YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!.. TƏBRİK EDİRİK!..

Bu gün tanınmış Azərbaycan yazıçısı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri,
2-ci dərəcə Dövlət müşaviri, filoloq alim, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent,
Qızıl qələm mükafatı laureatı, çox hörmətli
Akif Əlinin Ad günüdür. Daha doğrusu,
anadan olmasının 65 illik Yubileyidir.


Xatırladaq ki, Akif Əli 1952-ci il fevralın 22-də
Şuşa şəhərində anadan olub.
M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (1974).
"Azərbaycanfilm", "Tacikfilm", "Lenfilm" kinostudiyalarında filmlərə çəkilib (1974-1978).
"Uzun müharibədə qısa görüşlər" (Tacikfilm) filmində Rüstəm (1974-1975), "Tütək səsi" filmində (Azərbaycanfilm) Tapdıq (1975), eləcə də "Əgər bir yerdəyiksə" (1975), "Arxadan vurulan zərbə" (1977) və s. filmlərdə bir-birindən maraqlı obrazlar yaradıb.

Akif Əli 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indiki "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti) müxtəlif vəzifələrdə çalışıb. O, radionun "Satira və yumor" şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-1983) vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin ("Sabahınız xeyir", "Molla Nəsrəddin", "Gülüş axşamı" (1981-1983)), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-1987) vəzifəsində çalışarkən isə televiziya proqramlarının ("Zəriflik", "Aygün", "7 sual, 7 cavab" televiktorinası, "İdrak", "Tələbə dünyası", "Teleteatrda gənclər gecəsi", "Çay, çay, çay!", "Mənəvi dünyamız") yaradıcısı, müəllifi, yaxud redaktoru olub.

Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, "Mozalan" kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir.

Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, Qızıl qələm mükafatı laureatıdır.

1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib.

1990-cı ildə "Vətən səsi" qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin
baş redaktoru vəzifəsində çalışıb.
Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-1994) işləyib.

1994-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2-ci dərəcə Dövlət müşaviridir.

"Gözəlliyin qədrini bilək" (1984), "Azərbaycanın müasir kinoaktyorları" (1984), "Unudulmaz yollar" (1985), "Məhəbbət təranələri" (1989), "Qaragöz oyunu" (1999), "M.Ə.Sabirin satira sənətkarlığı" (1999), "Öncə – vətəndir" (2003), "Böyük ömrün anları" (2004), "İdrak" (2007), "Azman" (2013) və b. kitabları çap olunub.

Akif Əli həm də tərcümə ustası kimi tanınır. O, A.Hertsenin "Olmuşlar, düşüncələr", V.Mayakovskinin "Taxtabiti", M.Zoşşenkonun "Nəhs günü", J.B.Molyerin "Meşşanın zadəganlığı", A.Soljenitsinin "Matryonanın ocağı", A.Çexovun "Hekayələr", Qrimm qardaşlarının "Bremen musiqiçiləri" və s. əsərlərini ana dilimizə böyük ustalıqla çevirib.

Akif Əli həm də gözəl ailə başçısıdır, iki övladı var.

Nəhayət, biz də şəxsən öz adımızdan, eləcə də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
tanınmış Azərbaycan yazıçısı, istedadlı qələm sahibi, xeyirxan insan,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri,
2-ci dərəcə Dövlət müşaviri, filoloq alim, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent,
Qızıl qələm mükafatı laureatı, çox hörmətli Akif Əlini yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: