Səadət BUTA: ANA KÜRÜN LAYLASINDA

Səadət BUTA: ANA KÜRÜN LAYLASINDA GÜRCÜSTAN

Bir Səyyad olaydım heç vaxt yorulmaz,
Bir dəniz olaydım sahli bilinməz,
Bir dağ olaydım zirvəm görünməz
Mən sənin qoynunda, ana Gürcüstan!

Bir ulduz olaydım doğum cahana,
Baxıb boylanaydım Azərbaycana.
Bir külək olaydım əsib hər yana
Nəğməni deyəydim, sənə Gürcüstan!

Bulaq tək mənbəyi səndən alaydım,
Qartal tək qıy vurub qanad çalaydım.
Öləyidim, itəydim, səndə qalaydım
Ömrürü yetirə də sona Gürcüstan!


ANA KÜRÜN LAYLASINDA

Yollar yordum, körpü saldım,
Bakı, Tiflis arasında.
Ömrüm, günüm talan oldu.
Aprel, Yanvar yarasında.

Etibardan qala qurdum,
Axıb sular tək duruldum,
Əyilməyən vüqar oldum
Başkeçidin havasında.

Düzlər keçdim, dağlar aşdım,
İlham aldım, çoşdum, daşdım.
Səadət idim, butalaşdım,
Ana Kürün laylasında.


KÜR ÇAYI

(Türkiyədə, Qarsda Kür çayının mənbəyinin götürüldüyü yerdə yazılan şeir)


Apar məni, Kür çayı,
Qoy qərq olum selinə,
Torpağına bələnim,
Batım dərin milinə.

Apar məni, Kür çayı.
Çatdır Tiflis şəhrinə,
Qürbət məni incidir
Dözəmmirəm qəhrinə.

Apar məni, Kür çayı,
Qaldır Sənan dağına.
Məzarım qisbət olsun,
Gürcüstan torpağına.


SONUNCU QƏMİN OLSUN!

Əzizim bürcü ağlar,
Qar yağıb bürcü ağlar.
Qafqazda boran qopub,
Azəri-gürcü ağlar.

Ulu Qafqaz,
Dolu Qafqaz,
Aydan arı,
Saf sulardan duru, Qafqaz.
Gözlərimin nuru, Qafqaz.
Bu nə dövr,
Nə zamana?
Qəsd edir insan-insana.
Yıxılan kim,
Qalxan kim?
Qorxudan kim,
Qorxan kim?
Bilinmədi, biləmmədik,
Fitnə feli,
Görünmədi, görənmədik.
Qəm sinədə yığın-yığın.
Dərd ürəkdə düyün-düyün.
Sözüm çoxdur, amma neylim,
Dilim gəlmir,
Necə deyim!
Düşdün yaman qınaqlara.
Neçə-neçə sınaqlara.
Başdan aşıb dərdi-sərin.
Kədərlidir səhərlərin.
9 aprel-torpağın qan.
20 yanvar-qopdu boran.
Ağla sığmır nağılların.
Vətən, azadlıq deyərək,
Şahid oldu oğulların.
Qan topuqdan vurdu dizə.
Haqsızlığa dözə-dözə,
Sinə gərdin hər gərdişə
Amma,
Düşmədin təşvişə.
Səndə qüdrət, səndə dözüm.
Gələcəyə inamına,
Heyran olub şeirim, sözüm.
Silkin, çıx bu qəm-qüssədən.
Kefin olsun,
Dəmin olsun, gürcü qardaş.
9 aprel, qoy sonuncu
Qəmin olsun, gürcü qardaş!


.


© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: