1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990 - cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından biri olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxılması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin və himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından "sovet" və "sosialist" sözlərinin götürülməsi idi.
Azərbaycan Ali Soveti Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə təxminən on bir ay sonra hüquqi müstəvidə münasibət bildirərək müstəqillik haqqında Konstitutsiya Aktını qəbul etdi. 1991-ci il dekabr ayının 29-da keçirilən ümumxalq səsverməsində xalqımız müstəqillik haqqında Konstitutsiya Aktını yekdilliklə dəstəklədi. Bununla da, Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitutsiya Aktı qüvvəyə mindi və XX əsrin sonlarında, SSR-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etdi.
1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitutsiyası qəbul olundu. İnsan hüquq və azadlıqlarının qorunması ilə davamlı demokratik islahatlar kursunun həyata keçirilməsinə başlanıldı. Bütün insan hüquqları, o cümlədən söz, mətbuat azadlığı, şəxsiyyətin toxunulmazlığı təmin edildi. Ölkəmizdə tarixən mövcud olan tolerantlıq mühiti daha da möhkəmləndirildi. , vətəndaş cəmiyyətinin formalaşdırılması yolunda köklü irəliləyiş əldə olundu. Bütün bunlar Azərbaycan Respublikası Konstitutsiyasında təsbit edildi.
Azərbaycan dövlətinin qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyevin müdrikliyinin nəticəsidir. Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kursu Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi kimi tanınır. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə imkan verir , ölkəmizin dövlət müstəqilliyi bir daha heç vaxt əldən verilməyəcək və əbədi olacaqdır.
Vahid Babayev,
Azərbaycan Dövlət Dəniz Administrasiyasının Gəmi Heyəti Şöbəsinin müdiri.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.