Kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rola malikdir. Kitabların insanlara verdiyi töhfələr onun satış qiymətindən qat-qat üstündür. Kitab oxuma insanlar arasında əlaqəni gücləndirir. Həm yazı-oxunu bildiyimiz, həm də daha çox qaynaq oxuduğumuz zaman danışacağımız, anlaşacağımız mövzular artacaqddır. Oxumanın insana qazandırdıqlarından biri də estetik bilgidir. Ədəbiyyatın gözəlliklərini və zənginliklərini görən biri dünyaya estetik gözlə baxacaqdır. Yaşamı daha da gözəlləşəcək və dünyanı bağçası kimi görəcəkdir. Kitab oxumaq bizim söz ehtiyatımızı artırır. Daha çox kəlmə öyrənərək insan daha gözəl danışır, demək istədiklərini, duyğularını daha yaxşı ifadə edir. Həmçinin nitq qabiliyyətini formalaşdırır, gözəl nitq qabiliyyəti olan insan daha çox diqqəti cəlb edir və auditoriyanı daha yaxşı ələ ala bilir. Kitab oxumaqla dünyanın hər nöqtəsinə, hətta keçmişə, gələcəyə belə səyahət edə bilərik. Özümüzü 100 il öncəyə səyahət edərkən görə bilərik . Bir çox insan “ Bir kitab oxudum həyatım dəyişdi və ya mənə çox təsir etdi “ deyə bilir , elə bütün bunlar kitabın insan həyatındakı rolunu ifadə etməyə kifayət edir. Oxumaq həm də beynin gimnastikasıdır. Məsələn, bir roman oxuyuruq, burada yazıçı tərəfindən təsvir olunan obrazları, mühiti və s. öz beynimizdə canlandırırıq. Bu baxımdan kitab oxumaq filmə baxmaqdan da fərqlənir, kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur. Film rejissor tərəfindən çəkilirsə, kitab oxuyarkən bu iş oxucuya həvalə olunur. Kitablar zənginlikdir. Evində kitab rəfi olan insan ən zəngin insandır. Onları heç bir bahalı aksessuar əvəz edə bilməz. Hətta ekspertlərin fikrincə müxtəlif çay evləri, restoranlarda kitabların cəm olduğu rəf və ya bölmələrin olması da insanlar üçün faydalıdır. Mütaliə elə bir prosesdir ki, bir neçə kitab oxuyandan sonra yeni kitablara ehtiyac duyursan: “Oxuma uzun bir səyahətdir beşiklə başlar məzarla bitər’’.
“Mütəxəssislərə görə kitab oxumaq yaddaşı qüvvətləndirərək Alzhemier risqini ciddi nisbətdə aşağı salır”. Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə oxucular daha çox elektron kitablara üstünlük verirlər. Belə kitabları çap etmək, elektron poçt vasitəsilə yaxınlara göndərmək olar. Təcrübələr göstərir ki, kitabla canlı təmasda olmaq həm gözlərimiz, həm də zehnimiz üçün komputer ekranından daha xoş və rahatdır. Kitab oxumaq televizor izləməkdən də çox-çox fərqlidir. Belə bir deyim də vardır ki, “ Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcək”. Psixoloqlar hesab edirlər ki, kitab oxuma vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşaqlara tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab edir ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir. “Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi içində qısa maraqlı hekayələri olan kiçik kitablar alın çünki onlar məhz belə kitabları sevir”. “Ağıllı olmaq üçn 10 kitab oxumaq kifayət edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır”.
Sevinc ABDULXALIKOVA
BDU-nun Filologiya fakültəsinin
3-cü kurs, 048-ci qrup tələbəsi.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.