ZiM.Az-ın Gürcüstan bürosunun məlumatına görə, martın 20-də Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Novruz bayramı münasibətilə Tiflisdə "Azərbaycan Mətbəxi Günü" keçirilib. Tədbir 20-yə yaxın ölkədən olan əcnəbi, həmçinin azərbaycanlı və gürcü şagirdlərin təhsil aldığı Böyük Britaniya və Gürcüstan Akademiyasında təşkil olunub. Novruz bayramına həsr olunan "Azərbaycan Mətbəxi Günü" tədbirində Azərbaycan səfirliyinin mədəniyyət və humanitar yardım məsələləri üzrə attaşesi Samirə Ağayeva ingilis dilində Azərbaycanın milli bayramı olan Novruz bayramı haqqında məktəblilərə ətraflı məlumat verib.
Tədbirdən sonra süfrəyə Azərbaycan mətbəxinin nümunələri olan plov, ləvəngi, balıq, paxlava, qoğal, şəkərbura, müxtəlif şirniyyatlar və digər ləzzətli yeməklər düzüldükdən sonra şagirdlər nahar zamanı yalnız Azərbaycan milli mətbəxinin təamlarından dadıblar. Tədbirdə Novruz bayramının atributları, Azərbaycan haqqında kitabların sərgisi də təşkil edilib. Sonra Azərbaycan səfirliyinin mədəniyyət və humanitar yardım məsələləri üzrə attaşesi Samirə Ağayeva şagirdlərə Novruzun atributları əks olan hədiyyələr təqdim edib.
Böyük Britaniya və Gürcüstan Akademiyasının rəhbərliyi Novruz bayramı münasibəti ilə təşkil edilən tədbir üçün Azərbaycan səfirliyinə təşəkkür edib.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.