“Millət necə tarac olur, olsun” deyib kənardan baxmayın...

“Millət necə tarac olur, olsun” deyib kənardan baxmayın... Nəriman Nərimanovun adının Marneuli Mədəniyyət Evinə qaytarılması üçün petisiya

Bu petisiyaya istənilən ölkənin vətəndaşı qoşula bilər.

Dünyada sayımız milyonlarla olduğu halda petisiyaya qoşulanların sayı hələ ki, 145 nəfərdir.


Nəriman Nərimanov Tiflisdə anadan olub, Qori müəllimlər seminariyasını bitiribdir, Borçalı qəzasının Qızılhacılı kənd məktəbində müəllim işləyibdir. Gürcüstanın Marneuli şəhərində yerləşən Mədəniyyət Evi əhali arasında son 50 ildə Nəriman Nərimanovun adı ilə tanınıbdır. Bu gün isə məlum olur ki, bu ad götürülübdür. Marneulidəki Mədəniyyət Evinə Nəriman Nərimanovun adının qaytarılması, verilməsi üçün Azərbaycanda, Gürcüstanda, Türkiyədə, İranda, Rusiyada və s. ölkələrdə yaşayan vətəndaşlardan, soydaşlarımızdan xahiş edirik ki, aşağıda təqdim edilən petisiyaya qoşulsunlar.

Gürcüstanda yaşayan azərbaycanlılar! Axı nəyə görə mən sizlərə şəxsi mesaj yazıb imza atmanızı, petisiyaya qoşulmanızı, feysbukda paylaşmanızı, status yazıb dostluğunuzda olanları “tag” etmənizi xahiş etməliyəm? Üstəlik də bəzilərinin “Nə şiş yansın, nə də kabab” prinsipini əllərində bayraq edib, bəhanələrini dinləməliyəm? Axə nədən qorxursunuz, haqqınızı tələb etməkdən niyə çəkinirsiniz? Yuxarıdan-aşağıdan göstərişlər verilənə qədər ağzınıza su alıb duracaqsınızmı?

50 ildir ki, Nəriman Nərimanovun adı ilə tanıdığınız Mədəniyyət Evinə gürcü Kostavanın adının verilməsinə imkan verməyin. 90-cı illərdə qarmaqarışıqlıq vaxtında millətçilər tərəfindən bir çox azərbaycan rayon, kənd adları dəyişdirildi. İndi buna imkan verməyin, biganə qalmayın, etinasız yanaşmayın. “Millət necə tarac olur, olsun” deyib kənardan baxmayın.

Məgər bilmirsiniz ki, M.Ə.Rəsulzadə cümhuriyyət dövründə etdiklərini, N.Nərimanov öz dövründə etmişdir. Məgər bilmirsiniz ki:
Nəriman Nərimanov sülhsevər bir insan kimi qonşu respublikalarla dostluq münasibətinin möhkəmlənməsində mühüm rol oynamışdır. Türkiyənin xəritədən silinməsinə imkan verməmişdir, Atatürkə dar gündə dəstək olmuşdur, onun təşəbbüsü ilə Türkiyəyə tonlarla benzin, digər yanacaq və 500 kq qızıl göndərilmişdir, etdiyi böyük köməkliyi də belə qiymətləndirmişdir: “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar.”
Nəriman Nərimanov ictimai-siyasi xadim kimi Naxçıvan, Qarabağ və Zaqatalanın Azərbaycanın tərkibində saxlanılmasına nail olmuşdur.
Nəriman Nərimanov həkim kimi kasıb və ehtiyac içində olan insanları təmənnasız müalicə edirdi, hətta öz cibindən pul xərcləyib xəstələrin dərmanını alırdı.
Nəriman Nərimanov maarifpərvər kimi, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolunu elmdə, təhsildə görən vətənpərvər kimi ilk qiraətxana, kitabxananın açılışına nail olmuşdur.
Nəriman Nərimanov ədəbiyyatçı kimi Azərbaycan milli romanının və ilk tarixi faciənin banisidir.
Nəriman Nərimanov müəllim kimi ruslar üçün Azərbaycan dilinin qrammatikası, azərbaycanlılar üçün isə rus dilinin qrammatikasını dərslik şəkilində tərcümə etmişdir, Azərbaycan dilinin qrammatikası haqqında ilk kitabın müəllifidir.

Petisiyaya qoşulmaqla Nəriman Nərimanovun adına, nüfuzuna xələl gətirilməsinin qarşısını ala bilərsiniz, biganə qalsanız gürcülərin N. Nərimanovu kommunist damğası ilə xalq düşməni anlamına gələn gülünc fikirləri ilə barışmış olursunuz. İndi seçimi özünüz edin.

Aygül İsayeva

BURA TIKLAYIN!..


My Webpage

https://secure.avaaz.org/en/petition/Marneuli_Bldiyysinin_sdri_cnab_Amiran_Giorgadzey_Marneulidki_Mdniyyt_evin_Nriman_Nrimanovun_adi_verilsin/?cRtRYib&utm_source=sharetools&utm_medium=copy&utm_campaign=petition-548621-Marneuli_Bldiyysinin_sdri_cnab_Amiran_Giorgadzey_Marneulidki_Mdniyyt_evin_Nriman_Nrimanovun_adi_verilsin&utm_term=RtRYib%2Ben


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: