşəsinə yiyələnsin.
Biz də İradə müəllimənin bu səmimi arzularına qoşulur, Ayselə gələcək işlərində uğurlar arzulayır, "Qələmin daim iti və kəsərli olsun!" - deyirik. İnanırıq ki, Aysel hər zaman kimi sükanı beləcə düz saxlayacaq, Zirvələr fəth edərək, bizləri - əhatəsində olan dostlarını, müəllimlərini, valideynlərini sevindirəcək!..
Dilşad XAQANİQIZI.
P.S.: Bu gün isə Ayselin 22 yaşı tamam olur. İndi o, artıq biologiya fakültəsinin 1-ci kurs maqistridir.
Fürsətdən istifadə edərək Ayseli ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..
16.10.2015.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.