Yüksək bədii təfəkkürlü partiya işçisi Eloğlu - Qəşəm Aslanov

Yüksək bədii təfəkkürlü partiya işçisi Eloğlu - Qəşəm AslanovQəşəm Aslanov
(10.04.1934, Göyçə mahalı, Kəsəmən kəndi - 1984, Bakı)

Böyük Britaniya universitetlərində rus dilini öyrənən tələbələr
Azərbaycan Dövlət Universiteti tələbə və məzunlarının
bir qrupunu 1972-ci ilin fevralında öz ölkələrinə dəvətli görüşə
çağırmişdılar. Görüş "Sputnik" təşkilatının xətti ilə təşkil
olunmudu. Moskvada üç günlük ideoloji hazırlıqdan sonra
qrupa Kalininqraddan da 12 nəfər tələbə qoşulmuşdu.

Nümayəndə heyətinin başçısı, Moskva Ali Partiya Məktəbinin məzunu,
"Azərbaycan gəncləri" qəzetinin redaktoru Qəşəm Aslanov idi.

Mən də bu dəvətli görüşdə iştirak edirdim.
Onda leytenant Şmidt adına neft maşınqayırma zavodunda
tokar işləyirdim. İstehsalatdan ayrılmadan respublikanın
yeganə universitetində - Azərbaycan Dövlət Universitetinin
qiyabi filologiya fakültəsinin sonuncu kursunda oxuyurdum.
Diplom işi yazan vaxtlarım idi. "Müasir türk dillərində rus dili
və rus dili vasitəsilə yaranan feillər" mövzusu üzərində işləyirdim.
Bəlkə də məni elə bu mövzuya görə Londona gedən nümayəndə
heyətinə daxil etmişdilər. Hər halda mənə inanmışdılar.
Bu,elə vaxtlar idi ki, SSRİ-nin Böyük Britaniyadakı səfirliyinin bir neçə əməkdaşını
Londondan geri göndərmişdilər.Biz bu ölkədən çıxarılma işindən sonra Dumanlar
ölkəsinə üz tutan birincilər idik. Səfərə hazırlıq çərçivəsində Moskvada keçirilən
üç günlük ideoloji hazırlıq da bununla əlaqədar idi: biz verilən dolaşıq suallara
yaxşı cavab verməli idik.
Səfər zamanı - 14 gün ərzində Böyük Britaniyanın London,Qlazqo və
Aberdin şəhərlərinin qədim universitetləri, muzeyləri, tarixi yerləri ilə tanış
olduq,ingilis təhsilinin mötəbər təşkilatçıları və tələbələri ilə ünsiyyət qurduq,
keçirilən tədbirlərdə fəal iştirak etdik.

Mən Qəşəm Aslanovu ilk dəfə bu dəvətli səfərdə yaxından tanıdım.

Qəşəm Aslanov bu səfər haqqnda redaktoru olduğu gənclər qəzetində "Təzadlar
ölkəsində"adı ilə iki nömrədə yol qeydlərində ətraflı söhbət açmışdır.
Mən də "Bakı" qəzetinin və zavodun "Qabaqcıl texnika uğrunda" çoxtirajlı
qəzetinin fəhlə müxbiri kimi "Qabaqcıl texnika uğrunda" qəzetinin yeddi nömrəsində
"London görüşləri" adlı səfərnaməmi Azərbaycan oxucularina ünvanlamışdım.
Sonralar eşitdim ki, jurnalist Osman Mirzəyev də yol qeydlrimi bəyənib,onu tərcümə
edərək, rusdilli "Vışka" qəzetində çap etdirmək fikrində imiş.Lakin tərcümə son
mərhələdə senzuradan keçməyibmiş. Hər hala bu tərcümənin jurnalistin arxivində
qaldığına inanıram.
Londona dedərkən artıq hamımız özümüzü Qəşəm müəllimin dostu hesab
edirdik.Qəşəm müəllim hərtərəfli və yüksək təfəkkürlü ziyalı, şair təbiətli insan idi.
O, hamı ilə ünsiyyət qurmağı,insanları yaradıcı fəaliyyətə ruhlandırmağı bacarırdı.
Səfərdən qayıdandan bir neçə ay sonra Qəşəm Aslanov

Azərbaycan KP Şuşa Rayon Partiya Komitəsinə birinci katib vəzifəsinə

təyin olundu. Sonralar İsmayıllı və Abşeron rayonlarında birinci katib işlədi.
Qəşəm Aslanovun bu vəzifələrə təyinatı Azərbaycan KP Mərkəzi Komitəsinin
birinci katibi möhtərəm Heydər Əliyevin ona göstərdiyi etimad idi.
Qəşəm müəllim bu etimadı şərəflə doğrultdu.

Qəşəm müəllim öz vəzifə borcunu yaxşı başa düşən partiya işçisi, ləyaqətli dost idi.
Mən hələ də onun "Təzadlar ölkəsində" adlı yol qeydlərində məni - adi
tokarı,universitetin qiyabi şöbəsinin tələbəsini ingilislərin alim adlandırmalarını
Azərbaycanın gənc oxucularına çatdırmasını minnətdarlıqla xatırlayıram.
Bu yazınn çapından iki ay sonra mən universiteti uğurla bitirdim,
fakültə elmi şurasının qərarı ilə aspiranturaya oxumağa göndərildim.

Allah Qəşəm müəllimə rəhmət eləsin....


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi, türkoloq
ZiM.Az

11.04.2019



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: