Azərbaycan Milli Məclisinə “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi təqdim olunub.
Oxu.Az xəbər verir ki, qanun layihəsinin müəllifi Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü RÖVŞƏN RZAYEVdir.
Sözügedən layihəni olduğu kimi təqdim edirik:
1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlara üzv olmuş, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmağa çalışmışdır.
Bu gün Azərbaycan dünya birliyində layiqli yer tutan, regiondakı proseslərə həlledici təsir göstərən dövlətlərdən biridir. Lakin, təəssüf ki, müstəqillik illərində Azərbaycan Respublikası bir sıra ölkələrin, xüsusən də Amerika Birləşmiş Ştatlarının müxtəlif qurumlarının ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ikili standartları ilə üz-üzə qalıb.
Bu qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstərirlər. Belə üsullardan biri də insan hüquqları və demokratiya kimi məsələlərdə qərəzli və birtərəfli mövqe tutaraq, ölkəni daim təzyiq altında saxlamaqdır.
Mütəmadi olaraq dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayan ABŞ-ın özü hər vəhclə insan hüquqları ilə bağlı əsas beynəlxalq müqavilələrə qoşulmaqdan yayınır. ABŞ indiyə qədər BMT-nin insan haqlarına dair 14 əsas sənədindən yalnız 4-nü ratifikasiya edib. ABŞ hazırda “Uşaq hüquqlarına dair” Konvensiyaya qoşulmayan iki dövlətdən (ABŞ və Somali) biridir.
Son illər ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik, ksenofobiya və islamafobiya təzahürləri xeyli güclənmiş, cəmiyyət üzərində total nəzarət sistemi bərqərar olmuş, şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması halları artmışdır. Leqal korrupsiya və lobbiçilik ABŞ siyasi sisteminin əsas atributlarından birinə çevrilmişdir.
ABŞ daxilində cərəyan edən neqativ proseslər, habelə dünya hegemonluğu iddiası Azərbaycan Respublikasını bu ölkə ilə əməkdaşlığa və illər ərzində formalaşmış ikitərəfli münasibətlərə yenidən baxmağa sövq edir.
İrqi və dini ayrı-seçkilik
Əsrlər boyu Amerikanın yerli xalqları soyqırıma məruz qalmış, nəticədə 3 milyondan çox hindu öldürülmüşdür. XIX əsrin ortalarınadək Afrikadan bu ölkəyə ən ağır işlərdə istifadə etmək üçün 12 milyondan çox kölə gətirilmişdir. İrqi və dini dözümsüzlük ABŞ-da indi də davam etməkdədir.
Belə ki, Nyu-Yorkda polislər tərəfindən atəşə məruz qalanların 50 faizi, öldürülən və həbs edilənlərin isə 70 faizi qaradərililərdir. Bu ölkədə 20-29 yaşında olan qaradərililərin üçdə biri ya həbsxanada, ya da istintaq təcridxanasındadır.
2014-cü ilin avqustunda Missuri ştatının Ferqyuson şəhərində polislərin 18 yaşlı silahsız qaradərili Maykl Braunu qətlə yetirmələri şəhərdə əhali ilə hökumət qüvvələrinin genişmiqyaslı qarşıdurmasına səbəb olmuşdu.
Qətldən sonrakı hadisələr ABŞ-dakı irqi ayrı-seçkiliyi, polis özbaşınalığını, vətəndaşların sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulduğunu əyani surətdə nümayiş etdirdi. Belə ki, etiraz edənlərə qarşı qeyri-adekvat güc tətbiq olunmuş, aksiyaların dağıdılması üçün şəhərə milli qvardiya yeridilmiş, nümayişçilərə qarşı polis dəyənəyindən, su şırnağından, gözyaşardıcı qazdan, rezin güllələrdən və digər xüsusi vasitələrdən geniş istifadə olunmuşdur.
ABŞ-da qaradərililərlə yanaşı, Asiya mənşəlilər, xüsusən də müsəlmanlar gündəlik həyatda daha çox diskriminasiyaya məruz qalan insan qruplarıdır. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ölkənin müsəlman əhalisinin xüsusi xidmət orqanları tərəfindən izlənilməsi və dinlənilməsi, kütləvi informasiya vasitələrində və siyasətçilərin çıxışlarında onların təhqir olunması geniş hal alıb.
Təsadüfi deyil ki, ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Donald Tramp seçkiqabağı çıxışlarının birində müsəlmanların Birləşmiş Ştatlara girişinə qadağa qoyulmasını təklif etmişdir.
Cəmiyyət üzərində total nəzarət sisteminin qurulması, söz və mətbuat azadlığının məhdudlaşdırılması
ABŞ hökumətinin 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra “təhlükəsizlik və terrorla mübarizə” bəhanəsi ilə həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə total nəzarət sistemi bərqərar edilmişdir. Xüsusi xidmət orqanlarının vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilə etməsi, onları dinləməsi və izləməsi kütləvi hal alıb.
Müxtəlif məlumatlara əsasən, Federal Təhqiqatlar Bürosu vətəndaşların telefon danışıqlarına gizli olaraq qulaq asır. Əvvəl bu praktika müsəlman ölkələrindən gələnlərə qarşı tətbiq edilirdisə, hazırda istənilən amerikalının telefonu dinlənilə bilər.
2009-cu ildə ölkədə internetdə təhlükəsizliyə cavabdeh olan nəzarət qurumu yaradılmışdır. Təhlükəsizlik orqanları vətəndaşların elektron poçtlarını istədiyi vaxt açıb oradakı məlumatları oxuya bilir. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snodenin verdiyi məlumatlara görə, onun çalışdığı təşkilat kod adı PRİSM olan proqramla 9 böyük telekommunikasiya şirkətinin (Microsoft, Google, Apple, Facebook, Yahoo və s.) istifadəçilərini mütəmadi olaraq dinləmiş, sosial mediada izləmiş, onların kontaktlarına daxil olmuşdur.
Kütləvi tədbirlər zamanı jurnalistlərin polis basqısına və həbslərə məruz qalması da bu ölkədə adi hala çevrilib. Hələ 2008-ci ildə respublikaçıların Minnesota ştatında keçirilən qurultayı zamanı 42 jurnalist, o cümlədən 1200-dən artıq televiziya və radio kanalında proqramları yayımlanan Eymi Qudman və onun 2 prodüseri həbs edilmişdi.
Ferqyusonda baş verən iğtişaşlar zamanı 52 jurnalist polislər tərəfindən döyülüb və ya odlu silahla hədələnib, onlardan 21-i isə həbs edilib.
Korrupsiya
Amerikalıların 80 faizi hesab edir ki, ölkənin hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb. Təkcə 2015-ci ilin ilk aylarında müxtəlif səviyyəli məmurlara qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə olan rüşvətdir.
Ali icra hakimiyyətinin ən yüksək pillələrində təmsil olunan şəxslərin, habelə bir sıra konqresmenlərin müxtəlif şirkətlərlə işbirliyində olmasına, onlara lobbiçilik etməsinə dair məlumatlar mütəmadi olaraq mətbuatda yer alır.
İlin əvvəllərində senatorlardan biri 14 maddə üzrə, o cümlədən “dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması faktının gizlədilməsi” maddəsi üzrə ittiham edilərək həbs olunmuşdu.
İlinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbərinin son 7 il müddətində şəhər büdcəsindən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkar olunub.
Belə cinayətlər kütləvi şəkildə törədilsə də, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır və ya açılsa da, mətbuatdan gizlədilir.
Seçki saxtakarlığı
ABŞ-ın seçki sisteminin kifayət qədər qüsurlu olması artıq heç kimdə şübhə doğurmur. Lakin seçki praktikasında müxtəlif fırıldaq və hoqqabazlıqların geniş yayılması vəziyyəti daha da pisləşdirir, bu ölkədə demokratik ənənələrin üstündən xətt çəkir. 2000-ci ilin prezident seçkiləri zamanı səslərin sayılmasında saxtakarlıq olduğu barədə araşdırmalar sona çatdırılmadı, Florida ştatında səslərin yenidən sayılması prosesi yarımçıq saxlanıldı.
Səsvermə zamanı çoxlu pozuntulara yol verilir, Latın Amerikasından olan qeyri-leqal miqrantlar “karusel əməliyyatı”na cəlb edilir. Səs vermək üçün üzərində şəkil olmayan, yalnız ünvan, ad və soyad göstərilən hər hansı kağız da (kommunal xərclərin ödənilməsi barədə qəbz, məktub və s.) qəbul edilir ki, bu da saxtakarlığa yol açır. Cəmi 7 ştatda şəkilli sənəd tələb olunur. Əhalinin 10 faizinin şəkilli dövlət sənədi yoxdur.
Seçicilərin qeydiyyatı da bərbad vəziyyətdədir. Belə ki, vətəndaş özü seçici kimi qeydiyyata düşməsə, siyahıya salınmır. Bu da seçicilərin təxminən dörddə birinin səsvermədən kənarda qalmasına səbəb olur.
Vaxtından əvvəl (hətta 1 aydan çox) səsvermə praktikası geniş tətbiq olunur. Bir qayda olaraq, prezident seçkilərində iştirak edən seçicilərin təxminən üçdə biri bu cür səs verir.
Poçt vasitəsilə səsvermə tətbiq olunur. Bülleten və əlavə zərf poçt vasitəsilə seçicinin evinə göndərilir. O, bülleteni evdə doldurub həmin zərfə qoyur və geri göndərir. Hər seçkidə 20 faizədək amerikalı belə səs verir.
ABŞ seçki sistemi demokratik seçkilər üçün zəruri olan beynəlxalq norma və prinsiplərin qanunvericiliyə daxil edilməsindən kənarda qalıb. Sonuncu prezident seçkilərini müşahidə etmiş avropalı parlamentarilər bildiriblər ki, onlara müşahidə etmək üçün məntəqələri sərbəst seçmək imkanı verilməyib, yalnız hakimiyyət orqanlarının əvvəldən müəyyənləşdirdiyi məntəqələrə göndəriliblər.
Səsvermə zamanı müşahidəçiyə şəkil çəkmək, mobil telefon saxlamaq, hətta insanlarla danışmaq qadağan olunur. Bəzi ştatlarda ATƏT-in müşahidəçiləri məntəqəyə buraxılmayıb, hətta onları məntəqənin yaxınlığına da qoymayaraq həbslə hədələyiblər. Məsələn, son prezident seçkilərində Texasın prokuroru bildirib ki, müşahidəçi məntəqəyə 30 metrdən çox yaxınlaşsa həbs olunacaq.
Səsvermə günü təşviqat aparılır, inzibati resurslardan istifadə olunur, ekzit-pollar açıq müzakirə olunur, azyaşlı uşaqlar təşviqata cəlb olunur, partiyalar zəng edib seçiciləri səsverməyə çağırırlar. Hərbi hissələrdə səslər kütləvi şəkildə saxtalaşdırılır.
Seçki fondları üçün məhdudiyyət qoyulmayıb. Kimin pulu çoxdursa, qalib gəlmək imkanı da yüksəkdir. Ona görə də siyasətçilərin əksəriyyəti iri korporasiyalarla işbirliyindədir.
Beynəlxalq hüququn norma və prinsiplərinin pozulması
XX əsrin sonlarından etibarən ABŞ terrorla mübarizə və demokratik standartların tətbiqi şüarı altında müstəqil dövlətlərin daxili işlərinə müdaxiləni daha da gücləndirib. Məhz ABŞ-ın müdaxiləsi nəticəsində İraq, Liviya, Suriya, Yəmən kimi ölkələr vətəndaş müharibəsi həddinə gətirilib, xaos, iqtisadiyyatın tənəzzülü, ərazi bütövlüyünün pozulması təhlükəsi ilə üzləşiblər. Adıçəkilən ölkələrdə dövlət orqanlarının fəaliyyəti iflic vəziyyətinə salınıb.
ABŞ hökuməti anti-terror əməliyyatları həyata keçirdiyi İraq, Əfqanıstan və digər müsəlman ölkələrində vətəndaşların heç bir dəlil-sübut olmadan qanunsuz həbs edilməsinə və onlarla qeyri-insani rəftar edilməsinə rəvac vermişdir. Bütün dünya İraqdakı Əbu-Qreyb və Kubadakı Quantanamo həbsxanalarında ABŞ hərbçilərinin və xüsusi xidmət orqanları əməkdaşlarının əsir və dustaqlara qarşı törətdikləri vəhşiliklərdən heyrətə gəlmişdir.
Sonralar müstəqil hüquq müdafiəçiləri müəyyən etmişlər ki, bütün işgəncə və qətllər ABŞ hərbi komandanlığı tərəfindən sanksiyalaşdırılır. İndiki ABŞ Administrasiyasının seçkiqabağı vədlərinə baxmayaraq, Kubadakı Quantanamo həbsxanası hələ də bağlanmamış, oradakı məhbuslar azadlığa buraxılmamışlar.
Separatçı rejimlərə dəstək vermədiyini iddia edən ABŞ Ermənistan - Azərbaycan Daşğlıq Qarabağ münaqişəsinə münasibətdə tam fərqli mövqe tutur. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə baxmayaraq, ABŞ Konqresi 1992-ci ildə məhz Azərbaycana dövlət yardımlarını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qəbul edib.
Digər separatçı qurumların rəhbərlərinə qarşı viza qadağası və digər sanksiyalar tətbiq edildiyi halda, qondarma “Dağlıq Qarabağ Respublikası”nın təmsilçiləri ABŞ-a mütəmadi olaraq səfər edir, müxtəlif tədbirlərdə iştirak edirlər. 1999-cu ildən başlayaraq, ABŞ Konqresinin qərarı ilə tanınmamış quruma hər il əhəmiyyətli məbləğdə birbaşa maliyyə yardımı ayrılır. Bütün bunlar ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutmadığını sübut edir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi
Qərara alır:
1. Xarici İşlər Nazirliyinə tövsiyə edilsin ki, aşağıdakı kateqoriyalara aid olan şəxslərə Azərbaycan Respublikasına gəlmək üçün viza verilməsindən imtina etsin:
• ABŞ hökumətində təmsil olunan şəxslər və onların ailə üzvləri;
• ABŞ Konqresində Azərbaycanın diskreditasiyası istiqamətində ardıcıl iş aparan konqresmenlər, senatorlar və onların ailə üzvləri;
• erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslər, siyasətçilər;
• Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ekspertlər;
• ABŞ-ın yüksək rəhbərliyi ilə işbirliyi sahəsində böyük həcmdə maliyyə vəsaiti əldə edən şəxslər;
• ABŞ-ın erməni diasporu və lobbi qruplarının dəstəyi ilə seçkili orqanlara seçilmiş şəxslər;
• seçki saxtakarlığında iştirak edənlər, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə qarşı çıxanlar;
• ABŞ-ın insan hüquqlarına dair beynəlxalq müqavilələrə qoşulmasına qarşı çıxanlar.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı bütün əlaqələrin dayandırılması məsələsinə baxsın.
3. Özəl sektorun təmsilçilərinə tövsiyə edilsin ki, ABŞ şirkətləri ilə bağlanmış kontraktlara son qoysunlar və yeni ticari-iqtisadi əlaqələrin yaradılmasından imtina etsinlər.
4. Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyə edilsin:
• ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlanılsın;
• ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülsün;
• ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilsin;
• Azərbaycan Respublikasının Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakı dayandırılsın;
• ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunsun;
• ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanılsın.
Qeyd: Bu qərar layihəsi ilə nəzərdə tutulmuş sanksiyaların aradan qaldırılması üçün aşağıdakı məsələlər öz həllini tapmalıdır:
1. Ölkə daxilində:
• insan hüquqlarının kobud şəkildə pozulmasına, irqi və dini ayrıseçkiliyə, ksenofobiya və islamofobiya təzahürlərinə, məhbuslarla qeyri-insani rəftara son qoyulması;
• etiraz aksiyalarının iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiqindən imtina olunması;
• söz və mətbuat azadlıqlarının məhdudlaşdırılması, vətəndaşların şəxsi həyatına müdaxilə hallarının qarşısının alınması;
• korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması, lobbiçilik praktikasından imtina edilməsi;
• seçki prosesində geniş yayılmış qüsurlu praktikadan imtina edilməsi, seçki saxtakarlığına son qoyulması;
2. Xarici ölkələrin daxili işlərinə kobud müdaxilə cəhdlərindən əl çəkilməsi;
3. Azərbaycan Respublikasına qarşı iftira və qarayaxma kampaniyasından imtina edilməsi, bu cür halların gələcəkdə təkrarlanmasına yol verilməməsi;
4. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüququn tələblərinə müvafiq birmənalı mövqe nümayiş etdirilməsi, işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq edilməsi, Dağlıq Qarabağdakı separatçı rejimlə bütün əlaqələrin kəsilməsi.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.