Qocaman müəllim - Qurban Mahmudov

Qocaman müəllim - Qurban MahmudovŞəkildə gördüyünüz Mahmudov Qurban Məmməd oğludur. O, qədim Başkeçid (indiki Dmanisi) rayonunun Yaqublu ictimai məktəbində idman müəllimi kimi fəaliyyət göstərir. Qurban müəllim dağlar qoynunda 1935-ci ildə baharın ilk ayının 3-də dünyaya göz açıbdır. İlk təhsilini Dmanisi şəhərindəki rus orta məktəbində alan bu yeniyetmə hələ gənc yaşından idmana böyük maraq göstərmişdir, idman yarışlarında tay-tuşundan fərqli nəticələr əldə etmişdir. Təmsil etdiyi məktəbin adını birincilər sırasına qaldıran Qurban idmanın bütün sahələrinə böyük maraq göstərmişdir. Az keçmir ki, onu rayonun yığma futbol komandasına üzv qəbul edirlər, rayon rəhbərliyi onun bacarıq və fəaliyyətinə xüsusi diqqət ayırır.
Qurban müəllim 1955-1958-ci illərdə hərbi xidmətdə olur. O, hərbdə də bacarıqlı futbolçu kimi özünü nümayiş etdirir, hərbi hissənin ən məhsuldar oyunçusu adına layiq görülür. Bacarığına və qabiliyyətinə görə hərbdə ola-ola üç dəfə vətənə - Gürcüstana məzuniyyətə buraxılır. 1960-cı ildə Tbilisi Bədən Tərbiyəsi İnstitutuna daxil olur, 1964-cü ildə oranı uğurla bitirir. Hələ tələbə ikən Dmanisi şəhər rus məktəbində idman müəllimi kimi də fəaliyyət göstərir. İlk dəfə ölkə müəllimlər qurultayına nümayəndə seçilir.
Qurnan müəllim sonralar pedaqoji fəaliyyətini Yaqublu ictimai məktəbində davam etdirir. Bacarıq və fəaliyyətinə görə Qurban müəllimə yerli idarəetmə orqanlarında məsul vəzifələri də etibar ediblər. İcra hakimiyyətinin müavini vəzifəsinə qədər yüksələn Qurban müəllim martın 3-də özünün 80 yaşını qeyd etdi. Bu məqsədlə öz adımdan, kollektivimiz adından Qurban müəllimi təbrik edirik, ona uzun ömür, can sağlığı diləyirik.
Yubileyiniz mübarək, Qurban müəllim!
Cavanşir Süleymanov,
Dmanisi rayonunun Yaqublu ictimai məktəbinin
tədris işləri üzrə direktor müavini
.


ZiM.Az : - Biz də bu səmimi təbrikə və xoş arzulara qoşulur, Qurban müəllimi ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də pedaqoji və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
Abay PAŞAYEV.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: