Baş nazir Giorgi Kvirikaşvili Azərbaycan xalqını və tələbələri Novruz bayramı münasibətilə təbrik edib, onlara təhsildə, gürcü ictimaiyyətinə inteqrasiyada uğurlar arzulayıb.
Giorgi Kvirikaşvili bildirib ki, Gürcüstan hökuməti ölkədəki bütün milli azlıqların, xüsusən də gənclərin inteqrasiyasına böyük diqqət göstərir. Bununla əlaqədar xüsusi proqram hazırlanıb. Proqramda gənclərin təhsili, sağlamlığı, sosial problemləri və s. məsələlər əksini tapıb. Baş nazir Gürcüstanın sosial-iqtisadi inkişafında, dövlətçiliyinin möhkəmlənməsində azərbaycanlıların rolunu xüsusi qeyd edib. O, azərbaycanlı mütəxəssislərə bir çox sahələrdə ehtiyac olduğunu vurğulayıb.
Tələbələr təhsil, səhiyyə, mədəniyyət, sosial və digər sahələrlə bağlı onları maraqlandıran məsələlərdən danışıblar.
Baş nazir Giorgi Kvirikaşvili, eləcə də görüşdə iştirak edən təhsil naziri Tamar Canikidze, Kvemo Kartli –Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili və Baş nazirin milli məsələlər üzrə müşaviri Savalan Mirzəyev tələbələrin qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.
Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı, yeni infrastrukturun, iş yerlərinin yaradılması ilə bağlı Gürcüstan hökumətinin xüsusi proqramı mövcuddur.
Elmin inkişafı, səhiyyə, iqtisadiyyat və digər sahələr üzrə təhsil alan tələbələrin iş yerləri ilə təminatı, onların sosial problemlərinin həlli və digər məsələlər də həmin sənəddə nəzərə alınıb.
Hökumət rəsmiləri azərbaycanlı gənclərə ana dilləri ilə yanaşı, dövlət dilini, eyni zamanda, xarici dilləri mükəmməl öyrənməyi tövsiyə ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.