Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikirləri

Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikirləri Demokratiya anlayışı hərfi mənasında xalqın hakimiyyəti kimi qəbul edilir. Demokratiya şəraitində xalq ölkənin ali hakimiyyətinin daşıyıcısı və mənbəyidir. Yəni hakimiyyət yalnız xalqın seçimi əsasında formalaşır. Xalqın öz suveren hüquqlarından istifadəsi (öz müqəddəratını təyin etməsi) ən geniş formada demokratiyada rast gəlinir.

Demokratiyanın mahiyyətinin daha aydın başa düşülməsi üçün bəzi mütəfəkkirlərin fikirləri maraqlıdır:

M.A.Bakunin demokratiyanı “xalqın xalq vasitəsilə və xalqın maraqlarının idarəedilməsi kimi” müəyyən etmişdir. K.Marksa görə “demokratiyada insan qanun üçün deyil, qanun insan üçündur...”. Amerika siyasətçisi və dövlət xadimi Avraam Linkoln qeyd etmişdir: “...demokratiya xalq tərəfindən həyata keçirilən, xalqın xeyrinə xalq idarəetmə üsuludur...”. Aleksis de Tokvilə görə : “...demokratiyanın əsas üstünlüyü onun hamının deyil, əksəriyyətinin firavanlığına kömək etməsindədir...” R.Reyqan belə hesab edirdi ki: “Demokratiya ...hökumətin insanların ailədə və məktəbdə aldıqları əsas dəyərlərin inkişafına mane olmasının qarşısını almaq üçündür”.

Demokratiyanın əsasını təşkil edən “xalqın hakimiyyəti” onu ifadə edir ki, insanlar onların həyatlarına təsir edən və cəmiyyətin taleyini müəyyən edən ən mühüm qərarların qəbul edilməsində iştirak edərək, özləri-özlərini idarə edirlər. Yəni hakimyyəti – onun başında duran rəhbəri xalq özü seçir, etimad göstərir və həmçinin ona nəzarət funsiyasını həyata keçirir.
“Xalqın gücü, təsir etmə imkanları onun birliyində, vahid bir formada çıxış etməsindədir”.
Yalnız xalqın seçdiyi hakimiyyət legitim (qanuni) hesab edilə bilər. Bunun üçün başlıca şərt azad, şəffaf və ədalətli seçki sisteminin və onun həyata keçirilmə mexanizminin mövcud olmasıdır (xalqın hakimiyyətin mənbəyi olması yalnız azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi şəraitində reallaşa bilir).
Seçkilər xalqın əlində ən böyük silahdır ki, onun vasitəsilə özlərinin hakimiyyətin formalaşmasında iştirakını birbaşa təmin etmiş olurlar. Seçkilər həm də hakimiyyətin xalq qarşısında məsuliyyətini müəyyən etməklə onun öz fəaliyyətinə daha diqqətli yanaşmasını labud edir. Hakimiyyət öz fəaliyyətində, qərarların qəbul edilməsində xalqın mənafeyini rəhbər tutur (hər bir dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının, layiqli həyat səviyyəsinin təmin edilməsindən ibarətdir). O, xalq qarşısında məsuliyyətini dərk edir və ona hesabat verməli olduğunu unutmur. Cünki, xalq öz suveren huquqlarından hər zaman istifadə etmək şansına malikdir.
“Demokratiya anarxiya, özbaşınalıq yox, hüquqi, sivil, mədəni dəyərlərin qorunduğu, ədalətin, qanunun hakim olduğu bir cəmiyyət formasıdır.
Demokratiyada qanunun aliliyi (qanun mütləq hakimdir, hər şey qanuna tabedir) ən vacib prinsipdir. Hakimiyyətdə olanların səlahiyyətləri yalnız qanunlarla müəyyən olunur. Qanun hakimiyyətin idarəolunanlar üzərindəki qeyri-məhdud səlahiyyətlərinin qarşısını alınır (yəni onların nəyi necə istədiyini etmək yox, qanunun tələb etdiyini etmək məcburiyyətində qalmasını müəyyən edir). Digər tərəfdən qanun idarəedənlərin işini asanlaşdırır. Hər bir vətəndaş qanunlar qarşısında məsuliyyətini dərk edir və buna uyğun davranır. Hər kəs yaxşı bilir ki, sosial statusundan, tutduğu mövqeyindən asılı olmayaraq qanunun pozulmasına görə cəza mütləqdir. Deməli hər kəsin qanunun tələbinə uyğun davranışı, fəaliyyəti idarəetmənin daha yaxşı təşkilinə imkan verir. Hər bir vətəndaş onun mənafeyinə uyğun olaraq hazırlanmış qanunların aliliyinə, hakimiyyətin siyasətinə inanır, etibar edir və ona riayət etməyi özünə borc bilir. Bu da nəticə etibarilə xalq-dövlət münasibətlərində qarşılıqlı etimad, qarşılıqlı inam hissini formalaşdırır.
Digər siyasi sistemlərdən fərqli olaraq demokratiya insanın bir şəxsiyyət olaraq inkişafı və formalaşması üçün ən geniş imkanlara malikdir. O, insan hüquq və azadlıqlarının qorunmasına, plüralizmin (müxtəliffikirlik), azad mətbuatın, azad məhkəmə sisteminin, dini azadlığın (tolerantlığın) mövcudluğuna, liberal bazar münasibətlərinə (monopoliyanın olmamasına) üstünlük verir. Qeyd olunan prinsiplər hər bir şəxsin özünü müstəqil, azad, təhlükəsiz, sosial qayğı ilə təmin olunmuş hiss etməsinə şərait yaradır.
Amma unutmaq olmaz ki, demokratiya təkcə dövlət forması, siyasi rejim növü deyil, bütünlükdə cəmiyyətin həyatının bir hissəsi, onun üzvlərinin təfəkkür tərzi, onlar arasında qarşılıqlı əlaqənin formasıdır. Başqa sözlə desək, demokratik prinsiplər, normalar təkcə dövlət-xalq münasibətlərində deyil, iş kollektivində rəhbər-işçi, müəllim-tələbə, həmçinin valideyn-övlad, ümumilikdə isə cəmiyyətin müxtəlif təbəqələri arasındakı münasibətlərdə də rast gəlinir.

Demokratik mühitdə vətəndaşlar cəmiyyətin nemətlərindən istifadə etməklə bərabər onun problemlərinə həm şərik olur, həm də öz üzərinə müəyyən məsuliyyət və öhdəliklər götürür. İnsanlar onların həyatlarına təsir edən və cəmiyyətin taleyini müəyyən edən ən mühüm qərarların qəbul edilməsində iştirak edərək elə özləri özlərini idarə edirlər. Bunun üçün şübhəsiz ki, cəmiyyətin yüksək dünyagörüşə, bilik və bacarıqlara malik olması mühüm şərtdir. Yüksək intelektə, savada malik cəmiyyət dövlətin idarəolunmasında mühüm üstünlüyə malikdir. Elə dövlətin gücünü şərtləndirən əsas amillərdən biri məhz elmin, təhsilin, müasir texnologiyanın inkişaf etdiyi cəmiyyətinin olması ilə ölçülür.


Ramid Hüseynov
siyasi elmlər üzrə fəlsəfə doktoru,
dosent


ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: