Bu gün Zəngilanın tanınmış simalarından olan ƏŞRƏF ŞÜKÜROVUN ad günüdür - yubileyidir.
Əşrəf müəllimin 70 yaşı tamam olur.
Zaman çox şeyi dəyişir.
Bəzən zaman keçdikcə insanlar da dəyişə bilir.
Lakin həqiqəti dəyişməyə nə zamanın gücü çatır, nə də insanların.
İllər keçir,insanlar yaşa dolur.
Konfutsinin : «Elm, bilik elə bir həzz mənbəyidir ki, o, insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdura bilir» - sözlərinə dayaq olaraq qeyd edirəm ki, sanballı fəaliyyət yolu insanda iftixar doğurur, insan hədər ömür sürmə-diyini, əbədiyyət qazandığını görüb, dünyanın vəfasızlığından qorxmur. Əşrəf Şükürov da belə bir fərəhli ömür sahibidir.
Əşrəf Şükürov...
Bu ad və soyad olduqca milli, mənəvi və əxlaqi dəyərləri yaşadan bir isimdir.
Onun ictimai fəaliyyəti tərcümeyi-halının dərk olunmasına imkan verir.
Şükürov Əşrəf Həzi oğlu 1947-ci ilin fevral ayının 20-də Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur.
1965-ci ildə Zəngilan şəhər orta məktəbini bitirmiş, həmin ildə Həsən bəy Zərdabi adına Gəncə (o vaxtki Kirovabad) Dövlət Pedaqoji İnstitunun tarix fakultəsinə daxil olmuşdur.
1969-1971-ci illərdə Zəngilan rayon Komsomol Komitəsində şöbə müdiri vəzifəsində işləmişdir.
1971-72 –ci illərdə hərbi xidmətdə olmuşdur.
1972-ci ilin may ayından 1975-ci ilin sentyabr ayına kimi rayon Komsomol komitəsinin katibi işləmişdir.
1975-1977-ci ildə Bakı Ali Partiya məktəbində təhsil almışdır.
1980-ci ildən 1988-ci ilin aprel ayına kimi Zəngilan rayon Partiya Komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ə.Şükürov 1980-cı ildən 1991-ci ilə kimi rayon sovetinin deputatı olmuşdur.
1988-ci ilin aprel ayından 1991-ci ilin oktyabr ayına kimi rayon XD sovetinin sədrinin birinci müavini, 1989- 1991-ci illərdə isə sədr vəzifəsini icra etmişdir.
1992-ci ilin avqust ayından 2014-cü ilə qədər Zəngilan şəhər ərazi icra nümayəndəsi vəzifəsində çalışmışdır.
2009-cu ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Qarabağ müharibəsi veteranıdır.
Əşrəf müəllim yüksək tarixilik duyğusuna, milli qürur hissinə, dövlətçlilik təfəkkürünə və ali ünsiyyət mədəniyyətinə malik nüfuzlu şəxsiyyətlərdən biridir. Əşrəf Şükürov 70 illik nüfuzu Tanrının verdiyi istedadla,özünün zəhmətsevərliyi və fədakarlığı ilə qazanmışdır.
Əşrəf Şükürov Azərbaycanın çağdaş durumunda öz ədəbi-ictimai çəkisi ilə diqqəti cəlb edən nüfuzlu şəxsiyyətlərdən biridir.
O, 70 illik ömrünün bütün tərəfləri ilə nümunəvidir. Ə.Şükürov böyük vətəndaşdır.
O, hamının hörmətini qazanmış bir insandır.
Həm də gözəl ailə başçısıdır.
Əziz Əşrəf müəllim, zirvəyə ucalan yolların 70-ci ilinə qədəm qoyursunuz.
Sizi öz adımdan, eləcə də ZiM.Az-ın büyün yaradıcı heyəti adından ürəkdən təbrik edirik.
Sizə ömrünüzün bu kamillik çagında möhkəm cansağlığı və uzun ömür arzulayırıq!..
Təranə ŞÜKÜRLÜ,
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
ZiM.Az-ın xüsusi müxbiri.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.